Mirzəğa əmi
Səhnəmizin nəhəng artisti, xalqımızın sevimli sənətkarı Mirzəğa Əliyevi respublikamızda tanımayan varmı? O, böyük şöhrəti, sonsuz məhəbbəti xalqa, vətənə sədaqətlə xidmət sayəsində qazandı.
Mən onu uşaqlığımdan tanıyırdım. Bizim məhəllədə (keçmiş Spasski və Çadrovı küçəsinin tinində) yaşayırdı.
Məhəlləmizdə böyük, kiçik – hamı onu sevərdi. Onun mis kimi cingildəyən, şən qəhqəhələri, gülən gözləri, əbədi olaraq mənim xatirimdən çıxmayacaqdır. Şirin-şirin danışdıqca həm gülər, həm də dinləyənləri güldürərdi. Mən onu gah həyətimizdə, gah da dükan qabaqlarında tanıdığı və tanımadığı adamlarla söhbət eləyən görərdim.
Biz ona sadəcə Mirzəğa əmi deyərdik. Ömrünün axırınadək ona bu adla müraciət eləyirdik. Bizim məhəllə uşaqları onun adını böyük bir sevinc və qürurla çəkirdi. Zarafat deyil, teatrın ən yaxşı, ən böyük artisti bizim məhəllədəndi. Məhəlləmizin əhalisi onun tamaşalarına bir bayram təntənəsinə gedən kimi axışardı.
Mirzəğa Əliyev böyük realist sənətkar kimi məhəlləmizdəki müxtəlif adamların müxtəlif xasiyyətlərinə dərindən bələd olmaq məqsədilə onlarla dostluq eləyirdi. Məhəlləmizdə yaşayanlardan çoxunun qəribə ləqəbləri vardı. Bu ləqəblərin bəzisi nəsillərilə, bəzisi də özlərinin xasiyyətlərilə əlaqədardı. Mirzəğa bu adamların xarakterlərindəki müsbət və mənfi cəhətləri həssas bir sənətkar kimi öyrənir və səhnədə ifa etdiyi şəxsiyyətlərin simasında onlardan götürdüklərini kəskin boyalarla yaratmağa nail olurdu.
Xalqımızın sevimli sənətkarı, məhəlləmizin üzügülər Mirzəğa əmisi belə bir adamdı.
1922-ci ildə 16 yaşım vardı. Nərimanov adına Sənaye Texnikumunun elektro-mexanik şöbəsində oxuduğum halda şerə, ədəbiyyata həvəsim daha çoxdu. Divar qəzetində kiçik şeirlər çap etdirirdim. Məktəbin dram dərnəyində iştirak etdiyimdən tez-tez satir-agit teatrına gedərdim. Orada oynanılan kiçik formalı komediyalar məni ürəkdən güldürürdü.
Atam isə teatra əmimlə bərabər Mirzəğa Əliyevin onlara verdiyi kontramarkalarla ayrıca gedərdi. Mirzəğa səhnədə görünən zaman salon nəhəng bir ağız kimi birdən qəhqəhə çəkirdi. Mirzəğanın təbii, səmimi oyunu hamını heyran eləyirdi.
Satir-agit teatrında tamaşaya qoyulan bir və ya iki pərdəli kiçik formalı əsərləri əsas etibarilə Əbdürrəhimbəy Haqverdiyev, Süleyman Sani Axundov, Səid Ordubadi kimi tanınmış yazıçılarımız, Mirzəğa Əliyev, H.Abbasov, Əhməd Qəmərli kimi artistlərimiz yazırdı. Mən bu əsərlərə tamaşa etdikcə həvəsləndim. Mənə elə gəldi ki, mən də bu sayaq komediyalar yaza bilərəm. Bir həftə gecəli-gündüzlü aramsız zəhmət çəkərək “Çimnaz xanım yuxudadır” adlı bir pərdəli iki şəkilli bir komediya yazdım. Lakin əsərin taleyinə bir o qədər də inanmırdım. Bu əsəri böyük bir qorxu, ehtiyat, həyəcan və utancaqlıqla satir-agit teatrına apardım. Orda Mirzəğa Əliyevə rast gəldim. O məni diqqətlə süzüb fikrə getdi. Mən Nərimanov adına texnikumun formasını geydiyimdən o məni birdən tanıya bilməmişdi. Nə üçün gəldiyimi ona söylədim.
– Bala, harda oxuyursan! Haralısan! Kimlərdənsən?
Mən ona harda oxuduğumu, haralı olduğumu, hansı ailəyə mənsubiyyətimi söylədikdə, o sevindi və bərkdən gülməyə başladı.
– Deməli, Qara övladı nəslindən, özü də mənim dostum Dəmirçi Əliabbasın oğlusan?
– Bəli dedim. Ancaq bunu atam bilməsin.
– Nə üçün oğlum?
– Çünki atam mənim mühəndis olmağımı istəyir. O, istəyir ki...
– Başa düşürəm, qorxma demərəm, demərəm.
– Sağ olun.
– Yaxşı, sən onu bilirsən ki, atan mənə bir palto borcludur?
– Xeyr.
– Bunun qəribə bir tarixi var. İşdir, yazdığın əsər, xoşumuza gəlsə, paltomun pulunu sənin zəhmət haqqından çıxacağıq – deyib qəhqəhə çəkdi.
Mən heç nə başa düşmədiyimdən mat-qut olub qalmışdım. O bunu sezərək əlavə etdi:
– Oğlum, zarafat eləyirəm. Paltonun tarixi belədir. Atanla uşaqlıqdan dostam. Ananı gəlin gətirəndə mən atanın sağdışı idim. Dostaşnalar, fişəng atdılar, qəfildən fişəngin biri mənim təzə paltomun qoluna düşüb onu yandırdı. Bu belə... qaldı yazdığın bu əsər. Ona diqqətlə baxaram görək dəmirçi Əliabbasın oğlu nə yazıb.
O, məni bir ata mehribanlığı və nəvazişi ilə yola saldı. Mən bir neçə ay teatra tərəf üz çevirmədim. Məhəllədə də qorxumdan onun gözünə görünmədim. Deyirdim bəlkə yazdığım komediya heç bir şeyə yaramayacaq. Nigarançılıq içərisində qovrulurdum.
Bir gün satır-agit teatrının divarlara vurulmuş böyük bəzəkli afişaları mənim toy-bayramıma çevrildi, sevincimə səbəb oldu. Öz gözlərimə inana bilmirdim. Bir afişanın qabağında yarım saatdan çox dayanıb teatrda oynanılacaq əsərlərin adlarını təkrar-təkrar oxuyurdum. Afişa: Mirzəğa Əliyevin benefisinə (“Orda elə, burda belə”) Əsər Mirzəğa Əliyev (“Çimnaz xanım yuxudadır” yazanı Nərimanov adına texnikumun tələbəsi Süleyman Rüstəmzadə) sözləri yazılmışdı.
Sevincimdən yerə-göyə sığmırdım. Məktəbdə uşaqlar məni dövrəyə alıb təbrik eləyirdilər.
Tamaşa axşamı məktəb yoldaşlarımla birgə lap dal cərgədə oturmuşduq. Mirzəğanı bir çox təşkilatlar tərəfindən təbrik etdilər. Onun ilhamla, məharətlə oynaması, tamaşaçıların qəlbinin dərinliklərinə qədər təsir eləyirdi. “Çimnaz xanım yuxudadır” komediyasında baş rolu Mirzəğa oynayırdı. Mən də tamaşaçılara qoşulub ürəkdən gələn qəhqəhələr çəkirdim. Özüm öz yazdığımın belə təsir bağışlayacağını heç də gözləmirdim. Təcrübəsiz bir məktəblinin qələmindən çıxan kiçik bir əsərdə Mirzəğa Əliyevin müəllim qələmi işləmişdi. O, yazdığım bu kiçik əsərdə bir sıra ixtisarlar aparmışdı. Həmin gecə tamaşada qonşularımızla birlikdə atam da vardı. “Avtor-avtor” – deyə məni səhnəyə çağırdılar. Teatrdan qayıdandan sonra evdə atam mənə dedi ki, Mirzəğa Əliyevin benefisinə getmişdik... Teatrda əl çalıb səhnəyə bir uşaq çıxartdılar lap sənə oxşayırdı.
Mən üstünü vurmadım. O, məni tanımamışdı. Çünki uzun illər dəmirçixanada ocaq alovlarına baxdığından gözləri bir o qədər də yaxşı görmürdü. O, teatr üçün əsər yazdığımı bilsəydi bəlkə də pərt olardı. Çünki necə olursa-olsun öz oğlunu mühəndis görmək istəyirdi.
Mirzəğa Əliyevlə mənim yaradıcılıq dostluğum həmin bu gecədən başlandı. Sonralar mən satır-agit teatrına getdiyim zaman səhnə arxasına keçib onunla görüşərdim.
Mirzəğa Əliyevin səhnəmizdə istər klassik, istər müasir sovet dram əsərlərində yaratdığı unudulmaz obrazlar, bütün tamaşaçıların xatirəsində, qəlbində silinməz iz buraxmışdı. O, biz yazıçılarla görüşəndə Cəlil Məmmədquluzadədən, Əbdürrəhimbəy Haqverdiyevdən, Nəcəfbəy Vəzirovdan, Hüseyn Ərəblinskidən, Kəblə Cahangirdən şirin-şirin maraqlı söhbətlər elərdi. O, Stanislavski, Şepkin, Tolstoy, Ostrovski, Çexov yaradıcılığından böyük məhəbbətlə, hörmətlə danışardı.
Onun yaradıcılıq oduyla yanan gur ilhamlı sinəsi canlı xatirələrlə doluydu.
Bir ay əvvəl xəstəxanada onun yanındaydım. O, məndən “Burda mənəm Bağdadda kor xəlifə” komediyamın taleyini soruşdu. Mən də onun yadına ilk kiçik formalı komediyamın tarixini saldım. O, gülə-gülə dedi:
– İlk komediyanda pis oynamışdım. Bu komediyanda oynamamaq kişilikdən deyil. Xəstəliyə qalib gəlirəm. Bir həftəyə qədər hələ həlbət burdan çıxacağam. Səhnə məni çağırır!
Mən ona təsəlli verdim.
Mirzəğa əmi ona gətirdiyim üzümdən yeyərək deyirdi:
– Dostum yaxşı kişiydi, zəhmət sevən adamdı, yəqin bu üzümlər onun əkdiyi meynələrdəndir. O məndən bir neçə yaş böyükdü. Qoy onun üzümündən doyunca yeyim ki, o kişi qədər yaşaya bilim!
Ondan ayrılarkən dedi: “Məndən yazıçılarımıza salam apar. Bir-birinizi sevin, bir-birinizə hörmət eləyin, bir-birinizi tənqid eləyəndə də, çalışın ki, arada qərəz filan olmasın. Bundan xalqa sənətə xeyir dəyməz! İnanıram ki, bundan sonrakı görüşümüz xəstəxanada yox, teatrda olacaq!
Əl verib ayrıldıq.
Heyhat, biz onunla teatrda tabutu yanında görüşdük. Amansız ölüm onun son arzusunu ürəyində qoydu. Böyük sənətkar, yaxşı insan Mirzəğa əmi artıq aramızda yoxdur. Yox, yox, ölüm onun səhnəmizdə yandırdığı realizm sənəti məşəlini söndürməkdən acizdir.
Bakı, 26 oktyabr 1954
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-mirzega-emi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.
Nəvəmlə söhbətQız nəvəmdən heç olmaz,Azadəmdən heç olmaz.
Qaçasan gərəkHər halal çörəkli el süfrəsindəQəlbini kitabtək açasan gərək.
Görənlər bilirSanmayın anamız vətən qədriniDöşünü qabağa verənlər bilər.
Başqa şairlərin şeirləri
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,