Səhifə 2 / 3 · 33%

Pəricahan xanım. Sonra Mirzə Saləhə rast gəldim. Dedi ki, qubernator dayına teleqraf gəlmiş ki, Şimali Qafqazda dağıstanlılar bolşevikləri elə pozmuşlar ki, o şiş papaqlarını da qoyub qaçmışlar.

Əmiraslan ağa. Nə gözəl xəbər! Nə şadlıq müjdəsi! Sağ olsun qəhrəman dağıstanlılar! İndi Baron Vrankel də arxalarını kəsib onlara elə bir üsul tutsun ki, daha bir də Rusiyada bolşevik adı çəkilməsin.

Səfər daxil olur.

Səfər. Ağa, bəylər gəlib sizi görmək istəyirlər.

Əmiraslan ağa. De, gəlsinlər.

Əmiraslan ağadan başqa geyriləri çıxırlar. Sonra Mehrəli bəy, Səlim bəy, Heydər bəy və Muxtar bəy daxil olurlar.

Mehrəli bəy. Çox təəccüblü işdir!

Heydər bəy. Ağla sığışan iş deyil.

Əmiraslan ağa. Çox gözəl xəbərdir!

Səlim bəy. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?!

Mehrəli bəy. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmusunuz?

Əmiraslan ağa. Sən də haçandan ağlını itirib məndən belə səfeh sual edirsən?

Mehrəli bəy. Doğru buyurursan, bu xəbəri eşidəndən bəri ağlımı itirmişəm.

Əmiraslan ağa. Doğrudan da biz bir-birimizi anlamırıq. Oturun görüm, bu xəbər sizi nə üçün belə çaşdırmış? Qəhrəman dağıstanlılar düşmənimiz bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.

Bəylər (gülüşürlər). Ha-ha-ha...

Əmiraslan ağa. Nəyə gülürsünüz?

Mehrəli bəy. Öz halımıza gülürük. Görünür əhvalatdan müxbir deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki, müsavat hökuməti bolşeviklərə təslim olmuşdur. İndi orada Şura hökuməti qurulmuşdur.

Əmiraslan ağa. Bu xəbər səhihmidir?

Muxtar bəy. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.

Əmiraslan ağa. Teleqraf nə vaxt gəlmiş?

Muxtar bəy. Bu gün səhər.

Əmiraslan ağa. Bəs nə üçün Nadir bəy mənə mə’lum etməmiş?

Muxtar. Adil bəy orada idi. Yəqin onunla xəbər göndərəcəkdir. O da gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir.

Adil bəy daxil olur.

Adil bəy. Yoldaşlar, salaməleyküm.

Əmiraslan ağa. Ah, yenə qulağıma bu söz dəydi!

Adil bəy. Əzizim, nə üçün övqatını təlx edirsən? Yoldaş, ya’ni birlikdə yola çıxan adam, məsələn: Muxtar bəy məni gözləməyib qaçdı, yoldaşlıq etmədi. İndi hansınızdan muştuluq almışsa, ona şərikəm.

Əmiraslan ağa. Adil, zarafatı burax, mənə Nadirdən nə xəbər gətirmisən?

Adil bəy. Buyur, öz mübarək dəsti-xəttilə yazılmış məktubu. (Məktubu verir.)

Əmiraslan ağa (məktubu oxuyarkən). Biqeyrətlər! Binamuslar, vətəni satanlar! Görəsən hərəsi nə qədər rüşvət almış. Bəs batmış müsavat əsgərləri harada qalmışlar? (Hirslə məktubu çırıb atır.)

Adil bəy. Hansı əsgərləri deyirsən? Xan, bəy, taçir övladlarından toplanmış əskərlərimi?

Mehrəli bəy. Adil bəy, biz buraya bir-birimizə tə’nə, məzəmmət etməyə yığılmamışıq. Sənin də oğlun olsaydı, hamıdan tez İrana, Turana qaçırtmışdın. Biz buraya, Əmiraslan ağanın məsləhətinə toplaşmışıq. Nə tədbiri varsa, buyursun.

Əmiraslan ağa. Müsavat hökuməti bolşeviklərə təslim olmuşdur, fəqət mən Hidayət ağanın oğlu Əmiraslan elə dinsizlərə təslim olmaram. Buyursunlar, zor ilə tabe etdirsinlər. Bu mənim cavabım! Hansınız mənimlə həmrə’ydir, buyursun, gözüm üstə yeri var. Hər kəs papaq əvəzinə başına arvad yaylığı örtmək istəyirsə, ona da yol açıqdır. Getsin bolşeviklərə qul olsun. Bu mənim sizə deyəcək axırıncı sözüm. O babalarım tərəfindən tə’min olunmuş «Laçın yuvası» adlı qalanı görürsünüzmü? (Barmağı ilə açıq pəncərədən görünən köşkü göstərir.) İndiyədək bir düşmənə təslim olmamış, nə qədər də mən sağam, təslim olmayacaqdır.

Ədil bəy. Babaların onu kimin qüvvəsi ilə saxlamışlar?

Əmiraslan ağa. Öz rəiyyətinin gücü ilə.

Ədil bəy. Doğrudur. İndi həmin kəndlilər daha siz ağalara qul olmaq istəmirlər. İndi onlar «Cəmi insan birdir» deyə haqlarını tələb edirlər.

Muxtar bəy. Haqlarını tələb etsələr dərd yarıdır. İndiyə kimi yerləri bizim üçün becərmişlər, qoy indi də özləri üçün becərsinlər, lakin onların fikri hökuməti özlərindən qurub, bizlərə ağalıq etməkdir.

Əmiraslan ağa. Ha-ha-ha... Həsəngululardan, cənnətəlilərdən, fatmanisalardan hökumət! Dünya dəli olmuşdur? Dayanın, bu saat o hökumət üzvlərini sizə təqdim edəcəyəm. (Qışqırır.) Əhməd, Səməd, Səfər. (Nökərlər cəld daxil olurlar). A gədələr, bu saat cəmi xidmətçiləri buraya toplarsınız, deyin ağa çağırır. Keç gələnin dərisi qırmancımın altında çıxacaqdır.

Nökərlər. Baş üstə, ağa.

Əmiraslan ağa. Haydı!

Nökərlər cəld çıxırlar.

Səlim bəy. Bu axır vaxtlarda kəndlilər lap yollarından çıxmışlar. Biz ağalarına əsla itaət etmirlər.

Heydər bəy. Bizlərin cümləsindən ağıllı Ədil bəy çıxdı. Vaxtında cəmi mülkünü satıb, pullarını ciblərinə doldurdu. İndi asudə yeyib-içib gəzir. Nə mülk və nə də övlad dərdi çəkir. Bir arvadı var, o da özündən qocaqdır.

Ədil bəy. Mənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz, çünki mülküm də olan zamanı, indi də onlarla ədalətlə rəftar etmişəm. Dar günlərində onlara kömək etmişəm. Onlarla bərabər hər fəsildə qan-tər içində işləyib torpaq becərmişəm, kəndlilər ilə dostluq edib evimə çağırmışam, evlərinə qonaq getmişəm. Mən onlarla belə rəftar edib, mülkədar olmuşam. Siz nə cür rəftar etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban söz eşitməmişlər...

Əmiraslan ağa. Çünki sənin baban kəndli olmuş. Nəcabətdə sənin haqqın yoxdur.

Ədil bəy. Oraya əl atsaq çoxlarınızın babalarının xanların qapısında nökər və mehtər olduğu meydana çıxar.

Mehrəli bəy. Ədil bəy, mənim silsiləmdə kimsənin qapısında nökər və ya mehtər olmuş şəxs yoxdur. Mənim ulu babam, Nadir şahın müqərrəb sərkərdələrindən olmuşdur.

Muxtar bəy. Mənim əcdadım da elə alçaq vəzifə sahibi olmamışdır. Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir. Şübhən var isə tarixə bax.

Ədil bəy (rişxəndlə). İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur. Ancaq bilmirəm nə üçün Teymur xanda dayandın? Yuxarı qalxmadınız? Odu, Heydər bəy qurcalanır. Bu saat əcdadının ululuğunu aparıb Nuha çıxardacaqdır.

Heydər bəy. Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən?

Ədil bəy. Xeyr, əstəğfürullah! Sənin familiyan İranın əski Kəyan mülkünün nəslindəndir. Salim bəyinki daha qədimdir. Pişdadiyan sülaləsindən Cəmşidin doğmaca nəvəsindən törəyibdir. Əmiraslan ağa isə o, Tütənk xanın övladından törəmədir, Tütənk xan da Nuh Nəbinin doğmaca nəticəsidir.

Bu halda Əhməd, Səməd, Səfər, Sənəm və bir dəstə arvad, uşaq, kişi qorxa-qorxa daxil olurlar.

Əmiraslan ağa. İrəli gəliniz! Qulaq asınız. Bax, bu gündən bəy, xan, ağa, nökər, qulluqçu aradan götürülür. İndi cümləmiz bərabər olduq. Daha siz ilə məndə heç fərq yoxdur. Buyurunuz, əyləşiniz. Biz bəylər ilə söhbət ediniz. Yeyiniz, içiniz, kef ediniz. Niyə dayanmısınız? Oturunuz (xidmətçilər durduqları yerdə diz üstə çökürlər.) Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz! (Heç kəs yerindən qalxmır.) A gədə Əhməd! Qalx, buraya gəl. Sənəm, sən də. (Qorxa-qorxa gəlirlər.) Sən burada, sən də orada oturunuz.

Əhməd. Ağa, mən ona cür’ət edə bilmərəm. Məni başına çevir, azad et. Mən ağaların hüzurunda necə əyləşim?

Sənəm (ağlar səslə). Ağa, məni o qırmancın ilə döy, amma bu işə əmr etmə.

Əmiraslan ağa (əlini xidmətçilərə tərəf uzadaraq). Bu dilsiz-ağızsız heyvanlardanmı hökumət qurulacaqdır? Deyirəm dünya dəli olub, mənə inanmırsınız. (Ayağını yerə çırpır.) Durun! Sürünün!

Xidmətçilər qaçırlar. Bir qədər sükutdan sonra.

Ədil bəy. Sizin bu imtahanınız mənə bir şey vermədi. Əmiraslan ağa, siz kəndli, işçi, yoxsul kütləsi ilə heç bir zaman oturub-durmamısınız, ona görə də təcrübəniz yoxdur. Qırmızı Ordu Bakıdan bu tərəfə yürüş edərsə, etməsinə də şübhə yoxdur, çünki Azərbaycan bir Bakıdan ibarət deyil, o vaxtı indi hüzurunuzda qoyun kimi diz üstə çökən xidmətçi əhmədlər, səmədlər, səfərlər və qeyriləri bolşevik tərəfinə keçib sizə düşmən olacaqlar; çünki sizin zülmünüzdən xilas olmaq yolu yalnız odur. Mənfəətləri də oradadır.

Əmiraslan ağa. Heç vaxt! Kəndlilər bolşevik tərəfinə keçməzlər. Sübutum on səkkizinci il.

Ədil bəy. – O başqa zaman və başqa hal idi. İndini onunla müqayisə etmə, yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur.

Əmiraslan ağa. Heç vaxt! Onları Kürdən bu tərəfə keçməyə qoymarıq. Gürcüstan və Ermənistanı da unutma.

Ədil bəy. Baxarıq.

Çıxır, bəylər mə’yus, başlarını aşağı salıb sükuta gedirlər.

Əmiraslan ağa. Nə sükuta getmişsiniz. Yoxsa kopçu Ədilin sözündən xofa düşmüsünüz?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Son ümid

Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.

7 dəq
Bax mən buna yoxam

İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.

7 dəq
Şərq qadını yeni yolda

Dörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.

8 dəq
Gənc maşinistka və qoca yazıçı

On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

3 dəq

Başqa şairlərin şeirləri