Qatil uşaq
Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.
Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.
Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili əkinləri yanıb zəhmətləri hədər gedərdi.
Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki Mehdiqulu həlim təbiətli, güləryüzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də olsa Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə Mehdiqulu kənd əhli ilə də gözəl rəftar edərdi.
Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə düşmüş kəndli qardaşların yerlərini qulsuz-parasız öz öküzləri ilə sürərdi; buna görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış Qızxanımın tarlasını «ho» edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub, pul verməklə Qızxanıma kömək əllərini uzadardılar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.
Qızxanım əri kimi işlək, xoş xasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:
– Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum Mərdanın da qəlbini yaralamaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır.
Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban rəftar edib itaətindən boyun qaçırmazdı.
Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bə’zi vaxt Mərdanı da özü ilə ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:
– Ana can, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə məni yırtıcı heyvandan müdafiə edər. Atmaqda da ustayam.
Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözə batıcı şə’ləsi zəifləşirdi. Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: – siz də bir qədər rahat olun, balalarım.
Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq çökməyə başladı. Aradan bir on dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar qalxaraq, kəndin üstünü aldı.
Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq qadının ürəyi iztiraba düşdü.
Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızıl ilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən diksinərək, Qızxanım ürəyində dua etməyə başladı.
Qurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı. Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavan seyid, əbasını başına çəkmiş, doqqaz ilə gəlirdi. Qızxanımı gördükdə ona tərəf yönəldi.
– Bacı, mən qərib seyidi allah qonağı saxlamağı rica edirəm.
– Ağa, cəddinə qurban olum, bu ev heç bir qonağı qapısından naumid qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən naməhrəmi necə buraxım?
Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq gözlərindən od parladı.
– Bacı, seyid övladı hər bir evə məhrəmdir, məni belə yağmurda qapıdan naumid qaytarsan, bu evi, bişəkşübhə, bəla tutar.
Qızxanım seyidin qarğışlarından çox qorxardı. Oğlu xəstə olanda, başı ağrıyanda, ya sancı tutanda hər bir şeydən əvvəl seyidə nəzir edərdi. İndi seyidin sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü.
– Ağa, içəri buyurun, yağış sizi isladır. – Hər ikisi həyətə daxil oldu. Qızxanım daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi.
– Buyurun, ağa, rahat olun.
Seyid islanmış əbasını çıxarıb əyləşdi.
– Bacı, bəs oğlun haradadır?
– Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır. Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar.
Seyid dedi:
– Xof etmə, bacı, sən mən seyidi müsafir etdin, cəddim. Məhəmmədəlmustafa buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağ və salamat gəlib çıxar.
– Allah ağzından eşitsin, ağa.
– Əlbəttə, biz seyidlərin ağzından çıxan sözlərin hamısı allah, peyğəmbər kəlamıdır. Ancaq, bacı, səndən bir söz soruşmaq istəyirəm. Sən belə gözəl və cavan qadın nə üçün ikinci ərə getməmisən?
– Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra əhd etdim ki, bir də başqasına getməyim. Onun tək varisini böyüdüm.
– Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin əmrindən çıxmısan və günah da etmisən. Məgər bilmirsənmi ki, cəddim Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə 4 arvad almağı caiz buyurmuşlar. Bundan əlavə siğə yolu da qoymuş. Biz seyidlərə gəldikdə bunlar da lazım deyil. Bir dua oxumaqla hər bir qadın bizə halal olur. Mən buraya girdikdə o duanı oxudum ki, sən mənə halal olasan. Bunların sirri bilirsənmi nədir? İslam tayfası törəyib artsın, yer üzünü tutsun, kafirlərə qalib gəlsin.
Bu halda qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dışarıya çıxdı və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu gəlirmi?
Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı.
Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu:
– Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xata yetirmədi ki?
– Xeyr, ana, sel güclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən keçə bilməzlər, hamının mallarını bir-bir qapılarına kimi aparıb, həyətlərinə buraxdım.
– Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var. Yağış tutmuşdu, çox yalvardı ki, içəriyə qoyum.
– Yaxşı etmişsən, ana! Belə havada qonağı yolda qoymazlar.
– Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım.
Mərdan içəri daxil olub seyidə salam verdi və «xoş gəlmişsiniz» – deyə halını soruşdu. Sonra islanmış yapıncısını çıxarıb divardan asdı və tüfəngini də bucağa qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi:
– Oğlum, tüfəng götürməyə hələ uşaqsan.
– Ağa, 12 yaşında kəndli balasına uşaq deməzlər. Bu gün sizin bəxtinizdən əlimə ov keçmədi. Dovşan çoxdu, ancaq mən onları ov etmirəm, çünki ətini heç kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm.
– Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh buyurmuşlar, yə’ni istəsən yeyərsən, istəməsən yeməzsən.
Mərdan soruşdu:
– Belə nə üçün? Desin ya halaldır, ya haram.
– Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən.
Qızxanım əlində bir badya süd daxil oldu. Sonra süfrə salıb küpədən yağ çıxarıb sapılçaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu.
– Ağa, başqa xörəyimiz yoxdur, allah verəndən yeyin.
– Allah evinizə bərəkət versin, bunlar da çoxdur.
Təamdan sonra Qızxanım süfrəni yığışdıraraq dedi:
– Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağı adət etmişik. Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verik, yerlərinizi salım.
Seyid dedi:
– Mənim də adətim elədir.
Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi.
Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və orada yatmaq istədi. Birdən yadına düşdü ki, Mərdanın köynəyi yarımçıq qalmış, səhər istəyəndə verə bilməyəcəkdir. Ona görə köynəyi tikməyə məşğul oldu. Qızxanım gecə yarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı. Qızxanım yenicə yuxuya getmişdi ki, komanın qapısı açıldı, bunun cırıltısı Qızxanımı oyatdı.
– Kimsən? – deyə səsləndi.
– Bacı, mənəm, bayıra çıxmaq istəyirəm. Köpəkdən qorxuram, – deyə seyid cavab verdi.
– Səbir edin, ağa, çırağı yandırım, – Qızxanım şala bürünüb çırağı yandırdı və aftafaya su töküb seyidə verib dedi: – Evin sol tərəfinə gedin.
– Bacı, köpəkdən qorxuram, dışarıya çıx, onu qoyma.
– Köpək pəyənin yanında yatır. O sizi görməyəcəkdir. Eybi yoxdur, mən də çıxaram.
Dışarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi. Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi.
– Gözəl qadın, bayıra çıxmaq bir bəhanə idi. Mən sənin eşqindən bu gecə gözlərimi yummamışam, mənim istədiyim gərək ola, – bunu deyib seyid Qızxanımın əlindən yapışdı.
Qan, həyalı, namuslu qadının başına sıçradı. Əlini çəkib şala büründü.
– Ağa, sən məni bihəya qadını sayırsan? Heç peyğəmbər övladı belə iş edərmi? Səni evimə buraxıb qonaq etmişəm, qabağına duz-çörək qoymuşam, heç ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış.
Seyid dedi:
– Mən bayaq sənə dedim ki, mən sənə naməhrəm deyiləm, sizə duasını da oxumuşam. Mənlə mülaqat etsən, seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil ki, hərgah mənim xahişimi əmələ gətirməsən, elə bir qarğış edəcəyəm ki, bu ev yanıb kül olsun, istəkli balan da tezliklə əlindən getsin, indi səndən cavab gözləyirəm.
Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı:
– Ağa, səni and verirəm o cəddinin pak olan ruhuna, mənim namusuma toxunma, mənim balamı əlimdən alma.
Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi:
– Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən.
Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oğlu eşidər. Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı. Yuxulu uşaq dəhlizdən gələn işığı görüb səhər açılmışdır, sandı. Cəld dəhlizə çıxdıqda həyətdə çılpaq anasını seyidin qucağında çapalayan görcək qan qeyrətli uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı.
– Nə edirsən, binamus kişi?
Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin çaxmağını çəkdi. Seyid şimal ruzikarından qopan ağac kimi yerə sərildi.
Bunu görcək Qızxanım qışqırdı:
– Nə etdin, oğlum, seyid qatili oldun, evimiz tarmar olacaqdır.
– Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum. Məgər mən Mehdiqulunun oğlu deyiləm? Sən, ana, qorxma, hamıya cavabı özüm verəcəyəm, – deyə Mərdan anasına təsəlli verdi.
Tüfəngin səsinə və Qızxanımın qışqırığına yaxın qonşular töküb gəldilər. Əhvalatı biləndən sonra dedilər:
– Əhsən sənə igid və namuslu oğlan, lə’nət olsun belə binamus seyidə.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-qatil-usaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Beşinci pərdəSəhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, gərək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən qol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayım. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvarı, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz.
Uşaqlıq həyatımdan xatirələrAtam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir.Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.
Tərcümeyi-halımMən, 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarında ikən atam ölmüş, anamın himayəsində qalmışam. 1885-ci ildə dayım Səfərəli Vəlibəyovun (seminariya müəllimi) yardımı ilə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şö’bəsi yanında olan ibtidai məktəbin əlifba sinfinə qəbul olunmuşam.1894-cü ilin iyun ayında seminariyanı bitirib, həmin il oktyabrın birində Bakının üçüncü şəhər rus-tatar məktəbinə müəllim tə’yin olunmuşam.
Başqa şairlərin şeirləri
Yardan ver bir xəbər,Dildardan ver bir xəbər.
Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.
Gülşəni-raz, fəsil 44وجود، آن جزو دان کز کلّ فزون استکه موجود است کلّ، وین باژگون است