Ərqaya söylənci
Ərqaya da çox sevirdi Qızağı,
Dəli sevgi yetmə gəncə yaraşır.
O gənc idi, iyid idi, ucaboy,
Dəli sevgi yetmə gəncə yaraşır.
Sevgi baxmır, yaşa, boya-buxuna,
Buna görə tuşdur sevgi çoxuna,
Ayrılığı sevgi qoymaz yaxına,
Dəli sevgi yetmə gəncə yaraşır.
Bu sevgidən Çölçu soraq almışdı,
Eldə bunu dilə-dişə salmışdı,
Çoxlarına bu iş bəlli olmuşdu,
Dəli sevgi yetmə gəncə yaraşır.
Yetmə yaşda bir gənc idi Ərqaya,
Sevərliyi görünürdü üzündən,
Tez inanan, tez alışan, tez yanan,
Sevərliyi görünürdü üzündən.
Uşaq çağı o sevmişdi Qızağı,
Kəsilmirdi Dirieldən ayağı,
O baxırdı qıza uşaq sayağı,
Sevərliyi görünürdü üzündən.
Sevgisilə uşaq kimi küsüşər,
Başev yanda böyük-böyük gəzişər,
Böyük, kiçik yolu tez-tez kəsişər,
Sevərliyi görünürdü üzündən.
Tez alışan, tez inanan, tez küsən,
Bunlar idi ilk görümü sevginin.
O gəlmişdi Əkbitənə ayaqla,
Bunlar idi ilk görümü sevginin.
Onu görən vurulurdu boyuna,
Qalın çatma qaşlarının yayına,
Sağ ol, var ol söyləyirdi soyuna,
Bunlar idi ilk görümü sevginin.
Qılınc tutub ox atırdı at üstə,
Ərənlərlə güləşirdi ot üstə,
Dalaşırdı ölkə üstə, yurd üstə,
Bunlar idi ilk görümü sevginin.
Qızağ bunu eşitmişdi uzaqdan,
Göz yaşıdır əl çatmayan sevgilər.
Onu görmək istəyirdi yaxından,
Göz yaşıdır əl çatmayan sevgilər.
Ərqayaya yanırdı o, bəs niyə,
Nə deyəsən belə dəli sevgiyə,
O kimdir ki, şaha sevgi bəsləyə,
Göz yaşıdır əl çatmayan sevgilər.
Ərqayaya gizli-gizli baxan qız,
Ürəyindən soyuq qanlar axan qız,
Bu ər üçün ürəyini yaxan qız,
Göz yaşıdır əl çatmayan sevgilər.
Ərqayanın qapqaraydı saqqalı,
Yumruğunda dağ titrədən dağ gücü,
Baxışları ulduz-ulduz yanırdı,
Yumruğunda dağ titrədən dağ gücü.
Qaplan kimi sıçraq idi Ərqaya,
Ayıq idi, qıvraq idi Ərqaya,
Duru-duru bulaq idi Ərqaya,
Yumruğunda dağ titrədən dağ gücü.
Əkbitənə üç il idi gəlişi,
Yeri-yurdu titrədirdi yerişi,
Çoxalırdı hər gün tanış-bilişi,
Yumruğunda dağ titrədən dağ gücü.
Balasqelə toplum çəkdi Qızağ şah,
Yaraqlıya döndü bütün Mindiyar.
Körfəz üstə dayandılar üz-üzə,
Yaraqlıya döndü bütün Mindiyar.
Kral özü gəlmiş idi yüruşə,
Girdi şahla o təkbətək döyüşə,
Kral, Qızağ dayandılar döş-döşə,
Yaraqlıya döndü bütün Mindiyar.
– Yahalıbsan, çox Mindiyar deyirsən,
Aldadıbsan Turər şahı niyə sən?
Gərək qopa krallığın yerindən,
Yaraqlıya döndü bütün Mindiyar.
– Axtarırıq tapmayırıq ərini,
Aldatmaq da önərlikdir vuruşda.
Ölüsünü, dirisini görən yox,
Aldatmaq da önərlikdir vuruşda.
Mən aldatdım, basdım onu bu yerdə,
Bil sənin də çatıb sonun bu yerdə,
Axacaqdır, Qızağ, qanın bu yerdə,
Aldatmaqda önərlikdir vuruşda.
Ver ölkəni, mənim olsun Mindiyar,
Bu torpaqda bol-bol bitən hər nə var,
Yoxsa bütün toplumunu qırarlar,
Aldatmaq da önərlikdir vuruşda.
İlk topbuzu Qızağ vurdu krala,
Bir basılan ikinci yol basılmaz.
Boz atının döşü gəldi torpağa,
Bir basılan ikinci yol basılmaz.
Kral düşdü beli sınmış atından,
Bir səs gəldi sıraların ardından;
– İndi mənlə güləş, indi, ay qaban,
Bir basılan ikinci yol basılmaz.
Bir topbuzla aşdın, düşdün torpağa,
Güləş üçün qalx bir daha ayağa,
Sən kimsən ki, lağ edəsən Qızağa,
Bir basılan ikinci yol basılmaz.
– Mən Minelin bir dəlisov oğluyam,
Başrağımdır, ürəyimdir Qızağ şah.
Məni öldür, sonra şahla vuruş sən,
Başrağımdır, ürəyimdir Qızağ şah.
Hünərin var çıx sən üzə tutaşaq,
Yay götürək, ox tuşlayaq, atışaq,
Gücün varsa qurşaqlaşaq, dartışaq,
Başrağımdır, ürəyimdir Qızağ şah.
Ərqayayam, kral-mral saymaram,
Qanınızı töküb içsəm, doymaram,
Mən ölərəm, şahı darda qoymaram,
Başrağımdır, ürəyimdir Qızağ şah.
Bunu deyib o kraldan yapışdı,
Dəmir caynaq, qaplansayaq Ərqaya.
Kral onu yaraladı qılıncla,
Dəmir caynaq, qaplan sayaq Ərqaya.
Süpürləyib üzdü yerdən leşini,
Caynağıyla göydə yırtdı döşünü,
O bitirdi acıqanın işini,
Dəmir caynaq, qaplan sayaq Ərqaya.
Sonra çırpdı onu iri daşlara,
– Yem olarsan,-dedi,-burda quşlara!
Hər yumruğu topbuz oldu başlara,
Dəmir caynaq, qaplan sayaq Ərqaya.
O sıçradı sonra atın belinə,
Qan tökənin gərək qanı tökülə.
Balasqeli qorxu aldı bu başdan,
Qan tökənin gərək qanı tökülə.
İlk döyüşdə balasqlılar yoruldu,
Sıraları səpələndi, yarıldı,
Orda-burda beş-beş, on-on qırıldı,
Qan tökənin gərək qanı tökülə.
Çarpışdılar, qarpışdılar, coşdular,
Gəmilərin yelkənini açdılar,
Baş götürüb bu döyüşdən qaçdılar,
Qan tökənin gərək qanı tökülə.
Bunu görüb çox sevindi Qızağ şah,
Qorxmaz olsun bunca gərək hər ərən,
Balasqeldən öclə acıq çıxdılar,
Qorxmaz olsun bunca gərək hər ərən.
– Neçə gəmi,-dedi,-çıxsın dənizə,
Turər şahdan soraq bizə, iz bizə,
Bu on illik ayrılığa kim dözər,
Qorxmaz olsun gərək bunca hər ərən.
Ancaq Çölçü sevinmədi, tutuldu,
"Ölüm" dedi, çal qaşları çatıldı,
Yaya dönüb oxatan tək dartıldı,
Qorxmaz olsun bunca gərək hər ərən.
Dedi,-"Bunca baş aparsa Ərqaya,
O Başevin bir önəri olacaq.
Qızağ ona inanacaq, mənə yox,
O Başevin bir önəri olacaq.
Mindiyardan yeni Turər çıxarsa,
Toplumları hər bir yana axarsa,
Şah mənə yox, Ərqayaya baxarsa,
O Başevin bir önəri olacaq.
Onu gərək tez aradan götürüm,
Gənc önəri sonevinə ötürüm,
Bu Başevdə son işimi bitirim,
O Başevin bir önəri olacaq.
Bir səs yardı qaranlığın bağrını:
– Niyə vurdun məni, daldan, a qancıl!
Ah, mən kimə neynəmişdim burada,
Niyə vurdun məni daldan, a qancıl!
Öz oğluna əl qaldırdı bu gecə,
Mən yatmışdım sən yaraqlı gəlincə,
Səni gəzib tapacağam ölüncə,
Niyə vurdun məni, daldan, a qancıl!
Ah, ölürəm, gedin, deyin Qızağa,
Məni özü qoy basdırsın torpağa,
Tutun məni, bir də durum ayağa,
Niyə vurdun məni daldan, a qancıl!
Ürküb qaçan, durub baxan bir gecə,
Qaranlıqlar əriyirdi güneydə,
Gecə sınıb şişə kimi doğranıb,
Qaranlıqlar əriyirdi güneydə.
Ərqayanı kim vurmuşdu, kim bilir,
Dan ulduzu görünəndə o ölür,
Hər bir yandan kövrək səslər yüksəlir,
Qaranlıqlar əriyirdi güneydə.
Başı üstə Qızağ durub ağlayır,
Qorxunc ölüm ürəkləri dağlayır,
Şah başına o gün qara bağlayır,
Qaranlıqlar əriyirdi güneydə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-erqaya-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əkbitənə qonaq bol-bol gəlirdi,Başev idi ölkələrə Əkbitən.
İlk sevgi söylənciHər yer, hər yurd dəyişirdi büsbütünDəyişməyən çürüyəcək, öləcək,
Tanrı söylənciYeddi tanrı dolanışa dayaqdır,Hər bir ulu bir tanrıdan yaranıb.
Sevgi söylənciGöz oxşayır, bir də ürək oynadırGözəllərin beli, gözü, dodağı.
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Xaqani, olsa da ağlın sənə yarEşq ancaq könlünü qəmdən qurtarar.