Səhifə 1 / 9

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:

– Qızım, nə fikrə getmisən?

Fatma cavab verdi:

– Ata, müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldim ki, ondan belə mə’na çıxsın: «Yaxşılıq elə, əvəzini görərsən». İndi qulaq as, söyləyim, gör yaxşıdırmı?

– Çox gözəl, qızım, söylə görüm.

Fatma söylədi; atası da bəyənib tə’rif etdi. Məmməd dedi:

– Ata, mənə də müəllimimiz atalar sözündən olan «Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir» sözünə münasib bir hekayə düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram.

– Oxu, oğlum, görüm nə tövr yazmısan.

Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu:

– Ata, hansımızınkı yaxşıdır?

– Qızım, qoy birisini də mən söyləyim, sonra bax görək kiminki əladır, – deyə Hacı Səməd cavab verdi.

Məmməd və Fatma ikisi də bir ağızdan:

– Söylə, ata, söylə, – dedilər.

Hacı Səməd başladı:

– Övladlarım, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan da gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqarasına pul və xörək payladı. Oğlanın adını Nurəddin qoydular. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar.

Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:

– Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir nəfəri körpü üstündə başını aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi:

– Mən əhl-əyal sahibi bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb alaram. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.

Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:

– Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.

Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:

– Hacı, sovqat üçün bundan əziz bir şeyim yoxdur, – deyə Gülüstan kitabını mənə uzatdı. – Qoy mən Rəhim tərəfdən sevikli övladınız Nurəddinə Sə’dinin bu Gülüstan kitabı yadigar olsun. Sonra dübarə razılıq edib getdi.

Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi:

– Oğlum böyüyəndə bu kitabı oxuyar.

Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şakird idi.

Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini istəyərdi.

Çox çəkmədi ki, Hacı Nəsirin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. Vəfalı Həlimə ərinə ürək verib, çox qəm-qüssə çəkməyə qoymazdı.

Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı. Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bilmədi. Həlimə doqquzuncu gecə, «Nurəddin» deyə-deyə vəfat etdi.

Həlimə oğlunu hər gecə soyundurub əzizləyə-əzizləyə yatırardı. O da anasının boynunu qucaqlayıb: – Ana, keçən xeyrə qalsın, – deyə onu öpərdi və şirin yuxuya gedərdi. O idi ki, həmin gecə qulluqçu onu rahat edəndə anası yadına düşüb təzədən ağlamağa başladı. Gecə yarıdan keçdi. Lakin Nurəddin yata bilmədi. Ağlamağını kəsib xəyala getmişdi.

– Ah, birdən anam dirilə... Bəlkə anam heç ölməmişdir, bilmirlər?.. O günü müəllimimiz söylədi ki, bir elə yuxu var ki, ölümə oxşayır, bir neçə gün hətta neçə ay azarlı ölü kimi qalıb, axırda yenə dirilir. Çox ittifaqlar düşür ki, elə azarlını ölmüş zənn edib dəfn edirlər. Ah, bəlkə anam da elə yuxuya getmişdir?.. Onu ölmüş bilib basdıracaqlar, – yox, yox, qoymaram. Səhər tezdən atama deyəcəyəm ki, hələ anamı basdırmasınlar, bəlkə ölməmişdir.

Belə fikir və xəyalatda ikən Nurəddin sübh vaxtı yuxuya getdi və günortaya kimi yatdı. Nurəddin yuxudan oyanınca Həliməni dəfn etdilər.

Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından oğlundan bixəbər idi. Nurəddin gözlərini açdı. O biri otaqda molla həzin bir səslə quran oxuyurdu. Mollanın xoş avazı yuxudan ayılmış Nurəddinə layla kimi tə’sir edib, onu bir müddət yuxu ilə ayıqlıq halətində saxladı. Sonra «Bu quran nə üçün və kim üçün oxunur» fikri Nurəddinin başına düşdü. Bu isə anasının ölməyini yadına saldı. Birdən keçəki fikri Nurəddinin başına ildırım kimi şırıyıb onu yerindən dik qaldırdı. Bu halda qulluqçu Bahar içəri daxil oldu. Nurəddin soruşdu:

– Bahar, de görüm, anamı basdırdılarmı?

Bahar gözlərinin yaşını silərək:

– Bəli, basdırdılar. Kaş onun əvəzinə mən ölələydim, məni basdıraydılar, – deyə cavab verdi.

Anasının dirilməsindən zavallı Nurəddinin ümidi daha kəsildi, lakin onu ölüm yuxusunda ikən dəfn etmək şəkki hələ ürəyində idi. O idi ki, axşam başsağlığına gələn adamlar dağılandan sonra atası ilə görüşəndə bu fikrini açıb ona dedi, atası da onu şəkkdən çıxarıb sakit etdi.

Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. Həmişə deyib-danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmkin və mə’yus olub məktəb yoldaşlarından kənar durdu. Həmfikri, həmsirri ancaq kitabları olmuşdu. Əvvəl vaxtlar yoldaşları onun bu halətini anasının vəfat etməyinə görə təbii bilib, bu xəyalda idilər ki, sonralar yenə həmişəki halına düşəcəkdir. Lakin bir ay keçdi, iki ay keçdi, bir il keçdi. Nurəddin əvvəlki halına düşmədi. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Çox vaxt onlara elə sual verirdi ki, cavabında aciz qalırdılar.

Hacı Nəsirin əli aşağı düşdüyünə görə Nurəddin dəxi əvvəlki kimi məktəbə öz faytonlarında getmirdi. Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi, çünki təbiətində təkəbbürlük, təşəxxüslük əsla qoyulmamışdı. Hacı Nəsir nə qədər oğlunun elm və ədəb kəsbində göstərdiyi sə’y və qeyrətdən fərəhlənirdisə, bir o qədər də onun pərişanlığından qəmkin olardı və bilməzdi ki, nə yolla onu şad etsin. Axırda Hacı Nəsir evlənmək fikrinə düşdü: «Bir kasıb kişinin qızını alıb evimə gətirməliyəm ki, Nurəddinə analıq edib onu bu qəm-qüssədən azad etsin», – deyə Hacı Nəsir fikir etdi. Bir ittifaq bu xahişi təzliklə əməllə gətirməyə səbəb oldu.

Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı var idi. Neçə müddətdir ki, ondan bir xəbər-ətər yox idi.

– Bu uzun yolu gəlmişkən qoy bu dostuma da bir baş çəkim, – deyə Hacı Nəsir yola rəvan oldu. Kəndə çatdıqda ondan-bundan xəbər tutub axırda İmamverdini tapdı.

İmamverdi altmış yaşında bir qoca kişi idi. Kənddə özünə görə yaxşı evi-mülkü vardı. Amma indi onların hamısı satılıb borclarına verilmişdi. İmamverdi Hacı Nəsiri bir köhnə daxmaya də’vət edərkən dedi:

– Hacı Nəsir, sən gördüyün dövlət əlimdən çıxdı. İndi mənə qalan ancaq bu uçuq daxmadır. Övladdan da bir qızdan başqa bir kəsim qalmamışdır.

– Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım.

– Bilirəm, bilirəm, – deyə İmamverdi cavab verdi:

Sonra üzünü qızına tutub dedi:

– Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yoldan gəlib, acdır.

Gülpəri xörək hazırlamağa, İmamverdi və Hacı Nəsir söhbət etməyə məşğul oldular.

Gülpəri qısaboylu, dolğunəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Gülpərinin bədxasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. Kənddə heç kəs ona yaxınlaşıb elçi düşməyirdi. İmamverdi ilə Hacı Nəsirin uzun söhbətinin nəticəsi bu oldu ki, qəza, Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi.

İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi və Nurəddini öpərək dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təbrik

Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.

10 dəq
Sona xala

...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

9 dəq
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

3 dəq
Müalicə

Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».

11 dəq

Başqa şairlərin şeirləri