Birinci pərdə
Səhifə 3 / 3 · 67%
Heydər bəy. Xofa düşməyə haqqımız var, çünki Şura hökumətinin qanununda torpaq kəndlinindir.
Əmiraslan ağa. O niyə? Yer kəndlinin dədəsindən qalıb, ya babasından? Bu torpaqların üstündə babalarımız su yerinə qan axıtmışlar. Onun bir addımını kimsəyə vermərəm.
Muxtar bəy. Şura hökumətinin qanununda nəinki torpaq, heç xüsusi mal-mülk də yoxdur.
Əmiraslan ağa. Deməli, bu ev də mənim deyil?
Mutxar bəy. Bəli.
Əmiraslan ağa. Daha kifayətdir. Bəs beləmi hökumətə tabe olmaq istəyirsiniz. Mülkümüzü, ev-eşiyimizi alıb özümüzü də Rusiya mülkədarları kimi küllə qabağına qoyub tələf etdikdə bizə nə yol qalır? Tabe olmaqmı?
Mehrəli bəy. Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. İndi də lazım gələrsə, qeyrətlə ölərəm.
Əmiraslan ağa. Qəhrəman bəyin nəvəsindən başqa cavab gözləmək olmazdı. Siz necə?
Muxtar bəy, Səlim bəy, Heydər bəy. Biz də bu fikirdəyik.
Əmiraslan ağa. Sağ olunuz! Ümidvaram ki, sizlərin köməkliyi ilə babalarımızın yurdunu düşməndən müdafiə edə billəm. Qırmızı Ordudan əsla xof etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət sə’y və qeyrət lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz. Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz. Onları bolşeviklərin vəhşiliyi ilə qorxudunuz. Deyiniz ki, bolşeviklər dini, məzhəbi, şəriəti aradan götürürlər. Nikahı ortadan qaldırıb, arvadlar hamıya məxsus olur. Ruhaniləri, ticarət əhlini köməyə çağırınız.
Bu halda Hacı İmamqulu və Molla Sadıq daxil olurlar.
Hacı İmamqulu, Molla Sadıq. Salaməleyküm.
Əmiraslan ağa. Əleyküməssalam. Buyurunuz əyləşiniz. Yaxşı vaxtda gəlmişsiniz.
Hacı İmamqulu. Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi?
Əmiraslan ağa. Hansı xəbər, Hacı?
Hacı İmamqulu. Bolşeviklərin Bakını almaq xəbəri.
Əmiraslan ağa. Bəli, doğrudur.
Molla Sadıq. Hacı, gördün ki, mən yalan deyən adam deyiləm?
Hacı İmamqulu. Bəs onda fikriniz nədir?
Muxtar bəy. Nə olacaq? İrana qaçmaq.
Molla Sadıq. Hacı, eşitdinmi? Gördün ki, mənim məsləhətim bizi düşməndən xilas edər. Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edir, hifzbədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.
Mehrəli bəy. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: «Düşmən vətəniniz üstə gəldikdə qoy qaç, canını qurtar» demişdir?! Bəs onda peyğəmbərimizin buyurduğu hübbil-vətən harada qaldı?
Molla Sadıq. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir ki, xudavəndaləm tutduğumuz əməlin cəzası üçün göndəribdir.
Səlim bəy. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda da.
Heydər bəy. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun, fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik.
Hacı İmamqulu. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq, başda kim duracaqsa dursun.
Əmiraslan ağa. Heç dediyini anlayırsan, ağlını itirmiş kişi? Məgər bilmirsən ki, bolşeviklərin ən böyük düşmənləri biz xanlar, bəylər, siz sərvətdarlar və Molla Sadıq kimi ruhanilərdir? Onlar bu üç sinfi yer üzündən götürmək fikrindədirlər. Yoxsa fikrin odur ki, bolşevik zamanında da malı beşə alıb yüz beşə satacaqsan? Onlar alış-verişi bilmərrə aradan götürürlər. İndi anladınmı? Xəsis, malını yeməyən kişi?
Muxtar bəy. Hacı, bundan əlavə pul da aradan qaldırılır.
Hacı İmamqulu. Elə də iş olarmı? Pulsuz da dünya yaşarmı?
Muxtar bəy. Hacı, onu get bolşeviklərdən soruş.
Əmiraslan ağa. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə edib, babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmizdir! Buna siz də tabe olmalısınız. Molla Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər nə əmr etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz. Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.
Hacı İmamqulu. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada idi ki, məsrəf də edim?
Əmiraslan ağa. Onu Muxtar bəy bilər. O onun vəzifəsidir.
Muxtar bəy. O bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.
Əmiraslan ağa. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb, camaatı bizim itaətimizə çağıracaqsınız. İndi cümləniz mürəxxəssiniz. Gediniz, iş dalınca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalsın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, küllə qabağına qoyulacaqdır.
Muxtar bəy. Hacı İmamqulu, eşitdinmi?
Mehrəli bəy. Molla Sadıq, anladınmı?
Bəylər. Əmiraslan ağa, xudahafiz.
Əmiraslan ağa. Xudahafiz, qeyrətli bəylərim.
Çıxırlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-lacin-yuvasi-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.
Bax mən buna yoxamİbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.
Şərq qadını yeni yoldaDörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.
Gənc maşinistka və qoca yazıçıOn səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.
Başqa şairlərin şeirləri
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
GəldimYar, səni ədalət bildim,Mən qapna dada gəldim.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,