Dördüncü pərdə
Səhifə 1 / 3
Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.
Qəmər (məktubu əlinə götürüb). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda mə’lum olar. Yox, özgənin məktubunu oxumaq qəbeh şeydir. Qoy başını açıb oxuyum, onda mə’lum olar, dalını oxumaram. (Məktubu paketdən çıxarıb oxuyur.) «Ey qəlbimin sultanı, sevgili Çingizim!» Aha, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir. Gərək oxuyam. (Oxuyur). «Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, daxi səbir edə bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə rəhmin gəlsin». Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə imiş. Çingizə ah çəkdirən nə imiş. (Məktubu gizlədib kağız yazır.) Zöhrə xanım, məktubu belə yazırlar, özü də şe’r ilə.
Yasəmən (içəridən). Qəmər, Qəmər!
Qəmər. Gəlirəm.
Gedir. Çingiz otaqdan çıxır, masaya tərəf gəlir. Qəmərin yazdığı kağızı əlinə götürür.
Çingiz. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb. Deyəsən şe’rdir. (Oxuyur).
Ey gərdişi ədalı Şəmsi,
Ey fəzanın nazlı sultanı.
Kainatı şad edən sənsən,
Cahana nur verən sənsən.
Ziyan ilə yaşar.
Qəmə mübtəla Qəmər.
Ha-ha-ha...
Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır.
Qəmər. Başqasının məktubunu oxumaq qəbeh şeydir. Belədirmi, bəradərim Çingiz?
Çingiz. Elədir, bacım Qəmər.
Qəmər. Bəs nə üçün oxuyursunuz?
Çingiz. Çünki məktub deyil, şe’rdir. Şair şe’r yazır ki, insanlar onu oxuyub ləzzət aparsınlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şe’rlərlə sən ədəbiyyatımızda yeni bir çığır açırsan. Daha bundan sonra şe’rdə nə qafiyə, nə mə’na lazım deyil.
Qəmər. Necə? Mənim şe’rimdə mə’na yoxdur?
Çingiz. Mən ki tapa bilmirəm. Bəlkə özünüz o pünhan mə’nanı izhar edəsiniz.
Qəmər. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şe’rinin mə’nasını anlamağa sən hələ xamsan, püxtə olmağa çox səfər gərək...
Çingiz. Qəmər!
Qəmər. Bəli.
Çingiz. Gözlərimə bax.
Qəmər (onun gözlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir. Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsəyəndə başqa lətafət, başqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə həsəd aparır.
Çingiz. Ha-ha-ha...
Qəmər. Bax belə, qaşqabağını tökəndə üzün Çəbi lələnin külümsəməsinə bənzəyir.
Çingiz. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə.
Qəmər. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən məndən min səkkiz yüz saniyə böyüksən.
Çingiz. Ha-ha-ha... Qəmər, bu gün mən sənlə bacarmayacağam. Ona görə rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa mane olmayasınız.
Qəmər. Çingiz, daha zarafatı buraxdım.
Çingiz. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.
Qəmər. Məsələn...
Çingiz. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində nə olsa açıb mənə söyləyərdin. Məndən gizlin bir sirrin olmazdı, indi isə onu görmürəm.
Qəmər. Mən də səndə təğyir görürəm.
Çingiz. Məsələn...
Qəmər. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.
Çingiz. Elə bu?
Qəmər. Bəli, elə bu!
Çingiz. Mənim ulduza baxmağımda sən nə sirr görürsən?
Qəmər. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan?
Çingiz. Çünki o ulduz qeyrilərindən parlaqdır. Mən onu çox sevirəm.
Qəmər. Elə mən də bunu bilmək istəyirdim. O ulduzun adı nədir?
Çingiz. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər.
Qəmər. Daha adı yoxdur?
Çingiz. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adına da Diana deyirdilər.
Qəmər. Bəs, ərəblər o ulduza nə deyirlər?
Çingiz. Bilmirəm, gərək ki... Zöhrə.
Qəmər. Ha-ha-ha... gərək ki ...Zöhrə.
Çingiz (açıqlı). Çəkil!
Qəmər. Gedirəm, gedirəm, açığın tutmasın.
Bir az gedib dayanır. Çingiz başını əlləri ilə tutub fikrə gedir. Qəmər gizli dalından onun boynunu qucaqlayıb saçlarından öpür, qaçır.
Çingiz. Qəmər. (Qalxıb otağına gedir.)
Qəmər (yalnız). Ey zavallı qardaşım, görürəm, aslan ürəyini eşq atəşi yandırır. Söndürmək istəyirsən, fəqət bacarmırsan. Çünki atəş bütün vücudunu almış, damarlarına yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacın Qəmər də Şəms oduna yanır.
Yasəmən və Piri baba komadan çıxırlar.
Yasəmən. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi?
Qəmər. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı.
Piri baba. Əlbəttə, yaxşı olardı, yoxsa səhərdən axşama kimi kitabdan əl çəkmir.
Yasəmən. Çingiz.
Çingiz otaqdan çıxır.
Çingiz. Ana, mən gedə bilməyəcəyəm. Yoldaşım gələcəkdir, onu gözləyirəm.
Qəmər. Ana, yalan deyir, getmək istəmir, yoldaşını bəhanə gətirir.
Çingiz. Qəmər, indi də məni yalançı edirsən? Çox sağ ol. Mən səni belə bivəfa bacı bilmirdim. Get, get...
Qəmər (əlindən tutub). Yox, yox, mən bivəfa bacı deyiləm. Şəms ilə Qəmər altında mənimtək bacı tapa bilməzsən.
Çingiz. Bu gün Şəms ilə Qəmər dilindən düşməyir. Bu nə sirdir.
Qəmər. Çünki... xudahafiz. Ana, gedək.
Gedirlər.
Piri baba. Ay oğul, bir belə nə oxuyursan?
Çingiz. Piri baba, tibb çox çətin elmdir, gərək həmişə mütaliə edəsən.
Piri baba. Həkimlik çətin isə də gözəl sənətdir. İnsanlara böyük xidmət edir.
Çingiz. Piri baba, mənim fikrim odur ki, həkimliyi qurtarandan sonra gəlib kənddə oturam, kəndlilərə kömək edəm.
Piri baba. Çox gözəl fikirdir, Allah sənə tövfiq versin.
Bu halda Həcər xanım, Şəmsi bəy, Zöhrə xanım və Heydərqulu daxil olurlar.
Piri baba. Həcər xanım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurunuz, buyurunuz...
Çingiz onlara əl verir.
Həcər xanım. Bəs Yasəmən və Qəmər hanı?
Çingiz. Onlar indicə meşəyə gəzməyə getdilər.
Həcər xanım. Oğlum, bəs sən nə üçün getməmisən?
Çingiz. Mən məktəb yoldaşım Fərmanı gözləyirəm, onunla dərslərimizi mütaliə edəcəyik.
Şəmsi bəy. Ana, mən də meşəyə gedirəm.
Həcər xanım. Get. Yasəmənkilə də xəbər et, gəlsinlər. Vaxt yoxdur, tez gedəcəyik.
Şəmsi bəy gedir.
Piri baba. Niyə o səfərki kimi tələsirsiniz?
Həcər xanım. Xalam nahoşdur, Heydərqulunu bizim dalımızca göndəribdir.
Piri baba. Allah şəfa versin. Heydərqulu, Züleyxa xanımın nahoşluğu nədir?
Heydərqulu. Soyuq dəymədir, qorxusu yoxdur. Piri baba, xanım mənə göyərti tapşırmışdır.
Piri baba. Get xanıma nə lazımdır yığ.
Heydərqulu gedir.
Həcər xanım. Piri baba, içəri gedək, sizə deməli sözüm var.
Komaya girirlər.
Zöhrə (Çingizin əlindən tutub). Çingiz, səni demək lazımdır.
Çingiz. Dey.
Zöhrə. Səni sevmək lazımdır.
Çingiz. Sev.
Zöhrə. Bəs sən.
Çingiz. Əfsus ki, mən də sevirəm.
Zöhrə. Nə üçün əfsus, Çingiz, məhəbbət bir elə dövlət, bir elə ne’mətdir ki, Allah onu ən bəyəndiyi dostuna bəxş edir.
Çingiz. Görünür ki, mən onun dostu deyiləm. Dosta bir belə bəla, cəfa vermək rəvadırmı?
Zöhrə. Çingiz, bəlanı, cəfanı özünə, sən özün çəkdirirsən. Nə üçün mənim kimi ürəyinin dalınca getmirsən?
Çingiz. Çünki mane olan səbəb çoxdur.
Zöhrə. Bilirəm, yenə deyəcəksən sən düşmənimiz Şahbaz bəyin qızısan. Sən bir bəy qızı, mən bir rəiyyət oğlu. Çingiz, məhəbbət aləmində bəy, qəda yoxdur, mən səni sevirəm, sən də məni. Başqaları bizə nə lazımdır? Mən məhəbbət uğrunda hər şeydən keçərəm. Mən səninlə haraya istəyirsən getməyə hazıram. Bir başqa ölkəyə gedək, orada bəxtiyar yaşayaq.
Çingiz. Zöhrə, nə demək istəyirsən?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-esq-ve-intiqam-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.
Qan bulağıİyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
Ümid çırağıİlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
Cəhalət qurbanıUşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.