Ağüzeldə çörəkçilər dedilər,
– Çörək üstə yüksəlibdir yaşayış,
Şahla yerinc yaxşı bilir, Başev yox,
Çörək üstə yüksəlibdir yaşayış.

Orda, burda qan axıtmaq nə yoldur?
Kim ki, taxıl əkir, biçir, oğuldur.
İşləməyən yağ içində bir qıldır,
Çörək üstə yüksəlibdir yaşayış.

Qoy girişsin hamı işin bərkinə,
Ot çalmağa, bir də əkin-biçinə,
Tanrı bunu qoyub dirrik kökünə,
Çörək üstə yüksəlibdir yaşayış.

Bolluq olsa iti olar yaraq da,
Sağ ol deyər gəlib-gedən qonaq da,
Əl götürün qan-qadadan, yaraqdan,
Çörək üstə yüksəlibdir yaşayış.


– Sərtüz bunu özü belə söyləyib,
Davranışı dadlandıran əməkdir.
Qoy yer əksin, mal becərsin onçular,
Davranışı dadlandıran əməkdir.

Qoy əl tutsun elə cümər onçular,
Əltut ilə ucalmışdır Mindiyar,
Vuruşmağa, cümərliyə Minel var,
Davranışı dadlandıran əməkdir.

Öyüdümüz Tanıyadır, cümərə,
Bel vurulsun, dərin-dərin şum yerə,
Taxıl-arpa əri olsun qoy hərə,
Davranışı dadlandıran əməkdir.

Ora cummaq, bura cummaq nə gərək?
El-obaya dirrik verir duz, çörək,
Yağış yağdı, çıxdı yersiz göbələk,
Davranışı dadlandıran əməkdir.


– Başev bizə gərək deyil, onçular,
Şahlıq qanlı vuruşlarla diridir.
Manay, Tuncər, Günay, Tanı qoy olsun,
Şahlıq qanlı vuruşlarla diridir.

Şah nə edər taxıl, arpa qurtarsa,
Acıqanlar üstümüzə yortarsa,
Qırılacaq dilli, dilsiz nə varsa,
Şahlıq qanlı vuruşlarla diridir.

Biz deyirik, götür beli, kətməni,
Yaşa, yaşat bu torpaqda bitəni,
Yedirt, doyurt hər bir yoldan ötəni,
Şahlıq qanlı vuruşlarla diridir.

Biz deyirik, boş-boş gəzən onçular,
Başraq yer yox, çörək üstə taxılar.
Yerə qoyun qılıncları, qancıllar,
Şahlıq qanlı vuruşlarla diridir.


Bu sözləri söyləyirdi baş Ağüz,
Söz söyləyən gərək dursun sözündə,
Saxlancları taxıl ilə doluydu,
Söz söyləyən gərək dursun sözündə.

Baş Ağüzün şumu, əkin-biçini,
Ot, taxıl, süd göstərirdi ölçünü.
Bu üçlüklə o qurmuşdu içini,
Söz söyləyən gərək dursun sözündə.

O, yoxsulu gəzər, tapar, tez görər,
Kimin əli aşağıydı, bir kərə,
Borc verirdi, əl tuturdu ərlərə,
Söz söyləyən gərək dursun sözündə.

Əl tuturdu başsız, ərsiz qalana,
Yer verirdi yersiz, yurdsuz olana,
Qoymayırdı arada su bulana,
Söz söyləyən gərək dursun sözündə.


Sevməyirdi onu çoxu Başevdə,
Başev sözü keçənlərdən çəkinir.
Şah baxırdı əkinçinin əlinə,
Başev sözü keçənlərdən çəkinir.

O, Ağüzə şeşələnib dururdu,
Hərdən onu vergi ilə vururdu,
Ağüz işi çörək üstə qururdu,
Başev sözü keçənlərdən çəkinir.

– Yerlərimiz Misireldən Çinelə,
Qoşaboğaz, Buzboğaz da, bax, belə,
Saymayıram Tureli də mən hələ,
Başev sözü keçənlərdən çəkinir.

Böyük şahlıq tez dağılar, görmüşük,
Kiçik olsa çox yaşayar ev-eşik,
Qorunc istər, qayğı istər hər beşik,
Başev sözü keçənlərdən çəkinir.


Tuncər hərdən söyləyirdi Ağüzə,
– Yeri-yurdu qoruyan da gərəkdir.
Acıqanlar gəlib soyur, aparır,
Yeri-yurdu qoruyan da gərəkdir.

Hindel, Çinel, Asurelin yürüşü,
Qoy mənciyəz bunu səndən soruşum,
Çörəkçinin buna çatar duruşu?
Yeri-yurdu qoruyan da gərəkdir.

Hər ölkənin, hər ulusun öz adı,
Ağüzelli saxlanclarda bərk yatıb,
O, çörəyə duz yerinə qan qatır,
Yeri-yurdu qoruyan da gərəkdir.

Gedək, öncə Əhriməni gəbərdək,
Doğru yolda ölənləri dəbərdək,
Yabançını ölkəmizdən süpürdək,
Yeri-yurdu qoruyan da gərəkdir.


Tuncər dedi: – Ağüz yaman qabadır,
Şah olmasa kim çörəyi qoruyar?
Siz əkinçi, malotaran, biz qorunc,
Şah olmasa kim çörəyi qoruyar?

Çörəkçinin hay-həşiri duyulur,
Bu hay-həşir Mindiyara yayılır,
Şah pislənir, gülünc yerə qoyulur,
Şah olmasa kim çörəyi qoruyar.

Yetər daha çörəkçilər həşiri,
Bu həşirlər çox sarsıntı gətirir.
Taxıl deyil, onlar acıq bitirir,
Şah olmasa kim çörəyi qoruyar?

Əzin acıq yayan yırtıq ağızı,
Başlarına bərk endirin toppuzu.
Kəsin yolun dağdan gələn ağ duzun,
Şah olmasa kim çörəyi qoruyar?


Çörəkçilər göstərişi saymadı,
Taxıl, çörək, arpa şahdır, tanrıdır.
Biz olmasaq Başev bütün ac qalar,
Taxıl, çörək, arpa şahdır, tanrıdır.

Əkbitəndən gedən toplum yol aldı,
Taxıl qaldı biçilməmiş, qaraldı,
Duz, kömürün gələn yolu daraldı,
Taxıl, çörək, arpa şahdır, tanrıdır.

Ağüzeldə üç gün çörək yox oldu,
Dördüncü gün aclıq artdı, ağ oldu,
Bu, Başevə, Tuncər şaha dağ oldu,
Taxıl, çörək, arpa şahdır, tanrıdır.

Çörəkçilər göz ağartdı topluma,
Sıralanıb dayandılar duruma,
Bu çəkişmə çəkdi bir ay yarıma,
Taxıl, çörək, arpa şahdır, tanrıdır.


Çoxu getdi, onçulara qoşuldu,
Yol seçməyən sonda yolsuz qalacaq,
Araladı onlar iki qardaşı,
Yol seçməyən sonda yolsuz qalacaq.

Vuruşlarda çörəkçilər əzildi,
Ağüzeldə qatı acıq sezildi,
Tuncər şahdan muraz əli üzüldü,
Yol seçməyən sonda yolsuz qalacaq.

İş açmadı öyüd, çıxış, yığıncaq,
Çörəkçilər od vurdular saxlanca,
Qan-qan deyə əl atdılar qılınca,
Yol seçməyən sonda yolsuz qalacaq.

Onçularla çörəkçilər birləşdi,
Döyüş-vuruş hay-həşiri gurlaşdı,
El bölündü neçə yerə, cırlaşdı,
Yol seçməyən sonda yolsuz qalacaq.


Üzləşdilər, sözləşdilər, daşdılar,
Doğmacalar qatı söyüş verəndir,
Didişdilər, çarpışdılar neçə gün,
Doğmacalar qatı söyüş verəndir.

Yaxınına pis söz deyən odlanar,
Utancağın beli bundan qatlanar,
Biri belə, biri elə adlanar,
Doğmacalar qatı söyüş verəndir.

Tanı dedi: – Yırtıcıdır Ağüzel,
Mənə qarşı yalan yayır anamgil,
Tanı daha Manayçıdır, şah deyil,
Doğmacalar qatı söyüş verəndir.

Tanı dedi: – Mən bu yerdən köçürəm,
Ağüzeldən qıraq bir yer seçirəm,
Mən şahlıqdan, mən Başevdən keçirəm,
Doğmacalar qatı söyüş verəndir.


Tanılandı çörəkçilər, onçular,
Hər birləşən kimdən isə ayrılır.
Neçə yüz ev at, qatıra yükləndi,
Hər birləşən kimdən isə ayrılır.

Üz tutdular yeləsənə küsənlər,
Ağüzeldən əllərini üzənlər,
Şahlıq ilə Əkbitəndən bezənlər,
Hər birləşən kimdən isə ayrılır.

Köç, altı gün yol gəlirsən, bir dayan,
Odur Duzdağ, keç Arazı bu taya,
Gəmiqaya, Motalqaya, Ağqaya,
Hər birləşən kimdən isə ayrılır.

Nuhçatandır bura, Nuha qonaq ol,
Qonaq deyil, bu yerlərə dayaq ol,
Bura gəldin, çəkişmədən qıraq ol
Hər birləşən kimdən isə ayrılır.


Bir kənd salıb ad qoydular, Nuhçatan
Ağır olur uyğunlaşmaq, uyuşmaq,
Yüz addımda böyük Duzdağ kahası,
Ağır olur uyğunlaşmaq, uyuşmaq.

Onlar gəzib neçə bulaq gördülər,
Bulaqlara qız adları verdilər,
Meşələrdən alma, ərik dərdilər,
Ağır olur uyğunlaşmaq, uyuşmaq.

Onçulara göllər güzgü tutsa da,
Yaşıl yallar ürəklərə yatsa da,
Gündən-günə bura sevgi artsa da,
Ağır olur uyğunlaşmaq, uyuşmaq.

Çörəkçilər yer seçdilər əkinə,
Duzdağ yönə, üzü yelə, dikinə,
Onçularsa mindi atın belinə,
Ağır olur uyğunlaşmaq, uyuşmaq.


Yer yanıqdır, göl soyuqdur, daş sınıq,
Gün oynayan yerdə yerlər al olur.
Çökəklərdə qantəpərdir, qançiçək,
Gün oynayan yerdə yerlər al olur.

Nuhçatanın ətəyinə çatdılar,
Suqırağa köçlərini atdılar,
Beş gün onlar oyanmadan yatdılar,
Gün oynayan yerdə yerlər al olur.

Arpa əkdi çayqırağı enişdə,
Arpa çayı qızıllandı günəşdən,
Saçaq qızıl, saplaqları gümüşdən,
Gün oynayan yerdə yerlər al olur.

Tikanlıqlar əl-qol atıb yayılıb,
Seldən, sudan çay yarğanla yuyulub,
Dağlar burda yallı gedib bayılıb,
Gün oynayan yerdə yerlər al olur.


Çox küsənlər, barışanlar bilirlər,
Barışığa getmək ürək istəyir,
Küsülülər utanırlar gizlidə,
Barışığa getmək ürək istəyir.

Sevgi tez-tez bizi çəkir sınağa,
Küsü dönür şumarası alağa,
Sarı çillər qonur gül-gül yanağa,
Barışığa getmək ürək istəyir.

Küsü gizli sızıldayan qız, gəlin,
Vardır min-min küsülüsü hər ilin,
Çox da odur kallaşdıran bir eli,
Barışığa getmək ürək istəyir.

Uşaqlaşır doğmasından dönənlər,
Xırdalaşır üstünlüyü güdənlər,
Böyükləşir barışığa gedənlər,
Barışığa getmək ürək istəyir.


İlk addımı on il atan olmadı,
Görüşməsən ara bağlar boşalar.
Yadırğadı yavaş-yavaş küsənlər,
Görüşməsən ara bağlar boşalar.

Ağüzeldən, Əkbitəndən qıraqda,
Ayrılaraq bir köç yaşar uzaqda,
Dağlar içi, al boyalı torpaqda,
Görüşməsən ara bağlar boşalar.

Çörəkçinin sallanmışdı mırsığı,
Tutqun idi, soyuq idi qılığı,
Göynəyirdi ürəyinin sınığı,
Görüşməsən ara bağlar boşalar.

Çörəkçini Tanı dilə tuturdu,
Ağrıları günü-gündən artırdı,
Səssizlikdən qulaqları batırdı,
Görüşməsən ara bağlar boşalar.


Çörəkçilər var-yoxundan olmuşdu,
Var hamıyçın ana olan torpaqdır,
Döşənmişdi əkilməmiş yerlərə,
Var hamıyçın ana olan torpaqdır.

Qış şumuyla yaz əkini gedirdi,
İllər belə baş qatmaqla ötürdü,
Ağüzeldə acıq sönüb itirdi,
Var hamıyçın ana olan torpaqdır.

Acıq dönüb daha istək olurdu,
Hamı gizli göz yaşını silirdi,
Ağüzeli ana yurdu bilirdi,
Var hamıyçın ana olan torpaqdır.

Taxıl idi burda ürək oxşayan,
Tarla-tarla yığıb evə daşıyan,
Bu çörəyin bolluğuyla yaşayan,
Var hamıyçın ana olan torpaqdır.


Tanı gördü Turqız üçün darıxır,
Oğlanla qız bağlaşması uludur.
Demişdilər, tez-tez burda görüşək,
Oğlanla qız bağlaşması uludur.

Tanı ana sıxıntısı çəkirdi,
Gizli-gizli o, göz yaşı tökürdü,
"Manay" sözü ürəyini sökürdü,
Oğlanla qız bağlaşması uludur.

Təkcə Turqız ona toxdaq olmuşdu,
O, Qızbaldan ana öcü almışdı,
Ürəyinə yanğı, sevgi dolmuşdu,
Oğlanla qız bağlaşması uludur.

Tələsirdi Turqızını görməyə,
Ürəyini o gözələ verməyə,
Yanağından qançiçəyi dərməyə,
Oğlanla qız bağlaşması uludur.


Bir gün Tanı ov adıyla yox oldu,
Daş da olsan yumuşaldar qız səni,
Altı günə Turel yurda çatdı o,
Daş da olsan yumuşaldar qız səni.

İki ürək, iki istək qovuşdu,
Ayrılığın acıları sovuşdu,
Gözlərində toy istəyi sayrışdı,
Daş da olsan yumuşaldar qız səni.

Turel yurdda hamı bunca sevindi,
Tanı ilə doğma kimi öyündü,
Ürəkləri Tanı ilə döyündü,
Daş da olsan yumuşaldar qız səni.

Tanı gəldi, doğmalaşdı bu elə,
Verdi hamı hər bir işdə əl-ələ,
Qaldı burda Tanı qonaq, bax, belə,
Daş da olsan yumuşaldar qız səni.


Turqız dedi: – Sənsən ölkə başçısı,
Göz tək qoru nə qalıbsa anadan.
Sən gəl otur şahlığında, uca ol,
Göz tək qoru nə qalıbsa anadan.

Mən də sənə öndər olum, sevgilim,
Başevini dirriyimə ev bilim,
Bir də sənin Başevində ev gülü,
Göz tək qoru nə qalıbsa anadan.

Bir gün Manay gəldi mənim yuxuma,
Dedi göz ol mənim gözəl oğluma,
Üstün elə çoxlarının çoxuna,
Göz tək qoru nə qalıbsa anadan.

Dedi: “Tanı Mindiyara şah olsun,
Bu ölkədə Üstüağ tək sayılsın,
Adı-sanı ölkələrə yayılsın,
Göz tək qoru nə qalıbsan anadan".


Turqız dedi, Tanı birdən ağladı,
Ölsə belə, ana yenə anadır.
Gözlərindən ağrı-acı töküldü,
Ölsə belə, ana yenə anadır.

Gəldi durdu Manay gözü önündə,
Necə idisə, son üzləşmə günündə,
Gözəl işıq yuyuq tanrı yönündə,
Ölsə belə, ana yenə anadır.

Dedi, oğlum, Turqız doğru söyləyir,
Anan sənə böyük şahlıq diləyir,
Mənim könlüm sənin üçün mələyir,
Ölsə belə, ana yenə anadır.

Tanı dedi: – Ana, məni bağışla,
Turqız ilə sevgimizi alqışla,
Qoy oğlumdan uzaq olsun qarğışlar,
Ölsə belə, ana yenə anadır.


Manay dedi, gözəl oğlum, Tanı şah,
Ən ağır iş şah olmaqdır ölkədə,
Görəcəksən sıxıntını, ağrını,
Ən ağır iş şah olmaqdır ölkədə.

Qoru bütün Mindiyarı gücünlə,
Malçılıqla, geniş əkin-biçinlə,
Sözü, yolu ölç yüz kərə ölçünlə,
Ən ağır iş şah olmaqdır ölkədə.

Tanı dedi: – Sən deyən tək yaşaram,
Ana, sənə sevgim ilə daşaram,
Ölkəm üçün dağlar-daşlar aşaram,
Ən ağır iş şah olmaqdır ölkədə.

Manay getdi, gözdən itdi, çəkildi,
Gedişilə al dan yeri söküldü,
Gənc Tanının gözündən yaş töküldü,
Ən ağır iş şah olmaqdır ölkədə.


Tanı gəldi Əkbitənə, şah oldu,
Ayrı olur davranışı hər yaşın.
O, azcana yar-yatımlı olmuşdu,
Ayrı olur davranışı hər yaşın.

İlk gündən də "Ağüz" deyib bağırdı,
Onçuları öz yanına çağırdı,
Ağüzeldən susuz çamır, yoğurdu,
Ayrı olur davranışı hər yaşın.

Turqız dedi: – Ağüzeli küyləmə,
Dallarınca artıq-əskik söyləmə,
Yaxşısını qovub incik eləmə,
Ayrı olur davranışı hər yaşın.

Onlar səni şah görməklə öyünür,
Ürəkləri Manay ilə döyünür,
İndi sənin gözlərindən yayınır,
Ayrı olur davranışı hər yaşın.


Tuncər, Günay, Alpan dedi bunları,
Baş əyəsən gərək hamı deyənə,
– Ağüzeli dilə tutub yovuşdur,
Baş əyəsən gərək hamı deyənə.

– Çinel bizə yenə bərk diş qıcıdır,
Hindelin də sözü, gözü acıdır,
Şeşələnir onlar, sanki qoçudur,
Baş əyəsən gərək hamı deyənə.

– Uğurelə yardım gərək tezliklə,
Toplum şişər qoyularsa çox dincə,
Başevlərdən uzaq olsun əyləncə,
Baş əyəsən gərək hamı deyənə.

– Sən özünü ən görkəmli önər say,
Yeləsəndən yelçəkənə yazı yay,
Sayıq olsun hər yaraqlı, hər alay,
Baş əyəsən gərək hamı deyənə.


Tuncər özü Uğurelə yollandı,
Ağır işi üzüyola götürər.
Bacar bir az qocalmışdı, bükükdü,
Ağır işi üzüyola götürər.

Qarşıladı gəlinini Qızçiçək,
Kövrəlmişdi oğlu üçün ağbirçək,
Bacar çıxdı önlərinə sevincək,
Ağır işi üzüyola götürər.

Yada saldı Üstüağı, Manayı,
O oxşadı gözü yaşlı Günayı,
Dedi, Günay Mindiyara yarıyıb,
Ağır işi üzüyola götürər.

Günay, Tuncər Uğureldə qaldılar,
On ay sonra ata, ana oldular,
Onlar qalıb burda yuva saldılar,
Ağır işi üzüyola götürər.

III BÖLÜM

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri