Ov söylənci
Uruyerin səsləncləri gurladı,
El çağırsa, dala baxma, get, tələs.
Çiçaylılar hücum çəkib Muğelə,
El çağırsa, dala baxma, get, tələs.
Dörd min ağac yoldur, çoxdur, hər nədir,
Tunq Muğelə beş min atlı yeridir,
Sonra müdhiş səslə deyir, əmr edir:
– Mindəbirə yardım getsin Eldəbir,
El çağırsa, dala baxma, get, tələs.
Elçiçəyin tez-tez halı dolaşır,
Hərdən-birdən ürəyi də bulaşır,
Dinmir, ancaq öz içində alışır,
El çağırsa, dala baxma, get, tələs.
Tunq deyir ki, çıxaq ova, çap-çapa,
Yolda, yalda, cığırlarda at çapaq,
Meşəlikdə maral güdək, ov tapaq,
El çağırsa, dala baxma, get, tələs.
Yalvar-yaxar axlamsınıb Elçiçək,
Deyir: – Gedək biz Alana baş çəkək,
Şah olsa da ona arxa, el gərək,
El çağırsa, dala baxma, get, tələs.
Unutmuşuq biz Alanı büstbütün,
Istəyirsən yola düşək lap bu gün,
Pay aparaq, sovqat, qızıl, onunçun,
El çağırsa, dala baxma, get, tələs.
Yollarda da ov var, ovlaq, od-ocaq,
Maral, ceyran, nə istəsən olacaq,
Belə səfər, ərim, yadda qalacaq,
El çağırsa, dala baxma, get, tələs.
– Gedsək əgər, yol dolanbac, yol uzaq,
Bu ölkəni onda kimə tapşıraq,
Düşmən bilib ölkə üstə çapacaq,
El çağırsa, dala baxma, get, tələs.
Eldəbiri göndərmişəm Muğelə,
Əl çəkməyib o yerlərdən Çin hələ,
Mindəbirlə verəcəklər əl-ələ,
Acqanı da döndərərlər çoçilə,
Son qoyarlar oralarda müşkülə,
El çağırsa, dala baxma, get, tələs.
Ov geyimi geydi, çıxdı Elçiçək,
Gözəl itir gözəlliklər içində.
Götürmədi Turqər ağır yaraqlar,
Gözəl itir gözəlliklər içində.
Ov səsləyib, ov qovanlar sırada,
Qurddan dönmə itlər səpik burada,
Xalça, cecim yükü gedir arada,
Hazır yemək, qıyma ətdən, çolpadan,
Tunq, Elçiçək at səyirdir ortada,
Gözəl itir gözəlliklər içində.
Dərin dərə, yastı təpə, sıx meşə,
Çıxır ordan, burdan kəndli görüşə,
Itlər cumur quş, quzuya, çəpişə,
Gözəl itir gözəlliklər içində.
Səhər tezdən günəş hələ doğmayıb,
Qurd-quş hələ yuvasından çıxmayıb,
Ovalıqda hələ səs-küy qalxmayıb,
Gözəl itir gözəlliklər içində.
Tunqər:
– Elçiçəyim, bəlkə qalıb yadında,
Yuxuluydun, çaya düşdün atından,
Biz isindik, yatdıq çırpı odunda,
Yataq otdan, mitəkkəmiz odundan,
Gözəl itir gözəlliklər içində.
Ürkmüş maral birdən yola sıçradı,
Arvad ilə çıxma ova, bacarsan.
Oxla vurdu Tunq maralı əlbəhəl,
Arvad ilə çıxma ova, bacarsan.
Maral yola çırpılaraq helləndi,
Gördü bunu arvad, başı hərləndi,
At üstündə ağac kimi yelləndi,
Arvad ilə çıxma ova, bacarsan.
Qulluqçular qaçıb ona çatdılar,
Elçiçəyi at üstündən dartdılar,
Atdan aşan zaman onu tutdular,
Arvad ilə çıxma ova, bacarsan.
Dedi: – Maral ovu yaman ağırdır,
Maral gözəl, həm də çox-çox ağırdır,
Son nəfəsdə sanki məni çağırdı,
Arvad ilə çıxma ova, bacarsan.
Tunq dedi ki, Elçiçəyim sarsılıb,
Qız ürəyi onun tükdən asılı,
O həmişə icəliyə qısılıb,
Hər canlıya tale bir cür yazılıb,
Arvad ilə çıxma ova, bacarsan.
Qorxu hissi Elçiçəkdə artırdı,
Bu hiss onu haralara dartırdı,
Kölgə olub onla birgə yorturdu,
Arvad ilə çıxma ova, bacarsan.
Sonra duydu bir üzüntü özündə,
Çəkilmədi ölən maral gözündən,
Öc var idi o heyvanın səsində,
Arvad ilə çıxma ova, bacarsan.
Axşamacan hay-küy, səs-küy, bəyirti,
Dörd bir yanda eşidilən nərilti,
Bir də ölgün, qırıq-qırıq inilti,
Göydə süzən, oxdan qalxan vıyıltı,
Arvad ilə çıxma ova, bacarsan.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ov-soylenci-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevinc dolu söylənc idi Uruyer,Dağ görəndə ürək dönüb dağ olur.
"Sev" tanrısı İştar söylənciBir ay çəkdi, sağaldılar qardaşlar,Sağalanda qol güclənir ikiqat.
Ölümsüz yaşam söylənciOtanapişt ölməz idi, yenilməz,Təkcə Tanrı ölməz olur, yenilməz.
Yürüş söylənciƏkbitənə Yürüş yerinc – şah oldu,Dincəl olur yasdan sonra toy-düyün.