Sona və ana söylənci
Uryer adı döndü oldu Urdiyar,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Turqər gəldi Urdiyara yenə də,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Gördü Seta, Sona bir az tutqundur,
Yanaqları qış gülü tək solğundur,
Dedi: – Qurdər, qızlar niyə dalğındır,
Dedi, qızlar arasında qırğındır,
Biri deyir, Buzər, Parsel satqındır,
Biri deyir Tunqər Alpan azğındır,
Qızlar deyən ikisi də yorğundur,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Buzər gedib oğurlayıb anamı,
İstəyirəm başa salıb Sonanı.
Getsin gizli araşdırsın hər yanı,
Mənə desin harda, necə olanı,
Vurum ona yara üstən yaranı,
Gedim tapım qancıl gözü dombanı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sona kişi geyimində, papaqlı,
Xurcun, çarıq, patavalı, çomaqlı,
Altdan isə qalın qıvraq yaraqlı,
Yola düşdü atla gizli maraqlı,
Qurdər getdi arxasınca yerbəyer,
Başı, boynu, üzü, köksü sarıqlı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sona dedi:- «buzər deyən ölübdür,
Buzər adda bir başqası gəlibdir,
Deyən yeni dəyişiklik olubdur»,
Hər şey bunca yavaş-yavaş dəyişir.
O ananı kənd-kənd, yurd-yurd, gəzirdi,
Ev-eşiyi altdan–altdan sezirdi,
Pıçıltıya gizli qulaq asırdı,
Hərdən kənddə, yurdda, yolda azırdı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sizə xurma gətirmişəm, deyirdi,
Sizə alma gətirmişəm, deyirdi,
Armud, heyva gətirmişəm, deyirdi,
Mən anamı itirmişəm, deyirdi,
Mən balamı itirmişəm deyirdi,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Bir döngədə ona dedi bir qarı,
Bax, bu evdən get iki ev yuxarı,
Orda qalır qoca təhər bir qarı,
Deyir, Buzər gözlərimi çıxarıb,
Yeddi günə saçım belə ağarıb,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qurdər şahın anasını gördü qız,
Oturmuşdu tək bir evdə, o yalqız,
Qarışmışdı bir-birinə göz, ağız,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Dedi: – Ana, mən Sonayam, Uryerdən,
Dur qaçırım səni, ana, bu yerdən,
O Buzəri öldürərəm bu gün mən,
Dur yapışım, dur yapışım əlindən,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Ana dedi: – Gözüm yoxdur, tökülüb,
Paltarlarım cırıq-cırıq sökülü,
Əyilmişəm, qolum, belim sökülü,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Buzər gəldi, dedi: – Kimsən gözəlçə,
Bu geyimdə çinar boysan, bel incə,
Mənə qonaq qalmalısan bu gecə,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qılıncını çəkdi Sona qınından,
Dedi:- sənsən bizə qancıl, acıqan,
Sən Turparı yaraladın, ay qaban,
Onu vurmaq, istəyəndə qız bu an,
Qurdər evə atılaraq bacadan,
O Buzərlə durdu birdən yanbayan,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qılınclaşıb bir-birini yıxdılar,
Qılınclaşıb onlar çölə çıxdılar,
Qan gölündən boylandılar, qalxdılar,
Şimşək olub qaranlıqda çaxdılar,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qaranlıqda bir səs sap tək qırıldı,
Eşidildi sonra qanlı hənirti,
Buzər mal-tək baxdı, başı yarıldı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Ana, bala qucaqlaşdı, öpüşdü,
Sona, Qurdər bir-birilə görüşdü,
Göz yaşları bir-birinə qarışdı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sona dedi: – Sən nə bildin burdayam,
Bil tanrıdan sonra gələn anadır.
Qurdər dedi: – İzləyirdim mən səni,
Bil tanrıdan sonra gələn anadır.
Onlar durub yerincyerə gəldilər,
Yekta, Dota bu olayı bildilər,
Gözlərini gizli-gizli sıldılər,
Bil tanrıdan sonra gələn anadır.
Anasından Qurdər çox şey soruşdu,
Ana bir-bir olanları danışdı,
Göz yaşları bir-birinə qarışdı,
Hamı ona anası tək yanaşdı,
Bil tanrıdan sonra gələn anadır.
Dota, yekta baş əydilər Qurdərə,
Dedilər ki, and içirik yüz kərə,
And içirik biz tanrıya, görgörə,
Sizə görə biz gəlmişik bu yerə,
Bil tanrıdan sonra gələn anadır.
Qurdər dedi: – Mən hər şeyi bilmişəm,
Buna görə yerincliyə gəlmişəm,
Elə bilib Tunqər ki, mən ölmüşəm,
Işi verib məndən də çox bilmişə,
Bil tanrıdan sonra gələn anadır.
Ağsaqqallar gəldi, bu iş iç oldu,
Acıq, küsü, «mənəm mənəm» heç oldu,
Şah bacılar bir neçə qat güc oldu,
Yola düşdü Qurdər getdi köç oldu,
Üra gedən yaraqlılar üç oldu,
Bil tanrıdan sonra gələn anadır.
Orda bunu görən durdu, söylədi:
Bil tanrıdan sonra gələn anadır.
Dedi bunu yerinclikdə, baş evdə,
Bil tanrıdan sonra gələn anadır.
Turq ata da baş əyərək anaya,
«Sağ ol« dedi neçə kərə Sonaya,
Öyüd verdi ata kimi Setaya,
Dedi: – İndi mən, girirəm araya,
«Barış» deyə qızlar çıxsın ortaya,
Bil tanrıdan sonra gələn anadır.
Sona, Seta Turqa qulaq asdılar,
Barışdılar, qucaqlaşıb susdular,
And içdilər, közə barmaq basdılar,
Bil tanrıdan sonra gələn anadır.
Urdiyarda tanrı yeri ocaqdır,
Turqər kimi bunlar öcdən uzaqdır,
Beş gündən bir Anni burda qonaqdır,
Şamxat yenə öz yurduna dayaqdır,
Burda öyüd, danlaq iti yaraqdır,
Burda hamı yarı tanrı sayaqdır,
Arvad, kişi hamı tüklü papaqdır,
Tanrılıqdır, hamı burda qoçaqdır,
Bil tanrıdan sonra gələn anadır.
Burda hamı tanrılara bəllidir,
Burda çoxu havalıdır, yellidir,
Beli tüklü, alnı, boynu qıllıdır,
Qadınları od-alovdur, dillidir,
Kişiləri işcil, əli bellidir,
Atı-iti saçaqlıdır, tellidir,
Bil tanrıdan sonra gələn anadır.
Burda Sıdır meşələri gül dadır,
Sıdır ancaq Uruyerdə kök atır,
Bu dağlıqda buludlara əl çatır,
Burdakılar sevməkdə də çox qatı,
Bu yerlərdə gün ortada gün batır,
Buna görə burdakılar çox yatır,
Bil tanrıdan sonra gələn anadır.
Turqər deyir: – Urdiyardır baş evim,
Burda mənim çay daşından daş evim,
Yaylaq yerim qışlaq yerim, qış evim,
Qıvır-zıvır yaraşıqdan boş evim,
Bil tanrıdan sonra gələn anadır.
Burdan gedir, bura dönür Turq ata,
Hər bir yerə o baş çəkir arada,
Yarıtanrı qoyub onu yaradan,
O ölkənin hər işinə əl qatar,
O hamıya ürək verər, əl tutar,
Bil tanrıdan sonra gələn anadır.
Neçə ildir Elçiçəkdən uzaqdır,
Şimşəkatla ölkələrə qonaqdır,
Hər öyüdü, sözü elə dayaqdır,
Acıqanı döyüş, vururş, yaraqdır,
Varla quruş Turq ataya yasaqdır,
Bil tanrıdan sonra gələn anadır.
Bir qızı var, üc anası ürəkdə,
Yorulmayır o «Qurd anam» deməkdən,
Körpələri min-min yatır bələkdə,
Kirpikləri, saçı, üzü ipəkdən,
Bil tanrıdan sonra gələn anadır.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-sona-ve-ana-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Buzər qaçdı gizli gəldi Parselə,Qaçmaq yeni yaşamaqdır, sən demə.
Qardanağ söylənciDümağ doğdu, oğlu oldu ağappağ,İlk sevginin ilk beşiyi gözəldir.
Daşhörmələr söylənciTurq gedirdi, Şimşəkatı çaparaq,Nə istəsən yolda, yalda taparsan.
Gecə vuruş söylənciƏkbitənin səsləncləri gurladı,Gələn, gedən, yanqın, basqın nəsə var...
Başqa şairlərin şeirləri · İlahi eşq
Haqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
Uzun bir cümlədir vətən torpağıHaqqın arxasınca günəş izində,Günəylə, quzeyin Türk vadisində
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.