Qarbaş söylənci
Şah çağırdı qulluğuna Qarbaşi.
Son ayaqda yaxın yoldaş arxadır,
Dedi: – Qıza adsız, sansız bir ər tap,
Son ayaqda yaxın yoldaş arxadır.
Dedi, -əri, sısqa olsun, düz olsun,
Başev, qıza. bir də ona göz olsun.
Bu yanlara gəliş-gediş az olsun,
Son ayaqda yaxın yoldaş arxadır.
Olsa, burdan uzaq olsun qız balam,
Qoy uçalsın uzaq yerdə qız qalam,
Çıxsın üzə bundan sonra düz, yalan.
Son ayaqda yaxın yoldaş arxadır.
Qarbaş bunu yaxşılığa yozmadı,
İlk baxışdan bəlli olur yaxşı, pis.
O nə sayaq düşündüsə, dinmədi.
İlk baxışdan bəlli olur yaxşı. pis.
Araları qardaş kimi açıqdı.
Özü arıq, zil gözləri batıqdı.
Bığ-saqqalı, qız qaşları çatıqdı,
İlk baxışdan bəlli olur yaxşı, pis.
O şah ilə tutulurdu yanaşı.
O Başevin toplumunda minbaşı,
Düşüncəsi gözlərində qaynaşır,
İlk baxışdan bəlli olur, yaxşı, pis.
– El içində üzüyola biri var.
Üzüyola yararlıdır hər işdə.
O sözümdən çıxmaz mənim, bilirəm.
Üzüyola yararlıdır hər işdə.
Çağıraram, evləndirrəm kəbinlə,
Yola sallam uzaq elə gəlinlə.
Qorxudaram onu ölüm-itimlə,
Üzüyola yararlıdır hər işdə.
Qız and içsin, gedib qalsın o yerdə,
Utanmasın, boşanmasın o ərdən,
Uşaq olsa özü bura gətirər,
Üzüyola yararlıdır hər işdə.
– Adı nədir?
– Şahım, adı Qanbuzdur,
Adını bil, içini gəz adında.
Hara desən o axacaq su kimi.
Adını bil, içini gəz adında.
Uzaq eldə çinellidir bu kişi.
Yoxdur elə onun tanış-bilişi.
İşləyəndir, baçarandır hər işi,
Adını bil, içini gəz adında.
Məncə şahım, Qanbuz bizə gərəkdir.
Həm də Qanbuz kimsəsizdir və təkdir,
Uzaq eldə şaha arxa, dayaqdır,
Adını bil, içini gəz adında.
İlk görüşdə Mindon dedi ərinə:
– Ər-arvadlıq elə şahlıq deməkdir.
Mən bu gündən köləsiyəm bu elin.
Ər-arvadlıq elə şahlıq deməkdir.
Sən almısan burda "yoxsul" qızını,
Yaşa onda mənim alın yazımı.
Uça tutum öz ərimin sözünü.
Ər-arvadlıq elə şahlıq deməkdir.
Uzaq olsun evimizdən qan-qada,
Nə söz olsun, nə soyuqluq arada.
Bizi saxla böyuk, ulu yaradan
Ər-arvallıq elə şahlıq deməkdir.
Qarbaş çapdı acıqanın üstünə,
Qan gölüdür acıqanın birliyi.
Ay oğullar yürük olun, qurd olun,
Qan gölüdür acıqanın birliyi.
At üstündə durun lapdan ayağa,
Fil minəni alın ipə, qarmağa.
Qırmaq üçün çəkin-tökün torpağa,
Qan gölüdür acıqanın birliyi.
Yürüş edin filə öndən, arxadan,
Yağlı əski alışdırın ortada.
Odu görüb fil çıxaçaq aradan,
Qan gölüdür acıqanın birliyi.
Minellilər qarmaq atdı, ip atdı,
Hər döyüşün öz yönü var, çəmi var.
Fil minənlər beş-beş yerə töküldü,
Hər döyüşün öz yönü var, çəmi var.
Yanan əsgi çox filləri ürküdür,
Onlar qaçıb döyüşləri tərgidir,
Minellilər yolu, yalı bərkidir,
Hər döyüşün öz yönü var, çəmi var.
Tüstü, qan, od bürüyübdür çölləri,
Gələnlərin boşa çıxır əlləri,
Boş qalıbdır filin çullu belləri
Hər döyüşün öz yönü var, çəmi var.
Xaqan durur Qarbaş ilə üz-üzə,
– Döyüşlərin vuran qolu başçıdır.
Od-alovla məni yıxa bilməzsən.
Döyüşlərin vuran qolu başçıdır.
Səndən allam öz babamın öcünü,
Gör indi də çinellinin gücünü,
Sənə çatsın gərək kölə biçimi.
Döyüşlərin vuran qolu başçıdır.
Boş yerədir ipin, odun, qarmağın,
Düzərdəndir bu bicliyi qurmağıın,
Məndən öyrən indi qılınc vurmağı,
Döyüşlərin vuran qolu başçıdır.
– Sən satqınsan Arı xaqan ölkədə,
Gücü, içi laxlam olar satqının.
Hindellini qaldırıbsan döyüşə.
Gücü, içi laxlam olar satqının.
Minellinin İşdayağı oyaqdır.
Ona yavru qonşuları dayaqdır,
Ötük, satıq, yoluq bizdən uzaqdır,
Gücü, içi laxlam olar satqının.
İşdayağı yıxmaq olmaz bu sayaq,
Çox güclüdür, bilimlidir İşdayaq,
Gəl indi də qılınc vuraq, güc vuraq,
Gücü, içi laxlam olar satqının.
Axşamacan vuruşurlar üz-üzə,
Güç biləkdə, dözüm isə dizdədir.
Qor sıçrayır qılınçlardan dörd yana,
Güc biləkdə, dözüm isə dizdədir.
Deşik-deşik, batıq-batıq qalxanlar,
Yürüşdə idi kiçik xanlar, xaqanlar,
Bir qılıncla doğranırdı qorxanlar,
Güc biləkdə, dözüm isə dizdədir.
Arı xaqan tez bükülüb yorulur.
Neçə yerdən yaralanıb yarılır,
Son vuruşda topbuzuna sarılır.
Güc biləkdə, dözüm isə dizdədir.
Xaqan dözmür topbuzuna Qarbaşın,
Qaçmaq yolu qorxaqların yoludur..
Qaçır gedir yüz minbaşı, yüzbaşı,
Qaçmaq yolu qorxaqların yoludur.
Qılınç, topbuz, ox yarası alınça
Sınıq-salxaq toplum gedir dalınça,
Baş yaralı, əyin-ayaq yalınçaq,
Qaçmaq yolu qorxaqların yoludur.
Yaralılar yerdə qalıb qıvrılır,
Alov qalxır, tustü göyə sovrulur,
Acıqanlar Qobuçöldən qovulur,
Qaçmaq yolu qorxaqların yoludur.
Qaçanları qarşılayır İşdayaq.
Satqın gərək qurtarmasın ölümdən.
Şah onlarla çay üstündə vuruşur,
Satqın gərək qurtarmasın ölümdən.
Arı xaqan satın alır ölümü,
Bir qılıncla iki yerə bölünür,
Qanlı çölə sovururlar külünü,
Satqın gərək qurtarmasın ölümdən.
Qobuçöldə çay da qana boyanır.
Qanlı güllər qanlı çaya boylanır,
Tanrı özü minellinin hayanı,
Satqın gərək qurtarmasın ölümdən.
İşdayaq şah uca tutur başını,
Şahlıq gərək uca olsun ucadan.
Hamı onun qılıncına baş qoyur,
Şahlıq gərək uca olsun ucadan.
Böyük Minel ölkəsində var artır.
Gedir daha qorxu, ürkü, qaraltı.
Çinel qalır bu ölkədə əlaltı,
Şahlıq gərək uca olsun ucadan.
Sona çatır Qobuçölün döyüşü,
İşdayağın yola düşür çox işi,
Darvideldə yerinçini dəyişir,
Şahlıq gərək uca olsun ucadan.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-qarbas-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağüzeldə çörəkçilər dedilər,– Çörək üstə yüksəlibdir yaşayış,
Onçu oğlu Cumər söylənciTanı şahın səsləncləri gurladı,Alınyazı gənc şahlara yatımdır.
Muğel söylənciTuncər gəlib Uğurelə çatmışdı,Dinclik duyur son ayaqda yol gələn,
Tanrievi söylənciTuncay qatdı başlarını onların,Uşaq evdə ağlar, gülər, baş qatar.