Duzdağyerin səsləncləri gurladı,
Rəqsdən sümük, səsləncdən qan oynayar.
Balasqelin toplumları yürüşdə,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Gec gəlmişdi Balasqlılar köməyə,
On min atlı dönüb iti küləyə,
Dırmaşıllar dağa, yala, ətəyə,
Neçə gündü möhtac qalıb çörəyə,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Ac toplumu qabaqlayır Dəmirqız,
Yaraqlanıb, qılınc, bizuc, ox, toppuz,
Qoşquların təkərləri yararsız,
Dəmirqızdır ondə gedən, tək-yalqız,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Xəbər çatdı Tunqa gecə yarısı,
Zoqquldadı onun köhnə yarası,
Görüb bunu dedi, Ağüz atası,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Dedi: – Beş min atlı getsin Duzdağa,
On, dörd atlı qoşqu, bir də on daşqa,
On min atlı yola düşsün Balasqa,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Dedi: – Filip yenə bizi aldadır,
O, Əkbitən üstə gəlir, yoldadır,
Gizli gəlir özü, yəqin daldadır,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Tunq düşündü, bu, üçyanlı hücumdur,
Bu bicləmə təzə yoldur, qurumdur,
Filip yolu düz yox, burun-burundur,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

O yardımla inandırır İranı,
İran tutsun bəlkə böyük Turanı,
Bölüşülsün bu ölkənin hər yanı,
Rəqsdən sümük, səsləncdən qan oynayar.

Tunqər yenə yiyələnir yarağa,
Filip kimi gizli gedir qabağa,
“Yol” göstərsin çağrılmamış qonağa,
Rəqsdən sümük, səsləncdən qan oynayar.


Görüşüllər Yastıdağın belində,
Fələk bizdən qan qoparır, tanrı can.
Ikisinin enli qılınc əlində,
Fələk bizdən qan qoparır, tanrı can.

Filip:
– Gileylənir Haçasaqqal Tunqərdən,
Tunq:
– Bildim, ona sən yardıma gəlmisən,
Filip:
– Sən İranı özününkü bilmisən,
Tunq:
– Sənsə onu iki yerə bölmüsən,
Yarı sənin, yarı mənim etmisən,
Fələk bizdən qan qoparır, tanrı can.

Sənin qəsdin İran deyil, Turandır,
Iran deyib oynamağın yalandır,
Ver geriyə, toplumunu dayandır,
Fələk bizdən qan qoparır, tanrı can.

– Tunq, yenə də kobud-kobud danışma,
Sən İranla bizim işə qarışma,
Birə kimi cumub bizə daraşma,
Bu bicləmə sənə, mənə yaraşmaz,
Fələk bizdən qan qoparır, tanrı can.

– Bizə vuruş yaraşıqdır, vuruşaq,
Bicləmədə, gücdə bir də yarışaq,
Istəyisən vuruşmadan barışaq,
Ikimiz də biz İrandan yapışaq,
Fələk bizdən qan qoparır, tanrı can.

– Bax, İrana təzə yiyə tapılıb,
Min ildir ki, İran belə çapılıb,
Qapıları o tay bu tay çırpılıb,
Ürəyinə iti xəncər sapılıb,
Fələk bizdən qan qoparır, tanrı can.

Iranı yox, sən Turanı güdürsən,
Irana yox, sən Turana gedirsən,
Yağlı yalan içrə batıb, itirsən,
Fələk bizdən qan qoparır, tanrı can.

Qayıt burdan, yoxsa səni üzərəm,
Əllərini, qıçlarını kəsərəm,
Qan tökərəm, al qanında üzərəm,
Quzğun kimi leşin üstə gəzərəm,
Fələk bizdən qan qoparır, tanrı can.


Dindi qılınc, bağlanıldı ağızlar,
Qandan doymur niyə qancıl adamlar.
Danqıldadı, gumbuldadı toppuzlar,
Qandan doymur niyə qancıl adamlar.

Yaxalaşdı Balasqlarla Oğuzlar,
Çəngələşdi qan pipikli xoruzlar,
Didişdilər boz qurdlarla quduzlar,
Qandan doymur niyə qancıl adamlar.

Ilk zərbədə Filip geri çəkildi,
Qan boynundan yaxasına töküldü,
Son zərbədə onun beli büküldü,
Bir də vurdu, dəmir döşlük söküldü,
Qandan doymur niyə qancıl adamlar.

Biri dedi: – Baş aparma çox da sən,
Toplumunla dörd tərəfdən bənddəsən,
Dayan yapım xəmirindən kündə mən,
Qandan doymur niyə qancıl adamlar.

Kimsə dalda Tunqa neçə ox atır,
Sinəsinə onun iki ox batır,
Tunq onları əlləriylə bərk tutur,
Birdən birə o oxları bərk dartır,
Sinəsini iki yerdən o yırtır,
Qandan doymur niyə qancıl adamlar.

Tunqun halı bir azcana dəyişir,
Nərə çəkir öz-özündə bərkişir,
O yenidən acıqana dirəşir,
Vurur, oxçu öz qanına bələşir,
Qandan doymur niyə qancıl adamlar.


Vuruşurlar, didişillər toplumlar,
Qan tökülməz başbaşılar bir olsa.
Dalğalanır, aşır canlı divarlar,
Qan tökülməz başbaşılar bir olsa.

Vuruşlarda beş-beş, on-on düşən kim,
Ağrısından quru yeri eşən kim,
Gün altında qalıb leşi bişən kim,
Dalı üstə gəbərərək şişən kim,
Qan tökülməz başbaşılar bir olsa.

Yenə təzə toplum çıxır qarşıdan,
Bu toplumun Tusər durur başında,
Düyünlənib, nifrət qoşa qaşında,
Tusdur, Tusər, igid, qırx beş yaşında,
Qan tökülməz başbaşılar bir olsa.

Tus:
– Tunqər, Tusam, Tusər, məni sən tanı,
Atlıların gəldi, tutdu İranı,
Mən də belə tutacağam Turanı,
Arxamızda bizim Balasq dayanır,
Qan tökülməz başbaşılar bir olsa.

– Balasqeli yönəldibsən bizə sən,
Gizlənibsən, çıxmayıbsan üzə sən,
Çevrilibsən lap utancaq qıza sən,
Qan tökülməz başbaşılar bir olsa.

Döyüşlərdə başbaşıdır bicləmə,
Gürz oynatma boşdur, ona güc demə,
Bu döyüşdə olacaqsan heçləmə,
Qan tökülməz başbaşılar bir olsa.

Sən Turparı yandırmısan sınaqda,
O, şah olub bizdə, şahdır nə vaxtdan,
Sir-sifəti çapıq, yanıq, yamaqda,
Gec-tez İran çıxacaqdır yasaqdan,
Qan tökülməz başbaşılar bir olsa.

– Siz Hindeldən bizə qaçqın gəldiniz,
Yalvar-yaxar yer aldınız, qaldınız,
El oldunuz, diyar adı aldınız,
Qan tökülməz başbaşılar bir olsa.

Başraq tutub indi bizi vurursuz,
Yürüş edib bizə qarşı durursuz,
Nahaq yerə öz-özüzü yorursuz,
Boş-boşuna böyük İran qurursuz,
Qan tökülməz başbaşılar bir olsa.

Vergi, xərac üstə düşüb bu dava,
Istəmirdi belə olsun el-oba,
Xuruş, Daryaş, Tusdan qalıb bu hava,
Qan tökülməz başbaşılar bir olsa.


Tunq yeridi irəliyə qılıncla,
Neçə yüz min qancıl qovur bir qılınc.
Gedir hərdən bu, irəli, o, geri,
Neçə yüz min qancıl qovur bir qılınc.

Çəkib qılınc Tus qaldırdı tutağı,
Ancaq bizuc deşdi onun qırtlağın,
Qan qızartdı qarış-qarış otlağı,
Neçə yüz min qancıl qovur bir qılınc.

Ancaq Tusər yıxılmadı atından,
Ta demədi bir söz İran adından,
Sanki çıxdı İran, Turpar yadından,
Neçə yüz min qancıl qovur bir qılınc.

Ancaq vurdu Tunqa enli qılıncı,
Vurdu üç yol, qola dəydi üçüncü,
Turq sarsıldı, çıxdı önə qoruncu,
Dedi: – Dayan, bəsdir vurdun yabançı!
Neçə yüz min qancıl qovur bir qılınc.

Tunq bir azdan gəldi yenə özünə,
Qan sıçradı sağ qolundan üzünə,
Bir qaranlıq kölgə gəldi gözünə,
Neçə yüz min qancıl qovur bir qılınc.

Gürzü atdı, dəydi Tusun qoluna,
Tus əl atdı kəhərinin yalına,
Dalı üstə aşdı atın dalına,
Neçə yüz min qancıl qovur bir qılınc.

Iranlılar bunu gördü qıraqdan,
Silkələnib bərk yapışdı yaraqdan,
Vuruşdular, toz sovruldu torpaqdan,
Neçə yüz min qancıl qovur bir qılınc.

Yaralılar sola, sağa çevrilir,
Biri ölür, ilan kimi qıvrılır,
Üçü ölür, biri yenə dirilir,
Neçə yüz min qancıl qovur bir qılınc.

Yetim qalmış atlar yanda otlayır,
Səsdən qulaq batır, beyin çatlayır,
At ölülər üzərindən adlayır,
Neçə yüz min qancıl qovur bir qılınc.

Tanrı baxır, deyir, Turqər, gəl bura,
Adam leşi burda dönüb hasara,
Ana gəzir ölüsünü avara,
Neçə yüz min qancıl qovur bir qılınc.

Iniltilər səs deyildir, duadır,
Bağırtılar dua deyil, əzadır,
Üz-gözünü cırmaqlayan anadır,
Neçə yüz min qancıl qovur bir qılınc.


Gecə olcaq yaraq yığır onbaşı,
Kim yaralı, hərə bir cür yaralı.
Ölənlərin ulduzları axışır,
Kim yaralı, hərə bir cür yaralı.

Turanlılar Balasqelə üz tutur,
Bu ölkəni dənləməyə can atır,
Suqırağı bir şəhərə Tunq çatır,
Kim yaralı, hərə bir cür yaralı.

Çilçilatdan düşür Tunqər, daranır,
Onda Turqər öyüd ruhu oyanır,
Gözlərində hər yer nura boyanır,
Kim yaralı, hərə bir cür yaralı.

Deyir: – Toplum, dayan, girmə şəhərə,
Bu, dərs olsun qoy Filipə son kərə,
Toplum durur, dönür canlı çəpərə,
Kim yaralı, hərə bir cür yaralı.

Deyir: – Xalqın günahı yox, yazıqdır,
Bunca adam qırmaq, soymaq artıqdır,
Şər tanrısı gedən deyil, sırtıqdır,
O düşməndir, düşmən içdən qırıqdır,
Bizə qalan beş min sağlam tutuqdur,
Kim yaralı, hərə bir cür yaralı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri