Ölümsüz yaşam söylənci
Otanapişt ölməz idi, yenilməz,
Təkcə Tanrı ölməz olur, yenilməz.
Enlil ona ölməzliyi vermişdi,
Təkcə Tanrı ölməz olur, yenilməz.
Otanapişt haradadır, harada,
Mənə əl tut, el Yaradan, Yaradan.
Mən ölməzlik alım, durum sırada,
Təkcə Tanrı ölməz olur, yenilməz.
Bölgəmiclə Duzər yola çıxdılar,
Yeri, yurdu axtardılar, baxdılar.
Ayla batıb günəş ilə doğdular,
Təkcə Tanrı ölməz olur, yenilməz.
Ayaq yeri yoxdur uzaq yollarda,
Yol get, səni yol bir yerə çıxardar.
Duzər dedi: – Duraq, deyən azmışıq,
Yol get, səni yol bir yerə çıxardar.
Üç yay, qış, yaz yorulmadan getdilər,
Dağlıqlarda, meşələrdə itdilər.
Çay atdayıb dənizləri ötdülər,
Yol get, səni yol bir yerə çıxardar.
Kim yetişdi, dedi: "Böyük Siduri",
Bir yaşıl dağ ətəyində oturur.
Özünüzü o Tanrıya yetirin,
Yol get, səni yol bir yana çıxardar.
– Aldadırlar bizi, - dedi Bölgəmic,
Ölməz adam yoxdur deyən heç yanda.
Gəl qayıdaq, gündoğana yol alaq,
Ölməz adam yoxdur deyən heç yanda.
Duzər dedi: – Odur, uca Yaşıldağ.
Gərək bir də aşırımı biz aşaq.
Gecə burda yataq, qalaq baş-başa,
Ölməz adam yoxdur deyən heç yanda.
Yaşıl dağlar çoxdur, yollar dolambac,
Burda sanki bir söyləncdir hər ağac.
Quşlar mahnı, mahnılarsa bir inanc,
Ölməz adam yoxdur deyən heç yanda.
Önlərinə bir dev çıxdı çomaqlı,
Yol doludur gözlənilməz olayla.
Palazqulaq, dəvədodaq, danagöz,
Yol doludur gözlənilməz olayla.
Palazqulaq yolu kəsdi çomaqla,
Duzər çıxdı qabağına yaraqla.
Palazqulaq onu vurdu toxmaqla,
Yol doludur, gözlənilməz olayla.
Dedi: – Necə gəlib çıxdın bu yerə,
Keçilməzdir bura, qorxunc dağ-dərə.
Burdan yol var yer altına, göylərə,
Yol doludur gözlənilməz olayla.
Palazqulaq kələzləndi hər yana,
Yol kəsənin gərək başı kəsilsin.
Duzər qılınc oynadaraq söylədi,
Yol kəsənin gərək başı kəsilsin.
Palazqulaq çomağını tovladı,
Gələnləri nəriltiylə hoyladı.
Qızılatı, çil-çilatı qovladı,
Yol kəsənin gərək başı kəsilsin.
Dedi: – Burdan keçə bilməz qaplanlar,
Sənin kimi sütül-mütül oğlanlar.
Keçə bilməz yar-yaraqlı olanlar,
Yol kəsənin gərək başı kəsilsin.
O, daş atdı, Bölgəmicsə ox, bıçaq,
Dağdan gələn daş ən ağır ölümdür.
Oxlar devin gövdəsinə sancıldı,
Dağdan gələn daş ən ağır ölümdür.
Deşdi onu Bölgəmicin bizucu,
Qorxunc bir səs eşidildi bərk, acı.
Dev yıxıldı, dalıüstə, ölümcül,
Dağdan gələn daş ən ağır ölümdür.
Birdən düşdü qar şəpəsi, buz, sazaq,
Uçdu atlar sanki yerdən qoparaq.
Hər yer qardır, hər yer buzdur ağappaq,
Dağdan gələn daş ən ağır ölümdür.
Birdən çıxdı lüt bir adam irəli,
Geyimsizin tutumu yox, adı yox.
Nə qadındır, nə kişidir, nə Tanrı,
Geyimsizin tutumu yox, adı yox.
Yaşıldağda Suduruyam - dedi - mən,
Ölməzliyi tapmaq üçün yol gələn.
Yarıtanrı Bölgəmicsən, deyəsən,
Geyimsizin tutumu yox, adı yox.
Mən bilirəm, sən ölümdən qorxubsan,
Ölməzliyi axtarmağa çıxıbsan.
Çox devləri, çox evləri yıxıbsan,
Geyimsizin tutumu yox, adı yox.
Ölməz olsan gərək susub qalasan,
Soyuq daşdır, yavan çörək ölməzlik.
Bircəsi var Otanapişt deyirlər,
Soyuq daşdır, yavan çörək ölməzlik.
Ölməz adam yeyib içmir, yuxlamır,
Coşub daşıb adam kimi çağlamır.
O, bir yol da içdən gülüb ağlamır,
Soyuq daşdır, yavan çörək ölməzlik.
Get Bölgəmic, ye, iç, yaşa, sev, sevin,
Sevinməyə sevgilin var, şah evin,
Şahlığınla, ərliyinlə get öyün,
Soyuq daşdır, yavan çörək ölməzlik.
O söylədi, bu söylədi, olmadı,
Nə olsa da tanrılıqdır ölməzlik.
Öyüdləri götürmədi Bölgəmic,
Nə olsa da tanrılıqdır ölməzlik.
Dedi: – Sən bax mənim adım-sanıma,
Məni göndər Otanaişt yanına.
O, ölməzlik qatsın qızıl qanıma,
Nə olsa da tanrılıqdır ölməzlik.
O söylədi, bu söylədi, susdular,
Ürəklərə hərdən qulaq asdılar.
Ürək dedi, ölməzlikdə dirrik var,
Nə olsa da tanrılıqdır ölməzlik.
Belə dedi Bölgəmicə Suduru,
Təkcə qalır ölməzliyə qovuşan.
Get Hindelə, orda olur Otanapişt,
Təkcə qalır ölməzliyə qovuşan.
Bölgəmiclə Duzər yola düşdülər,
Neçə ölkə, neçə şəhər keçdilər.
Yetişdilər o yerlərə birtəhər,
Təkcə qalar ölməzliyə qovuşan.
Orda neçə dağ qalxdılar, endilər,
Gah irəli, gah da geri döndülər.
İkisi də birgə durub dindilər,
Təkcə qalar ölməzliyə qovuşan.
Çox yol salın, çox yol gedin, yol yorun,
Yollar böyük yerin alınyazısı.
Yollar yerin üzündəki qırışlar,
Yollar böyük yerin alınyazısı.
Yol get sən də, bu yolları düz yaşa,
Dümdüzünü, əyrisini yüz yaşa.
Öz-özünlə əylən, barış, küs, yaşa,
Yollar böyük yerin alınyazısı.
Düz yol gətir öz evinə, əyri yox,
Əyrini qoy yolda, evdən bəri yox.
Yolu dəyiş, yaşadığın yeri yox,
Yollar böyük yerin alınyazısı.
Çox getdilər, çox yatdılar, durdular,
Yol aparır səni istək yerinə.
Sonda gəlib o ölməzə çatdılar,
Yol aparır səni istək yerinə.
Otanapişt oturmuşdu geyimsiz,
Quru yerdə, söykənəksiz, cecimsiz.
Arıqdan da arıq idi, cəlimsiz,
Yol aparır səni istək yerinə.
Baş əydilər, danışdılar hər işi,
Dedilər ki, keçib dağı, örüşü.
Uruyerdən, Mindiyardan gəlmişik,
Yol aparır səni istək yerinə.
Otanapişt dedi: – Bunu bilirdim,
Ölməzliyin ölməkdən pis günü var.
Ölümcülsən, ancaq ölə bilmirsən,
Ölməzliyin ölməkdən pis günü var.
Bunca çox yol gəlibsiniz, çox çətin,
Məncə gedin, yeyin, için, gül əkin.
Çox gözəldir, həm var olmaq, həm itim,
Ölməzliyin ölməkdən pis günü var.
Mən on min il qabaq düşdüm bu dağa,
Bura atdı məni "Böyük qasırğa".
Yer üzünü o döndərdi batlağa,
Ölməzliyin ölməkdən pis günü var.
İştar, Enlil mənə yardım etdilər,
Burda məni ölməz edib getdilər.
Ölməz olub onlar gözdən itdilər,
Ölməzliyin ölməkdən pis günü var.
Oturmuşam yağış altda, gün altda,
Gör-gör gözəl, əl-qol açıq, diz qatdam.
Ayrı düşdüm yer-yurdumdan, elatdan,
Ölməzliyin ölməkdən pis günü var.
On min ildir belə ölməz olmuşam,
Bu gedişə, görünüşə qalmışam.
İstəyimi tanrılara salmışam,
Ölməzliyin ölməkdən pis günü var.
Mən ölməzəm, on min ildir burada,
Ölməzliyin nə dadı var, nə duzu.
Yaşamağın yer sevinci uludur,
Ölməzliyin nə dadı var, nə duzu.
Yerində öl, hamı öyür öləni,
Yoldan çıxıb sonra yola gələni.
Yerli, yersiz ölüm yerin biləni,
Ölməzliyin nə dadı var, nə duzu.
Ölüm gərək sənə ad-san gətirsin,
Elə öl ki, el səni yey götürsün.
Tanrıların yerlərinə yetirsin,
Ölməzliyin nə dadı var, nə duzu.
Bölgəmicin başa çatdı dözümü,
Hamı ağır mənimsəyir öyüdü.
Dedi: – Bundan yaxşısı yox, yeyi yox,
Hamı ağır mənimsəyir öyüdü.
Böyük, ölməz Otanapişt, əltut ol,
Sənə çatmaq əlçatmazlıqdır, ağır yol.
Gəlib sənə əltut olsun bu oğul,
Hamı ağır mənimsəyir öyüdü.
Dedi: – Yaman iyrənmişəm ölümdən,
Ölməzlik ver mənə ölməz dilində.
Yardım elə, nə gəlirsə əlindən,
Hamı ağır mənimsəyir öyüdü.
Otanapişt dedi: – Onda Çinə get,
Bolluqdadır, az yeməkdə ölməzlik.
Ölməzliyin kökü acı Şan-şandır,
Bolluqdadır, az yeməkdə ölməzlik.
Onu ancaq bir yol tapa bilərsən,
Sən iki yol onu dərsən ölərsən.
Ölməzlikdən öz adını silərsən,
Bolluqdadır, az yeməkdə ölməzlik.
Yol getdilər bir ay, Çinə çatdılar,
Meşələri bir-birinə qatdılar.
Eşələnib toz-torpağa batdılar,
Bolluqdadır, az yeməkdədir ölməzlik.
Üç ay gəzib kolluqlara qatıldı,
Bölgəmicin dili-ağzı tutuldu.
Acığından çatma qaşlar çatıldı,
Bolluqdadır, az yeməkdə ölməzlik.
Kökü tapıb bələklədi əskiyə,
Ağdır, xırda, o, heç gəlməz çəkiyə.
Baş əydilər ikisi də bitkiyə,
Bolluqdadır, az yeməkdə ölməzlik.
At çapdılar, qayıtdılar Uruya,
Tökülüşdü el-obalar haraya.
Çox bölgələr gəlib girdi haraya,
Bolluqdadır, az yeməkdə ölməzlik.
Ancaq əski, şan-şan kökü yox idi,
Gizlədilən, gözdən olan tez itər.
Axtardılar, yurdu-yolu gəzdilər,
Gizlədilən, gözdən olan tez itər.
Axtardılar, yoruldular, durdular,
Başlarına tez-tez qapaz vurdular.
Sarsıldılar, susqunluğa vardılar,
Gizlədilən, gözdən olan tez itər.
Öz yerindən şah durmadı ayağa,
Düşgünləşdi, düşük düşdü yatağa.
Ağrı-acı çəkdi, döndü yumağa,
Gizlədilən, gözdən olan tez itər.
Bölgəmiclə susqun düşdü Duzər də,
Qardaşlıqdır, dolanışı qoruyan.
Çox əlləşdi Bölgəmici sağaltsın,
Qardaşlıqdır, dolanışı qoruyan.
Bölgəmicin ağ qan düşdü qanına,
O, sevindi çatıb yolun sonuna.
Gedəcəkdir Yengisoyun yanına,
Qardaşlıqdır dolanışı qoruyan.
Ölüm gəldi, elin bağrı yarıldı,
Uruyerdə ağıyeri quruldu.
Duzər, Turər qucaqlaşıb kövrəldi,
Qardaşlıqdır, dolanışı qoruyan.
Qızbax gəldi, qara donda, ağ saçda,
Ağıyeri görüş yeri olarmış.
Turər, Qızbax, Duzər qara geyimdə,
Ağıyeri görüş yeri olarmış.
Qardaşını görüb Qızbax dayandı,
Yanaqları gül rənginə boyandı.
Keçmiş günlər yatmış idi, oyandı,
Ağrıyeri görüş yeri olarmış.
Bacı, qardaş dayandılar üz-üzə,
Göz yaşları döndü gölə, dənizə.
Yer qalmadı daha artıq bir sözə,
Ağrıyeri görüş yeri olarmış.
Ağrıyerə İştar gəlib çıxmadı,
Nəyə dönsə, sevgi öcə dönməsin.
Seyrəlirdi Uruyerdə tanrılar,
Nəyə dönsə, sevgi öcə dönməsin.
Bir söz gəzib dolaşırdı hər yanı,
Deyirdilər, ölçüb yaxşı, yamanı.
İştar gəlib oğurlayıb şan-şanı,
Nəyə dönsə, sevcə öcə dönməsin.
Özü yeyib, elə ölüb orada,
Ölməz İştar ölüb çıxıb sıradan.
Buna yanıb, ağlayıbdır Yaradan,
Nəyə dönsə, sevgi öcə dönməsin.
Tanrım, niyə dilsiz qalıb dolanış,
Ölməzlərdən nə öyrənib ölənlər.
Yer üzündə gündə min-min ölən var,
Ölməzlərdən nə öyrənib ölənlər.
Ölməz ölən, ölən ölməz suçunda,
İki varlıq ipi vardır qıçında.
Nələr yatır ölməzliyin qucunda,
Ölməzlərdən nə öyrənib ölənlər.
Böyük şan-şan, nə böyükdür duruşun,
Ölən yeyir, ölməzliyə qovuşur.
Ölməz yeyir, ölülərə qarışır,
Ölməzlərdən nə öyrənib ölənlər.
Turər deyir: – Tanrım, mənə yaşam ver,
Hamı ölür min il belə yaşasa.
Ölməzliyə qovuşdurum Mineli,
Hamı ölür min il belə yaşasa.
Qoy ucalsın Uruyerin başrağı,
Toxunmasın ona Asur yarağı.
Ulu olsun yarıtanrı oylağı,
Hamı ölür min il belə yaşasa.
Mənə güc ver, Uruyeri saxlayım,
Ürəyimi Bölgəmicə bağlayım.
Onun dağı ürəyimi dağlayıb,
Hamı ölür min il belə yaşasa.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-olumsuz-yasam-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tus dedi ki: – Çıxaq ova bu gecə,Səhər tezdən ovu axtar yuvada.
Turqla Tusun döyüş söylənciTusər açdı Pişikgözə qəlbini,Ürək şişər söz qalarsa ürəkdə.
Ağdanağ söylənciÇoxu getdi üzdən görsün Besyarı,Yaxşı baxsan içdə nə var üzdədir.
Anakarın ölüm söylənciBalasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.
Başqa şairlərin şeirləri
Kim qaldı?İndi kimə salam verim?
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
Ulu peyğəmbərim, Rəsulallahım!Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.