Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,Sək sifətli sək rəqibin sözündən,Məcnun olub çöldən çölə düşmüşəm

Leyl-ü-nəhar ağlamaqdan gözlərim,Saralıban rəngim solub yüzlərim,Sənlən danışdığım nəhan sözlərim,Məşhur olub dildən dilə düşmüşəm

Bəndivanım gedə bilmən bir yana,Rəhm elə gəl bəlkə yetəm dərmana,Axdı gözüm yaşı döndü Ümmana,Qəvvas kimi seldən selə düşmüşəm

Könlüm istər qoynun içrə girməyə,Siyah zülfün dal gərdənə örməyə,Uzun illər didarını görməyə,Həsrət qalıb eldən elə düşmüşəm

Bülbül eylər gülşən arə fəryadı,Qoyma bağa bağban, huryadı,Bu Mənzura kim eyləsin imdadı,Tərəhhüm qıl, əldən ələ düşmüşəm

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar