Səhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.

Şeytan. Marzavan, Avropadan nə xəbər var? Söylə.

Marzavan. Babaçan, səpdiyin toxumların barını tez görəcəksən. Firənglər tərəfindən qovulmuş Əmir Feyzəli ingilislər Əraqi-ərəbə sultan tə’yin etmişlər. İngilislərin bu siyasətindən firənglər rəncidə olaraq türklərlə gizli mü’ahədənamə bağlamışlar.

Şeytan. Ha, ha, ha. Marzavan, bu işin aqibətini öz gözünlə görəcəksən. Şeitan babana əhsən deyəcəksən.

Marzavan. Yaqın Şərq məsələsi əski Antantanı pozdu. Yeni antanta Uzaq Şərqə əl atır.

Şeytan. Bu da iblis babanın insan qanı tökmək üçün bir tələsidir.

Marzavan. Almanların ölmüş cəsədindən müzəffər firənglər qorqurlar. Bilirmisən onlar nə tədbir etmişlər?

Şeytan. Söylə baqalım.

Marzavan. Almanyada hərbə lazım nə şey varsa, toplayıb Firəngistana göndərsinlər.

Şeytan. Türk-yunan müharəbəsi nə haldadır?

Marzavan. Qral Qonstantin əhd etmiş ki, ta İstanbulu alıb yenidən başına tac qoymayınca—qılıncın qınına salmasın.
(Curcan daxil olur.)

Şeytan. Söylə görüm ulu Qafqasda nə xəbər var, Curcan?

Curcan. Səni şad edəcək bir xəbər yoq, babaçan.

Şeytan. Söylə baqalım.

Curcan. Ulu Qafqas unutmuş tanrısını...

Şeytan. Bu xəbər şad edir iblisini.

Curcan. Səni də yad edən yoqdur, babaçan.

Şeytan. Buna mən heç inanmam. Curcan. Bəşəriyyət arasında olmaz elə zaman ki, şeytanı unudsun insan.

Curcan. Gördüyümü söyləyirəm, babaçan.

Şeytan. Demək ki, ulu Qafqasda tökülmür daha qan?

Curcan. Xayır, babaçan:

Şeytan. İnanmam, Curcan. Erməni, gürcü, türk qan tökməsinlər? Bu nə haldır? Bəs bəylər, xanlar, qnyazlar necə olmuşlar? Daşnaqlar, müsavatçılar, menşeviklər harda qalmışlar? Qoçular, burzuylar, qolçomaqlar nə edirlər?

Curcan. Cümləsini hökmdarlıqdan endirmişlər.

Şeytan. Kimlər?

Curcan. Qommunistlər. Ulu Qafqasda başqa bir halət: büxl, həsəd, kin, kədurət, ədavət büsbütün yoq olmuş. Orada can deyib can eşidirlər.

Şeytan. Nə fəna xəbər gətirmişsən, Curcan! Yer üzündə sevgili bir məskənim vardisə, o da Qafqasdı. Qommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə şeytan deyərlər. Erməni, gürcü, müsəlman qardaş olmuşlar? Ha, ha, ha. Rahat yaşayıb can deyib can eşidirlər? Ha, ha, ha. (Ayağa qalqıb.) Curcan, Marzavan, mən onların içlərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaqsın, çapsın, talasın, qırsın, oda atsın. Analar bətnindən balalar çıqarıb nizəyə taqsın. Nəhrlər su yerinə qanlar aqıtsın. Bəhr siyah ilə Xəzərin içləri qızıl qan ilə dolsun. Kəndlər, şəhərlər, meşələr, qırlar od alıb məş’əl kibi yansın. Cəhənnəmə dönsün! Ulu Qafqas, hazır ol! Şeytan gəlir!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Beşinci pərdə

Birinci şəkilDördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.*

15 dəq
Yuxu

Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş etrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilimdə bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm; qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib kuya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəççübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.– Gedim, onlardan harada olduğumu soruşum, – deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.

2 dəq
Kövkəbi-hürriyyət

Şahzadə nağıla başlayaraq deyir:– Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmana mübtəla olub, o gözəl nə’mətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olurdu. Əlləri, ayaqları əsib, gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı.

2 dəq
Qonaqlıq

Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.Hökumətin sütunu kimdir?

1 dəq

Başqa şairlərin şeirləri