Cəhalət qurbanı
Səhifə 1 / 2
Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.
Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.
Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə həyətimizdə oynarkən palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm.
– Baba, kimi istəyirsiniz? – deyə soruşdum. Cavabından mə’lum oldu ki, əmim oğlu ilə görüşmək istəyir. – Buyurun içəriyə, – deyə mən əmim oğluna xəbər verməyə qaçdım. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. Mən də yoldaşım ilə oynamağa məşğul oldum. Bir qədər söhbətdən sonra salamatlaşıb, «allah sizdən razı olsun, mən qocanı ümidsiz qaytarmadınız» – deyə atını minib getdi.
Bundan bir neçə gün sonra həmin qoca, üstünə on dörd yaşında bir qız minmiş yüklü atın çilovunu çəkərək, yanında da on yeddi yaşlı digər bir qız ilə həyətə girdi.
Əmim oğlu onlara xoşgəldin elədi. Qoca, kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi:
– Budaq baba, məskəniniz bu koma olacaqdır. Atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.
– Çox razıyam, sizə zəhmət vermək istəmirəm. Qızlarım komanı təmizləyib palaz salarlar, rahat olarıq.
– Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız.
Bu sözlərə anam da şərik olub, qızları otağımıza apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi:
– Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur. Sizin böyük bacınızı tanıyıram. O, Şelli kəndində olur. İndi siz birbaş Kürdüstandan gəlirsiniz?
– Xeyr, biz Kürdüstandan Şelliyə gəldik, bacımızın yanında mənzil tapmadıq, buraya gəldik, – deyə böyük qız cavab verdi.
– Ananız sağdırmı?
– Yox, bir ildir ki, ölübdür.
– Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım, mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib böyüdürəm.
Anam qızlar ilə mehribanlıqla danışaraq yemək hazır etdi və süfrəyə qoyub taam yeməyi təklif elədi. Lakin onlar utanaraq, yerlərindən qımıldanmadılar.
– Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin.
Bacım qalxıb, bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utana-utana yemək yeməyə başladılar. Qonaqlarımız yeməyə məşğul ikən, mən də onların bir ata-ana övladı olaraq əsla bir-birlərinə bənzəmədiklərinə diqqət edirdim.
Böyük qız, uçaboylu, incəbelli, iri qara gözlü, uzun qara saçlı, dodaqlarında müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi.
İkinciyə gəldikdə alagözlü bu qız göyərçinə bənzəyirdi. Bu bənzəmə mənim fikrimi o qədər cəlb etmişdi ki, özümü saxlaya bilməyərək:
– Sənin adın göyərçindirmi? – deyə kiçik qızdan soruşdum. – Qəflətən verdiyim bu sual qadınların külüşməsinə səbəb oldu.
– Xeyr, mənim adım Gülbənd, bacımınkı Tamamdır, – deyə böyük qız cavab verdi və sonra mənə diqqət yetirərək dedi:
– Göyərçin adı sizə daha artıq yaraşır.
Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir.
Mənim sualım indiyə qədər davam edən sükutu pozdu.
– Mənim qardaşım nağıla qulaq asmağı çox sevər. Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. Gecələr məni rahat qoymur. «Bacım, yenə nağıl de» deyə yalvarar, mən də Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, – deyə bacım şikayətləndi.
– Mən də nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kürdüstan aşıqları söylədikləri nağılların hamısını döşünə yığıb, elədirmi, bacım? – deyə Gülbənd soruşdu.
Tamam isə qızararaq, başını aşağı salıb cavab vermədi. Mən də anamdan soruşdum:
– Ana, Tamam bizim evdə olacaqdır, eləmi?
– Yox, oğlum, Gülbənd əmioğlununkildə qalacaqdır, Tamam da əmiqızının uşağını saxlayacaqdır. Budaq baba ilə əmioğlun belə sözləşmişlər.
– Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın, Tamam da bizə qalsın, – deyə anamdan rica etdim.
– Kişi xaylağı körpə uşaq saxlaya bilməz, bu arvad işidir. Sən darıxma, hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl nağıllar söyləyəcəkdir, – deyə anam məni sakit etdi.
Qızlar yeməklərini bitirib ayağa qalxdılar. «Sağ olun», – deyə anamdan getməyə izin istədilər.
– Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə başlarsınız.
Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim:
– Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi?
– Deyəcəyəm, hələ sənə yaxşı oyunlar da öyrədəcəyəm, – deyə məni arxayın etdi. Sonra əlini çiynimə qoyaraq, mə’sumana bir təbəssümlə:
– İndi de görüm, sənsən göyərçin ya mən?
– Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, – deyə mən cavab verdim.
– Doğrusu, göyərçini sevirəm, adım göyərçin olsaydı artıqca xoşlanardım. Anam, mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam adını mənə atam qoyub.
– Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?
– Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, – deyə Tamam qaçaraq komalarına getdi.
Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı.
Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir vilə kimi ayrıca yaşayırdılar. Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik, şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan Tamam qızçığazın ürəkdeşən faciəsini yazacağam.
Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Kah yetişmiş meyvələri dərib yeyərdik, kah quş yuvalarından bala düşürüb oynardıq. Kah da çələ qurub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə tərk etməyə Tamam sə’y və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar öyrədib məşğul edərdi.
Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında, gözümə ağac deşiyində qayrılmış bir alaçəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alaçəhrəni tutub sevinçək bir halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə Tamama rast gəldim.
– Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.
– Heç zad vermədi, – deyə cavab verdim.
– Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin yenə də ciblərini qənfet ilə doldurubdur. Bax, onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən səndən zor ilə almayacağam. İstərsən verərsən, istəməzsən verməzsən. Ancaq sözlərinin yalan olduğunu bu gün mənə sübut etdin, – deyə Tamam məni utandırdı.
Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədi nə olduğunu anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim:
– İndi özün bax, gör, cibimdə bir şey varmı?
– O biri əlini cibindən çıxart, qənfet oradadır, – deyə Tamam təklif etdi.
Əlacsız qalıb mən alaçəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim.
– Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşçığazlara yazığın gələrsə, analarını buraxarsan, – deyə Tamam elə bir maraqla, elə bir qəlbyandırıcı sözlərlə anasız qalmış quşçığazların halını təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım və quşçığaz da şad bir səslə uçub getdi.
Tamam mənim gözlərimdəki yaşı görüb, «indən sonra bir daha quşlara əziyyət verməyəcəyəm», sözlərini eşidib məni qucaqlayıb öpdü.
Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə, əsla zor etmədən, Tamam, bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiratımı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızçığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-cehalet-qurbani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi.Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.
TəbrikÇar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
Başqa şairlərin şeirləri
Dilde ışkun sagunun küfrini îmân yazmışDerdüni bu tenüme ışkun odı cân yazmış
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Haray, tələsin, gəlin!Hamı - Cıdır düzü -Deyib dayanır.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,