Qışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.

Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.

Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara bər’əks olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi, yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb, əlinə qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.

Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşçadan oxumağa başladı.

Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:

– Nənə, mənə bir qorxulu nağıl söylə.

Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi:

– İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?

– Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi.

Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:

– Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söyləyərəm, bu şərtlə ki, qorxmayasan.

– Yox, ata, qorxmaram, söylə.

Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:

– Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarında Tatarçıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla küzəran edərdi. Qızım, həmin bu nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.

Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızın əvvəlindən Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu dörd gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla küzəran edərdi.

Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin təzəcə alınmasını xahiş edirdi. Lakin beş gün keçdi, bir həftə keçdi, on gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.

Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman, kim isə qapını döydü. Uşaqlar cəld:

– Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə bürünmüş, əlləri əlçəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu aldı.

Uşaqlar:

– Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar. Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.

Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb zar-zar ağladı. Bunların ah-naləsi, boranın qurultulu səsi bir-birinə qarışmışdı. Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:

– Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, aclıqdan öləcəyik.

– Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, – deyə Xədicə oğluna təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar yuxuya getdilər.

Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalət onu götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar aclıq ildə necə dolansın?

Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərini satmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır. Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı bunların günündə idi. Acından zavallı uşaqlar taqət və küçdən düşmüşdülər. Yazıq Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.

Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı..

Birdən Fatma özünü atasının qucağına atıb dedi:

– Ata, demə, demə! Qorxuram.

Hacı Səməd qızının başını sığallayaraq dedi:

– Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykəni soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:

– Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörək salar.

Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan kumbultu ilə bir şey içəri düşdü. Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki, ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd dedi:

– Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.

Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən qağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur. Buna görə ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə pula bükülmüş qağızda yazı sataşdı:

– Ana, burada yazı da var; qoy görək nədir? – deyə Əhməd qağızı oxudu.

«Qızım Məleykə, mən bir qoca səyyahəm. Yolda evinizin yanında faytonumun çarxı çıxdı, onu salınçan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xudahafiz.

Səyyah Cəmaləddin».

Bu halda Məleykə oyanıb dedi:

– Ana, mələk bacamızdan çörək saldımı?

– Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, – deyə Xədicə Məleykənin qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından bilmirdilər ki, nə etsinlər. Axırda hamı şadxürrəm yıxılıb yatdılar.

İndi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz.

Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Abbas və Zeynəb

Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:– Yenə nağıl istəyirsiniz?

7 dəq
Nurəddin

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:– Qızım, nə fikrə getmisən?

56 dəq
Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:

52 dəq
Əşrəf

Sevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:

26 dəq

Başqa şairlərin şeirləri