Uğurel söylənci
Uğureldə Turq Bacarı gözlədi,
Heç bir gün də ölkə başsız qalmasın.
Başsız qalıb karıxmışdı Uğurel,
Heç bir gün də ölkə başsız qalmasın.
Busqudaydı toplumları Hindelin,
Vergi verib yaşamışdı on ili,
Buna artıq son qoymağa o gəlib,
Heç bir gün də ölkə başsız qalmasın.
Turq çağırdı öz yanına hamını,
Dedi: – Gərək biz artıraq sayğını,
Doğu yandan biz qoruyaq qapını,
Heç bir gün də ölkə başsız qalmasın.
Gözətçini yurd-yurd, el-el payladı,
Toplumları arxasınca hayladı,
Başçılara gizli belə söylədi:
Heç bir gün də ölkə başsız qalmasın.
– Hindel şahı tutacağam mən dilə,
Sağdan, soldan siz yeriyin Hindelə,
Dönün böyük qasırğaya, gur selə,
Heç bir gün də ölkə başsız qalmasın.
Busqularda beş-beş, on-on qalanın,
Acıqanı yuvasında boğginən.
Yaraqları əllərindən qoparın,
Acıqanı yuvasında boğginən.
Onda onlar gücümüzü görəcək,
Yığıb illik vergiləri verəcək,
İlan dönüb yuvasına girəcək,
Acıqanı yuvasında boğginən.
Minellilər busquları tutdular,
Qızmışları bir-birinə qatdılar,
Başraqlardan böyük ocaq çatdılar,
Acıqanı yuvasında boğginən.
Hindel şah da bicləmədə baş idi,
Uğurelin arxaları boş idi,
Bu boşluğa hindellilər xış idi,
Acıqanı yuvasında boğginən.
Bunu bilib Turqtay geri qayıtdı,
Hindel şahın istəyini sarsıtdı,
Toplumunu bir gecədə dağıtdı,
Acıqanı yuvasında boğginən.
Ancaq Bacar qayıtmışdı yurduna,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
Gecə onu hayladılar arxadan,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
– Kimsən belə, qaranlıqda qaraltı,
İşıq verir qaranlıqda quş atın,
De, nədəndir bu fınxırtı, parıltı,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
Biz Hindeldən toplum-toplum gəlmişik,
Uğureli iki yerə bölmüşük,
Bu yerləri ulusumuz bilmişik,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
Bacar dedi: – Mən sizlərə qarşıyam,
Mən Bacaram, burda ellərbaşıyam,
Dədə-baba buralarda yaşayan,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
«Bacar» deyib döyüşçülər susdular,
Bu ərəni qaranlıqda busdular,
Sözlərinə ürkək qulaq asdılar,
Sən yatsan da Tanrı ayıq, oyaqdır.
– Ay Hindelli, çıxın, gedin buradan,
Qan-qan deyən öz qanında boğular.
Sizin ölkə həm böyükdür, həm gözəl,
Qan-qan deyən öz qanında boğular.
Birdən göydə şimşək qılınc parladı,
Göyün qara buludları gurladı,
O, qılıncı başı üstə hərlədi,
Qan-qan deyən öz qanında boğular.
Şimşəkatın kişnərtisi, şimşəyi,
Dırnağıyla yeri, göyü eşməyi,
Hindellinin yerə çöküb, düşməyi,
Qan-qan deyən öz qanında boğular.
Qaranlıqda bayılan var qorxudan,
Qaçanları Bacar vurur arxadan,
Yoxsa bunlar hələ dərin yuxuda,
Qan-qan deyən öz qanında boğular.
Bütün gecə Bacar qılınc oynatdı,
Dan yerinin tezdən gözün qanatdı,
Gələn qaçıb Uğureli unutdu,
Qan-qan deyən öz qanında boğular.
Kim ki qaldı, şimşək gördü, qılıncla,
Güc göstərən güclə gələr üz-üzə.
Qırdı Bacar ona qarşı duranı,
Güc göstərən güclə gələr üz-üzə.
Yumruburun, yastıburun, bizburun,
Yaraq töküb, yol üstündə düz durub,
Dan yerinin ilk gülüşü dupduru,
Güc göstərən güclə gələr üz-üzə.
Günəş çıxdı, Şimşəkatı gördülər,
Qorxub qaçıb kol dalına girdilər,
Matdım baxıb ağız yelə verdilər,
Güc göstərən güclə gələr üz-üzə.
Bacar dedi: – İndən belə otuz il
Vergi verin Mindiyara ildə bir,
Yoxsa acı günləriniz öndədir,
Güc göstərən güclə gələr üz-üzə.
Bundan sonra Bacar vurub qıracaq,
Başrağını Hindel üstə vuracaq,
Göstərişin qan üstündə quracaq,
Güc göstərən güclə gələr üz-üzə.
Bir də kəsdi Turq onların yolunu,
Öldür, ölmək istəməsən döyüşdə,
Göy gözləri qanla dolu çanaqdı,
Öldür, ölmək istəməsən döyüşdə.
Yerdə qaldı yer tutmağa gələnlər,
Yaralıdan çox-çox idi ölənlər,
Sağ qalmışdı öz yerini bilənlər,
Öldür, ölmək istəməsən döyüşdə.
Hindel şahsa qolu bağlı, yaralı,
Acığından yastı üzü saralıb,
Üzdə təkcə ac gözləri qaralır,
Öldür, ölmək istəməsən döyüşdə.
Beş gün keçdi, Hindelyurda çatdılar,
Hindellilər yoruldular, yortdular,
Yaraqları əllərindən atdılar,
Öldür, ölmək istəməsən döyüşdə.
Birdən Turqla Bacar çıxdı üz-üzə,
Bu döyüşdə çıxmış idi qan dizə,
Ölüm sözü qonmuş idi üz-gözə,
Öldür, ölmək istəməsən döyüşdə.
Bacar dedi: – Gözün aydın, Turqtayım,
Acıqana qarşı çox-çox qancıl ol.
Bundan sonra bağışlama qancılı,
Acıqana qarşı çox-çox qancıl ol.
Gərək Hindel şahın başı kəsilsin,
Qara qanı gözlərindən süzülsün,
Ürəyinin damarları üzülsün,
Acıqana qarşı çox-çox qancıl ol.
Turqtay dedi: – Böyük Bacar, varam mən,
Bu döyüşə çox yerində gəlmisən,
Tələs, indi Uğurelə qayıt sən,
Acıqana qarşı çox-çox qancıl ol.
Düşmə, ata, bir də Şimşək atından,
Bağlaşmamız vardır «ipək» adında,
Qalıb yüz-yüz dəvə yükün altında,
Acıqana qarşı çox-çox qancıl ol.
Mən Hindeli yandırmasam, yanaram,
Mən özümü bunca basıq sanaram,
Öc almasam Turq adımı danaram,
Acıqana qarşı çox-çox qancıl ol.
Bunu deyib Turq Quşatı səyirtdi,
Tunc dəmiri isti-isti döyərlər.
Yüz min toplum arxasınca yeridi,
Tunc dəmiri isti-isti döyərlər.
Turqun uca başraqları ucada,
– Öc almayın-dedi-qızdan, qocadan,
Boylanmayın hər qapıdan, bacadan,
Tunc dəmiri isti-isti döyərlər.
Yürüş etdi yüyürəklər, atlılar,
Hindel şahı dallarınca dartdılar,
Toplumları yara-yara artdılar,
Tunc dəmiri isti-isti döyərlər.
O uçurtdu şəhərləri, kəndləri,
Ürkdü fili, qaplanları, itləri,
İtkin düşdü qorxaqları, sərtləri,
Tunc dəmiri isti-isti döyərlər.
Böyük idi, iri Hindel torpağı,
İti idi Minellinin yarağı,
Sıxılırdı acıqanın qırtlağı,
Tunc dəmiri isti-isti döyərlər.
Yaşıl-yaşıl duru daşlar ovuğu,
Bər-bəzəyin iri qaşı yaşıldaş,
Burdan çox-çox ölkələrə yollanır,
Bər-bəzəyin iri qaşı yaşıldaş.
Meşəliklə örtülüdür yoxuşlar,
Qayalardan dağ döşündə qırışlar,
Üzə çıxır mərci-mərci bu daşlar,
Bər-bəzəyin iri qaşı yaşıldaş.
Turq dayandı bu ovuğun ağzında,
Yüz min toplum yerə çökdü azından,
Dincəldilər bu yerlərin yazında,
Bər-bəzəyin iri qaşı yaşıldaş.
Turq dedi ki: – Gəlirlidir bu ovuq,
Bura yiyə dura bilməz bir yoluq,
Bundan sonra Bacarındır bu qoruq,
Bər-bəzəyin iri qaşı yaşıldaş.
Üç yüz nəfər burda qalsın qorunc tək,
Gəlsin bura Sansi yeni yerinc tək,
Sağ, solunu kəssin qoca qılınc tək,
Bər-bəzəyin iri qaşı yaşıldaş.
Yaşıldaşlar ovuğunda ilk yerinc,
Dayanışın düzü, üzü, gözü çox.
Dünən elə, bu gün belə görünür,
Dayanışın düzü, üzü, gözü çox.
Dünən tutuq, bu gün yerinc olan var,
Dala qalır dayanışa uyanlar,
Ona birdir şaxta, külək, yağış, qar,
Dayanışın düzü, üzü, gözü çox.
Ondan bir daş aparan da olmayıb,
Dayanışca heç kəs yaşa dolmayıb,
Ona göz də ağardanlar qalmayıb,
Dayanışın düzü, üzü, gözü çox.
Gəzən, dözən tapıb onun gücünü,
Göz yaşıyla bağlayıbdır köçünü,
Tapıb onun çöl üzünü, içini,
Dayanışın düzü, üzü, gözü çox.
O dolanır, onla birgə dolan sən,
O bulandı, onla birgə bulan sən,
Onla yaşa, sonra ona quylan sən,
Dayanışın düzü, üzü, gözü çox.
Baş əymədi dayanışa böyük Turq,
Sevgi qalır, sevimli qız ölsə də.
Yuxusuna tez-tez Yanqu girirdi,
Sevgi qalır, sevimli qız ölsə də.
Otuz yaşa gəlib çatdı bilmədən,
Qaraqabaq oldu, üzü gülmədən,
İlk sevgisi yaşayırdı ölmədən,
Sevgi qalır, sevimli qız ölsə də.
Çuqçu ona doğma oylaq olmuşdu,
O, neçə il bu oylaqda qalmışdı,
Sevgisi tək saralmışdı, solmuşdu,
Sevgi qalır, sevimli qız ölsə də.
Turqız, Tanı, Tuncər, Günay duruxub,
«Görən niyə sevimli Turq soluxub»,
Göydə böyük tanrılar da karıxıb,
Sevgi qalır, sevimli qız ölsə də.
Yaşanmayıb sevgisindən ayrılar,
Bunu təkcə bilirdilər tanrılar,
Sevən ancaq sevgisilə durular,
Sevgi qalır, sevimli qız ölsə də.
Otuz yaşda itdi Turq öz içində,
Hər axtaran tapa bilməz özünü.
Üz qoymuşdu o, Çuqçuya, Çinçaya,
Hər axtaran tapa bilməz özünü.
Daşlar ilə, çaylar ilə danışdı,
Ovlaqlara, meşələrə qarışdı,
Küləklərin saçlarından yapışdı,
Hər axtaran tapa bilməz özünü.
Danışdırdı dilsiz gülən gölləri,
Göy düzlərdə yorğa çapan yelləri,
Yəhərlədi ilxı-ilxı çölləri,
Hər axtaran tapa bilməz özünü.
Gözəlliklər gördü, bir az kiridi,
Dedi «yoxsa gözəl Yanqu diridir?
Onda niyə çaylar, yollar əyridir?»
Hər axtaran tapa bilməz özünü.
–Tanrı, mənə yeni güc ver, dözüm ver,
Sağ qalıbsa sən Yanqunun özün ver,
Dayanışın məndən gizli üzün ver,
Hər axtaran tapa bilməz özünü.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ugurel-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çox çəkmədi Başevdəki toy-düyün,Pisin yaxşı, yaxşının pis günü var.
Hindellə döyüş söylənciÇapdı Bacar Hindel üstə inamla,İnam olsa, adam işdə yorulmaz.
Devdağ söylənciAncaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Tanrılarla görüş söylənciÇiçək açdı, bolluq oldu bu yerdə,Ölkə artar başçı yaxşı olanda.
Başqa şairlərin şeirləri
Ey yar vəfadarım,Didarına müştaqəm,
Genə gəldi bahar fəsliGenə gəldi bahar fəsliBülbül gəldi dadə, dadə,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Sirlər xəzinəsi, fəsil 40Dur, fələk büsatını yığışdırıb ver bada,İnanma, yoxdur vəfa çünki bu nərtaxtada.