Alpis söylənci
Bacar gəldi sonevinə Tuncayın,
Sonev üstə andın böyük gücü var.
O and içdi Yanquqıza, Tuncaya,
Sonev üstə andın böyük gücü var.
– Balalarım, -dedi-sizə var sözüm,
Mən taparam Yaman ilə Alpisi,
Qılınclaram qancılları mən özüm,
Sonev üstə andın böyük gücü var.
Yeraltını yerüstünə qataram,
Gedib bir gün Qızçiçəyə çataram,
Gəlib burda yeni dirrik tutaram,
Sonev üstə andın böyük gücü var.
İtiatım, Qızçiçəyim yanıbdır,
Ürəyimdə iki sevgi donubdur,
Könül quşum çöllüklərə qonubdur,
Sonev üstə andın böyük gücü var.
Hardasınız, Tuncərimlə Günayım?
Çatsın sizə Ağüzeldə harayım,
Yeniyetmə getdi igid Tuncayım,
Sonev üstə andın böyük gücü var.
Bacar gəldi Ağüzelə birbaşa,
Susqun olmaz igid oğul itirən.
Günay qara geyimdəydi hələ də,
Susqun olmaz igid oğul itirən.
Ata, ana, baba bunca susdular,
Ürəklərə susqun qulaq asdılar,
Boyunları çiyinlərə qısdılar,
Susqun olmaz igid oğul itirən.
Tuncər dedi: – Ata, torpaq anadır,
Tuncaya da ulu torpaq doğmadır,
Ondan qalan bircə dilsiz çağadır,
Susqun olmaz igid oğul itirən.
Günay susdu, yandı ana ürəyi,
Çəkdi onu susqun körpə bələyi,
Alçiçəkdi evin bircə dirəyi,
Susqun olmaz igid oğul itirən.
Bacar dedi: – Mən gedirəm Alt Yerə,
Gedib görüm Qızçiçəyi son kərə,
Yaşın verib, həm də mənə güc verər,
Susqun olmaz igid oğul itirən.
Bacar çapdı, beş ay yeri dolandı,
Yeraltı da Yerüstündən başlanır.
Qızçiçəyi Yer Altında taparmı,
Yeraltı da Yerüstündən başlanır.
Çox çağırdı, çox səslədi, «Qızçiçək»,
Aldı onu at belinə yel, külək,
Ancaq səsə səs vermədi dağ, çökək,
Yeraltı da Yerüstündən başlanır.
Ətək-ətək yaz gül-çiçək gətirdi,
Ağaclar da yumuq güllər yetirdi,
Torpaq arpa, buğda, mərci bitirdi,
Yeraltı da Yerüstündən başlanır.
O, güllərdən Qızçiçəyi soruşdu,
Yorğunluqdan söz ağzından sürüşdü,
Arıqladı, üzü-gözü qırışdı,
Yeraltı da Yerüstündən başlanır.
Dedi: – Gülüm, haradasan, harada,
Bu qədər yol nə deməkdir arada,
Mənə səs ver, haradasan oradan,
Yeraltı da Yerüstündən başlanır.
Birdən bir səs eşidildi yamacdan,
İtən sevgi, küsən könül gül açmaz.
– Qızçiçəyi Yeraltından qaçırtdın,
İtən sevgi, küsən könül gül açmaz.
Mən Alpisəm, ildırımlar tanrısı,
Yeraltının odlu acı, ağrısı,
Ölümlərin, yanğınların qurğusu,
İtən sevgi, küsən könül gül açmaz.
Biz sevgiyə güclə bata bilmədik,
Qızçiçəyin yandı, ancaq ölmədi,
Onu qovduq, yamanlıqdan silmədik,
İtən sevgi, küsən könül gül açmaz.
Onu daha görməyəcək gözlərin,
Gedib çatmır Yeraltına sözlərin.
Yerüstündə çiçək tutub yüzləri,
İtən sevgi, küsən könül gül açmaz.
Çox bağırma, Qızçiçəyi səsləmə,
O yamanlıq tanrısını gözləmə,
Ona daha yer sevgisi bəsləmə,
İtən sevgi, küsən könül gül açmaz.
Bacar dedi: – Səni bir yol basmışam,
Baş aparmaz orda, burda basılan.
Səni bir də vuruşmada basaram,
Baş aparmaz orda, burda basılan.
Mən Bacaram, qılıncbatmaz, oxbatmaz,
Sən yanğınsan, ağrı, sancı, yaramaz,
Səndən bir də şimşək olmaz, qor olmaz,
Baş aparmaz orda, burda basılan.
Mən azcana yaşlanmışam, düşmüşəm,
Yamanları bizucumla deşmişəm,
Yer Altında, Yer Üstündə bişmişəm,
Baş aparmaz orda, burda basılan.
Qızçiçəyi qaytar, dönsün yerinə,
Hayan olsun oğlu, qızı, ərinə,
Dönsün burda anaların birinə,
Baş aparmaz orda, burda basılan.
Mən Bacaram, səni bir də basaram,
Sonevini Yer Üstündə qazaram,
Pərçimlərəm, şiş qayadan asaram,
Baş aparmaz orda, burda basılan.
– Bacar, bunu bacarmazsan daha sən,
Basılacaq soy adına güvənən,
İtiatın, Qızçiçəyin daha yox,
Basılacaq soy adına güvənən.
Sənin yaşın qurtaracaq bu günlər,
Açılacaq yaşımında düyünlər,
Nə edəcək tanrılara ölgünlər,
Basılacaq soy adına güvənən.
Ahur-məzda Qızçiçəyə yaş verib,
Sənlə onun yaşamağın tuş görüb,
Yaşayarsan ondan qalmış boş yeri,
Basılacaq soy adına güvənən.
Yaşın bir az doğru, bir az yalandır,
Olacaqdan keçmiş acıq alandır,
Qalan yaşın Qızçiçəkdən qalandır,
Basılacaq soy adına güvənən.
Bu yaşın da bir gün başa çatacaq,
Sevgin, yaşın, könlün bir gün qartacaq,
Ölüm səni sonevinə atacaq,
Basılacaq soy adına güvənən.
Sən Qızçiçək yaşımını yaşarsan,
Ahur-məzda verir yaşı, yaşımı,
Öldürmərəm istəsən də səni mən,
Ahur-məzda verir yaşı, yaşımı.
Ölüm böyük qurtuluşdur İç üzə,
Yaşa, dayan ağrılarla üz-üzə,
Çevir qara gecələri gündüzə,
Ahur-məzda verir yaşı, yaşımı.
Yaşa ağrı, acıları bu sayaq,
Mən Yamanam, sən Yamana bir qonaq,
Gərək hər gün yaxşılardan öc alaq,
Ahur-məzda verir yaşı, yaşımı.
Mən ölüməm, mən şimşəyəm, mən Yaman,
Mən yanğınam, quraqlığam, mən yalan,
Öldürmərəm səni, yaşa, yavalan,
Ahur-məzda verir yaşı, yaşımı.
Ölüm səni acılardan qurtarar,
Yamanlığın dincliyində yatırar,
Qızçiçəyin sevgisinə çatdırar,
Ahur-məzda verir yaşı, yaşımı.
Bacar dedi: – Mən ölümdən qorxmuram,
Tanrı özü öldürəcək ölümü.
Onda ölüb yaşayacaq ölüm də,
Tanrı özü öldürəcək ölümü.
Ölüm böyük qurtuluşsa Alpisə,
Vuruşaram mən onunla üz-üzə,
Dönəmmərəm buruq çapaq ilbizə,
Tanrı özü öldürəcək ölümü.
Yaşlansam da, Alpis, yenə Bacaram,
Yeraltına yeni yollar açaram,
Çatıb bir də Qızçiçəyi qucaram,
Tanrı özü öldürəcək ölümü.
Ayrı düşdüm anam verən qanaddan,
Güc alaram bu yol eldən, elatdan,
Bir də səni öldürərəm Yeraltda,
Tanrı özü öldürəcək ölümü.
Öldürsəm də səni, yenə ölməzsən,
Sən Yamansan, yaxşılığa gəlməzsən.
Sevgi nədir, onu duyub bilməzsən,
Tanrı özü öldürəcək ölümü.
Alpis çəkdi qından şimşək qılıncı,
Ağır gündə qorxaq adam tez ölür.
Bacar ölüm tanrısından qorxmadı,
Ağır gündə qorxaq adam tez ölür.
Bacar onla bir az ara saxladı,
Ayağına quru ağac bağladı,
Şimşəklərin yer çəkimi laxladı,
Ağır gündə qorxaq adam tez ölür.
Şimşək qılınc qalxdı, endi, parladı,
Alpis onu başı üstə fırladı,
Qorxusundan ağ buludlar gurladı,
Ağır gündə qorxaq adam tez ölür.
Oxa tutdu Bacar onu, saymadı,
Şimşəkləri yaxınına qoymadı,
O, ölümün oyununa uymadı,
Ağır gündə qorxaq adam tez ölür.
Tuşlanc etdi o, Alpisin atını,
Bir çəkimdə atdı oxun dördünü,
Yaraladı sağrısını, ordunu,
Ağır gündə qorxaq adam tez ölür.
Yerə gəldi Şimşək atın dizləri,
Ox şimşəyə dönür iti uçanda.
Qırıb tökdü göydə şimşək ipləri,
Ox şimşəyə dönür iti uçanda.
Alpis tanrı, yamanlığın tanrısı,
Yerüstünün qanlı acı, ağrısı,
Gözəlliyin, yaşımların oğrusu,
Ox şimşəyə dönür iti uçanda.
Qılıncları ağızlaşdı, yalaşdı,
Tunc qalxanlar ac qurd kimi ulaşdı
Toppuz səsi dörd bir yanı dolaşdı,
Ox şimşəyə dönür iti uçanda.
Qılınc gələn şimşəkləri doğradı,
Basar Alpis basıqlığa uğradı,
Qolu, qıçı, köksü sancıb ağrıdı,
Ox şimşəyə dönür iti uçanda.
Dedi, bu güc hardan gəlir Bacara,
Bunu bilsəm, çox düyünü açaram,
Mən Bacara ordan alov saçaram,
Ox şimşəyə dönür iti uçanda.
Alpis dedi: – Sən güclüsən, görürəm,
Tanrı ölür ancaq üç yol öləndə,
Bir yol məni sən öldürdün Yeraltda,
Tanrı ölür ancaq üç yol öləndə.
Bacar onu vurdu oxla uzaqdan,
Dəydi yerə Alpis, düşdü ayaqdan,
Toppuz onu yastılatdı torpaqda,
Tanrı ölür ancaq üç yol öləndə.
Göyün üzü, yerin üstü dəyişdi,
Ağ buludlar eşələndi, qarışdı,
Alpis tanrı öz qoruna bələşdi,
Tanrı ölür ancaq üç yol öləndə.
Bir səs gəldi uzaq, çox-çox uzaqdan,
Bu səs sanki ucalırdı torpaqdan,
Titrəyirdi bu səs titrək dodaqda,
Tanrı ölür ancaq üç yol öləndə.
Dağa-daşa bu səs tanış gəlirdi,
Bu kim idi, bunu Tanrı bilirdi,
Alpis-ölüm yavaş-yavaş ölürdü,
Tanrı ölür ancaq üç yol öləndə.
Bu səs gözəl Qızçiçəyin səsiydi,
Güclüdən də güclü olur acıqlı,
«-Sən Alpisi acığınla öldürdün,
Güclüdən də güclü olur acıqlı.
Doğma ərim, igid ərən sevgilim,
Qabağında hər gün yüz yol əyilim,
Sənə görə mən olmuşam ikili,
Güclüdən də güclü olur acıqlı.
Mən yansam da sevgim qaldı, yanmadı,
Sevgi nədir, Alpis bunu qanmadı,
Yerüstündə çoxu məni anmadı,
Güclüdən də güclü olur acıqlı.
On il keçib, indi məni gəzirsən,
Ayrılığa on il necə dözübsən,
Dedim, məndən sən əlini üzübsən,
Güclüdən də güclü olur acıqlı.
Gözləyirəm, yamanları itir, gəl,
Qarçiçəklə Tuncərimi götür, gəl,
Sözlərimi el-obaya yetir, gəl,
Güclüdən də güclü olur acıqlı».
Bacar susdu, Qızçiçəyi dinlədi,
Ürək çəkir söz ürəkdən gələndə.
Necə gözəl, necə tutqun səs idi,
Ürək çəkir söz ürəkdən gələndə.
– Necə sənə çatım, gözəl başbirim?
Bir də səni harda, necə mən görüm?
Tanrı mənə dözüm deyil, güc verib,
Ürək çəkir söz ürəkdən gələndə.
Ahay, ahay, haradasan, Qızçiçək,
Niyə səsin həm tutqundur, həm titrək,
Bacar qorxur səni bir də itirə,
Ürək çəkir söz ürəkdən gələndə.
Çapıb, gözəl, gəlib sənə çataram,
Yeraltını Yerüstünə qataram,
Baş qoyaram, dizin üstə yataram,
Ürək çəkir söz ürəkdən gələndə.
Mən sənsizəm, yerim-göyüm dar olub,
Paltarlarım, içim dolu qor olub,
Qocalmışam, saç-saqqalım qar olub,
Ürək çəkir söz ürəkdən gələndə.
İkiləşib əzəl gündən dolanış,
Nə görürsən, nə duyursan ikili.
Bir var içrə ikicə ad vuruşur,
Nə görürsən, nə duyursan ikili.
«Hə», «yox» sənin öz içində dolaşır,
Gah didişir səndə, gah da yalaşır,
Bir an içrə barışaraq dalaşır,
Gördüklərin, duyduqların ikili.
«Hə», «yox» böyük axtarışdır, tapıntı,
Hər dillidə tikintidir, qazıntı,
Coşqunluqdur, susqunluqdur, sarsıntı,
Gördüklərin, duyduqların ikili.
«Hə», «yox» nədir, hər adamın içidir,
Bu, hər şeydə, hər varlıqda biçidir,
Yaşayışa, düşüncəyə ölçüdür,
Gördüklərin, duyduqların ikili.
Hamı bunca iki adlı olubdur,
Varlığına ikililik dolubdur.
Yaranışdan o, ikili qalıbdır,
Gördüklərin, duyduqların ikili.
Bacar şimşək qılıncını götürdü,
Basdığının nəyi varsa sənindir.
Atın yəhər-yüyənini bağladı,
Basdığının nəyi varsa sənindir.
Bacar oldu Şimşəkqılınc, Şimşəkat,
Yenə oldu qılıncbatmaz, quşqanad,
Görüb ona «Sağ ol» dedi el, elat,
Basdığının nəyi varsa sənindir.
O gəncləşdi, artdı yaşı, yaşımı,
Bu basarlıq çox çoxaltdı yaşını,
Görən oldu çox qabağı, qarşını,
Basdığının nəyi varsa sənindir.
Hamı dedi, öz adını aşıbsan,
Neçə yaşı bir yaşıma qoşubsan,
Buna görə calan-calan daşıbsan,
Basdığının nəyi varsa sənindir.
Çapdı getdi Alçiçəyi görməyə,
Nəyi varsa balasına verməyə,
Əkbitəndə onla ağgün sürməyə,
Basdığının nəyi varsa sənindir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-alpis-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağüzeldə çörəkçilər dedilər,– Çörək üstə yüksəlibdir yaşayış,
Onçu oğlu Cumər söylənciTanı şahın səsləncləri gurladı,Alınyazı gənc şahlara yatımdır.
Muğel söylənciTuncər gəlib Uğurelə çatmışdı,Dinclik duyur son ayaqda yol gələn,
Tanrievi söylənciTuncay qatdı başlarını onların,Uşaq evdə ağlar, gülər, baş qatar.
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
GəldiƏvvəl, əvvəl bu dünyaya,Adəm ata, həva gəldi.