Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:

– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

Haydı, əfəndilərim, başlayalım!

Bunu deyib bülbül bir dəstgahda cəmi muğamatı tamam etdi və sonra quşlarla tə’liminə şüru etdi. Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr çuruldaşdı, xülasə hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. Bülbül nə qədər çalışdı quşlardan heç biri onu yamsılamağı da bacarmadılar. Ancaq bircə tutuquşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir «konsert» məclisi düzəltdi. Də’vət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi:

– Ay tutu dayı! Qabaqlarda pis də olsa öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri