Əkbitən söylənci
Tanrı bura işıq tökdü, var, gəlir,
Çox gözləri qamaşdırdı Əkbitən.
Uca durunc, qonaq evi, körpü, yol,
Çox gözləri qamaşdırdı Əkbitən.
Var apardı bura sevinc gətirən,
Var götürdü arpa, buğda bitirən,
Nə çapqınçı, nə dağıdıb itirən,
Çox gözləri qamaşdırdı Əkbitən.
Tur burada Başev saldı, şah oldu,
O söykəndi Əlvət dağa, dağ oldu,
El qurtardı acıqandan, sağ oldu,
Çox gözləri qamaşdırdı Əkbitən.
Adam gəldi, Misireldən, Çineldən,
Aşdı, daşdı hər bir yerdə satallar.
Quş südü də soruşsaydın tapardın,
Aşdı, daşdı hər bir yerdə satallar.
Vergi Başev saxlancında bol idi,
Toplum şaha söykənc idi, bel idi,
Var axırdı, el içində sel idi.
Aşdı, daşdı hər bir yerdə satallar.
Alver üçün hamı gəlir bu yerə,
Ağsaqqallar sağol dedi Turərə,
Həm bilikli, həm sarsılmaz bir ərən,
Aşdı, daşdı hər bir yerdə satallar.
Qızağ gəldi, sağ, solunda uşaqlar,
Qarşıladı şah minelli gəlini.
Yollar, evlər, qız-gəlinlər sevincək,
Qarşıladı şah minelli gəlini.
Çoxdan idi ayrılmışdı Qızağdan,
Var, güc, yaraq göndərirdi uzaqdan,
Yol üstündə gözləyirdi bayaqdan,
Qarşıladı şah minelli gəlini.
Əkbitənin gün-günəşli günündə,
Var çatılmış yük atları önündə,
Minellinin ər geyimi əynində,
Qarşıladı şah minelli gəlini.
Sevinc, inam gətirmişdi bu gəlin
Əkbitənin Başevinə, elinə,
Tanrı özü göndərmişdi onları,
Əkbitənin Başevinə, elinə.
Ata, bala, ərlə arvad görüşdü,
Bu görüşə çoxu baxıb irişdi,
Qızağ güclü arxa idi, döyüşdü,
Əkbitənin Başevinə, elinə.
Sevinsə də çox başçılar, böyüklər,
Az deyildi vecsiz, yersiz dönüklər,
Az deyildi vecsiz, yersiz kötüklər,
Əkbitənin Başevinə, elinə.
Ucalsa da Turər şahın Başevi,
Ev-eşiyi dolandıran qadındır.
Güclü olsa, cılız olsa, yenə də
Ev-eşiyi dolandıran qadındır.
Şahda gözü olan qızlar çəkildi,
Çox ilişkən yer-yuvalar söküldü,
Burda yeni inam evi tikildi,
Ev-eşiyi dolandıran qadındır.
İki oğul, əkiz bala, boy, buxun,
Köpək dişi laxlamışdı çox çoxun,
Qızağ idi şahın bircə var-yoxu,
Ev-eşiyi dolandıran qadındır.
Oğulların gənc görkəmi gözəldi,
Düzər idi, Yüzər idi adları.
Əllərində tutaq, bizuc, ox, qılınc,
Düzər idi, Yüzər idi adları.
Oğul verir Tanrı iyid ellərə,
Turər kimi adı düşür dillərə,
İki qardaş at qovurlar çöllərə,
Düzər idi, Yüzər idi adları.
İki qardaş ocaqevə çatırlar,
Böyük Tanrı işığına batırlar,
Yalvarışı inanışa qatırlar,
Düzər idi, Yüzər idi adları.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ekbiten-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bacar çıxıb yolda düşüb qalmışdı,İlan ödü yeməkdəydi içini.
İki döyüş söylənciÇox çəkmədi Başevdəki toy-düyün,Pisin yaxşı, yaxşının pis günü var.
Hindellə döyüş söylənciÇapdı Bacar Hindel üstə inamla,İnam olsa, adam işdə yorulmaz.
Devdağ söylənciAncaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Başqa şairlərin şeirləri · Mədhiyyə
Hürmüz də əl atdı qıfıla sarı,Zənciri çeynədi əqlin açarı.
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
Tərəhhata inanma!Ana güldür, bir gün solur,Ana dili şirin olur.
Cami-Cəm, fəsil 8Olduqca kölgəsi şahın dünyada,Qalacaq kölgətək zülüm quyuda.