Böyük Minel, Mindiyarda hər axşam,
Bu söylənci söyləyirdi şamanlar.
El içində, toyda, yasda ucadan
Bu söylənci söyləyirdi şamanlar.

İşdayağın əldə batman qılıncı,
Tükənməzdir gümüş, qızıl saxlançı,
O itirib öz-özünə inancı,
Bu söylənci söyləyirdi şamanlar.

Əli açıq, başı uca, üzü ağ,
Dəmir geyim, dəri çəkmə, tük papaq,
Əyrilikdən xırdalıqdan çox uzaq,
Bu söylənci söyləyirdi şamanlar.


Onu hər gün yasaq salır özündən,
Suyabaxan, yuxuyozan, cinqovan.
Ulduzlarla danışırlar, deyirlər
Suyabaxan, yuxuyozan, cinqovan.

Görgör onun gözlərində qaradır,
Balasından könlü başı yaradır,
İnamında inamsızlıq yaradıb
Suyabaxan, yuxuyozan, cinqovan.

Görüm açıb bu görgördə bacadan,
Minellinin başı uca ucadan,
Nə istəyir baş yeyənlər qocadan,
Suyabaxan, yuxuyozan, cinqovan.


O ölkəni çıxarmaq üçün döyüşdən,
Hər ölkədən bir qız alıb gətirdi.
Qanı, öcü yuyaq dedi büsbütün,
Hər ölkədən bir qız alıb gətirdi.

Gündoğanda, günbatanda yer boyu
Minellinin bacarını min yayıb,
Leləsəndə, yelçəkəndə ad qoyub
Hər ölkədən bir qız alıb gətirdi.

Düzər, Yüzər, Qızbax yurdu bir oldu,
Acıqanın qanlı gözü kor oldu,
Dar ürəyə görgör özü dar oldu,
Hər ölkədən bir qız alıb gətirdi.


Çin qızının incə üzü var idi,
Şah sevirdi bu gözəli ürəkdən.
Balasq qızı təpəliydi, ağırdı,
Şah sevirdi bu gözəli ürəkdən.

Gündoğandan gələn gəlin gözəldi,
Əkbitənə, şaha dodaq büzəndi,
Çox günləri günbatanda gəzərdi,
Şah sevirdi bu gözəli ürəkdən.

Hind qızının oynaqlığı, oyunu,
Rum qızının qaşlarının yayını,
Misirlinnn dimdik hündür boyunu,
Şah sevirdi bu gözəli ürəkdən,


Qoca daha inanmırdı özünə,
Qocaların kövrək olur inancı.
İnansa da rəmlatana, falçıya,
Qocaların kövrək olur inancı.

İşdayaqın sevən yaşı ötmüşdü,
O qıvraqlıq, döyüşkənlik getmişdi,
Onda anıq, inam daha itmişdi,
Qocaların kövrək olur inancı.

Gecə-gündüz şahlığını öyürdü,
Oğul deyib dizlərini döyürdü,
İnamını inamsızlıq yeyirdi.
Qocaların kövrək olur inancı.


Qoca kimdir, əyər bilmək istəsən,
Kim gülmədi, sevinmədi qocadır.
Lap on yaşı, otuz yaşı olsa da
Kim gülmədi, sevinmədi qocadır.

Diz qatdanır, qocalmayır baş, beyin,
Qocalığın yol yoldaşı yaş deyil,
Hamı deyir, ölkə deyir, el deyir,
Kim gülmədi, sevinmədi qocadır.

Ağır gəzir, çünki başı doludur,
Hər addımda ürəyinin quludur,
Ocaq ulu, qoca ondan uludur,
Kim gülmədi, sevinmədi qocadır.


İnam gücə taybir olan duruşdur,
Gücün olmaz inamını itirsən.
Hər döyüşə odur səni aparan,
Gücün olmaz inamını itirsən.

İnamsızın üzü gülməz doyunca,
Vel-vel gəzər çətinliklər boyunca,
Gah bu eldə, gah o eldə oyuncaq,
Gücün olmaz inamını itirsən.

İnam uzaq istəklərə minikdir,
İti gözdür, düşüncədir, bilikdir.
İnamsızlar çətin işdə dönükdur.
Gücün olmaz inamını itirsən.


Yığışırdı dörd yanına yozanlar,
Şahın təzə yuxusunu yozurdu.
Başevdəki inanılmış adamlar
Şahın təzə yuxusunu yozurdu.

Başev dolub boşalırdı qonaqla.
Gəlib gedir qayğı ilə, soraqla.
Hərə bir söz, bir istəklə, soraqla,
Şahın təzə yuxusunu yozurdu.

Başev bütün ölkə üçün uluydu,
O falçıyla, rəmlatanla doluydu,
Cinqovanlar onun sağı, soluydu,
Şahın təzə yuxusunu yozurdu.


İşdayaq şah ölkələrdən öc alır.
Saxlancında qızıl aşıb daşırdı.
Gətirilən çox dəyərli bağışlar,
Saxlancında qızıl aşıb daşırdı.

Qızıl küplər, gümüş qablar, çiraqlar,
Sudaşından muncuqlanan qolbaqlar,
Mərmərdəndir, qızıldandır suvaqlar,
Saxlancında qızıl aşıb daşırdı.

İpək qotaz sallamalar yaraşıq,
Durudaşla bəzədilən qab-qaşıq,
Yeddi boya göyqurşağı qarışıq,
Saxlancında qızıl aşıb daşırdı.


Gələn baxır Əkbitənə sevinir,
Göz oxşayır yurdun axar-baxarı.
Dağı-daşı yamacları yamyaşıl,
Göz oxşayır yurdun axar-baxarı.

İlxıları bulud-bulud otlaqda,
Naxırları yer qoymayıb qışlaqda,
Sürüləri dalğa vurur yaylaqda
Göz oxşayır yurdun axar-baxarı.

Toy eləyir günəş hər gün bu düzdə
Hər çiçəyi bir boyada, bir üzdə.
Tanrı qoru bu ölkəni pis gözdən,
Göz oxşayır yurdun axar-baxarı.


Yada salıb gizli-gizli əriyir,
Yuxusunu yozanların sözünü,
Hər gün götür-qoy eləyir, düşünür,
Yuxusunu yozanların sözünü.

Hərdən-birdən öz-özünü danlayır,
İnamsızlıq boşluğunu anlayır,
Yuxularda görüb tez-tez yanlayır
Yuxusunu yozanların sözünü.

Bu nə işdir öz başına gətirib,
Yaxınını uzaqlara ötürüb,
Niyə qovub. niyə atıb, itirib
Yuxusunu yozanların sözünü.


"-Turər ata-anasını unudub,
Turbax nənə gözü yolda keçinib.
Gücər deyib, Turər deyib, Bax deyib
Turbax nənə gözü yolda keçinib.

Buna görə tanrım, məni qınama,
Mən də əgər baxmamışam anama,
Pis üz göstər bu inamsız inama.
Turbax nənə gözü yolda keçinib.

Mən də qoca illərimi yaşaram,
Boş qazanam, susuz, dənsiz daşaram,
Yuxuları yuxulara qoşaram,
Turbax nənə gözü yolda keçinib.


Tanrım, mənə yaxın dayan, əl uzat,
Şahlıq verdin, indi mənə inam ver.
Şahlıq nədir, aldanmaqdır, aldatmaq,
Şahlıq verdin, indi mənə inam ver.

Par-parıltı öz yerində yaxşıdır,
Saxlanclarım sanki mənə qarşıdır,
Təkcə inam yaxşıların başıdır,
Şahlıq verdin, indi mənə inam ver.

Tanrım, əl tut, gedim yolu düzünə,
Mən inanım öz balama, özümə,
İnanmayım yuxuyozan sözünə
Şahlıq verdin, indi mənə inam ver".


İnamsızlıq yedi onu, saraltdı,
Uzaqlaşdı yaxınları Başevdən,
İnanmadı öz qızına şah kimi,
Uzaqlaşdı yaxınları Başevdən.

İnamsızlıq düzlükləri addayar,
Qan gətirər, lov səpələr ortaya,
Qız balası yad kəsildi ataya,
Uzaqlaşdı yaxınları Başevdən.

Nə başbilən, nə bilikli, nə qanmaz,
İnamsızlıq qabağında dayanmaz,
Belələri tanrıya da inanmaz.
Uzqlaşdı yaxınları Başevdən.


İşdayaq şah vurnuxurdu özüylə,
Qorxusundan danışan yox, dinən yox.
O, bu sayaq gəmirirdi içini,
Qorxusundan danışan yox, dinən yox.

Soyuq idi ona yaxın gələnə,
Gəlib onun iç üzünü bilənə.
Göstərişlə yaşamayıb ölənə,
Qorxusundan danışan yox, dinən yox.

İnamsızlıq çəkər səni təkliyə,
Pıçıltıya qulağını şəkləyər,
Kimdir onu Turər kimi bəkləyən,
Qorxusundan danışan yox, dinən yox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri