Tanrievi söylənci
Tuncay qatdı başlarını onların,
Uşaq evdə ağlar, gülər, baş qatar.
Tuncay iri, Tuncay köklü, budaqlı,
Uşaq evdə ağlar, gülər, baş qatar.
Beş yaşında boy dayandı anayla,
On yaşında qoşalaşdı atayla,
El öyündü bu köküslü balayla,
Uşaq evdə ağlar, gülər, baş qatar.
Ancaq dili-danışığı uşaqdı,
Bicliklərdən, dincliklərdən uzaqdı,
Oynadığı it, qurd, bir də yaraqdı,
Uşaq evdə ağlar, gülər, baş qatar.
Boy-buxunda Bacar, Tuncər, Turərdi,
Çiyinləri qoşa qapı, çəpərdi,
Bütün günü çöldə gözdən itərdi,
Uşaq evdə ağlar, gülər, baş qatar.
Qarçiçəyə tanrıevi tikildi,
Adamları sağaldan da tanrıdır.
Qulluğuna gündə yüzlər gəlirdi,
Adamları sağaldan da tanrıdır.
Qapıları açıq idi ocağın,
Düşüklərdi, düşərlərdi qonağı,
İki dəri, bir yorğandı yatağı,
Adamları sağaldan da tanrıdır.
Ağrıları, acıları götürər,
Düşüklüyü, düşərliyi itirər,
Əli, gözü, dili sağlıq gətirər,
Adamları sağaldan da tanrıdır.
Soraq çatır Əkbitənə bir aya,
Odər, şaman, falçı girir araya,
Deyirlər ki, bu iş kimə yarayar,
Adamları sağaldan da tanrıdır.
Əl-qol atmaq qız-gəlinə yaraşmaz,
Hər adamın tanrı olmaq yeri yox.
Gərək belə etməyəydi Qarçiçək,
Hər adamın tanrı olmaq yeri yox.
Kəsi olsa, çox düşüklər sağalar,
Kəsi olsun atlar ilə buğalar,
Kəsi ilə yaxşılıqlar doğular,
Hər adamın tanrı olmaq yeri yox.
Bundan başqa nə vardırsa artıqdır,
Sağaltçılar sonkökündən qırıqdır,
Gözü, başı, düşüncəsi qapıqdır,
Hər adamın tanrı olmaq yeri yox.
Yaxşı olar qız qayıtsın yerinə,
O, Muğeldə çox getməsin dərinə,
Ərə getsin, qulluq etsin ərinə,
Hər adamın tanrı olmaq yeri yox.
Çox dedilər şaman, odər, falçılar,
Hər kəs eşir qabağına ocağı,
Gördülər ki, əldən gedir pay-puş da,
Hər kəs eşir qabağına ocağı.
Ancaq çoxu bu sözləri saymadı,
Kəsilərə, küsülərə uymadı,
Pay-puşunu ocaqlara qoymadı,
Hər kəs eşir qabağına ocağı.
Muğel deyib yol getdilər ayaqla,
Başəydiyə dolu-dolu qucaqla,
Sağollaşdı kəsi, küsü ocaqla,
Hər kəs eşir qabağına ocağı.
Atla dəvə, dördtəkərli qoşqular,
Yüklərində qayğılarla sayğılar.
Üzlərində inam dolu duyğular,
Hər kəs eşir qabağına ocağı.
– Yazın-dedi-bildirməni-Tanı şah,
Baş əyməsə başı gedər başsızın.
Bildirməni bezdə yazdı odərlər,
Baş əyməsə başı gedər başsızın.
«Ölkə necə böyük, böyük olarsa,
Onda min-min minlər yuva salarsa,
Sərtüzlükdə biri yoldan qalarsa,
Baş əyməsə başı gedər başsızın.
Bizim böyük Başevimiz Əkbitən,
Sərtüzlükdə ocağımız Subölən,
Nə görmüsüz Muğmuğeldə siz görən,
Baş əyməsə başı gedər başsızın.
Bacar getsin Qarçiçəyi gətirsin,
Tanrı evi tikdirəni itirsin,
Tanrılığı öz qızından götürsün,
Baş əyməsə başı gedər başsızın.»
Yazı çatdı Qarçiçəyə bir aya,
Soyuq qızın çətin könlü qızınar,
Oxuduqca, gözü, köksü alışdı,
Soyuq qızın könlü çətin qızınar.
Bacar dedi: – Gərək gedək buradan,
Doğru çıxır Qarçiçəkdə çox yalan,
Daha yetər bu ot, bu gül, bu tikan,
Soyuq qızın könlü çətin qızınar.
Odər dedi: – Böyük ocaq qalayın,
Dörd yanına əski-para dolayın,
Əkbitənə vergiləri yollayın,
Soyuq qızın könlü çətin qızınar.
Bu ocaqla el-obalar güləcək,
Nə bir ağrı, nə bir acı biləcək,
Bura tanrı Ahurməzda gələcək,
Soyuq qızın könlü çətin qızınar.
Şaman dedi: – Mən qalaram burada,
El-obalar qala bilməz şamansız.
Ahurməzda gəlməsə də, gəlsə də,
El-obalar qala bilməz şamansız.
Muğmuğ gördü ocaqlaşan düzləri,
Eşidildi şamanların sözləri,
Doldu gözəl Qarçiçəyin gözləri,
El-obalar qala bilməz şamansız.
Bacar dedi: – Qızım, bunca ağlama,
Qız-gəlinin ürəyini dağlama,
Ürəyində bizə acıq saxlama,
El-obalar qala bilməz şamansız.
Başev səni haray-haray çağırır,
Gül əllərin orda maraq doğurub,
Əllər, sözlər sağlamlıqlar yoğurur,
El-obalar qala bilməz şamansız.
Muğmuğ dedi: – Odər ata, bağışla,
Adam var ki, ulus ona söykənir.
Qarçiçəyi qayıtmağa qoymaram,
Adam var ki, ulus ona söykənir.
O gələndən el çörəyə çatıbdır,
Əkinimiz, biçinimiz artıbdır,
Yoxsulluğun el daşını atıbdır,
Adam var ki, ulus ona söykənir.
Bir də ki, mən Qarçiçəyə vurğunam,
O gələndən son qoyulub qırğına,
Yağmurluğa, quraqlığa, çovğuna,
Adam var ki, ulus ona söykənir.
Qarçiçək də burdan getmək istəmir,
Odərləri, şamanları pisləmir,
Son gücünü düşərlərdən gizləmir,
Adam var ki, ulus ona söykənir.
Ortalığa çıxdı gözəl Qarçiçək,
Gözəl qızlar el-obanın varıdır.
Dedi: – Ata, mən qalıram, siz gedin,
Gözəl qızlar el-obanın varıdır.
Qalım burda, ocaqları qoruyum,
El-obanın istəyinə yarayım,
Yaraları, ağrıları sarıyım,
Gözəl qızlar el-obanın varıdır.
Burda tanrı Ahurməzda olacaq,
İnam, sevgi ürəklərə dolacaq.
«Kəsi» deyib hamı ocaq salacaq,
Gözəl qızlar el-obanın varıdır.
Muğmuğ dedi: – Bizi Minel sayınız,
Qarçiçəyin dediyini yayınız,
Bundan sonra Mindiyardır soyumuz,
Gözəl qızlar el-obanın varıdır.
Odər dedi: – Onda gəlsin verginiz,
Hər ölkəni yaşadan da vergidir,
Toplumunuz ayıq-sayıq dayansın,
Hər ölkəni yaşadan da vergidir.
Ocaq çatın, sevginizi bildirin,
Kəsi ilə yamanları öldürün,
Mindiyarın ağ bayrağın qaldırın,
Hər ölkəni yaşadan da vergidir.
Yerinciniz Qarçiçəkdir bu gündən,
Baş əyiniz, yer öpünüz önündə,
Ahurməzda, Sərtüz, ocaq yönündə,
Hər ölkəni yaşadan da vergidir.
Muğmuğ dedi: – Arxayın ol, baş üstə,
Addamışıq qarlı keçən qış üstən,
Minelliyik, Mindiyarıq hər üzdən,
Hər ölkəni yaşadan da vergidir.
Sərtüz Turel ulusundan qayıtdı,
Hər gün səslər kimsəsizi doğma yurd,
Tanı şaha o, baş əyib söylədi,
Hər gün səslər kimsəsizi doğma yurd.
Nuhçatanın Duzdağ eli oturaq,
Orda gərək ocaqları artıraq,
Çörəkçilər yolluğundan qurtaraq,
Hər gün səslər kimsəsizi doğma yurd.
Eşitmişəm tanrılaşıb Qızçiçək,
Nə olsa da Aşalaşa o gərək,
Biz bu yolla ocaqlaşaq, birləşək,
Hər gün səslər kimsəsizi doğma yurd.
Gənc şahımın inanışı ocaqdır,
Yerdə qalan, suya yersiz boyaqdır.
Minelliyə kəsi, ocaq, dayaqdır,
Hər gün səslər kimsəsizi doğma yurd.
Tanı dedi: – Tanrısı var hərənin,
İnanışı güclə soxma beyinə.
Yazıların qoltuğunda saralıb,
İnanışı güclə soxma beyinə.
Mən odəri göndərmişəm Muğelə,
Qayıtmayıb oralardan o hələ,
Əl-ayağa düşmə bunca sən belə,
İnanışı güclə soxma beyinə.
Çörəkçinin tanrısı var, çörəkdir,
Onlar şaha, Başevə də kövrəkdir,
Sizin kimi Baş Odərlər tək-təkdir,
İnanışı güclə soxma beyinə.
Mən bilirəm, sən tanrının oğlusan,
Qatlarınla tanrılara bağlısan,
Yer-yurdundan küsülüsən, dağlısan,
İnanışı güclə soxma beyinə.
Sərtüz baxdı Tanı şaha qıyqacı,
İnanışın yolu hamar olammaz.
«Niyə, görən, yurdum mənə qarşıdır,
İnanışın yolu hamar olammaz».
Dedi: – Sənin basqınların qabaqda,
Tanıqlığın, gücün, soyun ocaqda,
Bu olmasa heç nə çıxmaz yaraqdan,
İnanışın yolu hamar olammaz.
«Aşa» eli birləşdirir çətində,
Ola bilməz ocaq, tanrı hər tində,
Dərin tutum vardır ölüm, itimdə,
İnanışın yolu hamar olammaz.
«Aşa», «Ocaq» sənə, şahım, əltutdur,
Tanrısızlar şaha qarşı kobuddur,
Düşüncəni yuyan, silən su, oddur,
İnanışın yolu hamar olammaz.
Yazı yazdı Sərtüz o gün Cumərə,
Yerdə bircə, göydə yeddi tanrı var.
Şah buyurur, Cumər getsin Muğelə,
Yerdə bircə, göydə yeddi tanrı var.
«Qarçiçəyin tanrılığı düz deyil,
Suböləndə ocaq birdir, yüz deyil,
Yer qızıdır, göydəngəlmə qız deyil,
Yerdə bircə, göydə yeddi tanrı var.
Sağaltçıdır, tanrı deyil Qarçiçək,
Sağaltçısa, bura gəlsin bir görək,
Yoxsa orda tanrı olmaq nə demək,
Yerdə bircə, göydə yeddi tanrı var.
Şah buyurur, tez qayıtsın yerinə,
Adam tapsın, ərə getsin birinə,
Qatışmasın o, əl-ayaq kirinə,
Yerdə bircə, göydə yeddi tanrı var.
Cumər getdi, beş yüz atlı onunla,
Hamı deyir, baş işlərdə mənəm baş.
On beş günə Uğurelə çatdı o,
Hamı deyir, baş işlərdə mənəm baş.
Tuncay çıxdı qabağına doğma tək,
Dedi: – Sizi saya qoymaz Qarçiçək.
İstəyirsən biz Muğelə bir gedək,
Hamı deyir, baş işlərdə mənəm baş.
– Tanı şahın göndərişi mənəm, mən,
Sən ortada nə atılıb düşürsən,
Uğureldə səndən böyük yox deyən,
Hamı deyir, baş işlərdə mənəm baş.
Tuncay dedi: – Boş-boşuna danışma,
Qarçiçəyin işlərinə qarışma,
İt soyudur ağızlaşmaq, qapışmaq,
Hamı deyir, baş işlərdə mənəm baş.
Cumər çəkdi qılıncını, «it» dedi,
– Dəlilikdir yol üstündə dayanmaq,
İki qılınc qor ələdi dörd yana,
Dəlilikdir yol üstündə dayanmaq.
Tuncay dedi: – Dönməlisən buradan,
Ocaq yalan, tanrı yalan, sən yalan,
Yeddi deyil, birdir böyük yaradan,
Dəlilikdir yol üstündə dayanmaq.
Cumər dedi: – Yaşın azdır, görürəm,
Qılınc ilə sənə öyüd verərəm,
Bir uşaqla mən döyüşə girirəm,
Dəlilikdir yol üstündə dayanmaq.
Çıqqıldadı, şaqqıldadı yaraqlar,
Qan töküldü, soldu al-al yanaqlar,
Batdı yerə dizə kimi ayaqlar,
Dəlilikdir yol üstündə dayanmaq.
Əyildilər, qırıldılar yaraqlar,
Dözüm olsa dözməz dəmir güclüyə,
Tulladılar dəbilqəni, döşlüyü,
Dözüm olsa dözməz dəmir güclüyə.
Çılpaq gövdə, dirək ayaq, dəmir qol,
Bir-birinə kələzdənmək vurhavur,
«Güc tutumum, qayna, daşlan, bir də dol»,
Dözüm olsa dözməz dəmir güclüyə.
Cumər dedi: – Yekə-yekə danışma,
Tuncay dedi: – Bizim işə qarışma,
Cumər dedi: – Ayağımdan yapışma,
Dözüm olsa dəmir dözməz güclüyə.
Yamanlaşıb qarpışdılar qız üstə,
Yoruldular, çöküşdülər diz üstə,
Çəkişdilər, vuruşdular söz üstə,
Dözüm olsa dəmir dözməz güclüyə.
Gecə düşdü, vuruş qaldı yarımçıq,
Basıq olmur ərlər gücbir olanda.
Dan yerində Tuncər çıxdı vuruşa,
Basıq olmur ərlər gücbir olanda.
Dedi: – Cumər, oğlum səni yoracaq,
O güclüdür, qol-qıçını qıracaq,
O uşaqdır, səni lapdan vuracaq,
Basıq olmur ərlər gücbir olanda.
– Bu vuruşda, çəkişmədə vurum yox,
Bacım orda tək qalıbdır, yardım yox,
Orda yemək-içmək azdır, düşün çox,
Basıq olmur ərlər gücbir olanda.
Gəlin daha əl götürün bu işdən,
Çinel yüz min toplum ilə yürüşdə,
Xançu, Muğel diz qatdayıb döyüşdə,
Basıq olmur ərlər gücbir olanda.
Bacar daha əldən düşüb, yorulub,
Gənclər gərək dayaq ola qocaya.
Biz əl-ələ verməliyik çətində,
Gənclər gərək dayaq ola qocaya.
Üstümüzə gələn yüz min qılıncdır,
İndi qardaş boğuşması gülüncdür.
Barışsanız bu, Minnelə qoruncdur,
Gənclər gərək dayaq ola qocaya.
Gəlin bir də qardaşlaşaq, bir olaq,
Güc-güc deyən Çinellidən öc alaq,
Bu yovşanlı çöllüklərə səs salaq,
Gənclər gərək dayaq ola qocaya.
Tuncay səni tanımayır, uşaqdır,
Bicliklərdən, bicləmədən uzaqdır,
O bilməyir Cumər bizə qonaqdır,
Gənclər gərək dayaq ola qocaya.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-tanrievi-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baxıb Manay çox şeyləri duyurdu.Duyulmayan duyğuları qız duyar.
Asurla döyüş söylənciGəldi qoça başbilənlər Başevə,El diridir, uman yeri vardırsa.
Öc söylənciBoş bilərək Mehcə bir gün BaşeviDüşüncəsi yumaqlandı, qarışdı.
Buynuz şah söylənciBaşevə dönmədi Qaraş neçə ay,Doğmalar uzaqkən sevimli olur.