Səhifə 2 / 2 · 50%

Sənəm. Xanım, hamısı yalandır. Mən onlardan heç qorxmuram. Onların böyükləri çox rəhmli adamdır. Neçə dəfə təklif etdi ki, mənə qan tökdürməyin, təslim olun. Heyif ki, Əmiraslan ağa qulaq asmır. Bu gün yenə təklif etmişdi, bilmirəm ağa razı oldu, ya yox.

Gövhər xanım. Olmaz. Mən onun tərsliyini bilirəm, heç kəsə qulaq asan deyil. Sənəm, canım xəstə olmasaydı, gedib o böyüyün ayaqlarına yıxılıb öpərdim, yalvarardım, işə qansız əncəm edərdi. O, böyük Rusiyadan gəlmiş. Görəsən mənim oğlumdan bir xəbər bilərmi?

Sənəm. Onu bilmirəm, ancaq Cahangir ağanın sağ olduğunu söyləyirlər.

Gövhər xanım. Ay qız, onu kim deyir? Bəs niyə mənə xəbər vermirsiniz? O adamı tapdırıb, doğru xəbər bilərdim.

Sənəm. O gün Əhmədgil deyirdilər ki, Bakıda bir adam söyləyirmiş ki, Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur.

Gövhər xanım. Hər nə olursa-olsun, ta ki, sağ-salamat olsun. Sənəm, pəncərəni aç, kürsü qoy, oturub bir az özümü havaya verim, nəfəsim tənkişir.

Sənəm pəncərəni açır, kürsü qoyur. Sonra Gövhər xanımın qoluna girib aparır.

Sənəm. Qoy yastığı da qoyum, yumşaq olsun.

Yastığı qoyur, Gövhər xanım oturur.

Gövhər xanım. Nə gözəl hava! Hər yan gül-çiçək! Nə üçün bu insanlar bir-birlərini qırırlar?

Sənəm. Xanım, izin ver, gedim, xörəyini hazırlayım.

Gövhər xanım. Yaxşı get.

Sənəm (gedərkən). Dərmanını gətirimmi, içəsən?

Gövhər xanım. Yox, lazım deyil. Dərmandan heç bir xeyir görmürəm.

Sənəm çıxır. Səhnə bir müddət sükutda qalır. Sonra tüfəng, top səsləri qurultu salır. Gövhər xanım qalxır ki, pəncərəni örtsün, bu zaman ayaq üstə dura bilməyib yıxılır. Top, tüfəng səsi kəsilir. «Ura!» sədası qalxır. Bir azdan sonra o da kəsilir. Sənəm daxil olur. Gövhər xanımı yıxılmış görüb cəld üstünü alır.

Sənəm. Vay, xanıma nə oldu?

Gövhər xanım. Sənəm, məni qaldır. Divanın üstə apar...

Sənəm onu qaldırıb divanın üstə uzadır.

Gövhər xanım. Sənəm, ölürəm, amma bu dünyadan nakam gedirəm... Oğlumu görməyib gedirəm... Onun toyunu etməyib gedirəm... Ah, Cahangirim, bir səni görəydim... Axirətə rahat gedəydim.

Sənəm (kənara). Ah, ürəyim davam etmir. İstəyirəm sirri açıb deyəm. Yox, qoy bilməsin.

Gövhər xanım. Sənəm, gözlərimə qaranlıq çökür... Sənəm, Pəricahana de ki, əmmən vəsiyyət etdi... Cahangiri axtarıb tapsın... Ona getsin. Nəslimiz kəsilməsin.

Səsi kəsilir.

Sənəm. Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü. Yaxşı insan idi, heç kəsi incitməzdi. Bu uzun müddətdə ondan bir acı söz eşitmədim. Başqa xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi. Çox cəfa çəkdin, indi rahat yat.

Gedib yorğan gətirib üstünə salır. Pəricahan daxil olur.

Pəricahan xanım. Sənəm, qala alındı. İndi buraya gələcəklər, qaçmaq lazımdır. Əmməm də yatmış. Onu durğuzmaq lazımdır.

Sənəm (ağlar səslə). O daha durmaz...

Pəricahan xanım. Nə deyirsən? Əmməmə nə olmuş?

Sənəm ağlayır.

Pəricahan xanım. Ah, yazıq əmməm! (Gedib divanın önündə diz çökür.) Yat, rahat ol! Sən bizdən xoşbəxtsən, son bəlaları görməyəcəksən.

Sənəm. Xanım, vəsiyyət etdi ki, Pəricahan Cahangiri tapıb, ona getsin. Ondan ayrılmasın.

Pəricahan xanım. Ey biçarə əmməm! Pəricahan onu tapdı. Sözlərinə baxmadı, yenidən itirdi. Nə etməli? Qəzanın istədiyi bu imiş.

Əmiraslan ağa başı açıq, tükləri pərişan, dəli halda daxil olur.

Əmiraslan ağa. Mən haradayam?.. Hə, bildim. Bayquş yuvasında. Mən Rüstəm Zalam... Ey igid bəylərim! İrəli! Vur! At!

Pəricahan xanım. Ah, bəla üstə bəla! Əmücəm dəli olmuş!

Əmiraslan ağa. Yenə qırmızı! Ora qırmızı, bura qırmızı. (Pəricahana) Sən kimsən? Hə, sən də qırmızı, o yatmış da qırmızı, çəmi cahan qırmızı!.. Mən qırmızı sevmirəm. (Divara baxır.) Çəkil, sənə deyirəm, çəkil, çəkil! (Tavana baxır.) Oradan ilan sallanmışdır. Ah, düşdü! Necə oldu? Haraya girdi? (Arayır.) A, budur, girdi! (Döşünü cırıb baxır.) Hə... ürəyimə girmək istəyir... Qoymaram... (Qəməsini çıxarıb ürəyinə soxarkən.) Öl, müzürr heyvan!..

Pəricahan xanım. Ah! Əmücəm özünü öldürdü!.. Cahangir, Cahangir! Şan-şöhrətli xanədanını viran etdin, gəl tamaşaya.

Cahangir əlində qırmızı bayraq, Ədil bəy, Hadi lələ, Həsən, bir dəstə qoşun əhli və bir dəstə arvad-uşaqla daxil olur.

Pəricahan xanım. Bax, güllələndən ölmüş anana! Bax, dəli olub xəncəri ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et! Ürəyin şad olsun!

Cahangir ağa. Pəricahan, zülm ilə qurulmuş bina, zülm ilə qurulmuş xanədan — axırda fot olar. Heç kəs önünü ala bilməz. Mane olanlar belə fot olarlar. İndi yeni dünya zühur etmiş. Əski dünya əski qanunları ilə gərək yıxılsın. Pəricahan, nə üçün bu əski, zülmkar, tökdüyü qanın içində boğulan dünyadan əl çəkmirsən? Bu ölülər içində qalmaqmı istəyirsən?

Pəricahan. Yox, istəmirəm.

Cahangir. Bu inqilab bayrağı altına gəlirsənmi?

Pəricahan. Bəli, gəlirəm! (Onun tərəfinə keçir.)

Cahangir. Bu şanlı bayrağı al, ona and iç.

Pəricahan (alır). Ey qırmızı inqilab bayrağı! Bu gündən bütün ömrümü sənin yolunda çalışmağa, qurban verməyə and içirəm.

Hamı. Yaşasın Pəricahan!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:

52 dəq
Əşrəf

Sevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:

26 dəq
Şahsənəm və Gülpəri

Bir pərdədə üç şəkilli piyes*1921*

1 dəq
Birinci şəkil

Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).

5 dəq

Başqa şairlərin şeirləri