Türk birliyi
Bir pərdədə
Məişətimizdən bir şəkil
1906
İştirak edənlər
Heydərqulu ağa (bəylər)
Cə’fər bəy (bəylər)
Nəcəf bəy (bəylər)
Səfər bəy (bəylər)
Fridun bəy – təbib (ziyalılar)
Səməd bəy – mühəndis (ziyalılar)
Rəsul bəy – vəkil (ziyalılar)
Mirzə Kərim – müəllim (ziyalılar)
Əli bəy – student (ziyalılar)
Hacı Cəbrayıl (tacirlər)
Kərbəlayı Hüseyn (tacirlər)
Məşədi Xudaverdi (tacirlər)
Birinci pərdə
Əhvalat Qafqaz şəhərlərindən birində vaqe olur. Cə’fər bəy axşam saat 7-də qonaqlarını gözləyərək dostu Heydərqulu ağa ilə söhbət edir.
Cə’fər bəy. Heydərquli ağa, mən bu işi boynuma çəkmişəm və umudvaram ki yörüdəm, ancaq rəca edirəm ki, özünü bir az saqlayasan. Xasiyyətin tünddür, heç zad üstə barıt kibi partlayırsan.
Heydərqulu ağa. Cə’fər bəy, sən öləsən, hərgah məni padşahlıq dumasına vəkil seçməsələr – çəmi mülkümü, evimi, eşiyimi satıb düz Firəngistan deyə bir baş gedəcəyəm. Mən belə xəcaləti, töhməti yeyə bilərəm.
Cə’fər bəy. İndi mən bu məclisdə məsələnin başını açacağam və səni də devlət dumasına vəkil seçməyi işarə edəcəyəm.
Heydərqulu ağa. Nə üçün işarə edirsən. Açıq aşkara de ki, Heydərqulu ağadan layiqli heç kəs yoqdur. Gərək onu seçək.
Cə’fər bəy. Odur ki, tədbirin yoqdur. Əvvəl cəmaətin xahişini duymaq lazımdır, sonra da ona görə iş görmək.
(Bu halda Nəcəf bəy, Səfər bəy, Fridun bəy, Rəsul bəy, Hacı Cəbrayıl, Mirzə Kərim və sair qonaqlar daxil olurlar.)
Cə’fər bəy. Ya allah. Xoş gəlmisiniz. Buyurunuz, buyurunuz. Nəcəf bəy, Səfər bəy siz buraya buyurunuz. Hacı əmi, Mirzə Kərim buyurunuz buraya, divanın üstə əyləşiniz. (Qonaqlar oturlar).
Heydərqulu ağa (Əli bəyə). Qardaş oğlu, keyfin necədir? Görünür student paltarını çoq sevirsiniz.
Əli bəy. Əmi, işarənizi başa düşürəm, ancaq təqsir məndə deyil. Özünüzə mə’lumdur ki, bu son illərdə Rusyada elm təhsil etmək çoq çətindir.
Heydərqulu ağa. Məncə taqsır özünüzdədir, mənim təsəvvürümə görə studentlər dərslərini buraqıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar tə’til edib dərs oqumamaqdan devlətə nə zərər doqunacaqdır. Mənə görə hökümət dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığın xarcı azalar.
Səməd bəy. Xayır, Heydərqulu ağa, səhv edirsiniz. Darülfünunların bağlanması dövləti necə il geriyə salıb böyük zərərlərə bais olur. Bu saat mühəndislərə böyük ehtiyac vardır.
Fridun bəy. Həkimlərə də həmçinin.
Mirzə Kərim. Doğrudan da studentlər hürriyyət uğrunda çalışıb böyük qurbanlar verirlər. Bunu inkar etmək olmaz.
Rəsul bəy. Biz də student vaqtında az çalışmamışıq, padşahlıq dumasının açılmasında bizim də payımız var.
Nəcəf bəy. Onlar hamısı cavanlıq əlamətidir. Mənim kibi sinnə dolanda unudulub gedir.
Hacı Cəbrayıl. Bunu Nəcəf bəy doğru deyir. Mənim oğlum da göydən gedir. Deyirəm oğul, sənin Germaniyada aldığın təhsil mənə qızıl xəzinəyə durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan. Pulsuz adamın nə dili var, nə hürməti. Hamıya gərək bəli, bəli, deyəsən.
Cə’fər bəy. Cəmaət, şair deyir ki:
Məsudimiz nə qəhvə və nə qəhvəxanədir.
Didari-yarı görməyə bunlar bəhanədir.
İndi, əzizlərim, sizləri buraya yığmaqdan mənim də ümdə məqsədim nə inki qırqavul pulovdur, bəlkə bir böyük mətləb üçün bunlar bir bəhanədir. O mühüm mətləb budur: devlət tərəfindən e’lan olunur ki, padşahlıq duması aprel ayının 27-ndə açılır. Ona görə hər yerdə üzvülər seçməyə hazırlıq gedir. İndi bizə də lazımdır ki, toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layıqlı şəxs üzərində dayanaq. Elə olmasın ki, aramıza nifaq düşüb hərə bir tərəfə çəkə. Belə olursa, bişək və şübhə bir nalayığın biri seçilib bizi cəmi Rusyada risvay edəcəkdir...
Heydərqulu ağa. Cə’fər bəy, bağışla, sözünü kəsirəm. Deyirlər ki motal Qurbanəlinin oğlu ayı Kərim bərk deputatlıq şövqinə düşübdür. Özü də harada otursa, deyir ki, şəhər dumasında məndən yaqşı danışan yoqdur. Siz ölsəniz istəyir onu zarafat üçün seçəsən və dövlət dumasının vəkilləri qnyazlara, qraflara belə reqomendatsiya (tevsiyə) edəsən; rəca edirəm tanış olasınız, Qafqas vəkili motal Qurbanəlinin oğlu qalayıcı Məhəmməd Cə’fərin nəvəsi ayı Kərim. ha... ha... ha...
Cə’fər bəy. Heydərqulu ağa doğru buyurur. Dövlət dumasının üzvülüyü nə dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu duma şəhər duması deyil ki hər əttar, baqqal başmaqlarının taqqıldada-taqqıldada gəlib iclasda filan küçədə necə fanar asılsın, filan adama çayxana açmağa izn verilsin ya yoq deyə boşboğazlıq edib vaxt keçirsinlər. Bu duma padşahlıq dumasıdır. Oraya seçilən vəkillər də gərək padşaha layıq şəxslər olsunlar. Belə ki hər bir şeydən artıq gərək əsli, nəcabəti olsun, taki adı, familyası çəkiləndə deməsinlər ki, bu cürə adam eşitməmişik. Sonra qəd-qamətli olsun ki gözə görünüb seçilsin. Uca gur səsi olsun ki, danışdığı sözünə qulaq asıb fikir versinlər: mənim təsəvvürümə görə seçilən vəkil gərək bu süfətlərə sahib olsun. Səhv edirəmsə, buyurunuz, səhvimi deyiniz.
Fridun bəy. Bəli, səhv edirsiniz. Özü də artıq dərəcədə. Siz vəkilliyə ləyaqəti bu üç süfətdə görürsünüz. Nəcabət, qəd-qamət, uca səs. Məyər padşahlıq duması əcayib adamlar yığıncağıdır ki, elə adam göndərək? Xayır Cə’fər bəy, bizə qəd-qamətli adam lazım deyil. Bizə elmli, tədbirli, zaqondan, siyasətdən, vətənimizin keçmişindən və hali-hazırından baxəbər şəxs lazımdır.
Mirzə Kərim. Məncə bu süfətlər də kifayət etməz. Gərək elə şəxs olsun ki vətənin, millətin uğrunda pulundan, malından hətta canından da keçə bilsin. Burada bəylik, xanlıq, rəiyyətlik bilmərrə gərək mülahəzə olunmasın.
Səməd bəy. Parlamanlar məhkəməyə bənzər. Orada Rəsul bəy kibi vəkillər artıq mənfəət gətirə bilərlər. Fridun bəy düz buyurur. Gərək zaqon biləsən, bu da vəkil işidir. Natiqlik də onların sən’ətidir.
Kərbəlayı Hüseyn. Mən ticarət üçün bir necə dəfə zaqranitsaya getmişəm. Orada çoqdan parlamanlar işləyir. Zaqranitsada oqumuş cavanlarımız o üsula yaqşı bələddirlər. Məsələn bacının oğlu Əli Heydər parlaman zaqonlarını yaqşı bilir. Özü də üç xarici dildə danışır.
Məşədi Xudaverdi. Kərbəlayı düz deyir. Çoq layıqlı oğlandır. Fikir eləməyiniz ki, bacım oğlu olduğuna görə tə’rif edirəm. Xayır, doğrudan da başlı oğlandır.
Əli bəy. Bu işdə qohumluq, dostluq, aşnalıq gözləmə lazım deyil. Məhz vətənimizin xeyrini mülahəzə etmək lazımdır. Bizim ölkədə nəcabətdə, mal dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki onun pulu ilə təhsil edirəm, lakin bununla belə o da seçgiyə qutu qoya Fridun bəy də, mən insafımdan keçib Fridunu qoyub Heydərqulu ağaya ağ şar salmaram.
Heydərqulu ağa (tez ayağa qalqıb). Necə? Necə? Nə deyirsən? A gədə Fridun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş.
Fridun bəy. Mən sizin nökəriniz deyiləm. Təvəqqe edirəm ədəb ilə danışasınız.
Heydərqulu ağa. Kəs səsini gədə oğlu gədə, atan ölənə kibi mənim qapımda nökər idi. Baban da atamın nökəri. Buyur gərək, ağa Fridun bəy mən səninlə nə tevr rəftar edirəm. Sən gərək minlərcə şükr edəsən ki, mənimlə bir məclisdə oturub söhbət edirsən.
Fridun bəy. Siz hələ qəflət yuqusundasınız, ayılmamısınız. O zaman ki siz ağalar dilsiz, ağızsız rəiyyətin malının, canının, namusunun sahibi olub nə istəmişsinizsə etmişsiniz – getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə yoq, elm, ədəblə şərəf qazanır.
Heydərqulu ağa. Ha, ha, ha. Cəmaət, eşidirsiniz nə deyir? Daha biz motal Qurbanəlinin oğluna nə üçün rişxənd edirik. A gədə mən qəflət yuqusundayam ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq duması sənin kibi köpəklər yeridir. Səməd bəy, Rəsul bəy, Mirzə Kərim, Əli bəy (hamısı birdən) Eyib olsun sizə, Heydərqulu ağa.
Heydərqulu ağa. Xayır, eyib sizə olsun ki, bu kibi eşşəyi meydana çıqarıb vəkil seçməyə təklif edirsiniz.
Fridun bəy. Bimə’rifət, nadan.
Heydərqulu ağa. A gədə mən bimə’rifətəm? Mən nadanam? Ayı oğlu, ayı! (Kürsünü əlinə götürüb Fridun bəyin üstə hücum edir. Qonaqlar ayağa qalqırlar. Cə’fər bəy Heydərqulu ağanın əlindən dutur.)
Cə’fər bəy. Heydərqulu ağa, sənə qurban olum, sakit ol.
Heydərqulu ağa. Çəkil kənara, görüm bu pota oğlu nə cür’ət edib o sözləri mənə deyir. (Kürsü ilə vurub Fridun bəyin başını yarır. Kuy, qalmaqal qalqır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-turk-birliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Faciə bir pərdədə*1922*
Yeni həyatBir pərdəli pyes*1923*
Əhməd və MəleykəQışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.
Abbas və ZeynəbMəmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:– Yenə nağıl istəyirsiniz?