Turq gedirdi, Şimşəkatı çaparaq,
Nə istəsən yolda, yalda taparsan.
İki toplum yürüməkdə Çinelə,
Nə istəsən yolda, yalda taparsan.

Turqa soraq gətirmişdi Qızılquş,
Acı qana göstərməkçin daş duruş,
Qaldırılır daş hörmələr min qarış,
Keçilməzdir burda eniş, həm yoxuş,
Nə istəsən yolda, yalda taparsan.

İşlədillər burda Hindel qulunu,
Saymır heç kəs işdə yağış selini,
Gecə yatır bürünərək çulunu,
Hörmələyir dağın döşü, yalını,
Kəsir onlar Acıqanın yolunu,
Nə istəsən yolda, yalda taparsan.
Daş daş üstə qoyur, qalxır buluda,
Hər atdımda bir qalaça, bir ada,
İşlədilir arvad, uşaq, gənc, qoca,
Nə istəsən yolda, yalda taparsan.

Bu hörmələr qalxır göylə dirəşir,
Bulud gəlir hörmə üstən sürüşür,
Yoxdur qapı, heç bir yerdən girişi,
Pozulubdur Acıqanın yürüşü,
Nə istəsən yolda, yalda taparsan.

Çinel harda, Minel, Muğel hardadır,
Daş hörmələr çinelliyə arxadır,
Yaraqlılar acdır, günü qaradır,
Acıqanın içi, çölü yaradır,
Nə istəsən yolda, yalda taparsan.

Toplumların qabağını aldı Tur,
Soruşdu ki: – Siz kimsiniz?
– Biz muğuq.
– Hara belə?
– Biz Çinelə cumuruq.
Turq söylədi: – Çinel indi bir qoruq,
Nə istəsən yolda, yalda taparsan.

– Biz bilirik onlar hasar çəkillər,
Muğel boyu qalaçalar tikillər,
Daşarası daş sürtüyü töküllər,
Nə istəsən yolda, yalda taparsan.

Bu andaca qalxdı coşdu sərt külək,
İki toplum dağdan endi yüyürək,
Tapdalandı ayaq alta biçənək,
Danqıldadı qılınc, çomaq, dəyənək,
Nə istəsən yolda, yalda taparsan.

Turq bağırdı, atlar urkdü, dayandı,
Yaraqlılar Turqa sarı boylandı,
Çinel, Muğel boyu bu səs dolandı,
Çay diskindi, quş üst-üstə qalandı,
Nə istəsən yolda, yalda taparsan.

Turqər dedi: – Nə baş verib doğuda?
Niyə belə dəlisovsuz doğrudan?
Əl götürün qan-qan deyən uyğudan,
Nə istəsən yolda, yalda taparsan.

Tanrı məni göndərərək buyurub,
O hərəyə paylıq torpaq ayırıb,
Qan yox, əkin ac qalanı doyurub,
Nə istəsən yolda, yalda taparsan.

Biz tanrının yaratdığı dilliyik,
Bir oraqlı, bir günlüklü, elliyik,
Ağır işdə yurdumuza bəlliyik,
Ancaq üstün olmağıyçün yelliyik,
Nə istəsən yolda, yalda taparsan.

Tanrı deyir: – Qoyun yerə yarağı,
Alın ələ beli, xışı, orağı,
Əkin, biçin, pay verirəm torpağı,
Çəkin, için arxı çayı, bulağı,
Südlə dolu qzançanı, bardağı,
Nə istəsən yolda, yalda taparsan.

Sizi gözlər arvad-uşaq, qız, ana,
Dönün, baxın yaxşı-yaxşı o yana,
Qoymayın ki, inam, anlaq dayana,
Süd körpələr öz qanına boyana,
Nə istəsən yolda, yalda taparsan.

– Qoca, sənin bu sözlərin nə demək,
Ac gəlmişik, evə necə ac dönək?
Buyur görək, biz burada nə yeyək,
Nə istəsən yolda, yalda taparsan.

– Buyur,-dedi-Turqər o çay, o balıq,
Hər bir yandan yararlıdır bu varlıq,
– Qoca, burda çay dərindir, bulanlıq,
Yoxdur bizim başçılarda adamlıq,
Biz yaraqlı, o yanlıqıq, bu yanlıq,
Nə istəsən yolda, yalda taparsan.

Biri çıxdı dedi: – Qoca düz deyir,
Sən az danış, az vəngildə, az böyür,
Çörək ilə samanlığı seç, ayır,
Nə istəsən yolda, yalda taparsan.

Toplumbaşı çıxdı dedi: – Ay dədə,
Sən nəçisən, kimsən, söylə bu yerdə,
Toplumları laxladırsan dibindən,
Nə istəsən yolda, yalda taparsan.

– Mən Turqərəm, Mindiyarın atası,
– Mən də sənin Muğərinəm, qadası,
Sənsən bizim Mindiyarın qafası,
Bir yara var Muğla Çinel arası,
Bu quraqlıq, aclıq, qıtlıq yarası,
Tanrı bilər, nə olacaq sonrası,
Nə istəsən yolda, yalda taparsan.

Turqər dedi: – Deyən Muğel dardadır,
Bəs Mindəbir, niyə yoxdur, hardadır?
– Harda yem var, yeməli var ordadır,
Muğel acdır, el qıtlıqda, dardadır,
Nə istəsən yolda, yalda taparsan.

Çinellilər çoxiydilər, bir yüzə,
Sanki bulaq qarışmışdır dənizə,
Vuruş deyə durmadılar üz-üzə,
Ayrıldılar onlar gecə, gündüzə,
Nə istəsən yolda, yalda taparsan.


Turq söylədi: – Ay yaraqlı, Minellı,
Döyüş deyil, iş yaşadır adamı.
Gəlin Çinə yardım edək, əl tutaq,
Döyüş deyil, iş yaşadır adamı.

Yaraqlılar, qoyun yerə yarağı,
Bir-birinə tikin daşı, torpağı,
Bəsləyillər burda işlək qonağı,
Döyüş deyil, iş yaşadır adamı.

Hamı baxdı biri-birinə dayandı,
Urəyində yeni varlıq oyandı,
Çoxu gəlib tikintiyə boylandı,
“İş, iş” dedi, ilk sırada dayandı,
Döyüş deyil, iş yaşadır adamı.

Çinellilər çəkildilər qırağa,
Yol verdilər işə gələn qonağa,
Yer qalmadı daha gücə, yarağa,
Döyüş deyil, iş yaşadır adamı.

Turq Çinelli başçılarla görüşdü,
Muğellitək o da işə girişdi,
O yan bu yan bir-birinə qarışdı,
Bunla sanki, iki toplum barışdı,
Döyüşdə yox, işdə, gücdə yarışdı,
Döyüş deyil, iş yaşadır adamı.


Qızıl quşun səsi gəldi yaxından,
Nə olaydı insan quştək uçaydı.
Çıxdı yola Turqər, quşu çağırdı,
Nə olaydı insan quştək uçaydı.

Gördü Şamxat, yanında da bir oğlan,
Dedi: – Ellim, siz gəlirsiz hayandan,
Nə baş verib, nə səs-səmir oradan,
Mən də burda işləyirəm arada,
Nə olaydı insan quştək uçaydı.

Şamxat dedi: – Böyük ata, bağışla,
Yol gəlmişik bir ay qarda, yağışda,
Dayanmada heç, çökəkdə, yoxuşda,
Nə olaydı insan quştək uçaydı.

Biz gəlmişik səndən “həri” almağa,
Qardanağla ilk ər-arvad olmağa,
Sizə yaxın Uryerdə yurd salmağa,
Nə olaydı insan quştək uçaydı.

Qardanağ da gəlib səni görməyə,
Gəlib sənə el borcunu verməyə,
Gəlib burda toy çiçəyi dərməyə,
Nə olaydı insan quştək uçaydı.

Mən Şamxatam, ilk balamı doğaram,
Ərə getsəm, tanrılıqdan çıxaram,
Qarlayaram, yağış kimi yağaram,
Nə olaydı insan quştək uçaydı.

Şamxat dedi: – Bu Dümağın oğludur,
Ana, bala bunlar sənə bağlıdır,
Bizim kimi o Alpisdən dağlıdır,
Nə olaydı insan quştək uçaydı.
Turqər dedi: – Tanrı sizi saxlasın,
Olağızı bir-birinə bağlasın,
Turq da gəlsin sizi hərdən yoxlasın,
Tanrı gülsün, ancaq Alpis ağlasın,
Altyer uçsun, lap dibindən laxlasın,
Nə olaydı insan quştək uçaydı.

Baş əyərək Turqa dedi Qardanağ:
– Biz gəlmişik qulluğuzda dayanaq,
Atasayaq, oğulsayaq, qızsayaq,
Nə olaydı insan quştək uçaydı.


Turq düşündü, düz gəlməyir yaşları,
Hər yaşda var, sevgi yaşı saymayır.
Dedi, Şamxat ondan çox-çox yaşlıdır,
Hər yaşda var, sevgi yaşı saymayır.

Hamı sevir, ölənəcən sevgi var,
Yeniyetmə, gənc, yaşlıyla qocalar,
Eləsi var sevir hər il dalbadal,
Hər yaşda var, sevgi yaşı saymayır.

Lal sevgi var, küskün, üzlü, utancaq,
Var tərsinə, sancaqlama, ağyamaq,
Eləsi var, süpürləmə, şapalaq,
Var sevgiyə uyuşmayan qanacaq,
Var tələsən, var yerində çaparaq,
Hər yaşda var, sevgi yaşı saymayır.

Niyə belə saralıbsan, ay bala,
Bir dərisən, bir sümüksən, az qala,
Sevirsənsə, çap atını dördnala,
Kim geciksə, evlənmədən dul qalar,
Hər yaşda var, sevgi yaşı saymayır.
Səslə onu, sevgi tanrı payıdır,
Doğru sevgi, ata olmaq toyudur,
Təklik şahsa, həm də dayaz quyudur,
Hər yaşda var, sevgi yaşı saymayır.


Şamxat getdi çayqırağı bulağa,
Sevgi səni çəkər dönməz düzlüyə.
Əllərini tutdu göyə, ağladı,
Sevgi səni çəkər dönməz düzlüyə.

– İştar tanrı, məni bir də bağışla,
Ərə getdim, məni bunca alqışla,
Ta qurtardı doğru, yalan qarğışlar,
Həm də yalan inamlarla uçuşlar,
Sevgi səni çəkər dönməz düzlüyə.

Tapşırmışdın Mingəsoyu aldadım,
Getdim onun sürüsüylə otdadım,
Onla neçə döyüşlərdən adladım,
Ovuşdurdum, dağ gücünü qatdadım,
Sevgi səni çəkər dönməz düzlüyə.

Dedim, sevgi tanrısıyam yalandan,
Tanrılaşdım, qucaqlandım hər yanda,
Söz eşitdim hər çaqqaldan, qabandan,
Sevgi səni çəkər dönməz düzlüyə.

Günüm, ayım aldanışsız ötmədi,
Aldansam da mən pis yola getmədim,
Nə çox sevdim, sevgi tağım bitmədi,
Ancaq sənə bacı sevgim itmədi,
Sevgi səni çəkər dönməz düzlüyə.

Qızım olsa adın İştar qoyaram,
Oğlum olsa, adın Qoşqar qoyaram,
Hara getsəm səni tanrı sayaram,
Keçmişimi bu günümlə yuyaram,
Sevgi səni çəkər dönməz düzlüyə.

“Qızım” deyir Turqər Şamxat yazığa,
O, kül basır içimdəki yanığa,
Sən də əl tut, mən küskünə, atığa,
Qoy öc olsun bu çox ağzı yırtığa,
Sevgi səni çəkər dönməz düzlüyə.

Tanrı dedim mən özümə, yanıldım,
Şamxat deyil, İştar kimi anıldım,
Sevgilərim boşa çıxdı, danıldı,
Ancaq sonra çox işlərim qanıldı,
Sevgi səni çəkər dönməz düzlüyə.

Tanrı sənsən, mənsə sənin tutuğun,
Günəş sənsən, mənsə sənin qopuğun,
Gözəl sənsən, mənsə sənin topuğun,
Zirvə sənsən, mənsə sənin ovuğun,
Sevgi səni çəkər dönməz düzlüyə.


– Ana tanrı Ana, məni bağışla,
Bağışlamaq öc almaqdır deyillər.
Tapşırdığın işlər məni ucaltdı,
Bağışlamaq öc almaqdır deyillər.

Aldın məndən sevmək, doğmaq suçunu,
Verdin məndən vurmaq, yıxmaq gücünü,
Mən itirdim qadın olmaq ölçünü,
Bağışlamaq öc almaqdır deyillər.

Qaytar mənə gənclik, dinclik yaşımı,
Uca tutum ər yanında başımı,
Qoy ortaya doğru ölçən arşını,
Onda Alpis kəsə bilməz qarşımı,
Bağışlamaq öc almaqdır deyillər.

Yalvarıram, sıtqayıram önündə,
Yardım elə mənə bu dar günümdə,
Əl tut, göstər mənə bu sərt dönümdə,
Bağışlamaq öc almaqdır deyillər.

Diz çökərək Şamxat iç-iç mələdi,
Tanrısına yalvar, yaxar elədi,
O hıçqırdı, tez-tez üstut söylədi,
Bağışlamaq öc almaqdır deyillər.

O bükülüb qaldı bulaq başında,
İşıq vardı çayın çil-çil daşında,
“Qıy” qopurdu Turqun qızılquşundan,
Bağışlamaq öc almaqdır deyillər.

Bulud sıx-sıx, yağış gur-gur yağırdı,
Şamxat durdu Qardanağı çağırdı,
Gəldi gördü, o sarsıldı, bağırdı,
Gəldi gördü Şamxat gözəl qız olub,
Solğun üzü güzgü kimi üz olub,
Gözlər par-par parıldayan köz olub,
Bağışlamaq öc almaqdır deyillər.

Dedi: – Ay qız bu gözəllik haradan,
Suyun tanrı gücü vardır burada,
Qaytarıbdır gəncliyini yaradan,
Bağışlamaq öc almaqdır deyillər.

Öpüşdülər, yalaşdılar yüz kərə,
Sonra durub üz tutdular Uryerə,
Qaşqa atı səyirtdilər hər yerə,
Bağışlamaq öc almaqdır deyillər.


Çapa-çapa Şamxat çox-çox danışdı,
Gələcək ol, keçmişini uca tut.
Nə olmuşdu, nə görmüşdü büstbütün,
Gələcək ol, keçmişini uca tut.

Qardanağdan Şamxat bərk-bərk yapışdı,
Bir-bir ona keçmişini danışdı,
Yerdə qalan biri-birinə qarışdı,
O nə dedi, əri onla barışdı,
Gələcək ol, keçmişini uca tut.

Dedi: – Şamxat, yapış məndən, atımdan,
Çox özünü öymə tanrı adından,
Qurdalasan çox iş çıxar qadından,
Axsamasın qoy at mənim altımda,
Gələcək ol, keçmişini uca tut.

Dedi: – Sözdə arı olaq, işdə düz,
Bir yerdəyik, bir yoldayıq indi biz,
Ağır gündə üstün olluq ikimiz,
Gələcək ol, keçmişini uca tut.

Sən yenidən doğulubsan elə bil,
Yaçayarıq, çoxalarıq ilbəil,
Qoy bəzəsin bizi düzlük, şirinlik,
Gələcək ol, keçmişini uca tut.

Çapa-çapa uçmaqdaydı Qaşqaat,
Şamxat deyib danışırdı adbaad,
Gizliləri açmaqdaydı o qat-qat,
Gələcək ol, keçmişini uca tut.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri