Səhifə 1 / 3

Birinci şəkil

Dördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.

Qəmər. Seyrə çıxanın cümləsi gərək işləsin. Şəmsi, belədirmi?

Şəmsi. Bəli, elədir.

Qəmər. Onda dinləyin, hər birinizin vəzifəsini deyim: sən, Zöhrə, burada qalıb süfrəni hazır edəcəksən, əti kabablıq doğrayıb, düzlayacaqsan.

Zöhrə. Əti mən tək necə doğrayacağam?

Qəmər. A Zöhrə xanım, deyək ki, gimnaziyada sənə qayğanaq bişirməyi öyrətməmişdilər, onun üçün də yumurtanı suya salıb sonra yağ tökmüşdün. Bəs ət doğramağa nə deyirsən?

Gülüşürlər.

Zöhrə xanım. Canım, bir insaf edin, tək adam necə ət doğraya bilər? Gərək biri əti tutsun, o biri bıçaq ilə kəssin. Cəbi lələ, belədirmi?

Cəbi. Bəli, xanım, elədir. Siz zəhmət çəkməyin, azardan yeni durmusunuz. Mən bunların hamısını düzəldərəm.

Qəmər. Cəbi lələ doğru deyir. Zöhrə, sən balışını başının altına qoy uzan, kitab oxu. Biz də sənin əvəzinə işləyərik. Cəbi lələ, sən meşədən odun gətir, ocaq qala, biz də Şəmsi ilə kabab üçün çubuq kəsək, şiş hazır edək. Şəmsi, tüfəngini götür, bəlkə bəxtimiz gətirdi, rastımıza ov çıxdı, sən də atıb səhvən vurdun.

Gülüşürlər.

Zöhrə. Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbmı?

Qəmər. Xeyr, heç vaxtı çıxmaz, hazır ol! İrəli arş!

Gedirlər.

Zöhrə (yalqız). Gedin, ey iki bəxtiyar cavan. Siz də mənimlə baham bu üç il qanlı toqquşma, vuruşma içində min dürlü əziyyət, məşəqqət çəkdinizsə də axırda məramınıza nail oldunuz. Bu gün-sabah iki xoşbəxt quşçuğaz kimi uçub özünüz üçün yeni bir yuva tikəcəksiniz. Orada şad və xürrəm ömür sürəcəksiniz. Fəqət mən, vərəmli qızçığaz, öz arzuma çatmayıb, eşq atəşində şam tək əriyib, bu gün-sabah sönəcəyəm. Ey fələk, tökdüyüm bu qanlı göz yaşıma rəhm et, ya vüsala tez yetir məni, ya al bu canımı. Çingiz, sevgilim, tam üç ildir ki, səndən bir xəbər yoxdur. Məni ölmüş sanıb cəlayi-vətən oldun. Haradasan, ey cəfalı, ey bəlalı aşiqim? Zöhrənin naləsini eşidirsənmi? Ah, ürəyim gedir.

Yerə yıxılıb qəşş edir. Səhnə bir müddət sükut içində qalır, sonra Çingiz səyyah libasında, əlində bir əl çamadanı daxil olur. Bulaqdan su içir.

Çingiz. Ah, nə sərin, nə dadlısan, ey vətənimin gözəl çeşməsi! Ölmüş ruhuma, yorğun cismimə yenidən bir həyat verdin. Nə həzin sədan gəlir, ey sevimli bulağım! Səni bir nazənin pəri çox sevərdi. Məni tez-tez buraya gətirərdi. Ah, xatıratım məni boğur. Zöhrəm, ey parlaq ulduzum, nə tez söndün! Çingizin gəlmiş məcnun tək məzarını qucub, yorğun ruhunu, sınıq qəlbini sənə təslim etsin. (Bülbül oxuyur.) Ötüş, ötüş ey mənim tək möhnəti-yardan fəğan eyləyən bülbül, ey həmdərd rəfiqim! Bu bahar aləmi içrə insanlardan uzaq, yar üçün nalə etməkdə yalnız deyilsən (Zöhrəyə tərəf gedir, onu görüb). Ah, bu röyamı, ya həqiqətən Zöhrəmi burada yatmış görürəm?! Ya rəbb, bu nə sirr? Demək, Zöhrə ölməmiş, İrana yalan xəbər gəlmiş. Ah, nə böyük səadət! Qoy oyadım. Nə şirin yuxuya batmış. Yox, oyatma, qoy bir qədər yatsın.

Ah, şair nə gözəl deyir:

Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!
Uyuyor yari-işvəkar uyuyor.
Dalğalandığda zülfi-zərrin tar
Sarıyor pənbə hüsnü altın nur.
O gözəl çöhrənin əsiri ikən.
Əcəba qısqanırmısan məndən?
Əsmə, dur, dur! Burax, burax uyusun.
Nobaharın bu nəvənin qızını.
Ötüşən quşlar! İştə siz də susun!
Susun artıq! Bu Zöhrə yıldızını
Seyr edin iştiyaqü həsrət ilə.
Bu gözəl ləvhə sonra düşməz ələ.
Günəş! Ey xilqətin gözəl gəlini!
Uyuyor, iştə nazlı həmşirən!
Sən də dur! Saçma bir ziyalərini,
Sən də bir an üçün çəkil, gizlən!
Bir az əylən bulutlu dünyada,
Mane olma bu tifli-nevzadə.
Uyuyor... uf! Ey bəlalı könül,
Çırpınıb durma! Sən də sus artıq,
Vurma sus! İştə susdu həm bülbül!
Dur, həyatım da getsə dur azacıq,
Uyuyor çünkü aşinayi-xəyal,
Uyuyor çünkü qayeyi-amal,

Zöhrə (oyanır). Ah, məni öldürmə.

Çingiz. Zöhrə, ey mənim sevimli dilbərim! Məni tanımırsanmı?

Zöhrə. Ah, Çingiz! (Boynunu qucaqlayıb ağlayır.)

Çingiz. Nə üçün ağlayırsan, ey parlaq ulduzum?

Zöhrə. Nə üçün ağlamayım, tam üç ildir ki, fərağ oduna yanıb nalə etmişəm. İndi bu tökdüyüm göz yaşı vüsal üçündür. Mane olma.

Çingiz. Zöhrə, sən dirilmişsən, ah nə böyük səadət!

Zöhrə. Ölən mənim əmim qızı Nəcibə idi. Kim isə sizə yanlış xəbər vermişdir.

Çingiz. Ah, Zöhrəm, bilirsənmi mən nələr çəkmişəm?!

Ölüm xəbərin gəldikdə özümü həlak etmək istədim. Qəmər mane oldu. Sonra atam və dayım tutulub qətl olundular. Mən də İrandan qaçıb əcnəbi ölkəyə getdim. Almaniyada həkimliyi bitirdim. Fikrim bu idi ki, heç vətənə qayıtmayım, çünki sənsiz vətən mənə viranə idi. Fəqət dözə bilmədim, torpaq məni çəkib gətirdi.

Zöhrə. İndi bizi bir-birimizdən ancaq qəbir ayıra bilər.

Çingiz. Xeyr, o da bacarmaz! Mən sənsiz diri qalmaram. Zöhrə, səni gördükdə cümləni unutdum, başqalarını soruşmadım.

Zöhrə. Hamımız salamatıq. İndi biz burada yaşayırıq, çünki Züleyxa xalam vəfat etmiş, mülkü anama qalmışdır.

Çingiz. Bəs, sən tək-tənha burada nə qayırırsan?

Zöhrə. Şəmsi ilə Qəmər, məni, kefimi açmaq üçün buraya seyrə gətiriblər. Onlar meşəyə getmişlər. Çingiz, Şəmsi ilə Qəmər nişanlıdırlar. Yaxında toyları olacaqdır.

Çingiz. Biz də edərik, bəlkə...

Zöhrə. Nə?

Çingiz. Başqasına söz vermisən?

Zöhrə. Çingiz, məni elə bivəfa sanırsan?

Çingiz. Əfv et, gözəlim, mən zarafat edirəm.

Zöhrə. Sənin gəldiyindən anamkilin xəbəri varmı?

Çingiz. Xeyr, kimsə bilmir. Burdan gəldim ki, bulaqdan su içib evə gedəm.

Zöhrə. İndi Qəmərkil gələcəklər. Gəl ona kimi süfrəni hazır edək. Əti doğrayaq,

Çingiz. Çox gözəl.

Süfrəni salıb boşqabları düzürlər.

Zöhrə. Fələyin işini bilmək olmaz. Bir az bundan irəli dünya mənim üçün bir cəhənnəm idi, indi isə istəyirəm, onu qucub öpəm.

Çingiz. Mənçə səadət ibarətdir məhəbbətdən. O olarsa, dünya bir cənnətdir, olmazsa yaşamağın mə’nası yoxdur.

Zöhrə. Mən də o fikrə şərikəm.

Çingiz. Hazır etdik, indi sən dur get yat. Kuya mənim gəlməyimdən xəbərin yoxdur. Görək Qəmər nə edəcəkdir. Yəqin gedib səni oyadacaqdır. Sən oyandığda mənə məhəl qoyma.

Zöhrə. Yaxşı deyirsən.

Qəmər. Cəbi lələ au-u-u...

Çingiz. Zöhrə, tez ol, yat.

Zöhrə gedib ağacın dalında uzanır.

Qəmər. A-u-u-u...

Çingiz. A-u-u-u...

Şəmsi bəylə Qəmər gəlir.

Qəmər (Çingizi görməyib). Ay sağ ol, Cəbi lələ, hər şeyi hazır edibdir.

Çingiz. Siz də sağ olunuz, ay mənsiz seyrə çıxan cavanlar.

Qəmər. Çingiz! (Atılıb boynuna sarılır, buraxmaq istəməyir).

Çingiz. Bacım, qoy Şəmsi ilə də görüşüm.

Qəmər. Doğrudan sən Çingizsən?

Çingiz. Xeyr, mən Çingizin kölgəsiyəm. (Şəmsi ilə öpüşürlər).

Qəmər Şəmsini kənara çəkib pıçıldaşırlar.

Çingiz. Orada nə pıçıldaşırsınız?

Qəmər. Çingiz, sənə bir xəbər verəcəyəm, amma deməyə qorxuram.

Çingiz. Qorxma, bacım, de.

Qəmər. Bax ürəyini bərk saxla, qorxma... Belə... Zöhrə sağdır, ölməyibdir...

Çingiz. Ah, ürəyim! (Əllərini ürəyinə qoyur). Yox, sən məni aldadırsan.

Qəmər. Vallah, aldatmıram, bu saat gətirim, gör. (Gedib Zöhrəni durğuzur.) Zöhrə, dur, kabab hazırdır.

Zöhrə. Mənim xatirim kabab istəmir, qoy yatım.

Qəmər (onun əlindən tutub qaldırır). Belə sənə kababdan şirin şey verəcəyəm. O da sevgilin Çingizin ağuşu. (Onu çəkə-çəkə gətirir.) İndi gördünmü, doğru deyirəm.

Zöhrə. Çingiz?

Qəmər. Zöhrə, Zöhrə, oyan, belə yuxu deyil ey, doğrudan da Çingizdir, görürsən?

Zöhrə. Çingiz, xoş gəlmisən. Salamatmısan?

Çingiz. Təşəkkür edirəm, xanım, salamatam.

Şəmsi. Bacım, Zöhrə, nə edirsən? Üç ildən bəri ayrılmış sevgilin ilə belə mi görüşürsən?

Qəmər. Çox gözəl dedin. Ey bunun eşqindən məcnun olan qardaşım, bu hissiz, qurumuş cəsədə bənd olmusan?

Çingiz. Bəli, bacım, əfsus ki, bu bivəfa Leylaya bənd olmuşam.

Zöhrə və Çingiz gülürlər...

Qəmər. Aha, bunlar bizi elə salıblar, çoxdan görüşüb, öpüşüblər.

Bu halda Cəbi lələ daxil olur.

Cəbi. Vay, Çingiz! (Qah gülür, qah gözlərini silir). Mən gedim, xanımları muştuluqlayım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri