Mənsiz
Bir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.Hicran şərbətini içəcəyəm mən,İnsanlar həyata baxacaq mənsiz.
Həyat uzanacaq uzun yollarda,Gəzəcək dünyanı qış da, bahar da.Yağış da, dolu da, quşbaşı qar daGöydən yer üzünə yağacaq mənsiz.
Ziyansız əsəcək yellər, küləklər,Torpaqdan qalxacaq güllər, çiçəklər.Lalətək güləcək qəmsiz ürəklər,Gur çaylar, bulaqlar axacaq mənsiz.
Fərqi olmayacaq kəndin, şəhərin,Ömrü xoş keçəcək bütün bəşərin.Şanlı zəfərlərin, böyük günlərinİgidlər əlini sıxacaq mənsiz.
Bəxtini bəxtimdə görəcək aləm,Silinib gedəcək lüğətdən ələm.Vətən torpağını, əlində qələm,Şairlər seyrana çıxacaq mənsiz.
Mən gözəl dünyadan köçmürəm nakam,Gözümün işığı o təkcə balam –Ellər gözəlindən alaraq ilham,Barmağına üzük taxacaq mənsiz.
Ağ günlər sürəcək bu doğma ellər,Sevib-seviləcək azad könüllər.Gənclərin qəlbini nazlı gözəllərYenə eşq oduna yaxacaq mənsiz.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-mensiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kəsdə belə şirin dil olmaz,Hər kəlməsi bir qızılgül olmaz.
SönməyibSənə öz könlümü verdim, səni candan sevdim,Sevgimə olmaq əngəl dəli hicran, sevdim.
MəktubBir zaman qəlbimə yazdım adınıOnda bildim acı dərdin dadını.
DönsəmArzum gül açır mən sola dönsəm, sağa dönsəm,Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Getdi (Köçdü Xançobanım fani dünyadan)Köçdü Xançobanım fani dünyadan,Nərgizlər dağlarda bitməmiş getdi.