Bir ay çəkdi, sağaldılar qardaşlar,
Sağalanda qol güclənir ikiqat.
Yeyib, içib dincəldilər bir az da,
Sağalanda qol güclənir ikiqat.

"Sev" tanrısı gözəl İştar yellənib,
Humbabanın ölümündən şellənib.
Toyuq kimi eşələnib, küllənir,
Sağalanda qol güclənir ikiqat.

"Sev" tanrısı gözəl İştar udqunur,
O, aldadıb sevgi ilə çoxunu.
Bu yol atır Bölgəmicə oxunu,
Sağalanda qol güclənir ikiqat.


Nə yaxşı ki, tanrılar da sevirlər,
Əl çatmazdır Ulu Tanrı sevgisi.
Sidr ağacı, Humbabanın ölümü,
Əl çatmazdır Ulu Tanrı sevgisi.

Bu soraqdan "Sev" tanrısı qıvrılır,
Uzaqlardan Bölgəmicə vurulur.
Bu sevgidən odlanaraq qovrulur,
Əl çatmazdır Ulu Tanrı sevgisi.

Sevgisilə Uruyerə qaçır o,
Dörd yanına işıq, sevinc saçır o.
Bölgəmicə sevgisini açır o,
Əl çatmazdır, Ulu Tanrı sevgisi.


Bölgəmicin qarşısında bitir o,
Tanrım, qadın belə gözəl olarmış?
İştar gəlib qucaqladı ərəni,
Tanrım, qadın belə gözəl olarmış?

Axdı böyük Bölgəmicin gözləri,
Gözəllikdən tir-tir əsdi dizləri.
Ağzındasa laxlam-laxlam sözləri,
Tanrım, qadın belə gözəl olarmış?

– Gözəl, kimsən, kimlərdənsən, - söylədi,
İştar onu öpüşlərə bələdi.
Göz yaşını bulud kimi ələdi,
Tanrım, qadın belə gözəl olarmış?


– Mən İştaram, sev tanrısı gözəli,
Sevgi gəlib, gör nə yerə yüksəlib,
Mən sevgidə, sevgi məndə bəzənib,
Tanrım, qadın belə gözəl olarmış?

– Ah, çaşdırdın məni Tanrı, beləcə,
Bu sevgidir, ya bəzəkli əyləncə?
Niyə çaşdım, döndüm bunca gülüncə?
Tanrım, qadın belə gözəl olarmış?

Səni çoxdan tanıyıram, yüz ildir,
Bu gözəllik hələ sevgi deyildir.
Səndə tez-tez dəyişilən əklildir,
Tanrım, qadın belə gözəl olarmış?


– Yox, Bölgəmic, səni çoxdan sevirəm,
Sevgi oddur, gül-çiçəyə bənzəməz.
Humbabanı sən oturtdun yerində,
Sevgi oddur, gül-çiçəyə bənzəməz.

Sən neçə yüz döyüşlərin başarı,
Sən evlərin, qapıların açarı.
Sən yerlərin, sən göylərin çaparı,
Sevgi oddur, gül-çiçəyə bənzəməz.

Mən sevirəm səni, bil ki, ürəkdən,
Məni soruş dağda bitən çiçəkdən.
Uruyerdən gəlib keçən küləkdən,
Sevgi oddur, gül-çiçəyə bənzəməz.

– Mən bilirəm, sən gözəlsən, Tanrısan,
Ancaq məni deyən, sarsaq sanırsan.
Sən həm balsan, həm də sancan arısan,
Sevgi oddu, gül-çiçəyə bənzəməz.


Sən çox üzlər, çox oyunlar görmüsən,
Duru olsun gərək sevən, sevilən.
Sevgi deyib yana-yana gəlmisən,
Duru olsun gərək sevən, sevilən.

Sev tanrısı olsan da sən, nə bilim,
Sevgi nədir, bilməyirsən, gözəlim.
Sən alçaltdın çoxlarını sevəli,
Duru olsun gərək sevən, sevilən.

Bölgəmicəm, mən sevirəm düz sözü,
Bir bəzəksiz gözəl qızda var gözüm.
İştər gəlsin sənin kimi yüz yüzü,
Duru olsun gərək sevən, sevilən.


– Mən sevirəm səni, böyük Bölgəmic,
Qurdalasan, keçmiş vardır hamıda.
Bağışlasan daha sənin olaram,
Qurdalasan, keçmiş vardır hamıda.

O, yox dedi, tanrı qızı qırıldı,
Çiçək olub Bölgəmicə sarıldı.
Qız "məni al" söyləməkdən yoruldu,
Qurdalasan, keçmiş vardır hamıda.

İştar yandı, acığından qızardı,
Sevgisindən utanaraq sozardı.
Sonra qalxıb Bölgəmicə bozardı,
Qurdalasan, keçmiş vardır hamıda.


Dedi: – Səndən öc alaram Bölgəmic,
Sevən olsa, sevgilidən öc almaz.
Bunu dedi qız atası Antuya,
Sevən olsa, sevgilidən öc almaz.

Böyük Tanrı Antu dedi Vursoya,
– Get Uruya, Bölgəmici al boya.
Sən qoy orda yarıtanrı soy-saya,
Sevən olsa, sevgilidən öc almaz.

Vursoy gəlib adamlara qarışdı,
Gizlənərək Bölgəmici soruşdu.
Onu ağac əkən görüb yanaşdı,
Sevən olsa, sevgilidən öc almaz.


Dedi: Səni öldürməyə gəlmişəm,
Gərək kişi alçaltmasın sevgini.
Alçaldıbsan Tanrı qızı İştarı,
Gərək kişi alçaltmasın sevgini.

– Mən Vursoyam, baş əy, mənim qarşımda,
Yoxsa topbuz əkəcəyəm başında.
Neçə ox da o sıx, çatma qaşında,
Gərək kişi alçaltmasın sevgini.

– Bölgəmicəm, bel, yaba var çiynimdə,
Tunc geyimim yoxdur bu gün əynimdə.
Gəl güləşək, el-obanın önündə,
Kişi gərək alçaltmasın sevgini.


– Mən Vursoyam, qılıncyarmaz, oxbatmaz,
Tanrı verir ölməzliyi oğluna.
Qurd dərisi, at dərisi əynimdə,
Tanrı verir ölməzliyi oğluna.

Mən Vursoyam, güləş-müləş bilmərəm,
İti yaraq işlətsən də ölmərəm,
Göydən gələn yarıtanrı bir ərəm,
Tanrı verir ölməzliyi oğluna.

Düzər gəldi Yengisoyla yanaşı,
Dedi: Mənəm, Bölgəmicin qardaşı.
– Güləş ilə - dedi - başla savaşı,
Tanrı verir ölməzliyi oğluna.


– Öncə sənlə vuruşuram onda mən,
Ərən kimdir, döyüşəndə bəllənər.
Odlu oxla Duzər vurdu Vursoyu,
Ərən kimdir, döyüşəndə bəllənər.

Atdı at-qurd dərisindən geyimi,
O, soyundu, tez lüt qaldı əyini.
Söydü onu öz-özünə deyinib,
Ərən kimdir, döyüşəndə bəllənər.

Qarmaladı Bölgəmicin əlini,
Bölgəmic də onun yoğun belini.
Çağırdılar Uruyerin elini,
Ərən kimdir, döyüşəndə bəllənər.


Ayaqları onun yerdən üzüldü,
Dəydi yerə qolu, beli əzildi.
Sağrılarda, ayaqlarda sızıltı,
Ərən kimdir, döyüşəndə bəllənər.

Əllər dəmir caynaq, qollar məngənə,
Güləşdilər üç gün, dörd gün, beş günə.
Əllər qabar, dabanlarsa döyənək,
Ərən kimdir, güləşəndə bəllənər.

El baxırdı, Bölgəmici öyürdü,
Vursoyusa acığından söyürdü.
Ana, bacı dizlərinə döyürdü,
Ərən kimdir, güləşəndə bəllənər.


Altıncı gün aralandı ərənlər,
Yoruldunsa, günaşırı ye, dincəl.
Vursoy gedib paltarını geyindi,
Yoruldunsa, günaşırı ye, dincəl.

Ancaq onun paltarları yanmışdı,
Güləş nədir, Vursoy indi qanmışdı.
Qızğınlığı sanki bir az sönmüşdü,
Yoruldunsa, günaşırı ye, dincəl.

Yengisoy da durub çıxdı irəli,
Gördü onun dar gözləri bərəlib.
Döşü, boynu qayış kimi gərilib,
Yoruldunsa, günaşırı ye, dincəl.


Bundan sonra qılınclaşma başladı,
Çox savaşa iti qılınc son qoyur.
Vuruşdular, şaqqıldadı yaraqlar,
Çox savaşa iti qılınc son qoyur.

Cingildədi, danqıldadı yaraqlar,
Bağırtıdan tez-tez batdı qulaqlar.
Tərpənirdi, titrəyirdi dodaqlar,
Çox savaşa iti qılınc son qoyur.

Yengisoyun qorxunc səsi partladı,
Vursoy qorxdu, sanki bağrı çatladı.
Topbuz dəydi, beli bükdü, qatladı,
Çox savaşa iti qılınc son qoyur.


Göydən Tanrı Uruyerə baxırdı,
Yerdə Tanrı, yarıtanrı adamlar.
Dedi, bunlar iş açacaq bizlərə,
Yerdə Tanrı, yarıtanrı adamlar.

Tanrı dedi: – İki qardaş yamandır,
İkisindən biri qalsın, amandır.
Çox güclü var, güclərini dayandır,
Yerdə Tanrı, yarıtanrı adamlar.

Dedi: – Gərək Yengisoyu götürəm,
Öldürərək son evinə ötürəm.
Bölgəmicin hay-küyünü bitirəm,
Yerdə Tanrı, yarıtanrı adamlar.


Ayıq idi yarıtanrı Yengisoy,
Dincev olur, ölüm göydən gəlirsə.
O, Tanrının sözlərini eşitdi,
Dincev olur, ölüm göydən gəlirsə.

Yuxuda da bunu deyib gördü o,
Çox düşündü, öz-özünü yordu o.
Bölgəmicə bundan soraq verdi o,
Dincev olur, ölüm göydən gəlirsə.

Bölgəmicin göz yaşları töküldü,
Tel-tel ürək damarları söküldü.
Qarğışları buludlara çəkildi,
Dincev olur, ölüm göydən gəlirsə.


Çox yalvardı tanrılara, olmadı,
Adam kimi dargöz olur Tanrı da.
Uruyerdə ağlaşmalar, ağılar.
Adam kimi dargöz olur Tanrı da.

Yengisoyun qanı-suyu çəkildi,
Dağ boyda ər yavaş-yavaş kiçildi.
Çox çəkmədi, əyni-başı töküldü,
Adam kimi dargöz olur Tanrı da.

Nənso ana çox yalvardı-yaxardı,
Ağlamaqdan kirpikləri ağardı.
Göy tutuldu, qaldı soyuq ağartı,
Adam kimi dargöz olur Tanrı da.


Qara geydi, bir il susdu Uruyurd,
Ağlamaqla heç bir ölü dirilməz.
Baş götürüb getdi dağa Bölgəmic,
Ağlamaqla heç bir ölü dirilməz.

Bölgəmicin artdı acı-ağrısı,
Artdı çöldə çiçəklərin sarısı,
Güldü təkcə buna ölüm Tanrısı,
Ağlamaqla heç bir ölü dirilməz.

Duzər dedi: – Qayıdıram Minelə,
Nənso dedi: – Getmə, dayan sən hələ.
Get sən onu gətir, getsən, o gələr,
Ağlamaqla heç bir ölü dirilməz.


Duzər getdi Bölgəmicin dalınca,
Dağın çoxsa, dağlara get, dağı boğ.
Oturdular tutqun Duzər, Bölgəmic,
Dağın çoxsa, dağlara get, dağı boğ.

Duzər dedi: – Getməz qardaş yarası,
Sən atamsan, sən atamın arxası.
Sən ellərin gözlərinin qarası,
Dağın çoxsa, dağlara get, dağı boğ.

El gözləyir, anan hər gün saç yolur,
Dayanışın yaxşılığa çox yolu.
Gərək sənlə qardaş olum, var olur,
Dağın çoxsa, dağlara get, dağı boğ.


Tək getmişdi, qoşalaşıb qayıtdı,
Ağrı, acı, sevincsoydur yaşamaq.
Ana dedi: – Qardaş olun bu gündən,
Ağrı, acı, sevincsoydur yaşamaq.

Qardaş oldu Sumər ilə Minelli,
Yapışdılar bir-birindən dördəlli.
İkisi də bir içimli, bir dilli,
Ağrı, acı, sevincsoydur yaşamaq.

Ov, qonaqlıq, dağ, gəzinti, duz, cıdır,
İki qardaş uzaqlara at çapır.
Çiçək gülür, gül qoxuyur çöl, sıdır,
Ağrı, acı, sevincsoydur yaşamaq.


Yuxu gördü bir gün böyük Bölgəmic,
Olacağın güzgüsüdür yuxular.
Gördü yaman acıqlıdır Yengisoy,
Olacağın güzgüsüdür yuxular.

Dedi: – Qardaş, ayrı düşdük biz yaman,
Odevdəsən, dincevdəsən, hardasan?
Mən də gəlim, orda gəzək yanbayan,
Olacağın güzgüsüdür yuxular.

Dedi: – Gəlmə, bura tozdur, palçıqdır,
Mən də, burda olanlar da yazıqdır.
Ölümlərdən acıqlıdır, yanıqdır,
Olacağın güzgüsüdür yuxular.

Dedi: – Burda ev tikənlər seçilir,
İmic burda işçilliklə biçilib.
Çox uşaqlı atalarla ölçülür,
Olacağın güzgüsüdür yuxular.

Kim yurd salıb, yuva tikib sayındır,
Burda onun yarı dincdir, qayımdır.
Qan tökənin işi qumla oyundur,
Olacağın güzgüsüdür yuxular.

Dedi: – Məndən daha heç nə soruşma,
Dedi: – Gəlmə, toz-torpağa qarışma.
Ölüm budur, sən ölümlə barışma,
Olacağın güzgüsüdür yuxular.


O yerləri bəyənmədi Bölgəmic,
Yox, bu yerlər o yerlərdən yaxşıdır.
Çox deyirdi, gedim qardaş yanına,
Yox, bu yerlər o yerlərdən yaxşıdır.

Dedi: – Orda toz-torpaqdır, töküntü,
Toz-torpaqdan, töküntüdən çəkindi.
Çox düşündü, gözləncləri tükəndi,
Yox, bu yerlər o yerlərdən yaxşıdır.

Dedi: – Gərək bu ölümdən qaçam mən,
Niyə gərək az yaşayam mən, nədən?
Ulu yaşam mən gəzərəm bu gündən,
Yox, bu yerlər o yerlərdən yaxşıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq