Üçüncü pərdə
Səhifə 1 / 2
İkinci pərdənin səhnəsi.
Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.
Əmiraslan ağa. Qeyrətli bəylər, bolşevik Cahangir bu məktubla bizi təslimə təklif edir. Yazır:
«Sizdən aldanmış kəndlilərin qanları daha tökülməsin məqsədilə təslim olmağınızı tələb edirəm. Bizə mə’lumdur ki, o biçarələri «kürcü, erməni və türk köməkləri gələcəkdir» deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd edib qovğada davam etsəniz, sabah qala alındıqdan sonra siz üsyançı bəylər güllə qabağına qoyulacaqsınız.
İmza: Cahangir».
Bəylər başlarını aşağı salıb fikrə gedirlər.
Əmiraslan ağa. Mehrəli bəy, fikrinizi bilmək istəyirik.
Mehrəli bəy. Məncə düşmənə hiylə gəlməli. Guya təslimə hazırıq, lakin iki gün möhlət istəyirik. Düşmən buna razı olarsa, gecə ikən bir neçə adam qaçırıb ətrafdan kömək toplarıq. Sonra iki tərəfdən hücumu başlarıq. Birini burdan, o birini düşmənin arxasından.
Muxtar bəy. Mən bu fikrə şərik deyiləm. Əvvəla, düşmən bizə möhlət verməz. Versə də bu az vaxtda düşmənin gözü qabağında kimdən qüvvə toplayacağıq? Məncə özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı.
Heydər bəy. Əlimizdə olan qüvvə ilə qalanı saxlaya bilməyəcəyik. Gec-tez onu boşaldıb çəkilməyə məcbur olacağıq. Belə olan surətdə mən qalanı vermək tərəfdarıyam.
Səlim bəy. Cahangir ağanın tələbi aydındır. O, təslim olunuz deyir, qalanı veriniz demir. Bizi buraxıb, bu boş qalanı nə edəcəkdir? Lakin təslim şərtindən bir şey yazmır, təslim olarsaq, bizlə nə cür rəftar olunacaq? Mə’lum deyil.
Cəfərqulu. Səlim bəy doğru buyurur. Təslim şərti aydın deyil. Məncə, biz də yazıb şərtimizi mə’lum etməliyik. Bəlkə, istədiyimizi qəbul edəcəkdir.
Əmiraslan ağa. Qızım, sənin fikrin nədir?
Pəricahan xanım. Cahangir hərbi toxdadıb, ortalığa təslim məsələsini atmışdır. Bu iki şeydən xali deyildir: ya budur ki, doğrudan da qan tökülməsini istəmir, ya da əlində olan qüvvə ilə «Laçın yuvası»nı almaqdan acizdir.
Əmiraslan ağa. Afərin, qızım, bu son sözün düzdür. Cahangir təslim məsələsi ilə bizə hiylə gəlir: Mənə mə’lumdur ki, o, mərkəzdən qüvvə və top tələb edir, çünki doğrudan da əlindəki qüvvə ilə qalanı almaqdan acizdir. Bu fürsətdən istifadə etməli. Təslim tərəfdarları bilsinlər ki, istər zor ilə, istərsə öz ixtiyarımızla bolşeviklərə tabe olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə qabağına qoyulacağıq. Onlardan bizə nicat yolu yoxdur. Belə olan surətdə öz əllərimizlə başlarımızı qurbanmı verməliyik?
Bəylər. Heç vaxt!
Əmiraslan ağa. Təslim tərəfdarı varmı?
Bəylər. Xeyr.
Molla Sadıq. Əmiraslan ağa, mən də, Hacı da sülh tərəfdarıyıq.
Əmiraslan ağa. Siz bizim işimizə qarışmayın. Sizin vəzifəniz buraya qoyun sürüsü kimi tökülən arvad-uşaqları sülh ilə saxlamaqdır.
Hacı İmamqulu. Biz də onu istəyirik ki, qurdlar gəlib bu sürünü yırtmasınlar.
Əmiraslan ağa. Qorxmayın, o canavarların müqabilində belə aslanlar durmuşlar. (Kağız götürüb yazır, sonra oxuyur.) Qulaq asın, yazdığım cavabı oxuyum.
Bəylər. Buyurunuz.
Əmiraslan ağa. «Laçın yuvası»nı almağa laçın kimi igidlər lazımdır. Sizin kimi bayquşların hünəri deyil».
Bu cavabı bəyənirsinizmi?
Bəylər. Bəyənirik.
Əmiraslan ağa. Cəfərqulu, al, elçiyə ver.
Cəfərqulu alıb gedir.
Əmiraslan ağa. İndi planımızı çəkək. Bolşevik Cahangir sabah qırmızı bayrağını «Laçın yuvası»na taxmaq arzusundadır. Bu işi sabaha qoymaqdan belə mə’lum olur ki, o, sabah kömək gözləyir. Bu fürsəti ona verməməli, onu qabaqlamalıyıq. Biz hücumu bu gün başlamalıyıq.
Mehrəli bəy. Əmiraslan ağa, madam ki, bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
Muxtar bəy. Necə?
Mehrəli bəy. Düşmənə hücumu qəflətən, onun gözləmədiyi bir vaxtda etməli. Biz bunun əksinə əməl etdik. Düşmənə xəbər verdik ki, hazır ol, üstünə gəlirik.
Heydər bəy. Biz elə cavab yazmamışıq...
Mehrəli bəy. Mə’nası elə çıxdı.
Səlim bəy. Sizin fikriniz möhlət istəmək idi. Ondan da vaz keçdiniz.
Mehrəli bəy. Doğru, çünki bu gün hücum edəcəyimizi bilmirdim.
Muxtar bəy. Bilsəydin nə təklif edərdin?
Mehrəli bəy. Sabaha kimi möhlət istəyib, bu gün qəflətən hücum edərdik.
Əmiraslan ağa. Heç təfavütü yoxdur. Bolşeviklər biz tərəfdən hücum gözləyirlər. Onlar inanmışlar ki, biz hücumdan qorxub qaladan çıxmayacağıq. Hər halda cavab vermişik.
Mehrəli bəy. Doğru. İndi hücum planını buyurunuz.
Əmiraslan ağa. Çəmi qüvvə dörd yerə bölünəcəkdir. Bir qismi Mehrəli bəylə Pəricahanın ixtiyarında olub «Laçın yuvası»nı müdafiə edəcəkdir. Yerdə qalan üç hissənin birinin başında Muxtar bəy, o birinin başında Səlim bəy və üçüncüsünün başında Heydər bəy duracaqdır.
Muxtar bəy, sənin dəstənə böyük əhəmiyyət verirəm. Əgər mən çəkdiyim planı əmələ gətirə bilsən, şəksiz düşmənə qalib gələcəyik. O da budur: dəstəni «Laçın yuvası»nın arxasında duran «Keçi dağı»ndan endirib, «Yaşıl orman» deyilən meşəyə keçirərsən. Sonra orman içi ilə gizli yürüş edib, Qayadibi kəndinin arxasında pusquya yatarsan. O zaman Səlim bəy Uçurum dərəsindən, mən də Heydər bəylə Qayadibi keçidindən hücumu başlarıq. Düşmən qüvvəsini bizim üstümüzə atar. Sən, Muxtar bəy yenə də pusquda qalıb müharibəyə girməzsən. Elə ki, gördün düşmənin arxasında qüvvə qalmadı, cümləsi hücuma başladı, qəflətən arxadan soxularsan. Bu plana e’tiraz varmı?
Bəylər. Xeyr.
Mehrəli bəy. Plan yaxşıdır. Lakin «Laçın yuvası»nda qalan qüvvəni də hücuma atmalı.
Əmiraslan ağa. Yox. O qüvvə ehtiyat üçün olub, təhlükə zamanı hərbə atılmalı. Daha nöqsanı varsa, deyiniz.
Mehrəli bəy. Xeyr, yoxdur.
Əmiraslan ağa. İndi son sözümü dinləyiniz. Cümləniz şir-jəyan kimi hücuma atılmalısınız. Geri çəkilməni bilmərrə unutmalı, beyninizdə, fikrinizdə, xəyalınızda bu olmalı: — İrəli, irəli, irəli. Belə olursa, düşməni bu dağlardan, bu qayalardan geriyə atıb, mülklərimizi əlimizdə saxlaya biləcəyik. Əgər bu taleyimizdə yox isə, ərlərə yarışan mərdliklə ölüm şərbətini içərik. Bizim üçün başqa yol yoxdur. (Ayağa qalxır.) Haydı, igidlərim, gedək.
Molla Sadıqdan və Hacı İmamqulundan savayı hamı gedir.
Molla Sadıq. Hacı, bu divanələrin oduna biz nə üçün yanaq?
Hacı İmamqulu. Molla Sadıq, nə demək istəyirsən?
Molla Sadıq. Bolşeviklər bizə qalib gələcəklər, buna mənim şübhəm yoxdur.
Hacı İmamqulu. Mənim də şübhəm yoxdur.
Molla Sadıq. Onda bizim halımız necə olacaqdır?
Hacı İmamqulu. Yəqin bolşeviklər cümləmizi qətl’am edəcəklər.
Molla Sadıq. Etməyə də haqları var, çünki Əmiraslan ağanın tərsliyindən hər iki tərəfdən çox qan tökülmüşdür, o indi bu uçuq qalaya pənah gətirmişdir.
Hacı İmamqulu. Xeyr a! O cəngavərlərin müqabilində belə qalalar davam etməz.
Molla Sadıq. Cahangir ağa ədalətli bir hakim kimi qan tökmək tərəfdarı deyil, lakin ağlını qayib etmiş kişi, görmürsənmi, eşitmək belə istəmir. Hacı, bunların içində bir özümlə səni ağıllı görürəm. Ağıl olan şəxs canını bihudə yerə güdaza verərmi?
Hacı İmamqulu. Xeyr, verməz, fikrin nədir?
Molla Sadıq. Bolşeviklər tərəfə keçmək.
Hacı İmamqulu. A kişi, nə deyirsən? Dəli olmusan nədir?
Molla Sadıq. Nə üçün dəli olurum? Biz öz ixtiyarımızla bolşeviklərə təslim oluruq. Qan tökməkdə də iştirak etmirik. Bundan əlavə, mən Cahangir ağanın şəriət müəllimi olmuşam. Sənin də oğlun Həsən onun köməkçisidir. Onlardan bizə nə xata yetişə bilər?
Hacı İmamqulu. Bu doğru, fəqət nə yol ilə bu zalım ağalardan xilas ola bilərik? Qaladan çıxmaq imkanı varmı?
Molla Sadıq. Var. Mən ancaq sənin razılığını gözləyirəm.
Hacı İmamqulu. Mən razıyam. Bəs arvad-uşaq necə olsun?
Molla Sadıq. Nə arvad-uşaq? Ölüm zamanı arvad-uşaqmı yada düşər? Gedək öz canımızı xilas edək.
Hacı İmamqulu. Doğru deyirsən, gedək.
Çıxırlar, sonra Gövhər xanım Sənəmin köməkliyi ilə alt qatdan Əmiraslan ağanın salonuna gəlir. Divanın üstündə oturur.
Gövhər xanım. Gör nə zəif düşmüşəm. Bir mərtəbəni çıxmağa məndə taqət qalmayıbdır. Sənəm, Pəricahanın otağından bir yastıq gətir, bir az uzanım, rahat olum.
Sənəm yastıq gətirib divana qoyur, Gövhər xanım uzanır.
Gövhər xanım. Sənəm, qaladan nə xəbər var?
Sənəm. Hələ davam edir.
Gövhər xanım. Allah, sənə pənah aparıram. Bizi bu qan içici düşmən əlinə vermə! Sənəm, deyirlər bolşeviklər körpə uşaqları da qırırlar.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-lacin-yuvasi-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:
ƏşrəfSevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:
Şahsənəm və GülpəriBir pərdədə üç şəkilli piyes*1921*
Birinci şəkilPinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).
Başqa şairlərin şeirləri
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
İki mühacirÖz Vətəninə mənsub olmayan şəxs insanlığa da mənsub deyildir.*V.Q.Belinski*
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir