Burda şax-şax şaqqıldayır bulaqlar,
Bulaq idi duru-duru adamlar,
Meşələri, ormanları sıx idi,
Bulaq idi duru-duru adamlar.

Qaraş üç gün yeyib, içdi, kökəldi,
Üçüncü gün öz yerindən dikəldi,
Solğunluğu üz-gözündən çəkildi,
Bulaq idi duru-duru adamlar.

– Kimlərdənsən, sən nəçisən, ay qonaq,
Kimsəsizsən, didərginsən, ya qaçaq,
Niyə düzdə tək qalmısan bu sayaq,
Bulaq idi duru-duru adamlar.


Onu görüb qorxdu oba yiyəsi,
Çoxlarını düz eləyən qorxudur.
Üstüağa soraq verdi Qaraşdan,
Çoxlarını düz eləyən qorxudur.

Bu soraqdan Üstüağ şah tutuldu,
Qara qaşlar yaylar kimi dartıldı,
Dirriyinə sanki ağı qatıldı,
Çoxlarını düz eləyən qorxudur.

Qaraş deyib lap dözümü tükəndi,
Şah Qaraşdan bir az da çox çəkindi,
O yatmışdı, elə bil ki, diskindi
Çoxlarını düz eləyən qorxudur.


– Qaraş mənə iki üzlü görünür,
Çox şahları yerə vurub inanmaq,
Onu gərək yenə, yenə yoxlayam.
Çox şahları yerə vurub inanmaq.

Buynuz şahın sözlərini o andı.
O yenilməz inamından usandı,
Qaraş gəlib göz önündə dayandı,
Çox şahları yerə vurub inanmaq.

“Mən də şahın nəvəsiyəm, Qaraş da,
Ona şahlıq yaraşarmı bu yaşda
Gərək deyim bunu ona bu başdan
Çox şahları yerə burub inanmaq".


Qaraş gəldi güdükçülər içində,
Ata əkər, oğul biçər deyiblər.
Üzü daşdır, gözü buzdur elə bil.
Ata əkər, oğul biçər deyiblər.

Bu o gözəl Qaraş deyil, dupduru,
Qaraqabaq, düşüncəli, sapsarı,
Özü kimi ölüvaydır çaparı
Ata əkər, oğul biçər deyiblər.

Başaşağı durdu şahın önündə
Əski, qara cır-cındırı əynində,
Tanrı bilər nələr vardır beynində
Ata əkər, oğul biçər deyiblər.


...Söz tanıyan, yol göstərən, yön tapan,
Hər bir sözdə, hər baxışda düyüncə.
Bilicilər, ağsaqqallar yığıldı,
Hər bir sozdə, hər baxışda düyünçə.

Hərə bir ad, hərə bir söz soruşdu,
Bu yol ilə şah işinə qarışdı,
Üstüağın üzü-gözü qırışdı,
Hər bir sözdə, hər baxışda düyünçə.

– Qaraş, niyə soyuyubsan sən belə,
– Uşaq şahlıq dəyərini nə bilər.
– Onu dustaq etməliyik bir ilə
Hər bir sözdə, hər baxışda düyünçə.


Öz yerindən durub dindi Üstüağ,
– Ölkə satar ikiüzlü adamlar.
O, iki yol üz döndərib Başevdən,
Ölkə satar ikiüzlü adamlar.

Qaraş girib iki başlı oyuna.
O baxmadan boy atmamış boyuna,
Üz çevirir öz doğmaca soyundan
Ölkə satar ikiüzlü adamlar.

Buynuz şahın dedikləri doğru, düz;
Şah yerini tutmaq istər bu cılız,
Boynumuza mindirmişik bunu biz,
Ölkə satar ikiüzlü adamlar.


– Şahım, mənə satqın demə, amandır,
Ölkə satıb şahlıq alan satqındır,
Mənim şahlıq işlərində gözüm yox,
Ölkə satıb şahlıq alan satqındır.

Hamı bilir, bu yer babam yeridir,
Könlüm şah yox, bizim eldə diridir,
Üstüağ şah məndən çox-çox bəridir,
Ölkə satıb şahlıq alan satqındır.

Buynuz şah da sonra məni pislədi.
Məni şahla vuruşdurmaq istədi,
Tanrı bilir, önər olmaq istədim.
Ölkə satıb şahlıq alan satqındır.


– İnanmıram, ağca yalan deyirsən,
Şah tanrının kölgəsidir Mineldə,
Mehcə kimi sən də qancıl olubsan,
Şah tanrının kölgəsidir Mineldə.

– Şahım, onu bağışlayın, uşaqdır,
İçi, çölü satqınlıqdan uzaqdır,
Gələcəkdə o da sizə dayaqdır,
Şah tanrının kölgəsidir Mineldə.

– Şahım, onu bağışlayın bir yol da.
Onu, məncə, bu olaylar ayıldar,
Nə olacaq ondan qalsa bayırda
Şah tanrının kölgəsidir Mineldə.


– Mən Odərəm, odun, suyun yiyəsi,
Yalançını göstərəcək odla su.
Oddan keçsin, suya batsın, bilinsin,
Yalançını göstərəcək odla su.

– O, uşaqdır, onda dözüm nə gəzir,
Odər ata hər bir işdə tələsir,
– Şaman ata bizdən yaman tez küsür,
Yalançını göstərəcək odla, su.

Şah söylədi: – Odla, suda yoxlayın,
Keçsə odu, onu burda saxlayın,
Yoxsa mənim dayaqlarım laxlayır,
Yalançını göstərəcək odla su.


Qaraş dedi: – Mən razıyam buna da,
Tanrı görür hər bir şeyi ucadan.
Mən arıyam oddan, sudan keçərəm,
Tanrı görür hər bir şeyi ucadan.

Qarbaş dedi: – Öncə odda yoxlayaq,
Odər dedi: – Öncə suda yoxlayaq,
Şaman dedi: – Dağda daşa bağlayaq.
Tanrı görür hər bir şeyi ucadan.

Şah söylədi: – Öncə oddan keçirin,
Yalançıya dil-dil alov içirin,
Keçə bilsə onda suya çevirin.
Tanrı görür hər bir şeyi ucadan.


Od qalandı yolun sağı, solunda,
Od içindən keçən gərək od olsun.
İki yandan yalaşdılar alovlar,
Od içindən keçən gərək od olsun.

O əyilib oddan yardım istədi,
Diz qatdadı od önündə söylədi.
– Hamı odun qabağında kölədi,
Od içindən keçən gərək od olsun.

Tanrı bilir, mən arıdan arıyam.
Şah babamın şah söykənci varıyam,
Əl tut tanrım, mən də sənə sarıyam,
Od içindən keçən gərək od olsun.


Qaraş girdi alovların içinə,
Bulud yandı, günəş yandı, göy yandı.
Nə qışqırıq, nə bağırtı, nə qorxu,
Bulud yandı, günəş yandı, göy yandı.

O getdikcə üzü oda boyandı,
Birdən sanki min-nin ürək dayandı,
Deyən tanrı ona bu gün hayandı,
Bulud yandı, günəş yandı, göy yandı.

Sağ əlində alovlanan bir çəlik
Addımladı Qaraş çevik, tələsik,
O nə yanır, nə qışqırır hələlik,
Bulud yandı, günəş yandı, göy yandı.


– Tanrı ata, mənə güc ver, dözüm ver,
Yanan ölmür günəş ilə birləşir,
Oddan arı, sudan duru-yaranış,
Yanan ölmür günəş ilə birləşir.

Qıssal, azal, mənə yol ver, od yolu,
Sənə könül bağışlaram var dolu,
Məni saxla səndən sənə qor olum,
Yanan ölmür günəş ilə birləşir.

Tanrım, sənə tutar etdim özümü,
Gözü qıpıq bilməyirəm özümü,
Poz, bir də yaz alnımdakı yazını,
Yanan ölmür günəş ilə birləşir.


Od tanrısı yandırmadı Qaraşı,
İç yanığa çöldən yanmaq nə kərək,
Su tanrısı yağış, külək göndərdi,
İç yanığa çöldən yanmaq nə gərək.

Nə pis işi var idi ki Qaraşı,
Adı-sanı pisliklərə bulaşıb,
Yoxdur daha yerdə onun sirdaşı,
İç yanığa çöldən yanmaq nə gərək.

Şah inandı buynuz şahın sözünə,
Örtük oldu yalan onun gözünə,
Baxa bilməz bir də qardaş üzünə,
İç yanığa çöldən yanmaq nə gərək.


Qaraş keçdi od içilə cığırı,
İki odu çalaşdırmaq çətindir.
Ütülmüşdü kirpikləri, saçları,
İki odu calaşdırmaq çətindir.

İki evi bir-birinə qatarsan,
İki oxu bir çəkimlə atarsan,
İki yolu bir əlində tutarsan,
İki odu calaşdırmaq çətindir.

Tanrım, sağ ol, baş əyirəm adına,
Məni aldın, yandırmadın oduna,
Mən uçaldım göyün yeddi qatına,
İki odu calaşdırmaq çətindir.


Ağzı açıq qaldı bunu görənlər,
Gözdə qalır gözlənilməz olumlar.
Hamı birdən köks ötürdü, sevindi,
Gözdə qalır gözlənilməz olumlar.

Çalğıçılar dınqırları dindirdi,
Əlaltılar od-alovu söndürdü,
Çoxu şahdan buz üzünü döndərdi.
Gözdə qalar gözlənilməz olumlar.

Qaraş gəlib şah önündə əyildi,
Dəyişmişdi, o, dünənki deyildi,
Dodaqaltı acı-acı o güldu,
Gözdə qalar gözlənilməz olumlar.


Şah söylədi-hamı çalsın, oynasın,
Yaranışın bəzəyidir çal-oyna.
Mindiyarın şah qardaşı Qaraşdır,
Yaranışın bəzəyidir çal-oyna.

Qaraş mənim doğma babam oğludur,
O, kökündən Mindiyara bağlıdır,
Qoy oynasın kim saqqallı, bığlıdır,
Yaranışın bəzəyidir çal-oyna.

Tanrı bizim kobudluğu bağışlar,
Şahı sevən onu öpsün bağışla,
Mənim doğma qardaşıma alqışlar,
Yaranışın bəzəyidir çal-oyna.


Sevinclərin yoxdu ucu-bucağı,
El sevinsə bil ki, tanrı sevinir.
Qız, gəlinlər oynayırdı, gülürdu,
El sevinsə bil ki, tanrı sevinir.

Yanar oxlar yağdırıldı göylərə,
Yallı getdi hamı, verib əl-ələ.
Gəlir doğma mahnılarla el dilə,
El sevinsə bil ki, tanrı sevinir.

Anam, bacım, sən də qol aç, süz, oyna,
Bər-bəzəyi üst-başına düz oyna,
Ey Minelli sevinc içrə gəz, oyna
El sevinsə bil ki, tanrı sevinir.


Qaraş birdən atı üstə sıçradı,
Alçalmağın ölçusü var, yeri var.
O dözmədi alçaldılmış sevincə,
Alçalmağın ölçüsü var, yeri var.

Çapdı, çapdı, gözdən itdi, yox oldu,
Şah yatmışdı, sanki birdən ayıldı,
Bunu görüb çox urəklər bayıldı,
Alçalmağın ölçüsü var, yeri var.

Niyə belə iş tutmusan Üstüağ,
Niyə onu yanlamadın sən bayaq,
Qaraş sənə doğma idi, ya qonaq,
Alçalmağın ölçüsü var, yeri var.


Qoşar alıb dınqırını,oxudu,
Qor alovdan, tüstü qopar kösövdən.
Qor Qaraş da oddan şaxıb sıçradı.
Qor alovdan, tüstü qopar kösövdən.

Qor Qaraşın qardaşıdır Üstüağ.
Üstüağın babasıdır İşdayaq,
Yaranışın var oyunu bu sayaq,
Qor alovdan, tüstü qopar kösövdən.

Hara belə, dön geriyə önərim.
Baxma bizə belə küskün, ötəri,
Gəlin, hamı bir ağızdan dinərim.
Qor alovlan, tüstü qopar kösövdən.


Başqa qoşar dınqır çaldı, oxudu:
– Yalançını evinəcən qovarlar.
Burda kimdir yalan deyən, bilmirəm,
Yalançını evinəcən qovarlar.

Tanrı deyər, yalan demə, düz danış,
Düz deyəndə dil gödəlir, bir qarış,
Yalan, doğru ikisindən çüt yapış,
Yalançını evinəcən qovarlar.

Dinclik üçün nə yalan de, nə doğru,
Çaş-baş qalsın qoy söz çəkən, qoy oğru,
Düz dinc olur yalançısı çığırır.
Yalançını evinəcən qovurlar.


– Nə bilimli, düşüncəli durmusan,
Gözəl gülər, ürkək-ürkək danışar,
Sən gözəlsən, yoxsa göydən düşməsən,
Gözəl gülər, ürkək-ürkək danışar.

Dınqırımla deyişməyə girmişəm,
Düşüncəmdə düşüncəni görmüşəm,
Gözəl, sənə öz könlümü vermişəm,
Gözəl gülər, ürkək-ürkək danışar.

Yaxına gəl, baxım sənə uzaqdan,
Qızıl alma sanki düşüb budaqdan,
Necə keçim belə gözdən, dodaqdan,
Gözəl gülər, ürkək-ürkək danışar.


– Nə durubsan bulaq kimi dupduru,
Dayananda su göz kimi durulur.
Yaxına gəl, sən də oyna, durulmuş,
Dayananda su göz kimi durulur.

Bu yığnaqda mənim gözüm səndədir,
Belə gözəl görmüşəmsə, mində bir,
Səni sevən çox sevəndən öndədir,
Dayananda su göz kimi durulur.

Götür ağca alnın üstdən telini,
Gir oyuna, oynat incə belini.
Gir yallıya, tutum incə əlini
Dayananda su göz kimi durulur.


– Qoşar qardaş, ta ürkütmə maralı,
Gendən baxan gözəl daha gözəldir,
O oynasa od yenidən alışar.
Gendən baxan gözəl daha gözəldir.

Səndən qabaq bəyənmişəm mən onu,
Sevgi oddur, od tutmuşdur hər yanım.
Yanağından boya qapıb al qanım.
Gendən baxan gözəl daha gözəldir.

Mən yançıyam, odum oynar üzündə,
Mən sorğuyam, sorğu gəzər gözündə.
Mən qoşaram, qoşma vardır sözümdə,
Gendən baxan gözəl daha gözəldir.


Odər dedi: – Qaraş çox-çox döyüşüb,
Oddan qorxmur oddan keçib gedənlər,
Mən görürəm, Qaraş şahlıq alacaq,
Oddan qorxmur oddan keçib gedənlər.

Buraxmayın onu belə başına,
Bir gün çıxar qancıl kimi tuşuna,
El-el gəzər, dönər Umay quşuna,
Oddan qorxmur oddan keçib gedənlər.

Şahım, onun yollarını bağlayın,
Qıraqda yox, yanınızda saxlayın.
Düzlüyunü bir də suda yoxlayın,
Oddan qorxmur oddan keçib gedənlər.


Şaman dedi: – Odər ata düz deyir,
Hamı alın yazısına kölədir.
Onun şahlıq yazılıbdır alnına,
Hamı alın yazısına kölədir.

Siz Qaraşı öz başına qoymayın,
Onun oddan keçməsinə uymayın,
Üstünlük var onda, bunu yaymayın,
Hamı alın yazısına kölədir.

Əl-qol atmaz yanınızda qalarsa,
Gözdən düşən göz önündə olarsa,
Yumuşalar göstərişlər alarsa,
Hamı alın yazısına kölədir.


– Bir ər getsin qaytarmağa Qaraşı,
İt qurdlaşar öz başına buraxsan.
Ya ölməli, ya dönməli olacaq,
İt qurdlaşar öz başına buraxsan.

Ya o yanlıq, ya bu yanlıq olmalı,
Adı, odu öz içində qalmalı,
Axar çay da gedə bilməz dal-dalı,
İt qurdlaşar öz başına buraxsan.

İçimizdir, içimizlə tanışdır,
Bir də gördün ağ qaraya qarışdı,
Özgə oldu, özgəlikdən yapışdı.
İt qurdlaşar öz başına buraxsan.


Odər ata dedi bir də sözünü:
Yumuşağı hər bir işdə sərt kəsər.
Şah yumuşaq, könlü yuxa olammaz,
Yumuşağı hər bir işdə sərt kəsər.

Şahımızın güclüdürsə biləyi,
Çox yuxadır ancaq böyük ürəyi,
Beləsinin yerə gələr kürəyi,
Yumuşağı hər bir işdə sərt kəsər.

Nə gözləyir, Mindiyarı, Mineli,
Qan-qada var irəlidə, siz bilin.
Düz deməsəm odda yansın qoy dilim,
Yumuşağı hər bir işdə sərt kəsər.


– Ahur tanrı mənə belə söyləyir,
Böyük gərək kiçilməyi bacarsın.
Hərdən bizi kiçilmək də böyüdür,
Böyük gərək kiçilməyi bacarsın.

Böyük şahdan kəsi umur tanrılar.
Yalvarışla pisin qolu qanrılar,
Belə şahlar yerdə tanrı sanılar.
Böyük gərək kiçilməyi bacarsın.

Ahur tanrı, Üstüağa əl yetir,
Sən qıtlığı, quraqlığı yan ötür,
Pisi varsa üzərindən al, götür,
Böyük gərək kiçilməyi bacarsın.


– Yaranışdan çox inciksən dınqırım,
Dınqır gərək iç qatları oxuya.
Gəl, baş-başa verək bir az ağlayaq,
Dınqır gərək iç qatları oxuya.

Sən ki, məni oxuyursa dolayı,
Titrək qalxır tellərindən harayım,
Gəl bu gün də içimizi çalayım,
Dınqır gərək iç qatları oxuya.

Çalı, dindir ürəyimin telini,
Dərib çatdır ona sevgi gülümü,
Tap yaxşılıq tanrısının dilini,
Dınqır gərək iç qatları oxuya.


– Mən dınqıram, yanıq-yanıq ağlaram,
Adamlığı öyrənməkdir ağlamaq.
Hırıltıdan gülüş yaxşı yenə də,
Adamlığı öyrənməkdir ağlamaq.

Yaranışı, dolanışı ötərəm.
Dodaqlarda, ürəklərdə bitərəm,
Toy-düyünün səs-küyündə itərəm,
Adamlığı öyrənməkdir ağlamaq.

Durna boğaz, yastı çanaq olandan,
Yanğılarla yanıqlarla dolandan,
Mən gülməyi bacarmıram yalandan.
Adamlığı öyrənməkdir ağlamaq.


– Bir az ağla, bir az sevin, bir az gül,
Ağlamaqla gülmək günbir bacıdır.
Gülər ağlar, ağlar gülər dınqırım,
Ağlamaqla gülmək günbir bacıdır.

Göz yaşları bizi çordan qorumaz,
Döyüşlərdə yaramızı sarımaz,
Yersiz-yersiz ağlamaq da yaramaz,
Ağlamaqla gülmək günbir bacıdır.

Ağlağandır, güləyəndir yaranış.
Bizimlədir dirrik boyu bu yarış.
İki sözdür, ikisindən bir yapış
Ağlamaqla gülmək günbir bacıdır.


At üstündə dikələrək şah dedi:
Çox adamda qabaqcadan duyum var.
Pis yoldadır Qaraş, deyir duyumum.
Çox adamda qabaqcadan duyum var.

Gedin ona siz arxadan tez çatın,
Ya qaytarın, ya öldürün, ya tutun,
Şəlitləyin dustaqlığa siz atın,
Çox adamda qabaqcadan duyum var.

Mən duyuram o qudurub qaynayır,
Damarında qatışıq qan oynayır,
Nə uyuşur, nə də bir söz anlayır,
Çox adamda qabaqcadan duyum var.


Qarbaş getdi qaytarmağa Qaraşı,
Dağılmaqdır küsülülük, dönüklük.
Yastıdağda çatdı ona arxadan,
Dağılmaqdır küsülülük, dönüklük.

Baş pırtlaşıq, çatma qaşlar çatılıb,
Saç-saqqalı, qaş-kirpiyi ütülüb,
Pal-paltarı yanıq-yanıq didilib
Dağılmaqdır küsülülük, dönüklük.

Buz salxımı sallanmışdı üzündən,
Bir çüt soyuq daş var onun gözündə.
Küsülüydü Üstüağdan, özündən,
Dağılmaqdır küsülülük, dönüklük.


– Qaraş, səni şah çağırır, geri dön,
Sınaq ad-sən qazandırar iyidə.
Bu sınaqda sən zirvənə ucaldın.
Sınaq ad-san qazandırar iyidə.

Qayıt, mənə yardımçı ol yenə də,
Üstünlükdür bu, mənə də, sənə də
Dinclik duyar bunca Mehcə nənə də,
Sınaq ad-san qazandırar iyidə.

Üstüağdan üz döndərmə bu sayaq
Bir gün Başev sənə gərək olacaq,
Nə bilirsən kim gedəçək, qalacaq.
Sınaq ad-san qazandırar iyidə.


– Sən də məni keçirirsən sınaqdan,
İnamsızlıq sıxıntıdır, sonevdir,
Mənə qarşı o Başevdə inam yox,
İnamsızlıq sıxıntıdır, sonevdir.

Dəymə sınıb qırıq-qırıq olaram,
Gedib daşdan xırda daxma salaram.
Özgə eldə, ölkələrdə qalaram,
İnamsızlıq sıxıntıdır, sonevdir.

Göz dustağı oldum, gözü qıpığam,
Əl altında yaşa dolmuş yazığam.
Doğmalıqda özgələşmiş sınığam,
İnamsızlıq sıxıntıdır, sonevdir.


– Yox, dön geri, öz yerini tut orda,
Hərə gərək öz yerində otura,
İşdayağın nəvəsisən, unutma.
Hərə gərək öz yerində otura.

Özüm sənə əltut ollam, doğmaca,
Düyününü açar sənin bu qocan.
Mən arxanam təklənərkən sən haçan,
Hərə gərək öz yerində otura.
Mindiyara döndər atın başını,
At biryolluq özgəliyin daşını
Seç bilimlə pis içində yaxşını,
Hərə gərək öz yerində otura.


– Mən dönmərəm bir də o qurd evinə
Çalğı yaxşı eşidilər uzaqdan.
Məni burax gedim gedər-gəlməzə,
Çalğı yaxşı eşidilər uzaqdan.

Üstüağ şah olan yerdə mən yoxam,
O, boz, mən al, o qarasa mən ağam,
Burax, gərək öz yoluma mən çıxam,
Çalğı yaxşı eşidilər uzaqdan.

Burax məni, şaha söylə bu sözü,
Qaraş yanıb tanınmazdır üz-gözü,
De ki, onu öldürmüşəm mən özüm.
Çalğı yaxşı eşidilər uzaqdan.


Qarbaş, gedək dedi, Qaraş, yox dedi,
Bir çölməyə sığmaz iki qoç başı.
Gərək qala iki şahdan birisi,
Bir çölməyə sığmaz iki qoç başı.

– Məni sizdən uzaq qovur hər addım,
Tanrı niyə məni belə yaratdı?
Al, götür, get, bu yarağım, bu atım,
Bir çölməyə sığmaz iki qoç başı.

Üstüağa deyərsən ki, ölübdü,
Quşlar yeyib baş-gözünü dəlibdi,
Qurdlar didib iki yerə bölübdü,
Bir çölməyə sığmaz iki qoç başı.


Qarbaş onu yazıq görüb buraxdı
Yazıq kimdir, yanan, yoxsa yandıran?
Dedi: – Çıx get, bir də gözə görunmə.
Yazıq kimdir, yanan, yoxsa yandıran?

Könlü yandı, həm də nəsə duydu o,
Gənc Qaraşı bunça yazıq saydı o,
Necə olsa, Üstüağla soydu o,
Yazıq kimdir, yanan, yoxsa yandıran?

Qarbaş dönüb şaha yalan soylədi,
Şahlığında ona uğur dilədi,
Heç bilmədi niyə elə elədi.
Yazıq kimdir, yanan, yoxsa yandıran?


Şah Qaraşı ölmüş bilib inandı,
Ürək gizli incəliyi duyandır.
Nədən isə sançdı bərkdən ürəyi,
Ürək gizli incəliyi duyandır.

Öncə susdu donub qaldı yerində,
Sonra isə dinclik duydu dərindən,
Dedi, yaxşı qurtarmışam birindən,
Ürək gizli incəliyi duyandır.

Mehcə gəlsə, Odər onu qandırar,
Qammad bilsin od pisliyi yandırar,
Manay, Yürüş bu olaydan yan durar,
Ürək gizli incəliyi duyandır.


Şah söylədi,-hamı getsin ocağa,
Başəydi var, yalvarış var tanrıya.
Mən tanrının göndəriyəm, köləsi,
Başəydi var, yalvarış var tanrıya.

Ellər çıxsın yalvarışa, kəsiyə,
Son qoyulsun didişməyə, küsüyə.
Olacağı ocaq bizə düz deyər,
Başəydi var, yalvarış var tanrıya.

Toplum dursun bu gedişin dalında
Manay, Yürüş gəlsin sağım, solumda,
Varım, yoxum kəsi tanrı yolunda
Başəydi var, yalvarış var tanrıya.


Bu gün kəsi bayramıdır ocaqda
Tanrılara kəsi verən qoçaqdır.
Mən tanrının kölgəsiyəm, köləsi
Tanrılara kəsi verən qoçaqdır.

Qoy önümdə getsin qızıl çapaqlar,
Başev, bir də Başevdəki qoçaqlar,
Məmə yeyən, pəpə yeyən, nə ki var.
Tanrılara kəsi verən qoçaqdır.

Dörd təkərli dəmir qoşqu arxada.
Ağsaqqallar ağ və sarı çuxada,
Bol kəsimiz atdan, gəldən, buğadan,
Tanrılara kəsi verən qoçaqdır.


Yaraqlılar ağ geyimə büründü
Al, ağ boya harda gördün Mineldir.
Al geyindi qız-gəlinlər, analar,
Al, ağ boya harda gördün Mineldir.

Kəhər atlar, dəmir atlar, ağ atlar,
Ağ davarlar, yola çıxan elatlar,
Al bəzənib kəllər üstə sovqatlar,
Al, ağ boya harda gördün Mineldir.

Odər ata, Şaman ata qabaqda,
Ötər at da bəzənilir qıraqda,
Yəhəraltı çulu ipək saçaqda
Al, ağ boya harda gördun Mineldir.


Subölənin döşü bulud, başı qar,
Yer üzündə su od ilə qonşudur.
Ağ buludlar pərçimlənib günəşə,
Yer üzündə su od ilə qonşudur.

Subölən dağ Əkbitəndən uzaqda,
Üzü yola bir çəkim var bu dağda,
Tanrı qalır buradakı ocaqda,
Yer üzündə su od ilə qonşudur.

Bu od, ocaq yayı, qışı gözərir,
Örtülüdür dörd bir yanı, üzəri.
Bu ocaqda vardır tanrı dəyəri
Yer üzündə su od ilə qonşudur.


Dəydi ocaq hənirtisi üzlərə,
Tanrıların öyüd yeri ocaqdır.
Hamı gəlir od, ocaqda çimməyə,
Tanrıların öyüd yeri ocaqdır.

Üstümüzə qalanıbdır qarğışlar.
Tanrı, bizi öz adına bağışla,
Bitkinizi bol-bol elə yağışla
Tanrıların öyüd yeri ocaqdır.

Tanrı, bizim könlümüzdə qalginən,
Doğru yola bizi yola salginən.
Qancıllardan öcü, güçü alginən.
Tanrıların öyüd yeri ocaqdır.


Subölən dağ baş qaldırıb göylərə,
Dağa söykən, dağdan uca olarsan,
Ətəkləri gül-çiçəkdir yamyaşıl,
Dağa söykən, dağdan uca olarsan.

Böyük oçaq, böyük Odər burada,
Manay, Yürüş, şah görünür orada,
Odsevərlər durub neçə sırada,
Dağa söykən, dağdan uca olarsan.

Burda göydən gələnlər da gözlənir"
Yalvarışlar mahnı-mahnı səslənir,
Od, alovlar yana-yana közərir.
Dağa söykən, dağdan uça olarsan.


Tanrı, bizə güc ver, qovaq yamanı.
Pisliklərin pisdiklisi Yamandır.
O yandırır kəndi, otu, əkini
Pisliklərin pisdiklisi Yamandır.

O, tovlayıb seli, suyu sellədir,
O küləyi, od, alovu yellədir,
O, dağları, o, daşları gillədir.
Pisliklərin pisdiklisi Yamandır.

O yaradır düşüklüyü, qırğını,
O közərdir sən söndürən yanğını
O dağıdır biz yaradan qurğunu,
Pisliklərin pisdiklisi Yamandır.


Kəsilərlə bitir acıq, öc, küsü
Tanrılarla danışmaqdır hər kəsi,
Kişnərti var, mələrti var, bəyirti.
Tanrılarla danışmaqdır hər kəsi.

Bir bağlı ot tutub hərə əlində,
Yalvar-yaxar, qoşma, mahnı dilində,
Mal kəsənlər bərk çəkinir ölümdən,
Tanrılarla danışmaqdır hər kəsi.

Oçaqlara yağ atırlar, yağ yanır,
Dörd bir yanda qan tökülür, buğlanır,
Tanrılarla bağlaşmalar bağlanır,
Tanrılarla danışmaqdır hər kəsi.


Qayaquşum, Göyərçinim, Boz Qurdum,
Öyüdçüsüz, tək yaşamaq çətindir.
Siz tanrının hənirtisi, istəyi
Öyüdçüsüz, tək yaşamaq çətindir.

Tanrı qoru Mindiyarı, Mineli,
Biz yaşadıq altı kərə min ili,
Tanrı özü qoruyaçaq bu dili,
Öyüdçüsüz, tək yaşamaq çətindir.

Tanrı sizi yerdə, göydə arasın,
Qanlı, qansız yaranızı sarısın,
Deyişmədən, didişmədən qorusun,
Öyüdçüsüz, tək yaşamaq çətindir.


Yeləsəndən Yelçəkənə biz varıq,
Burda ilıq, isti, orda buz, qarıq,
Başımızda qızıl papaq, ağ sarıq.
Öyüdçüsüz, tək yaşamaq çətindir.

Böyüyəndə bölünürlər böyüklər,
Dörd bölünsün görüm başı çürüklər,
Su üstündə su olmayan köpüklər,
Öyüdçüsüz, tək yaşamaq çətindir.

Tanrı, bizə öyüd söylə, arxa dur,
Öyüdlərin hər qulağa sırğadır.
Yiyəsiz at yürük deyil, yorğadır,
Öyüdçüsüz, tək yaşamaq çətindir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri