Tuncər gəlib Uğurelə çatmışdı,
Dinclik duyur son ayaqda yol gələn,
Göz oxşayan yerlər idi Uğurel,
Dinclik duyur son ayaqda yol gələn.

Dayanaraq hərdən uduq dərirdi,
Hərdən suya, çaya, gölə girirdi,
Yol üstündə qanlı izlər görürdü,
Dinclik duyur son ayaqda yol gələn.

Düşüb qalan yaralılar yol boyu,
Lomba-lomba qan içində uyuyur,
Dil ağızda, qan damarda soyuyub,
Dinclik duyur son ayaqda yol gələn.

Yerincevdə nə Qarçiçək, nə Günay,
Var qışqırıq, var göz yaşı, var haray,
Uğureldə yaraqlanır üç alay,
Dinclik duyur son ayaqda yol gələn.


Çıxdı onun qabağına Qızçiçək,
Ana qara geyinəndə vay düşər.
Dedi: – Oğul, soydu bizi acıqan,
Ana qara geyinəndə vay düşər.

Üstlərində qalın-qalın sırıqlı,
Hamı atlı, patavalı, çarıqlı,
Qadınlardan, mal-qaradan yanıqlı,
Ana qara geyinəndə vay düşər.

Bunu deyib ana düşüb bayıldı,
«Tuncər» sözü yerincevə yayıldı,
Ölkə sanki yuxudaydı, ayıldı,
Ana qara geyinəndə vay düşər.

Dedi: – Gələn Muğmuğ idi, quduz tək,
Kirpik seyrək, saqqal seyrək,bığ seyrək,
Tutuq düşdü Günay ilə Qarçiçək,
Ana qara geyinəndə vay düşər.


– Bizim dildə danışırdı hamısı,
Dilibirlər niyə gözü dar olur?
Qamarlayıb apardılar qızları,
Dilibirlər niyə gözü dar olur?!

Tuncər dedi: – Tərmə-tələs yığışın,
Yaraqlanıb alaylara axışın,
Gücü yoxdur deyinməyin, qarğışın,
Dilibirlər niyə gözü dar olur?!

Mən gedirəm, siz də mənim dalımca,
Vuruşarıq son gücümüz qalınca,
Qadınları çatıb geri alınca,
Dilibirlər niyə gözü dar olur?!

Uğurelli, ağ başrağı götürün,
Özünüzü qız-gəlinə yetirin,
Acıqanı yer üzündən itirin,
Dilibirlər niyə gözü dar olur?!


Yeləsənə doğru çapdı Gümüşat,
Dardakına yer-göy bütün dar olar.
Çırpınırdı darda Günay, Qarçiçək,
Dardakına yer-göy bütün dar olar.

Muğmuğ idi başçıları Muğelin,
Addamışdı başı üstdən çox ölüm,
Tutuq idi onda bir qız, bir gəlin,
Dardakına yer-göy bütün dar olar.

Muğel böyük ölkə idi, yamyaşıl,
Yüz il idi sərt keçirdi hər qışı,
Muğmuğ isə bu ulusda elbaşı,
Dardakına yer-göy bütün dar olar.

Quraqlıqlar birdən on il çəkirdi ,
Tanrı burda bol «quraqlıq» əkirdi,
Hərdən sel-su yolu-yalı sökürdü,
Dardakına yer-göy bütün dar olar.


Buna görə çapqınçıydı elbaşı,
Qılınc qalxmaz yemək-içmək bol olsa.
Yürüş edib qonşuları çapırdı,
Qılınc qalxmaz yemək-içmək bol olsa.

Ac qılınca çapar, susuz dənizə,
Durar qorxu, ölüm ilə üz-üzə.
Çıxar belə vuruşlarda qan dizə,
Qılınc qalxmaz yemək-içmək bol olsa.

Qan tökməyi istəmirdi bir oğul,
Ancaq hərdən istəmədən qan doğur,
Quraqlıqdan ağız acı, gün ağır,
Qılınc qalxmaz yemək-içmək bol olsa.

Odur Muğel qonşuları çapırdı,
Ət, otunu qapılardan qapırdı,
Hər il elə haray-həşir qopurdu,
Qılınc qalxmaz yemək-içmək bol olsa.


Tuncər gəlib çatdı böyük Muğelə,
Böyük olur çətinliyi böyüyün.
Toplumları yol gəlirdi, yoldaydı,
Böyük olur çətinliyi böyüyün.

Aclıq içrə hamı solub-saralıb,
El oğuldan, oğul eldən aralı,
Körpələrsə qotur-qotur, yaralı,
Böyük olur çətinliyi böyüyün.

Soraqlaşıb o, Muğmuğu soruşdu,
Eli görüb düşüncəsi qarışdı,
Çox sarsıldı, olmuşlarla barışdı,
Böyük olur çətinliyi böyüyün.

Qarçiçəklə Günay durub arada,
Döş-başları silir yara xoradan,
Ərlər solub, qızlar çıxıb sıradan,
Böyük olur çətinliyi böyüyün.


Muğmuğ çıxdı qabağına Tuncərin,
Ac ölkənin qancıl olar başçısı,
Dedi: – Qızlar yardım olub bizlərə,
Ac ölkənin qancıl olar başçısı.

Qılınclaşıb, yumruqlaşıb durdular,
Bir-birini yaralayıb yardılar,
Güləşdilər, özlərini yordular,
Ac ölkənin qancıl olar başçısı.

Qızlar gəlib bir-bir girdi araya,
Dedilər ki, savaş nəyə yarayar?
Ac ölkəni tanrı gərək qoruya,
Ac ölkənin qancıl olar başçısı.

Muğmuğ dedi: – Tanıyıram Tuncəri,
Biz qan tökdük, aşdıq sizin çəpəri,
Bağışlayın bizə ölən ərləri,
Ac ölkənin qancıl olar başçısı.


– Tuncər qardaş, dayan! -dedi Qarçiçək,
Savaş bitir qız araya girəndə.
İki yerdə qan axıtmaq nə gərək,
Savaş bitir qız araya girəndə.

Bunlar bizi incitməyib, saxlayıb,
Qız-gəlini bizlə birgə ağlayıb,
Pis günləri könlümüzü dağlayıb,
Savaş bitir qız araya girəndə.

Günay dedi: – Biz bir ulus, bir elik,
Bizim dildir bu ölkənin el dili,
Bunlar bizi özlərinə güc bilir,
Savaş bitir qız araya girəndə.

Tuncər, Muğmuğ bir-birinə baxdılar,
Sonra vuruş çevrəsindən çıxdılar.
Qucaqlaşıb yoxuş üstə qalxdılar,
Savaş bitir qız araya girəndə.


Muğmuğ dedi: – Tuncər, bizi bağışla,
Barış olar qılınc yerə sancılsa.
Yetər bizə pisləmələr, qarğışlar,
Barış olar qılınc yerə sancılsa.

Yüz ildir ki, bizi didir quraqlıq,
Bizi sizdən ayırıbdır uzaqlıq,
Üz döndərib burdan qonaq, qonaqlıq,
Barış olar qılınc yerə sancılsa.

Baş əyirəm sizin qıza, qadına,
Çevriliblər onlar burda yardıma,
Alın bizi ağ bayrağın altına,
Barış olar qılınc yerə sancılsa.

Çinellilər gəlib bizi soyurlar,
Bizi daha pis günlərə qoyurlar,
Özlərinə bizi kölə sayırlar,
Barış olar qılınc yerə sancılsa.


Yüz-yüz uşaq sağaltmışdı Qarçiçək,
Böyük vardır kökdən gələn vergilər.
Sağalırdı kimə əli dəyirdi,
Böyük vardır kökdən gələn vergilər.

Yapma idi, çörək idi əlləri,
Al yanaqlar güldürürdü gülləri,
Toxdaq idi dadlı-duzlu dilləri,
Böyük vardır kökdən gələn vergilər.

Qapısında yüz-yüz düşük uşaqlar,
Düşər, düşük, bir də dəlisayaqlar,
Beli, əli bükük, əyri ayaqlar,
Böyük vardır kökdən gələn vergilər.

Bu bacarıq qızda tanrı payıydı,
O, Qızuçar, o, Qızçiçək soyuydu,
Vergiləşən tanrıların tayıydı,
Böyük vardır kökdən gələn vergilər.


Tuncər susub bacısına baxırdı,
Nə güclüdür tanrılaşan inanış.
İnanırdı ona sınıq-salxaqlar,
Nə güclüdür tanrılaşan inanış.

Əllərindən o, istilik tökürdü,
Ovcu ilə sancıları çəkirdi,
Yaralara o, toxtaqlıq əkirdi,
Nə güclüdür tanrılaşan inanış.

Sağaltdıqca nə danışır, nə dinir,
Nədəndirsə sola-sola qız yanır,
Bu yanğını o, sağaldan güc sanır,
Nə güclüdür tanrılaşan inanış.

Sağalanlar baş əyir, diz qatdayır,
Ölümləri ötüb, keçib, addayır,
Düşərliklər buz tək sınıb çatdayır,
Nə güclüdür tanrılaşan inanış.


Tuncər deyir: – Bacım, özün sönürsən,
Toxtaq verən özü solub, saralar.
Bu toxtaqlıq dönür böyük inama,
Toxtaq verən özü solub, saralar.

Yığış gedək, yetər bunca sağaltdın,
Yaralardan ağrı, sancı çıxartdın,
Qardaşını sən kövrəltdin, ağrıtdın,
Toxtaq verən özü solub, saralar.

Toplum gəlib neçə gündür gözləyər,
Sən çiçəksən, sənə burda göz dəyər,
Sızıldayıb anan acı söz deyər,
Toxtaq verən özü solub, saralar.

Bacı deyir: – Qardaş, bunlar yazıqdır,
Ürəkləri kimsəsizdir, sınıqdır,
Uğurelli Muğelliyə qoruqdur,
Toxtaq verən özü solub, saralar.


Muğmuğ deyir: – Qalın, ova çıxarıq,
Burda dağ-daş, eniş-yoxuş gözəldir.
Hər bir yerin gözəlliyi, görümü,
Burda dağ-daş, eniş-yoxuş gözəldir.

Çilçil qaplan, çilçil turac, boz ayı,
Maral, cüyür, çöl atının yox sayı,
Üç gündür ki, başlayıbdır ov ayı,
Burda dağ-daş, eniş-yoxuş gözəldir.

Mən bilirəm, Tuncər ova vurğundur,
Qaplanlara qarşı yaman çılğındır,
Qarçiçəksə qoy dincəlsin, yorğundur,
Burda dağ-daş, eniş-yoxuş gözəldir.

Ona tanrı gücü verib yaradan,
Qoy Qarçiçək körpü olsun arada,
Yoxsa çıxar min-min adam sıradan,
Burda dağ-daş, eniş-yoxuş gözəldir.


Günay deyir: – Ərim, bizdə ovlaq var,
Gözü yolda qoyma eli, ananı,
Biz qayıdaq, qalsın ancaq Qarçiçək,
Gözü yolda qoyma eli, ananı.

Qarçiçək də getsə bu gün bizimlə,
Min-min düşük gələcəkdir iziylə,
Danış özün Qarçiçəyin özüylə,
Gözü yolda qoyma eli, ananı.

Gül tək solub saralmışdı Qarçiçək,
Sağaldaydı düşükləri o gərək,
Ürəyində çırpınırdı bu dilək,
Gözü yolda qoyma eli, ananı.

O, sevgidən, el-obadan uzaqdır,
Düşüklərə, düşərlərə dayaqdır,
Deyib-gülüb, yaşamaqdan qıraqdır,
Gözü yolda qoyma eli, ananı.


– Doğma qardaş, mən qalıram, siz gedin,
Atma sənə tapınanı, kim olsa.
Mənim könlüm mənə belə buyurur,
Atma sənə tapınanı, kim olsa.

Tanrılar da mənə bunu söyləyir,
Onlar burda qalmağımı diləyir,
Muğel mənə dil-ağız da eləyir,
Atma sənə tapınanı, kim olsa.

Bir il sonra gəlin, məni aparın,
Bir iləcən sağlıq, dinclik taparım,
Qoy gözləsin məni yurdum, diyarım,
Atma sənə tapınanı, kim olsa.

Anama de, yarınc olub Qarçiçək,
O, gələn il qayıdacaq, gələcək,
Ağlamasın, sıtqamasın o gərək,
Atma sənə tapınanı, kim olsa.


Dünən gələn bu gün elə yiyədir,
Dayanışın üzü buzdan soyuqdur.
Min il burda yaşayanlar qaçaraq,
Dayanışın üzü buzdan soyuqdur.

Dayanışa bağlıların üzü ağ,
Dayanışı saymayanlar key-sayaq,
Hamı gəlir, gedir ona bir qonaq,
Dayanışın üzü buzdan soyuqdur.

Biri yığır, biri səpir quruşu,
Səpənlərin gen-bol olur örüşü,
Yığanınsa açılmayır qırışı,
Dayanışın üzü buzdan soyuqdur.

**Pul
Səpilən yox, yığılandır dayanış,
Qaz torpağı, bir gizləncdir hər qarış,
İkisinin bir adı var, yaşayış,
Dayanışın üzü buzdan soyuqdur.


Çinə bənzər-çinsoysayaq elləri,
Çaşdırmaqdır, uydurmaqdır bənzəyiş,
Çiy yeyənlər ötə-ötə gəlirdi,
Çaşdırmaqdır, uydurmaqdır bənzəyiş.

Boy balaca, ağız yırtıq, baş əyri,
Baxış diri, deyim-görüm iş diri,
İşdə, sözdə üç adamdır hər biri,
Çaşdırmaqdır, uydurmaqdır bənzəyiş.

Cumub çöldə sürüləri götürür,
Ələ keçən nə var çiy-çiy ötürür,
Tutduğunu yer-yer eldən itirir,
Çaşdırmaqdır, uydurmaqdır bənzəyiş.

Muğel ev-ev, ulus-ulus gizlənir,
Ərlər on-on yaraqlanır, yüzlənir,
Gecə-gündüz qırğın, ölüm gözlənir,
Çaşdırmaqdır, uydurmaqdır bənzəyiş.


Tuncər bölür toplumları üç yerə,
Üç vuruma dözmək olmaz bir anda.
Yaraqlılar sağda, solda, qabaqda,
Üç vuruma dözmək olmaz bir anda.

Muğmuğ deyir: – Biz arxadan vurarıq,
Çiyçiylərin sırasını yararıq,
Lapdan çıxıb bellərini qırarıq,
Üç vuruma dözmək olmaz bir anda.

Tuncər çöldə ulartıyla qurd yığır,
Muğmuğçular qurdu görüb karıxır,
Qurdun gecə gözlərindən qor yağır,
Üç vuruma dözmək olmaz bir anda.

Acıqanı üç gün çöldə busurlar,
Baş söykəyib yerə qulaq asırlar,
Çiyçiy gəlib çatanacan susurlar,
Üç vuruma dözmək olmaz bir anda.


Birdən qalxır hay-həşirlə çal-çağır,
Qorxaq, gücsüz hay-küy salar gələndə,
Üç bir yandan üstlərinə ox yağır,
Qorxaq, gücsüz hay-küy salar gələndə.

Tuncər çıxır qabağına onların,
Deyir: – Gələn çiyçiyləri üç yarın,
Baş yarılır, döş yırtılır, bel, qarın,
Qorxaq, gücsüz hay-küy salar gələndə.

Çiyçiyləri qorxudurlar, yorurlar,
Dörd bir yandan qılınclayıb qırırlar,
Qol-qıçları budayırlar, vururlar,
Qorxaq, gücsüz hay-küy salar gələndə.

Gecə bir də düşür hay-küy, səs çölə,
Çiyçiy yenə basqın edir Muğelə,
Enir döşdən, dönür qurdlar gur selə,
Qorxaq, gücsüz hay-küy salar gələndə.


Belə vuruş görməyibdir bu yerlər,
Öz yolu var, öz çəmi var hərənin.
Ulartısı, mırıltısı qurdların,
Öz yolu var, öz çəmi var hərənin.

Görüb gözü işıldayan qurdları,
Ürkür, qaçır çiyçiylərin atları,
Qorxulardan çıxır Muğel yurdları,
Öz yolu var, öz çəmi var hərənin.

Gecə keçdi, tez söküldü dan yeri,
Örüşlərdən, qışlaqlardan çox bəri.
Qaçan gördü Muğel çiyçiy ərləri,
Öz yolu var, öz çəmi var hərənin.

Qarçiçəklə Tuncər durub baxırdı,
Al günəşdən qızıl işıq yağırdı,
Günay isə bir daxmada doğurdu,
Öz yolu var, öz çəmi var hərənin.


Muğmuğçular meşələrdən endilər,
Elqorumaq igid ərən istəyir.
Bundan sonra Muğel dinc-dinc yaşadı,
Elqorumaq igid ərən istəyir.

Doğulanı muğelbala saydılar,
Adını da onun Tuncay qoydular,
Bu sorağı Uğurelə yaydılar,
Elqorumaq igid ərən istəyir.

Soraq çatdı Tanı şaha, Bacara,
Bacar döndü bir qanadlı çapara,
«İtiatım, Muğel hara, sən hara?»,
Elqorumaq igid ərən istəyir.

Çal-çağıra gəldi Xançu, Uğurel,
Qızıl, gümüş oğul kimi var deyil,
Hamıdan çox sevinirdi Muğərgil,
Elqorumaq igid ərən istəyir.


Ana yurdum, nə böyüksən, nə geniş,
Daşlara da görkəm verir gözəllik,
Gül qoxuyur dağın, yalın, yolların,
Daşlara da görkəm verir gözəllik.

Nə incədir çiçəklərin baxışı,
Nə küylüdür çaylarının axışı,
Dan yerinin qızıldandır doğuşu,
Daşlara da görkəm verir gözəllik.

Qıçlarıma güc ver, gəzim qoynunu,
Qucaqlayım meşə-meşə boynunu,
Al-al olub gül çöllərin toy günü,
Daşlara da görkəm verir gözəllik.

Xırmanlarda tala-tala tayalar,
Dağ döşündə qılınc-qılınc qayalar,
Çiçəklərdə yüz-yüz kövrək boyalar,
Daşlara da görkəm verir gözəllik.


– İtiatım, sıçram, yüyür irəli,
Basar olur yurda bağlı oğullar.
Oğlum Tuncər ata olub, dayanma,
Basar olur yurda bağlı oğullar.

İtiatım, qalx, uç, dönüm gözünə,
Güc ver bu gün dırnağına, dizinə,
Məni çatdır Uğurelin özünə,
Basar olur yurda bağlı oğullar.

İtiatım, Qızçiçəyi götürək,
Onu körpə Tuncayına yetirək,
Dodaqlarda sevinc gülü bitirək,
Basar olur yurda bağlı oğullar.

İtiatım, biçənəkdə dayan bir,
Otda ağna, dincəl, güc yığ hərdənbir,
Körpə səsi eşidirəm, «gəl» deyir,
Basar olur yurda bağlı oğullar.


Altı günə onlar çatdı Muğelə,
Uzun yoldan sonra görüş gözəldir.
Qarşılaşdı Bacar ilə Qızçiçək,
Uzun yoldan sonra görüş gözəldir.

Aullarda tüstüləndi ocaqlar,
Şırıldadı qonaqlanan bulaqlar,
Ucalaşdı, doğmalaşdı qonaqlar,
Uzun yoldan sonra görüş gözəldir.

Nənəsinə çatdırdılar Tuncayı,
Bəzədilər, çıxartdılar Günayı,
Qalxdı elin hay-həşiri, harayı,
Uzun yoldan sonra görüş gözəldir.
Bacar öpdü, Tuncay güldü, sevindi,
Utansa da Günay, Tuncər öyündü,
Hər könüldə iki ürək döyündü,
Uzun yoldan sonra görüş gözəldir.


Əl çəkmədi acıqanlar Muğeldən,
Gücsüz oldun, hamı səni vuracaq.
Otlaq, torpaq qamarlamaq istəyi,
Gücsüz oldun, hamı səni vuracaq.

İtiatla Bacar çıxdı irəli,
Qanlı gözlər birdən qaldı bərəli,
Gördü, gələn yaraqlılar seyrəlir,
Gücsüz oldun, hamı səni vuracaq.

Dedi: – Ahay, çiy ət yeyən çiyçiylər,
Bizdən olan bizə qarşı ögeylər,
Eşidirəm sizdən çox-çox gileylər,
Gücsüz oldun, hamı səni vuracaq.

Gedin, yoxsa əzik-üzük olarsız,
Həm otlaqsız, həm də yersiz qalarsız,
Dursaz, məndən ağır vurum alarsız,
Gücsüz oldun, hamı səni vuracaq.


Mən Bacaram, Gücər oğlu minelli,
Basılmazlıq hər igidə verilmir.
Tanrısoyam, yerin, göyün yiyəsi,
Basılmazlıq hər igidə verilmir.

Bilin, Muğel Mindiyardır bu gündən,
Atın qırğın sözlərini beyindən,
Yaraq deyil, bel gəzdirin çiyində,
Basılmazlıq hər igidə verilmir.

Çiyçiybaşı dedi: – Bacar, qocasan,
Sən keyləşən başsan, qolsan, qılçasan.
Qorxuram ki, bu vuruşdan qaçasan,
Basılmazlıq hər igidə verilmir.

Bacar dedi: – Baxma beş yüz yaşım var,
Qocaların gücdən başqa başı var,
Nə yaxşı ki, sənin kimi naşı var,
Basılmazlıq hər igidə verilmir.


Çiyçiybaşı qılıncını sıyırdı,
Başı olan ilk əl atmaz qılınca.
Cummağıyla bağırmağı bir oldu,
Başı olan ilk əl atmaz qılınca.

Düz ortadan şaqqalandı, yıxıldı,
Çapqınçılar bir an içrə dağıldı,
Eldən çiyçiy əl-ayağı yığıldı,
Başı olan ilk əl atmaz qılınca.

Bacar çapdı qaçanların dalınca,
Qırdı, tökdü bircəciyi qalınca,
İstəmədi çəksin onu qılınca,
Başı olan ilk əl atmaz qılınca.

Dedi: – Kimsən, kimlərdənsən, a qancıl?
Danış, mənə yalan demə, yabançı,
Qılıncımdan qurtarmazsan, yalançı,
Başı olan ilk əl atmaz qılınca.


Çiyçiy dedi: – Öldürməyin məni siz,
Ölüm var ki yaşayışdan dəyərli,
Yaşayırıq çapqınçılıq yoluyla,
Ölüm var ki yaşayışdan dəyərli.

Biz çinli yox, Çinsoysayaq eliyik,
Yaranışdan bizlər Minel dilliyik,
Biz ağızdan, başdan bir az yelliyik,
Ölüm var ki, yaşayışdan dəyərli.

Dörd bir yanı alıb, çapıb, soyuruq,
Öldürürük, eli ərsiz qoyuruq,
Hər bir yana qorxu, ürkü yayırıq,
Ölüm var ki, yaşayışdan dəyərli.
Bizdən sonra bir toplum da gələcək,
Yolda, yalda nə var, bütün siləcək,
Gəlib görüb sizdən soraq biləcək,
Ölüm var ki, yaşayışdan dəyərli.


Bacar dedi: – Qarşılarıq onları,
Qancılların qabağını alginən.
Qabağa düş, bizi çatdır o yerə,
Qancılların qabağını alginən.

Bacar, Tuncər, Muğmuğ çapdı çöllərə,
Qatışdılar daşqınçaya, sellərə,
Gedib çatdı çiyçiy olan ellərə,
Qancılların qabağını alginən.

Tutuq çiyçiy göndərildi qabağa,
Bacar, Tuncər çəkildilər qırağa,
Muğmuğ yığdı ərlərini otlağa,
Qancılların qabağını alginən.

Axşam oldu, tutuq çiyçiy dönmədi,
Qaranlıqda meşə susdu, dinmədi,
Muğmuğgilin ocaqları sönmədi,
Qancılların qabağını alginən.


Dan yerində qızıllandı ağ işıq,
Günəş verir dayanışa tərpəniş.
Acıqanın toplumları göründü,
Günəş verir dayanışa tərpəniş.

Muğmuğ çıxdı, öz gücünü yoxladı,
Gələnlərin qabağını saxladı,
Bərkdən vurdu, çiy içləri laxladı,
Günəş verir dayanışa tərpəniş.

Başçıları bizuc atdı, ox atdı,
O, Muğmuğun döş-başını qanatdı,
Hay-həşirlə qorxu-ürkü yaratdı,
Günəş verir dayanışa tərpəniş.

Muğmuğ dedi: – Hamınızı qıraram,
Damar-damar qanınızı soraram,
Yasınızı yurdunuzda quraram,
Günəş verir dayanışa tərpəniş.


Çiyçiybaşı çıxdı önə, bağırdı,
Söz anlayan yol üstündə dayanmaz.
Çəkil, yoxsa doğram-doğram olarsan,
Söz anlayan yol üstündə dayanmaz.

Biz çiyçiylər «çinelsayaq» adlıyıq,
Beş bölümdə iyirmi min atlıyıq,
Vuruşlarda çox alovlu, odluyuq,
Söz anlayan yol üstündə dayanmaz.

Muğmuğ dedi: – Ağzındakı boş yeldir,
Biz sizləri tanıyırıq yüz ildir,
Çapqınçılıq bir igidlik deyildir,
Söz anlayan yol üstündə dayanmaz.

Yığışdırın belə boş-boş sözləri,
Siz qayıdın gəldiyiniz düzləri,
Yoxsa bir-bir qıracağam sizləri,
Söz anlayan yol üstündə dayanmaz.


Çiyçiybaşı dedi: – Muğmuğ, tələsmə,
Öz adını özgəsinə qoyma sən,
At üstündə o çımxırıb yüksəldi,
Öz adını özgəsinə qoyma sən.

Muğellilər orda-burda ev çapır,
Özgə əldən taxıl qapır, ət qapır,
Qışlamağa özgə yurdda yer tapır,
Öz adını özgəsinə qoyma sən.

– Biz bu ilin qar-yağışlı yazından,
Yem qapmırıq özgə malın ağzından,
Əl çəkmişik daha kəsim-basımdan,
Öz adını özgəsinə qoyma sən.

– Əyri əli gərək dibdən kəsəsən,
Yekəbaşın dik başını əzəsən,
Boşboğazın boğazını üzəsən,
Öz adını özgəsinə qoyma sən.


Çiyçiybaşı cumdu onun üstünə,
Oğru tez-tez doğruluqdan danışar,
Dedi: – Oğru sənsən, bunca biz düzük,
Oğru tez-tez doğruluqdan danışar.

Üzləşdilər, qılınclaşıb, oxlaşıb,
Güləşdilər, qurşaqlaşıb, bağlaşıb,
Qırıldılar bircə-bircə, yoxlaşıb,
Oğru tez-tez doğruluqdan danışar.

Sağdan, soldan Bacar, Tuncər cumuşdu,
Çiyçiylərin qanlı gözü qamaşdı,
Yaraqlılar bir-birinə qarışdı,
Oğru tez-tez doğruluqdan danışar.

Bacar, Tuncər, Muğmuğ qırdı çiyçiyi,
Qızartdıqca qan torpağı, qan göyü,
Çiyçiybaşı aşdı yerə «vay» deyib,
Oğru tez-tez doğruluqdan danışar.


Döyüş bitdi, qayıtdılar Muğelə,
Bitən deyil yer üzündən qan-qada.
Gördülər ki düşük yatıb Qarçiçək,
Bitən deyil yer üzündən qan-qada.

Dedilər ki, işləməkdən bayılıb,
Sağlanclığı el-obaya yayılıb,
İndi bu qız tanrı kimi tanınıb,
Bitən deyil yer üzündən qan-qada.

Üç ay, beş gün bayqın qaldı Qarçiçək,
Sağlanc qızın bayılmağı nə demək,
Tərpənməyə öz yerindən o gərək,
Bitən deyil yer üzündən qan-qada.

Ağsaqqallar ona sağlıq dilədi,
Ağbirçəklər göz yaşları ələdi,
Hamı, bu qız bir tanrıdır, söylədi,
Bitən deyil yer üzündən qan-qada.


Bacar dedi: – Qızlar yazda bayılar,
Yaz gələndə soyuq daş da gül açır.
Onu alıb qolum üstə aparram,
Yaz gələndə soyuq daş da gül açır.

Ana dedi: – Qoyun qalsın burada,
Onu belə yaradıbdır yaradan,
Siz qayıdın, biz gələrik sonradan,
Yaz gələndə soyuq daş da gül açır.

Muğmuğ dedi: – Qız ürəyi yuxadır,
Yemir, içmir, buna görə sısqadır,
Qoyun qalsın, Muğel ona arxadır,
Yaz gələndə soyuq daş da gül açır.

Tuncər, Günay yola düşüb getdilər,
Günü aya, ayı ilə qatdılar,
Neçə günə Uğurelə çatdılar,
Yaz gələndə soyuq daş da gül açır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri