Tanı susub anasını düşündü,
Ana ölər, qan tökəni bağışlar.
İnnən belə kölə ollam anaya,
Ana ölər, qan tökəni bağışlar.

"Qızbal məni aldadaraq alçaltdı,
İstəyinə nə yetişdi, nə çatdı,
Şah anamı öldürməklə ucaltdı",
Ana ölər, qan tökəni bağışlar.

“Manay ana, gəl bağışla sən məni,
Bir il keçir sən öləndən hər günüm,
Çağırıram yazıq ana, mən səni,"
Ana ölər, qan tökəni bağışlar.

Tanrı mənə əltut olsun azcana,
El yolunda dönüm qurda, qaplana,
Anam doğan gözüqıpıq oğlana,
Ana ölər, qan tökəni bağışlar.


Axşamüstü ulartılar çəkildi,
Basılanda basıq susar, danışmaz.
Qurd sürüsü döndü yenə yerinə,
Basılanda basıq susar, danışmaz.

Yol aldılar Qobuyerə onçular,
At belində şaqqıldadı qamçılar,
Döşdə-başda puçurlandı damcılar,
Basılanda basıq susar, danışmaz.

Bir göl üstə dayandılar atlılar,
Bir gecədə on gecəlik yatdılar,
Su qırağı sərinliyə batdılar,
Basılanda basıq susar, danışmaz.

Ancaq bir səs onçuları oyatdı,
– Siz kimsiniz, kimlərdəndir on atlı?
Bura yeni Turelləşən elatdı,
Basılanda basıq susar, danışmaz.


Tanı dedi:--Sən nəçisən, gözəl qız?
Tanışlıqda hamı deyər adını,
– Mən bu elin yerinciyəm, Turqızam,
Tanışlıqda hamı deyər adını.

– Nə yaxşı ki, biz görüşdük bu yerdə,
Elə səni düşünürdüm mən hərdən,
İti əldən, düşüncədən, təpərdən,
Tanışlıqda hamı deyər adını.

– Mən Tanıyam, bu torpaqda böyüdüm,
Qana saldı məni Qızbal öyüdü,
Gör ki, sonda o qan qusdu, qan yedi,
Tanışlıqda hamı deyər adını.

– Eşitmişəm sən də bir gənc ərənsən,
Gələcəyi sən bu gündən görənsən,
Nəyin varsa öz yurduna verənsən,
Tanışlıqda hamı deyər adını.


Şahlığından əl çəkməyin gülüncdür,
Şahın əli gərək qana bələşə.
Yaxınını yox eləyir şah öncə,
Şahın əli gərək qana bələşə.

– Mən anamı öldürmüşəm bilmədən,
İndi məndə inam, öyünc ölmədə,
Mən hamıya, hamı mənə gülmədə,
Şahın əli gərək qana bələşə.

– Mən Turqızam, hamı kimi deyiləm,
İstəmirəm hamılıqda seviləm,
Tanrılara, on qat ölüb, əyiləm,
Şahın əli gərək qana bələşə.

– Sən gözəlsən, Turqız, tanrı uduğu,
Mindiyarın ayıq Turel qoruğu,
Sən Tanının anasının yovuğu,
Şahın əli gərək qana bələşə.


Əl tutdular onlar, durdu üz-üzə,
Günəşləşir qovuşanda ulduzlar.
Turqız dedi: – Məni onçu götürün,
Günəşləşir qovuşanda ulduzlar.

Tanı onun sərtliyini bəyəndi,
Bu gözələ daha da çox güvəndi,
Qorxmaz Turqız sözü üzə deyəndi,
Günəşləşir qovuşanda ulduzlar.

Turqız dedi: – Şahlığını al ələ,
Tur soyunu qaldır, yüksəlt sən belə,
Çox gözəllər görəcəksən sən hələ,
Günəşləşir qovuşanda ulduzlar.

Tanı dedi: – Sən gözəli alaram,
Bu yerlərdə yerinc əri olaram,
Lap istəsəm şah yerimdə qalaram,
Günəşləşir qovuşanda ulduzlar.


Söz verdilər, söz aldılar bu gənclər,
Adamları gücləndirən sevgidir.
İlk görüşdə bəyənəkli oldular,
Adamları gücləndirən sevgidir.

Qızda gözə çarpmaqdaydı boy-buxun,
Yanaqları incə idi, sopsolğun,
Tanı isə arıq, hündür və çılğın,
Adamları gücləndirən sevgidir.

Söz verdilər, söz aldılar doğrudan,
Görüşsünlər uzaq acı, ağrıdan,
Bir olsunlar bir yerdə də, ayrı da,
Adamları gücləndirən sevgidir.

Onçuları sevindirdi bu istək,
İki gənci bunca sevən görərək,
Dedilər ki, bir yaşayaq, bir ölək,
Adamları gücləndirən sevgidir.


Onçuları Turqız qonaq elədi,
Çox istəklər qonaqlıqda açılır.
Önlərinə yemək-içmək qoyuldu,
Çox istəklər qonaqlıqda açılır.

Ağbirçəklər, ağsaqqallar oturdu,
Bu, Tanının inamını artırdı,
İçindəki qara-qura qurtardı,
Çox istəklər qonaqlıqda açılır.

Turqız dedi: – Biz Mineldən biriyik,
Mindiyarın bir ayrılmaz yeriyik,
Onun böyük şahlığıyla diriyik,
Çox istəklər qonaqlıqda açılır.

Beş ildir ki, bura doğma Tureldir,
Burda hamı, burda hər şey Mineldir,
Burda daha ellər yasaq deyildir,
Çox istəklər qonaqlıqda açılır.


Ağsaqqallar yazı yazdı Tuncərə,
Dinc dirrikdir bir ad altda yaşamaq.
Bundan sonra biz Minelli Turelik,
Dinc dirrikdir bir ad altda yaşamaq.

Bundan sonra bir olacaq dilimiz,
Bir keçəcək hər ayımız, ilimiz.
Var olacaq burda Turel gülümüz,
Dinc dirrikdir bir ad altda yaşamaq.

Biz Turelik, soy-kökümüz Turərdən,
Neçə ildir dinclik vardır bu yerdə,
Mindiyara inamımız dəmirdən,
Dinc dirrikdir bir ad altda yaşamaq.

Yerincimiz Turqız, Tanı şah olsun,
Bu ölkəyə Turel adı qoyulsun,
Bu yer-yurd da Mindiyardan sayılsın,
Dinc dirrikdir bir ad altda yaşamaq.


– Qoy onçular qalsın burda, Tureldə,
Basılmazdır söykənərsə el-elə,
Veribdirlər ağsaqqallar əl-ələ,
Basılmazdır söykənərsə el-elə.

– Mən yüz ilin qocasıyam, yüz yaşda,
Üç yüz illik oturubdur o başda,
Biz nə gördük neçə-neçə Qaraşdan,
Basılmazdır söykənərsə el-elə.

Onçuları saxlayarıq göz üstə,
Biz bir ölkə yaratmışıq düz üstə,
Çevirərik acıqanı üz üstə,
Basılmazdır söykənərsə el-elə.

Turqız dedi: Yaşa səni, Mindiyar,
Biz işlərik, ovuc qabar, əl qabar,
İçimizdə beş yüz yaşda adam var,
Basılmazdır söykənərsə el-elə.


Üç gün sonra köçüb getdi onçular,
Qonaq üç gün yapışıqlı görünər.
Tanı, Turqız baxışdılar bir daha,
Qonaq üç gün yapışıqlı görünər.

Söz verdilər, söz aldılar bir anlıq,
Dedilər ki, ayrılırıq bir aylıq,
Böyük sevgi nə deməkdir? Ayrılıq!
Qonaq üç gün yapışıqlı görünər.

Ayrıldılar, ürək yaxın, yol uzaq,
Üstlərində parıldadı yal-yaraq,
Üç gün görüş başa çatdı bu sayaq,
Qonaq üç gün yapışıqlı görünər.

Ağqurd Alpan altdan baxdı Tanıya,
Ayrılıqdan gözlə ürək qanıyar,
Gənclər sevər, öz-özünü tanıyar,
Qonaq üç gün yapışıqlı görünər.


Qoşadəniz, Qoşaboğaz, Yastıdağ,
Yol öyrəncdir yola çıxan yolçuya,
Qarşıdaydı neçə-neçə şəhər, kənd,
Yol öyrəncdir yola çıxan yolçuya.

Ağüzeldən gecə yarı keçdilər,
Hər bir kənddə bir gün qalıb köçdülər,
Sonra gəlib bir ev yeri seçdilər,
Yol öyrəncdir yola çıxan yolçuya.

Onlar burda neçə-neçə ev tikdi,
Bulaqlardan evə yaxın su çəkdi,
Dörd bir yanda ağac əkdi, kol əkdi,
Yol öyrəncdir yola çıxan yolçuya.

Hər bir onçu bir ev tikdi burada,
Ağüzelə baş çəkdilər arada,
Tanı harda, Turqız qaldı harada,
Yol öyrəncdir yola çıxan yolçuya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri