Başevə dönmədi Qaraş neçə ay,
Doğmalar uzaqkən sevimli olur.
Şah göstəriş verdi Qaraş tapılsın.
Doğmalar uzaqkən sevimli olur.

Qarbaş yola düşdü, getdi Minelə,
Qammad da qayıtdı düz Darvidelə.
Mindon Misirelə, Mehcə Hindelə,
Doğmalar uzaqkən sevimli olur.

Üstüağ Batıya üz tutdu getdi,
Dağları, çayları o ötdü getdi,
Çox-çox yerlərə də toplum yeritdi,
Doğmalar uzaqkən sevimli olur.


Çatdı uca-uca dağlar qoynuna,
Dağların görkəmi, yolu qorxulu,
Orda hamı, hamı buynuzlulardı,
Dağların görkəmi, yolu qorxulu,

Çıxdı qabağına bir neçə oğlan,
Hərdən qan damırdı buynuzlarından,
Bir əli qılınclı, bir əli qalxan,
Dağların görkəmi, yolu qorxulu.

Dedilər, bu yollar yaman ağırdır,
Ormanlı yalları çığır-çığırdır,
Hər daşı, qayası qızıl dəmirdir
Dağların görkəmi, yolu qorxulu.


Buynuzlu ilan var qabaq dağlarda,
Yaxın dura bilməz ora bir adam,
Sorub dağı, daşı, adamı udur
Yaxın dura bilməz ora bir adam.

Qaraş bu dağların olub tutuğu
Dəmirlə sarılıb əli, ayağı.
Onu görür ancaq bulud yumağa.
Yaxın dura bilməz ora bir adam.

Şahımız gözəllər qoruğundadır,
Başevi qayalar yarığındadır
Dirriyi qar-qışın soyuğundadır,
Yaxın dura bilməz ora bir adam.


Üstüağ toplumu çəkdi qırağa,
Təkbətək vuruşda toplum nə gərək.
O getdi buynuzlu ilana doğru,
Təkbətək vuruşda toplum nə gərək.

Burdan keçə bilməz atlar, adamlar,
Orda, burda nə yol, nə də cığır var,
Hər yerdən qoruqdur bu gizli diyar
Təkbətək vuruşda toplum nə gərək.

Bir özü, bir də ki yorulmaz atı,
Bir də ağır günün Boz Qurd əltutu,
Bu uca dağların dumanı qatı,
Təkbətək vuruşda toplum nə gərək.


Qorxub diskindilər Boz Qurd, Ötərat,
Yuvadan çıxanda buynuzlu ilan,
Qaşqabaq tökmüşdü sallaq qayalar,
Yuvadan çıxanda buynuzlu ilan.

Başı balacaydı, qarnı tuluqdu,
Qanadı ətdəndi, tükü yoluqdu,
Alov püskürməkdən ağzı yanıqdı,
Yuvadan çıxanda buynuzlu ilan.

Daşları, kolları sorub udurdu,
Sonra da qaytarıb çölə atırdı,
Hərdən dəvə kimi çapıb yorturdu,
Yuvadan çıxanda buynuzlu ilan.


Atının belindən düşdü Üstüağ,
Tutub qılıncının ikibaşını,
Yeridi buynuzlu ilana doğru.
Tutub qılıncının iki başından.

Şah daş-kol qarışıq yıxıldı, qalxdı,
İlan püskürərək çölləri yaxdı,
O alov püskürdü, bu şimşək çaxdı,
Tutub qılıncının iki başından.

Bölür iki yerə qılınc ilanı,
Dağ-daş bir selləmə qana boyanır,
Şahın üstü-başı alovda yanır.
Tutub qılıncının iki başını.


Üstüağ sonradan gəlir özünə,
Qasırğaya düşüb çıxanlar kimi.
Durub öz-özünü yenidən tapır,
Qasırğaya düşüb çıxanlar kimi.

Boz Qurdla, Ötərat gözdən itmişdi,
Başları üstündən yellər ötmüşdü,
Ürkü-qorxu artıq keçib getmişdi,
Qasırğaya düşüb çıxanlar kimi.

Şahı gəzirdilər sel-qan içində,
Yanıb külə dönmüş orman içində,
İtib yatmışdılar duman içində,
Qasırğaya düşüb çıxanlar kimi.


Şah ölən ilanın yuvasındaydı
İlanlar yatırlar saxlanc üstündə.
Burda qızıl, gümüş, durudaş, göydaş,
İlanlar yatırlar saxlanc üstündə.

Bunlar Turər şahın itən saxlancı,
Çapıb gətirmişdi bu yerə qancıl,
Bunlardır Mineli soyan yabançı,
İlanlar yatırlar saxlanc üstündə.

Burda Mindiyarın qızıl toplaqı,
Turərin yox olmuş qızıl qolbağı,
Qızağın alnından açılan sarğı.
İlanlar yatırlar saxlanç üstündə.


Qaraşı tapmağa gələn Üstüağ,
Uludur hər işdə başlıca istək.
Boz Qurdu saxlanca güdükçü qoydu,
Uludur hər işdə başlıca istək.

Çıxdı buynuzlular şahın yoluna,
Bir ox gəlib dəydi şahın qoluna.
Baş qoydu atının boyun yalına
Uludur hər işdə başlıca istək.

Vuruşdu, çöl döndü qanlı dənizə,
Qan axdı, qan çıxdı topuqdan dizə,
Şah son buynuzluyla durdu üz-üzə
Uludur hər işdə başlıca istək.


O da yaralıydı, deyən çiynindən,
Bir söz dolaşırdı ançaq beynində,
Pal-paltar çıxmışdı onun əynindən,
Uludur hər işdə başlıca istək.

– Səni öldürmərəm, ancaq de, görüm,
Hardadır qardaşım Qaraşın yeri.
Söylə o ölüdür, yoxsa ki, diri,
Uludur hər işdə başlıca istək.

Özümlə aparram səni Minelə
Söylə, Qaraş harda, gərək mən biləm,
Çox qalıb, az qalıb o yerə hələ
Uludur hər işdə başlıca istək.


– Adım Asurandır mənim,-o dedi
Qolunda bir tanrı gücü var sənin.
Keçilməz yerləri sən keçəcəksən,
Qolunda bir tanrı gucü var sənin.

Qarşına təkbuynuz bir kəl çıxacaq,
Ağacı, qayanı vurub yıxacaq,
Qılıncın itidir, onu yaxacaq,
Qolunda bir tanrı gücü var sənin.

Adam yeyən quşlar çalacaq bizi,
Onlardan qorxuram doğrusu, düzü,
Quşları sən vura bilərsən özün,
Qolunda bir tanrı gücü var sənin.


– Mənə bu yolları göstər, əltut ol,
Yoldaş yaxşı olsa yol yarı olar,
Gedim qardaşımı axtarım, tapım,
Yoldaş yaxşı olsa yol yarı olar.

Mən ağır yollara bunca dəzərəm,
Kəllərin başını dibdən üzərəm.
Qaraşı tapınça el-el gəzərəm,
Yoldaş yaxşı olsa yol yarı olar.

Yolçu yolda gərək, haydı, Asuran,
Qaranlıq düşəçək dağa bir azdan.
Qabağa düş görüm buynuzlu oğlan,
Yoldaş yaxşı olsa yol yarı olar.


Cığırlar burulub dırmaşdı dağa,
Öncə yoldaş ara, sonra yola çıx.
Yolbilən söylədi Üstüağ şaha,
Öncə yoldaş ara, sonra yola çıx.

Qılınc qayaları dindirmə axşam.
Qarşıda nə kəl var, nə də ki, adam,
Nə ola bu yerdə bir azca yataq,
Öncə yoldaş ara, sonra yola çıx.

Dörd yan uca dağlar, durub yan-yana,
Göydə nə ay vardır, nə ulduz yanar,
"Ah, necə yorğunam, bir az dayanaq",
Öncə yoldaş ara, sonra yola çıx.


Üstüağ inandı yol yoldaşına,
Sənə nə eləsə tay-tuş eləyər.
Dedi, sən ayıq ol, mən bir az yatım,
Sənə nə eləsə tay-tuş eləyər.

Daşa söykənərək yatdı Üstüağ
Yolbilən fınxırdı, yatmadı ancaq.
Asuran güdürdü, əlində yaraq.
Sənə nə eləsə tay-tuş eləyər.

Şahın qapanınca göz qapaqları,
Şəkləndi qancılın cüt qulaqları,
Yavaşca tərpəndi at dodaqları
Sənə nə eləsə tay-tuş eləyər.


Gözlədi, düşündü, şahı öldürsün,
Qapar yiyəsini it quduranda,
Dağdakı saxlanca yiyilənsin o,
Qapar yiyəsini it quduranda.

Durdu, gecə yarı gəldi Asuran,
Yatıb böyürü ustə yorğun yolyoran,
Yapışdı o qancıl iti qılıncdan,
Qapar yiyəsini it quduranda.

Şaha endirərkən qılıncı birdən,
Boz Qurdun səsilə durdu yerində,
Bağrı parçalandı qurdun səsindən
Qapar yiyəsini it quduranda.


Bir anda didilib dağıldı qancıl,
Qanlını qan tutar, qana boyanar.
Üstüağ diskinib Boz Qurdu gördü,
Qanlını qan tutar, qana boyanar.

Dan yeri söküldü, işıqlıq oldu,
Qancılın ölüsü qan içrə qaldı,
Dağları, çölləri qorxunc səs aldı,
Qanlını qan tutar, qana boyanar.

Ölmüş Asuranin kəhəri ürkdü,
Kəl vurub o atın qarnını sökdü,
Daşı, qayaları üst-üstə tökdü,
Qanlını qan tutar, qana boyanar.


Üstüağ atını qovdu çaparaq,
İyid səsə doğru gedər, yayınmaz.
Təkbuynuz iri kəl bir də bağırdı,
İyid səsə doğru gedər, yayınmaz.

Dağa kələzdəndi, daşı vurdu o,
Şahı atlı qovdu, qovdu yordu o,
Böyük ağacları vurub qırdı o,
İyid səsə doğru gedər, yayınmaz.

Şah bizucla vurdu kəlin gözundən
Kəl daha qızıxıb çıxdı özündən,
Dağ-daş tir-tir əsdi onun səsindən,
İyid səsə doğru gedər, yayınmaz.


Qurd daldan sıçradı kəlin üstünə.
Dəmiri ocaqdan dəmir çıxarar,
Ağzıyla o, kəlin böyrünü sökdü,
Dəmiri ocaqdan dəmir çıxarar.

Kəlin içi çıxıb çölə töküldü,
Onun birdən-birə gücü çəkildi,
Şahın topbuzuyla beyni töküldü,
Dəmiri ocaqdan dəmir çıxarar.

Təkbuynuz böyürüb düşdü ayaqdan,
Dağ boyda cəmdəyi qaldı torpaqda,
Boz Qurd çəkilərək durdu qıraqda
Dəmiri ocaqdan dəmir çıxarar.


– Uzaqda dayanma, Boz Qurd, yaxın gəl,
Pis gündə yey yoldaş gərək adama,
Qoy qalsın orada saxlanc, qayıt gəl,
Pis gündə yey yoldaş gərək adama.

Yalqızam, sən getmə, arxam, əltutum,
Səni iyid bilir Mindiyar yurdum.
Qaraşı tapmağa gedək, Boz Qurdum,
Pis gündə yey yoldaş gərək adama.

Mənə çox döyüşdə arxa dayandın,
Mənimlə bir yerdə qana boyandın,
Sularda çırpınıb, odlarda yandın.
Pis gündə yey yoldaş gərək adama.


Cığırlar qarışdı biri-birinə,
Çığır geniş yola çıxarar səni.
Boz Qurd Üstüağın ardınca getdi,
Cığır geniş yola çıxarar səni.

Başladı yol yuyan ağca yağışlar,
Enişə doğruydu burda yoxuşlar.
Göydən çəkilmişdi, qartallar, quşlar,
Cığır geniş yola çıxarar səni.

At ayaq saxladı, dayandı birdən,
Ötərat duymuşdu nəsə bu yerdə,
Yeri eşələyib kişnədi birdən
Cığır geniş yola çıxarar səni.


Bir quyu göründü yol ortasında.
Atları ürküdər yiyəsiz quyu.
Üstü örtülmüşdü quru kollarla
Atları ürküdər yiyəsiz quyu.

Quyunun dibindən bir səs gəlirdi.
Bu dərin quyuda kimsə ölürdü,
Burdan keçənləri hardan bilirdi,
Atları ürküdər yiyəsiz quyu.

Kol-kosu götürüb atdı Üstüağ,
– Kimdir bu quyuda saxlanan dustaq,
– Mənəm, əl uzadın, bir ip, bir tutaq,
Atları ürküdər yiyəsiz quyu.


İp atdı quyuya, çəkdi Üstüağ,
Kişinin sözüylə işi bir olar,
Qaraş silkələnib quyudan çıxdı,
Kişinin sözüylə işi bir olar.

Onlar qucaqlaşdı, öpüşdü, güldü,
Qaraş şah önündə çöküb əyildi.
İndi bu işlərin yeri deyildi,
Kişinin sözüylə işi bir olar.

– Ey böyük Üstüağ, sağ ol, min yaşa
Yoxsa günüm burda çatardı başa.
Qardaşlıq elədin bir də Qaraşa,
Kişinin sözüylə işi bir olar.


Burda doqquz quyu yan-yana durur,
Kimsə quyu qazıb, sən isə ev tik.
Gedək dustaqları qurtaraq bir-bir.
Qancıl quyu qazıb, sən isə ev tik.

Burda doqquz nədir, yüz-yüz quyu var,
Bir-bir dustaqları çıxartdı onlar.
Quyular yurdudur deyən bu diyar
Kimsə quyu qazıb, sən isə ev tik.

Sonra at çapdılar batıya doğru
Ötərat kişnəyib yolları yordu,
Asta çap, özünü quyudan qoru
Kimsə quyu qazıb, sən isə ev tik.


Qaraş dedi;-Buynuz şaha tapındım,
Hər adama tapınmaq da düz deyil.
O aldatdı məni yağlı sözüylə,
Hər adama tapınmaq da düz deyil.

Sonra bildi biz qardaşıq sizinlə,
Döyüşməyə gəlirmişlər bizimlə,
Yer qoparmaq Mindiyarın özündən,
Hər adama tapınmaq da düz deyil.

Deyirdi ki, hər gün susub busuram...
Deyirdi ki, Üstüağı basaram...
Qılıncımı boğazımdan asaram.
Hər adama tapınmaq da düz deyil.


Deyirdi ki, mənə əltut, güc tapım,
Güc önünə güc çıxarar güclülər,
Gedim tutum Əkbitəni bir aya,
Güc önünə güc çıxarar güclülər.

Deyirdi ki, göstər mənə yolunu,
Min diyara töküm toplum dolunu.
Görüşdürək ölüm ilə olumu
Güc önünə güc çıxarar güclülər.

Mən bilirəm o qan içən öç ilə
Qamarlayıb şah yerini güc ilə,
Gedək, mənə urəyini iç elə,
Güc önünə güc-çıxarar güclülər.


Mindiyara tezlik ilə şah ol sən,
Su axacaq, çuxurunu tapacaq.
Önər ollam mən Qarbaşın yerində
Su axacaq, çuxurunu tapacaq.

Bu diyarı Mindiyara qoşarıq,
Toplumlaşıb döyüşlərdə daşarıq.
Biz birləşsək dənizləri aşarıq,
Su axacaq, çuxurunu tapacaq.

O deyirdi şahlıqları alarıq,
Biz şahlıqda doğu, batı olarıq,
Lap istəsən bir Başevdə qalarıq
Su axacaq, çuxurunu tapacaq.


Mən dedim ki, qardaşımdır Üstüağ,
Çətin gündə atmaz qardaş qardaşı,
Aramızda şahlıq düyün salsa da
Çətin gündə atmaz qardaş qardaşı.

Dilə tutdu, yalvar-yalxar elədi
Bu döyuşdə məndən əltut dilədi,
Tərsə getsən, öldürərəm, söylədi,
Çətin gündə atmaz qardaş qardaşı.

O çox dedi, mənsə məhəl qoymadım,
O qancılın sözlərinə uymadım,
Qılıncını, şahlığını saymadım,
Çətin gündə atmaz qardaş qardaşı.


Sonda məni dustaqladı, döydürdü
Dustaqların ilk arxası dözümdür.
Ayağımdan bir ay məni asdılar,
Dustaqların ilk arxası dözümdur.

Qəzil ilə əl-qolumu bağladı,
Neçə yerdən ürəyimi dağladı,
Üç ay məni üzüquylu saxladı,
Dustaqların ilk arxası dözümdür.

Gördü sözə-küyə gələn deyiləm,
Ayrı sala məni şahla, el ilə.
Tunc deyiləm döyüldükcə əyiləm,
Dustaqların ilk arxası dözümdür...


Çox çəkmədi, buynuz şaha çatdılar.
Boz Qurd idi, Qaraş idi, Üstüağ,
Buynuz şahın toplumuna girdilər,
Boz Qurd idi, Qaraş idi, Üstüağ.

Qaladılar, yandırdılar, yaxdılar,
Şimşək olub üç bir yandan çıxdılar,
Dağ çayı tək irəliyə axdılar.
Boz Qurd idi, Qaraş idi, Üstüağ.

Oraq düşdü elə bil ki, biçinə,
Tanrı gücü verilmişdi üçünə.
Qorxu düşdü buynuzlular içinə,
Boz Qurd idi, Qaraş idi, Üstüağ.


– Ahay, Qaraş, mənimlə tuş gəlmədin,
Əyri boyun düz qılınca tuş gələr.
Baş aparma, sən də böyük Üstüağ,
Əyri boyun düz qılınca tuş gələr.

Dördayaqlı tanrımızdır, oyaqdır,
İnək başı başımızda papaqlır,
Buynuzlular bu dağlara dayaqdır,
Əyri boyun düz qılınca tuş gələr.

Gec-tez bizim olacaqdır Mindiyar,
Bu ölkədə neçə el var, ölkə var.
– Bu vuruşda sizdən baş yox, ad qalar,
Əyri boyun düz qılınca tuş gələr.


Günbatanda günəş qana büründü,
Günəş qanla qidalanır elə bil.
Neçə arxdan su yox, sanki qan axdı,
Günəş qanla qidalanır elə bil.

Gün batanda buynuzlular seyrəldi,
Buynuz şah da bunu gördü, kövrəldi,
Elə qorxdu, dar gözləri bərəldi,
Günəş qanla qilalanır elə bil.

Dedi, məni bağışlasın Üstüağ,
Məni Qaraş öyrətmişdi bu sayaq,
Yoxsa bizdə güc hardaydı vuruşaq.
Günəş qanla qidalanır elə bil.


O söylədi, Mindiyara mənəm şah,
Gərək şahın oğul oğlu şah ola.
Ancaq məni çıxarıblar Başevdən
Gərək şahın oğul oğlu şah ola.

O söylədi, Əkbitəni alayım.
Yürüş edib Başevinə dolayım,
Şahı yıxıb şahlar şahı olayım,
Gərək şahın oğul oğlu şah ola.

Bu sözləri söyləyincə arada.
Boz Qurd onu qarmaladı arxadan,
Parçalanıb o da çıxdı sıradan.
Gərək şahın oğul oğlu şah ola.


Gecə düşdü, çox baş yordu Üstüağ.
İki sözün mən hansına inanım.
Buynuz şahdır doğru deyən, ya Qaraş,
İki sözün mən hansına inanım?

Qaraş soyum, buynuz şahsa qancılım,
Qaraş gəncdir, ancaq döyüş öncülü,
Ötər atım, Boz Qurd soyum, qan çölüm.
İki sözün mən hansına inanım?

Qaraş belə deyə bilər? Nə bilim?
O şahıdır, Mindiyarın, Minelin.
Söylə mənə, ey yatımlı düz dilim,
İki sözüm mən hansına inanım?


Üstüağ şah çox düşündü daşındı,
İnamsızlıq yarı yolda qalmaqdır.
Yerinc qoysun bu yerlərə Qaraşı,
İnamsızlıq yarı yolda qalmaqdır.

İnamsızlıq ürəyini didirdi,
Gah düz deyir, gah da əyri gedirdi,
Düşüncələr qırılırdı, itirdi,
İnamsızlıq yarı yolda qalmaqdır.

"İş açacaq Qaraş mənə deyəsən,
Bir düşünüm yaxşı-yaxşı gərək mən.
İnamsızlıq pozur məni heç nədən.
İnamsızlıq yarı yolda qalmaqdır".


Qaraş andı anasını, uşağı,
Bunu qardaş bağışlamaz qardaşa.
Atasının ölümü də bu yandan,
Bunu qardaş bağışlamaz qardaşa.

O tutuldu, doluxsundu, nədənsə,
Niyə ötmür bu üzülüş ötənsə.
Getsin gərək bu çəkişmə gedənsə
Bunu qardaş bağışlamaz qardaşa.

Niyə gəldi, məni aldı quyudan,
Yalanlardır bizi il-il uyudan,
Barışdıran, qızışdıran, soyudan,
Bunu qardaş bağışlamaz qardaşa.


Qaraş hər yol Üstüağı görəndə,
Həm utanır, həm çəkinir, həm yanır.
Üz çevirib artıq ozü-özündən,
Həm utanır, həm çəkinir, həm yanır.

Anasının yandığına yanır o,
Yavaş-yavaş olmuşları qanır o.
Öz-özunü gözü qıpıq sanır o,
Həm utanır, həm çəkinir, həm yanır.

Üzüntülər yeyir onu içindən,
Güc qoparır onun kişi gücündən,
Qalmaz bu iş, bu gedişdə, biçimdə
Həm utanır, həm çəkinir, həm yanır.


Yol gedirlər, danışırlar, gülürlər,
Göz nə deyir, ürək nələr danışır.
Birdən atın yüyənini sıxır o
Göz nə deyir, ürək nələr danışır.

“Mən Başevə dönə bilməm bir daha,
Nə dəyərəm Mindon ilə Manaya,
Nə deyərəm gözü yaşlı anaya.
Göz nə deyir, ürək nələr düşünür.

Burdan dönüm, gözdən itim, yayınım
Gedim özgə bir ölkədə dayanım,
Sona varım bu dolambac oyunu
Göz nə deyir, ürək nələr danışır.


Qaraş birdən yolu dönür tərsinə,
Yurddan qaçmaq, bu, qurtuluş deyildir.
Qarşısında, çöllər, dağlar, oylaqlar,
Yurddan qaçmaq, bu, qurtuluş deyildir.

– Hara gəldi çap, yöndəmsiz çaparım,
Gedib sənlə bir el, oba taparım.
Ya yaşarım, ya dirrikdən saparım,
Yurddan qaçmaq, bu, qurtuluş deyildir.

Axşam oldu bu səs-soraq iç oldu.
Bunu bilən bildi, qalan gic oldu.
Bəs bu Qaraş hara getdi, nec oldu,
Yurddan qaçmaq, bu, qurtuluş deyildir.


Belə imiş onun alın yazısı,
Yox, alına yazılanlar doğrudur.
Qaraş vardan, qılınclardan uzaqdı
Yox, alına yazılanlar doğrudur.

O, ac, susuz gəlib çatdı bir elə,
Buralarda əriməyib qar hələ,
Dilləri var, çox bənzəri Minelə,
Yox, alına yazılanlar doğrudur.

Onu gəlib son ayaqda tapdılar,
Alıb ata mindirdilər çapdılar
Bu önərdir, deyib evə qatdılar,
Yox, alına yazılanlar doğrudur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri