Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.

Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

– Görürsən? Bax, allahın qəzəbi səni tutmuş, tövbə elə, yola gəl, bu şeytan sənətini burax.

– Nənə, get, rahat ol. Mənə heç zad olmamış, mən öz rolumu öyrənirəm. Qışqırmağıma fikir vermə.

Belə sözlərlə Şaki Püstə nənəni sakit edərdi.

Püstə nənənin tərbiyəsi altında böyümüş Şaki mövhumatdan hələ büsbütün özünü xilas edə bilməmişdi. Bunu aktyor yoldaşları bilirdilər.

Bir dəfə Şaki teatrda olduğu zaman yoldaşları zarafat üçün qəfəs içində bir papağanı (tutuquşu) gətirib onun otağında gizlədirlər. Şaki gecəyarısı mənzilinə gəlir. Püstə nənənin yemək hazır etdiyini görüb deyir:

– Nənə, heç zad yeməyəcəyəm, sən get rahat ol, mən də yorulmuşam, tez yatacağam.

Püstə nənə gedib yatır, lakin Şaki nə qədər səy’ edirsə də yata bilmir. Öz-özünə söylənməyə başlayır:

– Ah, yenə bu fikir beynimi dəlir, məni bir an rahat qoymur. Mən kiməm? Nəyəm? Nə üçün yaranmışam? Axırda çürüyüb bir ovuc torpaq olmaq üçünmü? İnsana bu məşəqqət, bu əziyyət, bu cəfalar nə üçündür? Yeyərmiş, içərmiş, yatarmış, durarmış. İnsanda bu ədavət, bu rəzalət, bu kin-küdurət, bu büxl-həsəd nə üçündür? Bir neçə il ömür sürəcək insana, bu toplar, tüfənglər, nizələr, oxlar, partlayan bombalar nə üçündür? Haqq birdir əgər bu müsəlman, bu xristian, bu gəbr, yəhudi nə üçündür? Ah, bu fikir beynimi deşir, mənə bir an rahatlıq vermir. Kürreyi-ərz yarandığdan bəri tarixi-bəşər, qan, cinayət ilə tam doludur. Ey özü gizli, adı haqq, cahanda olacaqmıdır elə zaman ki, insan daha qan tökməyəcəkdir?

Bu halda papağan Şakinin səsindən oyanıb bu öyrəndiyi kəlməni deyir:

– Yox, yox, yox.

Bunu eşitdikdə Şaki heyrət və təlaş ilə qalxır. Ürəyi elə bərk döyünür ki, səsini özü eşidir. Su tökub içir, nəhayət, başını tutaraq, otaqda dəli kimi gəzməyə başlayır.

– Mən ya dəli olmuşam ki, qulağıma səs gəlir, ya da ki, həqiqətən qeybdən «yox» cavabını aldım. Demək insan qan tökməkdən ötrü yaranmış?

Papağan: – bəli, bəli – deyə qışqırır. Bunu eşitdikdə xəstə aktyor həqiqi dəli kimi elə bir dəhşətli qəhqəhə çəkir ki, bütün qonşuları yuxudan oyadır. Sonra yerə yıxılır, ürəyi gedir. Püstə nənə bu səsdən diksinib yerindən qalxır və cəld özünü otağa atır. Şakini yerə sərilmiş görüb qışqırıq salır. Qonşular onun harayına cəm olurlar və çox səy’dən sonra Şakini özünə gətirirlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci pərdə

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.*Gövhər xanım** (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

16 dəq
İkinci pərdə

Birinci pərdənin səhnəsi.*Pəricahan xanım** (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!

18 dəq
Üçüncü pərdə

İkinci pərdənin səhnəsi.*Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.*

10 dəq
Molla Nəsrəddin Bakıda

Bir pərdəli, dörd şəkilli pyes*İştirak edənlər

1 dəq

Başqa şairlərin şeirləri