Dost kimi, qardaş kimi
Meşədə quşlar artıq oxumur kef-damaqlı,Günəş üstdə bulud var göz üstündə qaş kimi.Payız gəlib... çəmənlər görünür qaşqabaqlı,Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.
Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,Havalara sovrulur yuvalardan quş tükü.Görünür gözlərimə palıdların kötüyüBərkə-boşa dözümlü qaya kimi, daş kimi.
Sabah yəqin hər tərəf bürünəcəkdir qara,Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,Qışdan sonra bir daha qovuşmaqçın bahara –Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.
Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,Payız öz nəfəsiylə qəm gətirib gülşənə.Hərdən günəş doğanda, görünür aydın mənə –Savalanın təpəsi çalpapaqlı baş kimi.
Canlanır göz önümdə hər an başqa mənzərə,Yağan yağış altında yuyunduqca dağ-dərə –Yarpaqların ucundan damcılar düşür yerəGözdən axan yaş kimi.
Qış qapını kəsdirib yurd salacaq bu yerdə,Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.Şaxta baba əliylə bütün pəncərələrdəMin naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.
Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,Yürüyür dağlar üstə buludlar karvan-karvan.Yol çəkən gözlərimi çəkmirəm Savalandan.Qanı qanımdan olan qardaşım Balaş kimi!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-dost-kimi-qardas-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir