Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi.

Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

– Anaçığım, yemək gətirdinmi? – deyə uşaq soruşdu.

– Toxda, balaçığım, qoy donmuş ə’zamı bir isidim, – deyə Vera üst paltarını çıxarıb bir mitil əski yorğana büründü, lakin qapı və pəncərə arasından soxulan ruzkar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın altında da titrəyirdi. Küryünə bürünüb bucaqda mürküləyən 80 yaşlı Mixail baba nəvəsinin gəldiyini duydu. Bir qədər sükutdan sonra baba soruşdu:

– Vera, yığıncağınızda nə qərara gəldiniz?

Vera titrək səslə cavab verdi:

– On üç min tə’til edən «Putilov» işçisi, başqa zavod və fabrik işçilərilə bəhəm belə qət etdilər ki, sabah arvad-uşaqlar ilə birlikdə çar babaya müraciət etsinlər, ona dərdlərini söyləsinlər və imdad istəsinlər.

Bunu eşitdikdə Lena sevincək soruşdu:

– Anaçığım, məni də aparacaqsanmı? Bax, mən daha səndən yemək istəmirəm, sabah çar babam bizə hər şey verəcəkdir. Anaçığım, qorxma, mən yorulmayacağam, aclıqdan da şikayət etməyəcəyəm.

Mixail baba istehza ilə dedi:

– Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək, nə qədər sadədillik. Romanov xanədanına altı oğul, beş nəvə qurban vermişəm, belə xidmət əvəzində bu uzun ömrümdə bir qarın çörəyə möhtac olmuşam. Qızım, qorxuram, sabah çar babanız çörək əvəzinə sizləri qurğuşuna qurban etsin.

– Nə deyirsən, baba? Elə iş olarmı? Biz fabrik-zavod sahiblərindən mümkün olmayan bir şey tələb etmirik. Gündə 12 saat zəhmətə, işçi qadınların gündəlik məvacibini 70 qəpiyə və erkəklərinkinin bir manata qədər artırılmasını rica edirik, bu böyük bir tələbmi? Bir də sabah biz silahsız, əllərimizdə kilsə bayraqları, döşlərimizdə xaç, uşaqlarımız ilə bərabər Qapon papanın rəhbərliyilə gedəcəyik, nə üçün bizləri qurğuşuna qurban etsin?

Mixail baba dodaqları altında mırıldanaraq, kürkünü başına çəkdi və bir azdan sonra yuxuya getdi. Lakin balaca Lena aclığını unudub çar baba barəsində anasına dürlü-dürlü suallar verirdi. Vera uşağını rahat etmək üçün çar babanın cah-cəlalından, ədalətindən, rəiyyət üçün atalıq etməyindən söyləyirdi. Bu dadlı laylalardan balaca Lena xumarlanıb şirin yuxuya getdi.

9 yanvarda Peterburq küçələri işçilər və onların arvad-uşaqları ilə dolu idi. Hamısı müəyyən yerlərdə toplaşmağa tələsirdi. Getdikcə camaat artırdı. Polis mə’murları xalq ilə mehriban rəftar edirdilər. Bu isə işçilərə ümid verirdi ki, hökumət onların qətnaməsini yerinə yetirməyə mane olmayacaqdır.

Vasilyevski cəzirəsində qırx mindən artıq xalq toplanmışdı. Bunların sırasında Vera və kiçik Lena da vardı. Natiqlər kürsü üzərinə qalxaraq camaatı saray meydanına getməyə də’vət edirdilər. Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı.

Aradan bir o qədər zaman keçməmişdi ki, şəhərin bir çox yerindən, polislər tərəfindən işçilərin gülləyə tutulmaq xəbəri gəlib çatdı. Lakin heç kəs buna inanmayıb yenə də yeriş edirdi. Bu halda müsəllah atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. İşçilər geriyə dönmək istədikdə, onlar arxadan da gülləyə tutuldu. Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə qaçmağa üz qoydu, lakin sitəmkar çarın qanıçıcı qurşunu hər tərəfi almışdı. Mə’sum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. Lakin daş qəlbli, qanıçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılınçdan keçirirdilər.

Kiçik Lena anasını itirmişdi. Ayaq altında qalmasından qorxaraq özünü bir darvaza bucağına soxmuşdu. Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün rəngi ayaqları altındakı qardan seçilmirdi. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. Daha ayaq üstə durmayıb yerə sərildi.

Bir saatdan artıq idi ki, Lena bihuş qalmışdı. Bu vaxt nağıl etdiyimiz küçədə qovğa bitmişdi. Atma, qırma başqa küçələrə keçmişdi. Kiçik Lena bihuşluqdan ayıldı, gözlərini açdı, lakin bir müddət harada olduğunu, qar üstə sərilmiş meyitlər, onların arasında sızıldayan, nalə edən yaralıların kim olduğunu və nə üçün belə hala düşdüklərini anlamadı. Bu halda onun qulağına belə bir səda gəldi:

– Lena, Lena, qızım, ac balam, haradasan? Səni də zalım kazaklar qanına boyadımı?

– Ah, anamın səsi, məni çağırır. Lena var qüvvəsini yığıb ayağa qalxdı, qara baxa-baxa meyitlər arasında anasını aramağa başladı. Bu vaxt yenə də anasının naləsi qulağına gəldi. Lena anasını gördü. Ayaqları dolaşa-dolaşa özünü onun qucağına atdı. Vera ağır yaralanmışdı.

– Anaçığım səni kim belə yaraladı?

– Zalım çarın qanıçıcı soldatı.

– Mən daha çar babanı sevmirəm, o zalım adam imiş, ana, qalx evimizə gedək.

– Qızım, mən qayıtmaz bir evə gedirəm, səni babana kim aparsın?

– Mən sənsiz getmirəm, anaçığım, qoy yaranı bağlayım, sonra evimizə gedək... – bunu deyib zavallı uşaq titrək əlləri ilə başının yaylığını açmağa sə’y etdi. Bu vaxt at üstə əlində nizə bir kazak keçirdi. Kazak bunları gördü. Atını onlara tərəf çevirdi.

– Çar babanızı ziyarət etdinizmi? – deyə qəhqəhə çəkdi.

Vera buna səbir etməyib çara nifrət etməyə başladı, zalım kazak nizəni onun sinəsi üstə tutaraq:

– Sus, üsyançı qadın, bu saat səni də bu yerə sərilmiş köpəklərin sırasına qataram.

Bunu gördükdə Lena, ufaçıq döşün gərərək:

– Qoymaram, – deyə bağırdı.

Qəddar kazak:

– Al, – deyə nizəni zavallı uşağın sinəsindən vurdu və çaparaq getdi.

Lena anasının qucağına yıxıldı. Sinəsindən al qan fışqıraraq ağ qarı qırmızı rənglə boyadı.

– Ay zalım, bunun günahı nə idi ki, belə qanına boyadın.

Bu, zavallı ananın son naləsi oldu. Övladını qucaqlayıb öpərək gözlərini yumdu.

Lenanın solğun dodaqları «nə üçün, nə üçün» deyərək həmişəlik qapandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri