Ağüz dedi: – Çətinləşib yaşayış,
Böyük ölkə dolandırmaq çətindir.
Iş çoxalır, yem azalır ölkədə,
Böyük ölkə dolandırmaq çətindir.

Buzboğaza çapar çatır bir aya,
Çatmaq olmur çox istəyə, haraya,

Səs, hənirti çatmır Çinə, Altaya,
Böyük ölkə dolandırmaq çətindir.
Ölkələrə bölünərsə Mindiyar,
Yaxşılaşar, iş-güc bir az azalar,
Yola düşər, tez qayıdar hər çapar,
Böyük ölkə dolandırmaq çətindir.

Mindiyarı böyütləmək düz deyil,
Ölkə artır, genişlənir ilbəil,
Ölkə olsun Parsdiyarla, Qobuçöl,
Böyük ölkə dolandırmaq çətindir.

Oğuzel də Darvidel də bu sayaq,
Hər diyardan yeni ölkə yaratmaq,
Hər ölkədən vergi alaq biz ancaq,
Böyük ölkə dolandırmaq çətindir.

Hər ölkənin öz başrağı, öz adı,
Öz toplumu, öz başbaşı, öz andı,
Belə olsa böyük ölkə qalandır,
Böyük ölkə dolandırmaq çətindir.

Dəmirqızın çatma qaşı çatıldı,
Əyri qaşlar ox yayıtək dartıldı,
Buludlandı üzü, gözü tutuldu,
Böyük ölkə dolandırmaq çətindir.

Dedi: – Ərim, niyə belə deyirsən,
Belə olsa təklənərəm orda mən,
Unudarsan arvadını onda sən,
Böyük ölkə dolandırmaq çətindir.

İstəyirsən diyar olsun, ya ölkə,
Başçı gərək hər bir yerə baş çəkə,
Nə ev qala, nə yurd qala, nə döngə,
Başçı gərək hər bucağa baş çəkə,
Böyük ölkə dolandırmaq çətindir.

Ərlə arvad üç gün belə deyişdi,
Düşüncələr gərginləşdi, dəyişdi,
İti sözlər qılıncsayaq döyüşdü,
Böyük ölkə dolandırmaq çətindir.
Bununla da o, araya söz atdı,
El-obada dedi - qodu yaratdı,
Çox yerlərdə ürəkləri qanatdı,

Böyük ölkə dolandırmaq çətindir.

Ölkə boyu orda-burda yığıncaq,
Yığıncaqdan bir səs gəldi «yox» -ancaq,
«Nəyə gərək parçalanma yaratmaq»,
Bunu dedi ölkə boyu el, oymaq,
Böyük ölkə dolandırmaq çətindir.

Parsdiyarda bu söz az-çox yayıldı,
Ölkə deyib yatanlar da ayıldı,
Tək Parsdiyar bunca ölkə sayıldı,
Böyük ölkə dolandırmaq çətindir.

Turq ata da, Odərpay da «yox» dedi,
Parçalanma yaratmaqdan qorx, dedi,
Mindiyara «başrağınla qalx» dedi,
«Ağ başrağı uca qaldır!» Turq dedi,
Böyük ölkə dolandırmaq çətindir.

Dedilər ki, Ağüz qartıb, yaşlanıb,
Qocalıqdan gələn qorxu başlanıb,
Şahlıq onda aşıb daşıb daşlanıb,
Böyük ölkə dolandırmaq çətindir.

Deyən Ağüz öz-özünə qarşıdır,
Deyən Ağüz öz işində naşıdır,
Tunq şahlıqda qalsa yenə yaxşıdır,
Böyük ölkə dolandırmaq çətindir.

Bunla ellər, yurdlar, çöllər sırası,
Buzboğazla Dəclə Fərat arası,
Oldu böyük Mindiyarın yaylası,
Turq da böyük bir ölkənin atası,
Böyük ölkə dolandırmaq çətindir.
Tunqər Alpan yenə böyük şah oldu,
Çox diyara yeni yerinc qoyuldu,
Burda hamı dincəl yatdı, ayıldı,
Böyük ölkə dolandırmaq çətindir.

Tanrı baxdı, dedi: – Belə yaxşıdır,
Tanrı qanlı vuruşlara qarşıdır,
Ta dincəlyer Mindiyara qonşudur,
Mindiyarın yaşı tanrı yaşıdır,
Böyük ölkə dolandırmaq çətindir.

Dedi: – Qayıt, get yenə də Elata,
Üztut elə hər gün böyük Şamxata,
Gələr sizi toyunuza Turq ata,
Böyük ölkə dolandırmaq çətindir.


Turq danışdı, öyüd verdi Dümağa,
Sevgi birlik anasıdır, inamdır.
Dümağın da yanaqları qızardı,
Sevgi birlik anasıdır, inamdır.

Yola düşdü, getdi çatdı Urelə,
Sevinc oldu Dümağ, qondu hər dilə,
Dedi, gərək oğlan sevə, qız bilə,
Oğlan sevə, qızlar isə sevilə,
Oğlan sevsə qız da dönər al gülə,
Sevgi birlik anasıdır, inamdır.

Urər gəldi, qarşıladı Dümağı,
Gördü qızın qızarıbdır yanağı,
Güzgüləşib gözlərinin bulağı,
Dedi: – Çıxart gəzdirdiyin yarağı,
Gəl ol mənim evciyimin çırağı,
Ört başına bu gün gəlin duvağı,
Yansın evdə sevgimizin ocağı,
Sevgi birlik anasıdır, inamdır.

Urər dedi: – Mən sevirdim, susurdum,
Şamxat bizi hər gün hər gün büsürdü,
Yerincliyə gəlib qulaq asırdı,
Sevgimizə gülüb dodaq buzurdu,
Tanrı kimi o bunlara dözürdü,
Acığından əli-qolu əsirdi,
Sevgi birlik anasıdır, inamdır.

Toy çaldırdı Urər yazın sonunda,
Dümağ çıxdı üzə gəlin donunda,
İki inək, üç qoyun da yanında,
Sevgi birlik anasıdır, inamdır.

Turqər, Qurdər, Urər onla yanaşı,
Hamı dedi, toy Dümağa yaraşır,
Bu toyda da küsülülər barışır,
Sevgi, istək bir-birinə qarışır,
Sevgi birlik anasıdır, inamdır.

Dedi, gəzir yer üzünü Turq ata,
Sevgi birlik tanrısıdır, inamdır.
O son qoyur hər gilincə, dolağa,
Sevgi birlik tanrısıdır, inamdır.

Dedi:- «Turqər yarıtanrı atadır»
Dedi:- «Anni yer üzünə anadır,
Şamxat sevgi tanrısıdır, Sonadır,
Turq öyüdü qulağında sırğadır
Sevgi birlik tanrısıdır, inamdır.»

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq