Getdi, çatdı bu, Türərə,
Sözün yeldən qanadı var.
Qayıqçılar deyirdilər,
Sözün yeldən qanadı var.

– Çatdı mənə elədiyin,
Vuruş, barış söylədiyin,
Turər şahı dilədiyin,
Sözün yeldən qanadı var.

Baş əyirəm sənə, gülüm,
Beləymişsən, mən nə bilim,
Gözlə bir az mən də gəlim,
Sözün yeldən qanadı var.


– Ulu Tanrım, qurtar məni,
Çatdır uca qurtuluşa.
Köləliyin atım daşın,
Çatdır uca qurtuluşa.

Bu ipləri əlimdən ac.
Qıçımdan aç, qolumdan aç,
Düyünləri yolumdan aç,
Çatdır məni qurtuluşa.

Gül sevgilim, gözlər məni,
Çöllər məni, düzlər məni,
Yadına sal sözlə məni,
Çatdır uca qurtuluşa.


Avar çəkib su yarırdı,
Öz-özünə danışırdı.
Köləbaşı yorulmuşdu,
Öz-özünə danışırdı.

Turər ona tanıq idi,
İçəridən qırıq idi,
Alnı soldan çapıq idi,
Öz-özünə danışırdı.

Düşünürdü, tutum onu,
Vurub yerə qatım onu,
Min qızıla satım onu
Öz-özünə danışırdı.


– Tanrı məni düyündən aç,
Düyün düşər düyün üstən.
Bu şahlığa satar məni,
Düyün düşər düyün üstə.

Turər bunu anlamışdı,
Onu soldan yanlamışdı,
Öz-özünü danlamışdı,
Düyün düşər düyün üstə.

Haçan batıb gün soyuyar,
Əl saxlayıb o uyuyar,
Alıb onu atım suya,
Düyün düşər düyün üstə.


Avar çəkib gedirdilər,
Hərə bir cür düşünürdü.
Gün batırdı göy sularda,
Hərə bir cür düşünürdü.

Otuz kölə bir qayıqda,
Daldalıqda, qaranlıqda,
Var yatan da, var oyaq da,
Hərə bir cür düşünürdü.

O saqqalı sarı kölə,
Yatmayırdı bilə-bilə,
O tutmuşdu Turu dilə,
Hərə bir cür düşünürdü.


– Çaşmıramsa, sən Turərsən,
O şah hara, kölə hara?
Səni Balasqel axtarır,
O şah hara, kölə hara?

Öz-özünə danışanda
Bildim nələr var başında,
Kövrəkləşən bu yaşında,
O şah hara, kölə hara?

Söylə mənə bir ad yeri,
Gedim Qızağ şahı görüm,
Deyim sağdır sənin ərin
O şah hara, kölə hara?


İnanmadı Turər ona,
İnanc onu sarsıtmışdı.
Dedi, gedər, məni satar,
İnanc onu sarsıtmışdı.

Mən girərsəm bu oyuna,
Oyun ollam ona-buna,
Qan gətirrəm öz soyuma
İnanc onu sarsıtmışdı.

Qızağı da o aldadar,
Alver edər o daldada,
Həm satqındır, həm qan-qada,
İnanc onu sarsıtmışdı.


Dedi: – Qardaş, sən yat, dincəl,
Qaranlığın qulağı var.
Tezdən durub danışarıq,
Qaranlığın qulağı var.

Qoy sən deyən olsun elə,
Hər bir sözü vermə yelə,
Onlar bilər, bunlar bilər,
Qaranlığın qulağı var.

Bir gün gərək qoşa qaçaq,
Yeli çapıb qanad açaq,
Dönək quşa uça-uça,
Qaranlığın qulağı var.


Hamı yatdı, Tur yatmadı,
Köləliyin üzü qara.
Necə yatsın yaş qayıqda,
Köləliyin uzü qara.

Ayağında qandal daşı,
O yatırdı mışıl-mışıl,
Yuxudaydı köləbaşı,
Köləliyin üzü qara.

Tur yavaşca dartdı onu,
Alıb suya atdı onu,
Sonevinə qatdı onu,
Köləliyin üzü qara.


Nə gubbultu, nə qışqırıq,
Su gizlini saxlayandır.
Axar olsa, axmaz olsa,
Su gizlini saxlayandır.

Günəş örtük atmaqdaydı,
Köləbaşı yatmaqda idi,
Qayıq Misrə çatmaqdaydı,
Su gizlini saxlayandır.

Tanrım, əltut, gir araya,
Çatan kimi mən quruya,
Qaçmaq üçün yol arayaq,
Su gizlini saxlayandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri