Gəldi qoça başbilənlər Başevə,
El diridir, uman yeri vardırsa.
Qobu yerlə, Qobuçöllə, Qobuduz,
El diridir uman yeri vardırsa.

Aşmışdılar, çölu, düzü, yoxuşu,
Suboğazı, Yastıdağı, Göydöşu,
Gəlmişdilər çatdırsınlar bu işi,
El diridir uman yeri vardırsa.
Döyüşlərdə, vuruşlarda ad alan,
Yerinclikdə şahlar kimi var olan,
Gəlmişdilər döyüşlərdə tək qalan,
El diridir uman yeri vardırsa.


– Mindiyarın şahlar şahı sağ olsun,
Kəsik başam ayağının altında
Söyləyirəm gələnlərin dililə,
Kəsik başam ayağının altında.

Bir ölkədə birləşmişik hamımız,
Bir sözümüz, əkinimiz, damımız,
Bir boyada, bir axarda qanımız
Kəsik başam ayağının altında.

Sanmasınlar mən Başevdən qırağam,
Şahlar şahı Üstüağa dayağam,
Göz oxşayan Başevinə qonağam,
Kəsik başam ayağının altında.


Ancaq, şahım, biz çapıldıq, soyulduq,
Düz deməsəm, buyursunlar...
– Doğrudur...
– Asur şahı bizdə çöp də qoymadı,
Düz demişəm, buyursunlar...
– Doğrudur...
– Qancıl sığnaq evimizi dağıtdı
Düz deməsəm, buyursunlar…
– Doğrudur...
Asurelə sürülübdür ilxımız,
Arpa, buğda, mərçi, hər var-yoxumuz,
Bircə Asur şahdandımı qorxumuz,

Duz deməsəm, qoy desinlər,
– Doğrudur...


Bu gün Başev öz içində çırpınır,
Bir ölkənin düşünəri Başevdir,
Oturublar bilicilər, varlılar
Bir ölkənin düşünəri Başevdir.

Birisinin suyu, yeri, əkini,
Saxlanç edib biri yerin təkini,
Odur qorxur, döyüşlərdən çəkinir,
Bir ölkənin düşünəri Başevdir.

Batı, Doğu yürüş çəkər ölkəyə,
Hər iki yan dönüb oğru tülküyə,
Mindiyarı salıb qorxu-ürküyə,
Bir ölkənin düşünəri Başevdir.


Hörməsində oturubdur Üstüağ
Bir yürüşdür sanki ağır oturuş.
Oturağın söykəncləri qızıldan,
Bir yürüşdür sanki ağır oturuş.

Ağ döşlüyü, al qızıldan başbağı.
Sağ əlində qızıl şahlıq çomağı,
Başı üstdə ağ ipəkdən başrağı
Bir yürüşdür sanki ağır oturuş.

Dörd bir yanda başbilənlər, təpərlər,
Sağdış, soldış, ağsaqqallar, önərlər,
Yönəmlikdə, düşüncədə dəyərlər,
Bir yürüşdür sanki ağır oturuş.


Sağ qanadda oturublar varlılar,
İlxı, naxır, sürü, torpaq yiyəsi,
Sol qanadda yaraqlılar, önərlər
İlxı, naxır, sürü, torpaq yiyəsi.

Sağlar üçün batı, doğu ulu yer,
Var yerinə qan-qadayla dolu yer,
Yel əsəndə gizli gəzir sulu yer,
İlxı, naxır, sürü, torpaq yiyəsi.

Sollar isə didişirlər çin üstdə,
Çinlər üzür al-qırmızı qan üstdə,
Çinsizdirsə burda durub yan üstdə
İlxı, naxır, sürü, torpaq yiyəsi.

**Bayraq
***Paqon


O, çin deyir, bu var deyir Başevdə,
Çəkişənlər bərkişsələr yaxşıdır.
Biri göydən, biri yerdən desə də
Çəkişənlər bərkişsələr yaxşıdır.

Bu çəkişmə yönümləşmə günündə,
Sollar durub döyüş-vuruş yönündə,
Sağlar durub solçuların önündə
Çəkişənlər bərkişsələr yaxşıdır.

Çəkiş-bərkiş üzərində durub yer,
Yüksəlişi, ucalığı onda gör,
Çəkişənlə bərkişənə nə var ver,
Çəkişənlər bərkişsələr yaxşıdır.


Üstüağ da düşünurdü beləcə
Yerdən öydür düşüncənin göyləri.
Gah sol yanda, gah sağ yanda dururdu,
Yerdən öydür düşünçənin göyləri.

"-Asurlular dəmir təkər, qoşquda,
Yaraqlısı sığnaq yıxan quruda,
Soraqçısı orda, burda pusquda,
Yerdən öydür düşüncənin göyləri.

Öncə gərək qurğu, qoşqu aldıram,
Bir də birlik başrağını qaldıram,
Çox yerləri öz yerindən saldıram,
Yerdən öydür düşüncənin göyləri."


Sonra Xançu, Durudaşla, Qobudüz,
Bir olmaqdır üstünlüyün anası
Öncə toplum verməlidir hər yerinc
Bir olmaqdır üstünlüyün anası.

Həm də Çinlə, Darviedellə bir olmaq,
Hində gərək söz çatdırıb, söz almaq,
Bir də iki çayarası... sayılmaq,
Bir olmaqdır üstünlüyün anası.

Hamı, hamı qan ağlayır Asurdan,
Öz yerinə dönməlidir qudurğan,
Aramızda əkib tikan, baldırğan,
Bir olmaqdır üstünlüyün anası.


Bir Mehcədən çəkinirəm arxada,
Hər aqacı öz içindən qurd yeyər,
Mən gedərsəm, Mehcə dönüb gələcək,
Hər ağacı öz içindən qurd yeyər.

Bir iş açar o Manayın başına.
O daş atar mənim Umay quşuma,
Toplum çəkib çıxar birdən qarşıma,
Hər ağacı öz içindən qurd yeyər”.

Onda gərək Mehcə ilə birləşəm,
Daha Qaraş yavaş-yavaş ərləşər,
Mən özumlə apararam Qaraşı,
Hər ağacı öz içindən qurd yeyər".


Söz deyirdi hər ağsaqqal, başbilən,
Söz kötürüb aparırdı Başevi.
Sallamalar, döşənəklər əsirdi,
Söz götürüb aparırdı Başevi.

Biri toplum, biri ilxı deyirdi,
Barış, döyüş, sorğu, qayğı deyirdi.
Biri yürüş, biri sayğı deyirdi,
Söz götürüb aparırdı Başevi.

Qarbaş tez-tez danışırdı döyüşdən,
Yaşı gəlib dayanmışdı yetmişdə.
O, yenə də öndə idi hər işdə,
Söz götürüb aparırdı Başevi.


– Mən ölkənin şahlar şahı Üstüağ,
Birin deyin, birini də eşidin,
Ağsaqqallar, başbilənlər, önərlər
Birin deyin, birini də eşidin.

Biz bir olsaq Asur şahı basarıq,
Sonevini Mindiyarda qazarıq,
Döşdaşını öz dilində yazarıq,
Birin deyin, birini də eşidin.

Ancaq onun qurğusu var, qoşqusu,
Hər bir yerdə gizli-gizli busqusu,
Bizdə isə üstün var, yer duyğusu,
Birin deyin, birini də eşidin.


– Mən gedirəm Asur şahın üstünə,
Hamı mənə yardım əli uzatsın.
Toplumumuz ölüm üstə yollanır,
Hamı mənə yardım əli uzatsın.

Asur şahdır Mindiyarın qancılı,
Başdan boşdur, qarnı qurdlu, sancılı,
Önümüzdə belə bir yol açılır,
Hamı mənə yardım əli uzatsın.

Mən Üstüağ - şahlar şahı söylərəm;
Mən tanrıdan güc və dözüm dilərəm,
Gərək olsa mən bu yolda ölərəm,
Hamı mənə yardım əli uzatsın.


– Basar şahım, nəyim varsa sənindir,
Ölkə böyük şah adıyla öyünür.
Siz olmasaz nə ölkə var, nə Başev,
Ölkə böyük şah adıyla öyünür.

Bu yürüşdə biz tutmuşuq əl-ələ,
Arxamızca yüz min-yüz min ər gələr,
Tanrım, əltut Mindiyara, Minelə,
Ölkə böyük şah adıyla öyünur.

– Mən min qızıl yolçıxdıya verirəm,
– Hamı qızıl gətiribdir, görürəm.
– Mən bu böyük bağlaşmaya girirəm,
Ölkə böyük şah adıyla öyunür.


Şahım, mən də bağlaşmaya gəlmişəm,
Güclü olar söykənəndə dağ dağa,
Biz də sizə söykənməyə gəlmişik.
Güclü olar söykənəndə dağ dağa.

Qalan varım bu yolundur, bax, budur,
Dönən kimi göndərərəm at, otu,
Diz çökdürək təki Asur qoturu,
Güçlü olar söykənəndə dağ dağa.

Bağlaşmanı, şahım, mən də bəyəndim,
Şah başraqdı, uman yerdi, önəm yer,
Ürəyimiz çoxdan göynəm-göynəmdi.
Güclü olar söykənəndə dağ dağa.


– Biz də!..-Biz də..
– Yaxşı, bildim, oturun!
Bir yumruqda beş barmaq var, sıxılı.
Çətin işdə inanıram mən sizə,
Bir yumruqda beş barmaq var, sıxılı.

Başda yemdir, atdır, yemək, yaraqlı,
Atlı, atsız, hamı iti ayaqlı,
Kim vardırsa Minelliyə maraqlı,
Bir yumruqda beş barmaq var, sıxılı.

Çəkin çölə yer altından atımı,
Qoy bərk olsun yəhərinin yatımı.
Əsirgəmə, tanrı, bizdən yardımı,
Bir yumruqda beş barmaq var, sıxılı.


Elçi getdi Çinə, Hində, Balasqa.
Üstünlükdür, arxayınlıq arxadan.
Ya o yanlıq, ya bu yanlıq, bilinsin,
Üstünlükdür, arxayınlıq arxadan.

Döyüşçüyə arxa gərək dağ olsun,
Soraq, inam, doğru, yalan çağ olsun,
Çətin gündə yönlü yalan sağ olsun,
Üstünlükdür arxayınlıq arxadan.

**Şayiə

Doğru hayçı yalançıdır arxada,
Qara soraq gələr qara qarğadan,
Ayrı qoyma yaraqlını qorğadan
Üstünlükdür arxayınlıq arxadan.


Ön sırada xısın-xısın busqular,
Öndə nə var... göz-qulaqdır, busqudur.
Çaydan, göldən, danışıqdan, gedişdən,
Öndə nə var... göz-qulaqdır, busqudur.

Danışıqlar, olacaqlar, olmuşlar,
Sığnaqlarda yuvarlanıb qalmışlar,
Siçan kimi kənd evinə dolmuşlar,
Öndə nə var... göz-qulaqdır, busqudur.

Burda neçə, orda neçə atlı var,
Hara gedir, nə istəklə bu çapar,
Nədən belə burulubdur bu yollar,
Öndə nə var... göz-qulaqdır, busqudur.


Suboğazda üç yüz gəmi yürüşdə,
Həm kəsədir, həm qorxusuz su yolu,
Yaraqlılar gəmilərdə otuz min,
Həm kəsədir, həm qorxusuz su yolu.

Ox atanlar quşu vurur gözündən,
Min-min qayıq durur suyun üzündə,
Avarçılar on-on yedək dözümdə,
Həm kəsədir, həm qorxusuz su yolu.

Mindiyarın gəmiləri ötəkdir,
Arxadan da onu qovan küləkdir,
Oxçulara balıq burda çörəkdir,
Həm kəsədir, həm qorxusuz su yolu.


Qarbaş, Qaraş lap qabaqda, at üstdə,
Çəkil, qancıl, öz yerini bilginən,
İki yüz min toplum gəlir vuruşa,
Çəkil, qancıl, öz yerini bilginən.

Mindiyarın hər ərəni dipdiri,
Ölür, ancaq çəkilməyir, o, geri,
– Göydə qılınc oynat, ərən, dur bəri,
Çəkil, qancıl, öz yerini bilginən.

Əkincilər biçinçilər, otarlar
Bu yürüşlə dinc günlərə çatarlar,
Sağdan, soldan yaylım gəlir çaparlar,
Çəkil, qancıl, öz yerini, bilginən.


Asur şahın başı kefdən key idi,
Arxayınlıq başçı üçün ölümdür.
Bu yürüşü ona lapdan dedilər.
Arxayınlıq başçı üçün ölümdür.

O gülsə də tel-tel içi dartılır,
Sudan yürüş, qorxusunu artırır,
Açıqlanır, açığını yatırır,
Arxayınlıq başçı üçün ölümdür.

Öncə durub dəli kimi bağırdı,
Sonra Huru, Harı önə çağırdı,
Gözlərindən ildırımlar yağırdı,
Arxayınlıq başçı üçün ölümdür.


Hardasınız, Hur, Har, bu nə yürüşdür,
Çox yatmağın çoxlu qara günü var.
Üstümüzə Minel gəlir uç yandan,
Çox yatmağın çoxlu qara günü var.

Qara olsun görüm o ağ üzünüz,
Qoy kor olsun adamyeyən gözünuz,
Üstüağa qarşı nədir sözünüz,
Çox yatmağın çox-çox qara günü var.

Çıxsam heç kəs ala bilməz qarşımı,
Mən qoymaram daş üstündə daşını,
Gözləyirəm Üstüağın başını,
Çox yatmağın çox-çox qara günü var.


Mən Asur şah Maş-maş oğlu Şaddayam,
Qılınc çəksəm, Minel batar, qan ağlar.
Mindiyarı dağıdaram üç günə,
Qılınc çəksəm Minel batar, qan ağlar.

Üstüağın ağ başrağı ağarır,
Qabağına yüz min atlı çıxarın,
Qovun onu, dağlar boyu yuxarı,
Qılınc çəksəm, Minel batar, qan ağlar.

Gedin, çatın Əkbitənə od vurun,
Arvadını, uşağını tam qırın,
Orda mənə al qızıldan ev qurun,
Qılınc çəksəm, Minel batar, qan ağlar.


Hur bu yönə, Har o yönə tələsdi,
Bu bəllidir, tələsəcək gecikən.
Yer titrədi ayaqları altında,
Bu bəllidir, tələsəcək gecikən.

Suboğaza, Yastıdağa, körfəzə,
Yayıldılar dağa, çaya, dənizə,
Neçə yandan dayandılar üz-üzə,
Bu bəllidir, tələsəcək gecikən.

Vuruşlarda qoçlar gəldi döş-döşə,
Qarbaş, Qaraş, Hur, Har gəldi baş-başa,
Atlı atsız, çoxlu oxsuz çarpışar.
Bu bəllidir, tələsəcək gecikən.


Asurlular minellilər tutaşdı,
Tutaşarlar güclülərlə cılızlar,
Qılınc, topbuz, tutaq attək kişnəyir,
Tutaşarlar güclülərlə cılızlar.

Ağ geyimli, göy geyimli qarışır,
Yaraqsızlar qurşaq tutub çarpışır,
Görünməyir bu döyüşün barışı,
Tutaşarlar güclülərlə cılızlar.

Mindiyarın atlıları qırğıdır,
Qızan gözlər qızıl oddur, yanğıdır,
Qan şırımı əldə, üzdə sarğıdır,
Tutaşsarla güclülərlə cılızlar.


Hur Qarbaşla, Har Qaraşla üzləşir,
Bu döyüşdə dörd əl, dörd göz gərəkdir.
Qarbaş hələ Qaraşı da qoruyur,
Bu döyüşdə dörd əl, dörd göz gərəkdir.

İldırımdır qılıncların kəsəri,
Ortadadır topbuzlular çəpəri,
Biri sısqa, biri güclü, ötəri,
Bu döyüşdə dörd əl, dörd göz gərəkdir.

Yara alıb Hur, yıxılıb ağnayır,
Har vurduğu qılıncları sanayır,
Qaraşın da vuran qolu qanayır
Bu döyüşdə dörd əl, dörd göz gərəkdir.


Hər topbuzu endirəndə Qaraşa,
Şimşək kimi şaxır səsi qılıncın.
Düşür yerə qolqarışıq topbuzu,
Şimşək kimi şaxır səsi qılıncın.

Üstüağdır, tez özünü yetirir,
Bir durumda Harı yer-yer itirir,
O, Qaraşı öz tərkinə götürür,
Şimşək kimi şaxır səsi qılıncın.

Şadda çıxır qabağına bu yerdə,
Ərənləri, o nərləri bəyirdən,
Qılınc vurur Üstüağa böyürdən,
Şimşək kimi çaxır səsi qılıncın.


Qan boyayır Üstüağın üstünü,
Gücə qarşı biclik hərdən yaxşıdır.
Qaçır sanki o, Şaddanın önündən,
Gücə qarşı biclik hərdən yaxşıdır.

Çapır, çapır atlılarla yanaşı,
Qoyur yerə yaralanmış Qaraşı,
Dönüb birdən o başlayır savaşı,
Gücə qarşı biclik hərdən yaxşıdır.

Bizuc keçir boğazına Şaddanın,
Asur şahın beli iki qatdanır,
Durub birdən ortalığa atdanır,
Gücə qarşı biclik hərdən yaxşıdır.


İkisi də qurşaq tutur ölümlə,
Dirrik, ölüm iki yoldur yanaşı.
Biri-qandır, biri buzdur-qatışıq
Dirrik, ölüm iki yoldur yanaşı.

Üstüağın pal-paltarı dağılır,
Şadda tez-tez xırıldayıb boğulur,
Biri qalxır, o birisi yıxılır,
Dirrik, ölüm iki yoldur yanaşı.

Dözmür Qaraş bu təkbətək savaşa,
O, Şaddanı alıb çırpır sal daşa,
O son qoyur bu yarıcan duruşa,
Dirrik, ölüm iki yoldur yanaşı.


Mindiyarın toplumları vuruşqan,
Yönü öndər, gücü toplum göstərər.
Yastıdağla, Suboqazda alınır,
Yönü öndər, gücü toplum göstərər

Yaxşı gəlir dənizdən də ilk soraq,
Qılınc vurub gedir Qarbaş, Üstüağ,
Keçidləri, boğazları açaraq,
Yönü öndər, gücü toplum göstərər.

Tikmələrdən çıxıb qaçır asurlar,
Leş daşıyır qoşqu atlar, qatırlar,
Dağlıqlarda yol itirib azırlar,
Yönü öndər, gücü toplum göstərir.


Bağlaşanlar yerə, göyə sığışmır,
Öcün bu yan-o yan, iki başı var.
Qonşular ta bir-birilə boğuşmur,
Öcün o yan-bu yan, iki başı var.

Mindiyara Şadda vergi göndərir,
Nə aparıb, çapıb, geri göndərir.
Kölə qardaş, kölə bacı, dön geri,
Öcün o yan-bu yan, iki başı var.

Şadda düşüb yumaqlandı, çöp oldu,
Yer altında saxlancları tapıldı,
Nə var idi, vardan, yoxdan çapıldı.
Öcün o yan-bu yan, iki başı var.


Balasq, Misir qorxdu belə yürüşdən,
Sevinc, qorxu bacı-qardaş doğulub.
Bu yürüşdən sevindilər, qorxdular,
Seninc, qorxu bacı-qardaş doğulub.

Mindiyarın var gücünü gördülər,
Üstüağla bağlaşmaya girdilər.
Vergi, qızıl, gümüş, girov verdilər
Sevinc, qorxu bacı-qardaş doğulub.

Üç ay çəkdi bu üçyanlı yürüşlər,
Çox iyidə sonev oldu döyuşlər,
Öz yerinə qaytarıldı çox işlər,
Sevinc, qorxu bacı-qardaş doğulub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri