Səhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.

Teymur. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?

Əli. Xayır babacığım, yorulmamışam.

Aslan. Yorulma, oğlum, sən zəhmətkeş balasısan. Sən işdən qorqma, qoy iş səndən qorqsun.
(Şeytan səyyah libasında daxil olur.)

Şeytan. Atəş... cahanda varsa tə’rifə layiq bir şey o da sənsin. Ey yandırıcı od, səni gördükdə qəlbim şad olur, ruhum rahat. Ey qırmızı işıq səni mən çoq sevirəm!

Aslan. Yoldaş sən kimsən?

Teymur. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.

Şeytan. Doğru, mən atəşpərəstəm; çünki xamırım oddan yuğurulmuş; odu mən çoq sevirəm.

Aslan. Yoldaş, bizim topraq azadə bir yerdir. Hər kəs nəyə sitayiş edirsə-etsin. Burada din, məzhəb üstə qovğa yoqdur, müsəlman, xristiyan, bütpərəst, atəşpərəst hamısı insandır, bizə qardaşdır.

Şeytan. Pəh, pəh, nə gözəl məslək! Ey azəri türkləri mən səyyaham, dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz çoq bəxtiyarsınız... Əfsus ki... qonşu düşmanlarınız bunu puç edəcəklər...
(Rizvan daxil olur. Şeytan onu görmür.)

Teymur. Kimlər?

Şeytan. Gürcülər ilə ermənilər.

Aslan. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə hökümətlə getdi.

Şeytan. Ha, ha, ha. Ey sadədil azəri türkləri! Siz qəflətdəsiniz. Ermənilər, gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam deyərək, müharəbə üçün plan çəkirlər. İndi burada siz nə qayırırsınız?

Aslan. Kəndli qardaşlarımız üçün əkin aləti qayırırıq.

Şeytan. Bu işləri buraqınız; gecə-gündüz siz də onlar kibi qılınclar, xəncərlər yapınız. Firsəti fövtə verən aqil deyil, divanədir. Keçmişinizi yada salın. eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar. Gördünüzmü gözəl vətənimizi nə hala saldılar? O günlərinizi unutdunuzmu? Vuruşmağınızın sonu necə oldu? Gözəl vətəniniz viranəyə döndü. Qanlarınız aqıb sellərə döndü, arvad-uşaqlarınız çöllərə düşdü. Bunu unutdunuzmu?

Teymur. Sən kimsən? Bunu haradan bilirsiniz?

Şeytan. O zaman mən burada idim.
(Rizvan pusqudan çıqıb iləri gəlir.)

Rizvan. Doğrudur, o zaman sən burada imişsən. Buna şəkkim yoqdur. Yoldaşlar, bayaqdan bəri mən bu hərifi dinləyirəm. Bunun kim olduğunu anlayırsınızmı?

Aslan. Kim olduğunu bilmirəm. Lakin sözlərindən, gözlərindən şərarət odu yağır. Mən bunu görürəm.

Rizvan. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir. Bunlara provaqator deyərlər. Bunların əsli adları Şeytandır. Yoldaşlar, bunlara aldanmayınız. Gürcü, erməni zəhmətkəşləri bizə düşman deyillər. (Şeytan yoq olur.) Onları bizlərlə toquşduranlar belə şeytanlar idi. Harada belə ara qarışdıran adam gördünüz dutub bizə veriniz (dönüb baqır) baq, hərif giriz vermiş. hərgah düz adam idi nə üçün qaçdı?

Teymur. Yoldaş Rizvan? Qorqmayın. Belə fitnələrə aldanmarıq. Qonşularımız ilə də qardaşlığı pozmadıq.

Rizvan. Elə də lazımdır. İndi iş dalınca. (Çıqır.)

Aslan. Oğlum Əli, körüyü bas!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri