Beşinci pərdə
Səhifə 2 / 3 · 33%
Çingiz. Yox, lələ, hələ kababı bişirək yeyək, sonra bir yerdə gedərik. Sənin haqqın bizim boynumuzda çoxdur. Səni lazımınca razı edəcəyik.
Cəbi. Allah sizi salamat etsin. Mənə də o qədər ömür versin ki, Qəmər xanımın uşaqlarına lələlik edim.
Çingiz. Cəbi lələ, burada üzgörəlik etdin ha. Bəs mənim uşaqlarıma?
Cəbi. Sənin uşaqlarına da edərdim, ancaq qorxuram verməyəsən. Nə üçün?
Cəbi. Sən abrazonnısan. Uşaqlarına da rus dayəsi tutacaqsan. O da məni yaxına qoymayıb deyəcək: ey birit başqa, barançuq, netorqay.
Qəmər. Cəbi lələ, netorqay nədir?
Cəbi. Yə’ni uşağa dəymə.
Çingiz. Yox, Cəbi lələ, elə iş olmaz. Necə məni saxlamısan, elə də uşaqlarımı saxlayacaqsan. Görürəm rusca yaxşı bilirsən. Ona görə səni öz yanımda feldşer edəcəyəm.
Cəbi. Oturunuz, bu saat kababınızı bişirim, gətirim.
Əyləşirlər. Cəbi lələ kabab gətirir, onlar da şişdən çəkib yeyirlər.
Şəmsi. Çingiz, nağıl et gərək harada qalmışdın və nə səbəbə bizə məktub yazmayırdın?
Çingiz. Şəmsi, başım çox bəlalar çəkmişdir. Buradan gedən zaman əhvalım çox pərişan idi, ona görə də üç ay əcnəbi vilayətləri səyahət etdim ki, bəlkə qəm və qüssədən bir qədər azad olam. Sonra Almaniyada tibb fakültəsinə girib təhsilimi bitirdim.
Qəmər. Ah, sən nə daş ürəkli qardaşsanmış. Məni heç yad edirdinmi?
Çingiz. Necə etmirdim. Şəklinə baxdığıma hər zaman səni qarşımda görürdüm.
Qəmər (Zöhrəni göstərərək). Bəs bu xanımın rəsmini?
Çingiz. O xanımın rəsmi ürəyimin ən dərin bir küşəsində məskən etmiş, onu buradan çıxarmaq qeyri-mümkündür.
Qəmər. Demək, indi sən həkimsən?
Çingiz. Bəli.
Qəmər. Onda qulağını ürəyimə qoy, gör nə səbəbə belə çırpınır.
Çingiz baxır. Qəmər onun başını qucub öpür.
Qəmər. Ha-ha-ha... tana bildinmi?
Çingiz. Tapdım, bacım, xəstəliyin çox yamandır. (Cəbi lələ kabab gətirir.) Gərək pəhriz saxlayasan, Ələlxüsus, Cəbi lələnin gətirdiyi bu kababdan.
Gülüşürlər.
Qəmər. O həkimliyi bu xanıma elə.
Çingiz. Bil’əks bu xanım gərək hər səhər çay əvəzinə bir şiş kabab yeyib, üstdən bir stəkan qırmızı şərab içsin ki, hala gəlsin.
Cəbi. Yenə kabab gətirimmi?
Qəmər. Yox, lələ, bəsdir, al bu çörəyi də, kabab bişir, ye.
Cəbi alıb səhnənin dalına gedir.
Zöhrə. Bilmirəm, Çingizin gəlmək xəbərini anama nə tövr verəcəyik. Axır zamanlarda ürəkketmə azarına düşübdür. Gecələr oyanıb bizdən gizlin Çingiz, Çingiz deyə ağlayır.
Qəmər. Mənim anam ondan geriyə qalmaz. İndiyə kimi mən onu aldatmışdım ki, Çingizi İstambulda görən olubdur, orada oxuyur; qurtaran kimi gələcəkdir. Yaxşı oldu ki, sözüm yalan olmadı.
Qəmər. Gedək, zavallı analarımızı şad edək, Cəbi lələ, Cəbi lələ.
Şəmsi bəy. Cəbi lələ, au-u-u-u-u...
Qəmər. Cəbi lələ, au-u-u-u-u...
Zöhrə. Nahaq yerə boğazınızı yırtmayın. Cəbi lələ yəqin evə qaçmışdır ki, Çingizin müjdəsini versin.
Çingiz. Haydı, gedək.
Qəmər. Gedək.
Zöhrə. Bəs bu boşqabları kim aparacaq?
Qəmər. Sən indi də mənə naz edəcəksən? İstədiyin bu idi, o da gəlib çıxdı.
Çingiz. Bəhs etmək lazım deyil, hamısını mən apararam.
Qəmər. Sən Allah, sən bunu xarab eləmə, qoy işləməyi öyrənsin. Yoxsa, bu tənbəldən sənə nə arvad olacaqdır.
Şəmsi bəy. Canım, hamısını aparıram, bəhsiniz bitsin.
Qəmər. Can! Bax, ər belə olar... (Gülüşürlər). Şəmsi, tüfəngi mən aparacağam, boşqabları sən.
Şəmsi bəy. Eybi yoxdur, apararam. Mənim kimi ovçunun gərək sənin kimi arvadı olsun.
Gülüşürlər. Qəmər boşqabları bağlayıb Şəmsiyə verir, özü də tüfəngi çiyninə salır. Zöhrə xanım da Çingizin çamadanını götürür.
Qəmər (əl çalaraq Zöhrəyə). Ha beləcə, görünür, sözüm sənə tə’sir etdi.
Şəmsi bəy. Qəmər, elə ki, qarşına siçan çıxdı, güllənin ikisini də təpəsindən çax...
Gülüşürlər.
Qəmər. Hazır ol! İrəli arş!..
Gedirlər.
Pərdə
İkinci şəkil
Səhnə dördüncü pərdənin mənzərəsini göstərir. Həcər xanımla Yasəmən skamyada əyləşib dərdləşirlər.
Həcər xanım. Yasəmən, Qəmər ilə Şəmsi necə bəxtiyar oldular. Onlara baxdığıma ürəyim şad olur. Fəqət Zöhrəni elə pərişan, qəmkin, şikəstədil gördükdə ürəyim paralanır. Zavallı qızçığaz, Çingizin eşqindən şam kimi yanıb əriyir.
Yasəmən. Yazıq Çingiz, Zöhrənin ölüm xəbərini eşidib cəlayi-vətən oldu. Kim bilir, başına nə fəlakət gəldi. Sağ olsaydı, indiyə kimi sədası bir yerdən çıxardı.
Həcər xanım. Atası Nadir bəyin macərası oğlu Çingizdə təkrar etdi. Bilmirəm bu çərxi dönmüş fələk bizdən nə istəyir, məgər bu iki bədbəxt ailədən aldığı intiqam kifayət etməyir ki, yenidən bizə bəla hazırlayır. Zöhrə Çingizin fəraqına dözə bilməyib vərəmləyib.
Yasəmən. Həcər xanım, Çingizin təvəllüd sirrini açıb Zöhrəyə söyləməlisiniz. Taki sakit olub, axırda başqasına ərə getməyə razı olsun.
Həcər xanım. Yox, yox, onda övladlarımın ikisini də qayib edəcəyəm. Onlar mənə lə’nət, nifrət edib, küçələrə atacaqlar.
Yasəmən. Onda bəs nə etməli?
Həcər xanım. Özüm də bilmirəm, Yasəmən. Səhərdən ürəyim iztirab içində çırpınır, gələcək bəlanı hiss edir.
Cəbi lələ təngnəfəs daxil olur.
Həcər və Yasəmən. Nə var, nə olmuş?
Cəbi. Qorxmayın, yaxşı xəbər gətirmişəm. Çingiz gəldi.
Yasəmən. Ah, xudaya sənə şükür, oğlum gəldi.
Həcər. Bəs hanı?
Cəbi. Bulaq üstə kabab yeyirlər, çoxdan gəlmişdi, mən istəyirdim qaçıb sizə xəbər verim, Çingiz qoymadı. Dedi, Cəbi lələ, kababı bişir yeyək, sonra bir yerdə gedərik. Mən dözə bilmədim, onları qoyub gizlincə qaçdım.
Yasəmən. Çox sağ ol, Cəbi lələ, həmişə belə xeyirxəbər olasan, hər nə istəsən verəcəyəm.
Cəbi. Çingizin sağlığı mənə hər şeydən artıqdır.
Çingiz, Zöhrə, Qəmər və Şəmsi daxil olurlar.
Qəmər. Ana, gör sizə kimi gətirirəm.
Yasəmən. Ah, Çingiz, oğlum! (Boynunu qucaqlayıb öpür).
Çingiz. Şükür olsun ki, gəlib cümlənizi sağ və salamat tapdım.
Həcər xanım onu qucaqlayıb öpərkən bitab olur.
Çingiz. Qəmər, stəkanda bir az su gətir, Həcər xanıma su verəcəyəm.
Qəmər su gətirir, Çingiz əl çamadanından dərman çıxarır, tökub Həcər xanıma verir.
Zöhrə xanım. Ana, sənə nə oldu?
Həcər xanım. Qorxma, qızım, həmişəki ürək döyünməmdir, indi sakit oldum.
Çingiz. Qəm yeməyiniz, sizi bu ürək döyünməsindən xilas edəcəyəm. Fəqət zəhmət haqqımı indidən tə’yin ediniz, mənim şərtim budur.
Həcər xanım. Oğlum, nə istəsən verəcəyəm.
Çingiz (Zöhrənin əlini tutub). İstədiyim bu qızın Zöhrədir.
Həcər və Yasəmən. Vay!
Çingiz. Nə üçün təəççüb edirsiniz? Bilmirsiniz ki, biz çoxdan bir-birimizi sevirik. Fəqət atalarımızın ədavəti buna mane olurdu. İndi isə o ədavət bitdi. Mənim atam Əlimərdan, Zöhrə xanımın atası Şahbaz bəy intiqama qurban olub bu iki aləmin qanlı ədavətini itmama yetirdilər. Yoxsa, siz analar düşmənçiliyin davamını istəyirsiniz?
Həcər xanım. Yox, yox.
Çingiz. Bəs nə səbəbə razı deyilsiniz?
Həcər xanım. Onu sorma. Zöhrəni sənə vermək olmaz, sənin üçün başqa bir qız seçmişəm.
Çingiz. Bəli, anlayıram. Şahbaz bəyin arvadı Həcər xanım qızını öz xidmətçisi Yasəmənin oğlu Çingizə verməyi özünə ar bilir.
Qəmər. Həcər xanım, mənim qardaşım Çingiz, qızınız Zöhrəyə layiq deyilsə, sizin oğlunuz Şəmsi bəy də mənə layiq deyil. Al, bu da sizin nişanınız. (Barmağından üzüyü çıxarıb onlara atır).
Şəmsi bəy. Ah, Qəmər, nə edirsən? Ana, Çingiz məndən elmli, tərbiyəli bir oğlandır, nə üçün bacımı ona vermirsən?
Zöhrə. Ana, görünür mənim ölümümü istəyirsən?
Həcər. Xudaya, mən aciz qadına bir belə əziyyət verməyi özünə rəva görürsən. Nə üçün məni öldürüb bu əzabdan xilas etmirsən?
Çingiz (rişxəndlə). Bəli, böyük əzabdır, nəcibə bir xanım kəriməsini öz kənizi oğluna necə versin?
Həcər. Çingiz, yetər, ürəyimi daha parçalama, mən sizi özümə layiq bilməsəydim, Yasəmənin qızını oğluma almazdım. Çingiz, mən xalamın vəsiyyətini yerinə yetirmək istəyirəm. Onun xahişi odur ki, sən Əli bəyin qızını alıb bu mülkə sahib olasan.
Çingiz. Mən məhəbbətimi dövlətə satan oğlan deyiləm. Ya Zöhrə, ya ölüm! İndi iki ana bunu qət edin.
Şəmsi bəy. Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır. Ya oğlunuzu bəxtiyar edəcəksiniz, ya qayıb.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-esq-ve-intiqam-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Eşq və intiqamBeş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər
Birinci pərdəSəhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Başqa şairlərin şeirləri
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Milli ətlərikBiz qovulduqca qaçıb mərddən dönən namərdlərik,Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.
Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsunGözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun,Yəqin ki, bu qara gözlər belə xətt ilə xal olsun.