Nurəddin
Səhifə 2 / 9 · 11%
– Oğlum, bu sənin təzə anandır. İrəli gəl, gedib əlindən öp. Evimizə xoş gəlmisən de!
Bu xəbərin tə’sirindən Nurəddinin rəngi-ruhu qaçıb, bədəni titrəməyə başladı. O saat sevikli anasının surəti gözlərinin önündə durdu. Uca bir səslə:
– Ah, ata, nə tez anamı yaddan çıxartdın! – deyə Nurəddin ağladı və birinci dəfə olaraq atasının sözündən çıxıb, onun əmrini yerinə yetirmədi.
Oğlunun sözləri Hacı Nəsirin ürəyinə ox kimi sancılıb, gözlərini yaşartdı. Gülpəri bu əhvalatdan qəzəbnak olub:
– Təzə gəlini belə mi qəbul edərlər? Sən məni buraya yasamı gətirmisən? – deyə qışqırdı.
– Gülpəri, acığın tutmasın, doğru deyirsən, gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. Ancaq onu da qohum-əqrəba edər, halbuki mənim heç kəsim yoxdur. Bu gündən bu ev-eşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib, ürəkdən sevəsən. Nurəddin ədəbli, tərbiyəli uşaqdır. İndi anası yadına düşüb ağlayır. Sonra həmişə sənin itaətində olacaqdır. Gəl gedək otaqlarını, şeylərini sənə göstərim. – Bunu deyib Hacı Nəsir Gülpərini o biri otağa apardı.
Gülpəri Hacı Nəsirin evinə qədəm qoyduğu saatdan zavallı Nurəddinin müsibəti başlandı. Gülpəri öz pis xasiyyətini təzliklə büruzə verdi. Səhərdən axşama kimi əllərini bir işə vurmayıb, nökər və qulluqçuların üstünə qışqırıb söyməyə özünə peşə etmişdi. Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. Onu tez-tez söyərdi və heç zad üstündə döyərdi. Lakin qeyrətli uşaq əsla səsini çıxarmazdı. Hətta atasına şikayət etməyib özünü onun yanında şad saxlardı ki, atası qəm etməsin.
Get-gedə Gülpərinin zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu təvr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, Bahar da oradan çıxıb gedərdi. Lakin vəfalı qulluqçu mərhum xanımının yaxşılığını unutmayıb, Gülpərinin hər zülmünə davam edirdi; təki əli balaca Nurəddindən üzülməsin.
Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Gülpərinin üzünü az görmək üçün səhər sübhdən bazara gedib, bir də axşam evə qayıdardı. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin binizamlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi.
Nurəddin də Gülpərinin bu hərəkətindən vaxtının çoxunu məktəbdə keçirərdi.
– Tələsmə, bu gün-sabah o köpəklənmiş atan ölüb gedər, ixtiyarın düşər mənim əlimə, onda səni bircə saat da məktəbində qoymaram, – deyə Gülpəri qışqırardı.
Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzələnmiş dedi:
– Ay nəməkbəharam, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? And içirəm Həliməninin o pak olan ruhuna, bundan sonra səni bu evdə bir gün saxlamaram. Get şeylərini hazırla. Bu saat təlaqını verib səni boşayacağam. – Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi.
Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Bir azdan sonra meyitini evə gətirdilər. Batində bu bəlaya şad olan Gülpərinin zahirdə başına döyüb, üzünü yırtıb, özünü meyitin üstünə salması Nurəddinə atasının ölümündən yaman tə’sir etdi. Ona görə əvvəl istədi ki, Gülpərinin bu riyan-əməlini açıb adamlara söyləsin. Amma atasının həmişə ona verdiyi: «Külfətin sirrini açıb özgələrə söyləmək qəbihdir» – nəsihəti yadına düşüb bu fikirdən daşındı və bir bucağa çəkilib mat və məbhut dayandı. Nurəddin özünü saxlayıb qəsdən ağlamırdı ki, Gülpəriyə oxşamasın. Lakin batindən bixəbər adamlar onun belə lal durmasını vəfasızlığa və Gülpərinin elə yalandan üzünü yırtmasını vəfalılığa həml etdilər. Atasının dəfni və tə’ziyəsi Nurəddinə yuxu kimi gəlirdi.
Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi:
– Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. Bu gün atanın borcluları gələcəklər. Mənim başım onlara qarışacaqdır. Daha dayanma, oğlum get.
Bu əmrə Nurəddinin özü də şad oldu və dərhal heybəsini götürüb cəld getdi. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi.
– Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır, hərgah əvvəldən belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi. Görəsən Gülpərinin mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda mənə rəhm gəldiyindənmi, yoxsa atası İmamverdinin qorxusundanmı əmələ gəldi? İmamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən Gülpərinin bu halı çox-mu çəkəcəkdir. Qorxuram İmamverdi baba getdikdən sonra yenə məni döyməyə başlaya. Onda kimim var ki, mənə kömək etsin. Hərgah Bahar kömək edərsə, o saat onu da qovar; çünki indi hamı ixtiyar onun əlindədir
Bu fikir və xəyalatda ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb, Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin çəmi mal və dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdir. İndi hiyləkər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib borclarını verəndən sonra mə’lum oldu ki, bir qədər nəqd pul, bir ev atasından və on iki min manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. Ona da Gülpərini qəyyum tə’yin etdilər.
Nurəddin evlərinə qayıtdığda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
– Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxardarlar.
Bu sözlərdən Nurəddin çox şad oldu. Baharın dediyi də düz oldu. Gülpəri Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı.
Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəsləməsinə şəkki yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. Hamı onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı.
İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət etməmişdi. Bu səbəbdən əziyyət çəkirdi. Axırda qızına dedi:
– Gülpəri, indi işlərin qayda ilə gedir, daha mənə ehtiyac yoxdur, şəhərin havasını götürmürəm, ona görə mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub yaya buraxılan kimi yığışıb gəlin. Təki üç ay yayı o gözəl ab-havada keçirib cana gələsiniz.
Gülpəri atasının əmrinə razı oldu. İmamverdi Nurəddindən ayrılanda onu öpərək dedi:
– Oğlum, dərslərinə sə’y et ki, imtahanını yaxşı verəsən... Allah qoysa gəlib görərsən ki, bizim kənd nə gözəl yerdir. Sənə tilov qayıracağam, hər gün çayda balıq tutarsan; orada çimərsən, meşəyə gedib çiyələk, moruq, köbələk yığarsan.
İmamverdi xudahafizləşib yola düşdü.
Nurəddin İmamverdi babanın ayrılığına qəmkin olduşa da, onun verdiyi və’dələrə çox şad idi, çünki anadan olandan öz şəhərlərindən başqa bir yeri görməmişdi. Çayı, meşəni ancaq kitabda oxumuşdu. Bu səbəbə görə yay tə’tilini səbirsiz gözləyirdi. Gülpəri də bu işə şad idi. Ancaq onun şadlığına başqa səbəblər vardı. Bir il bundan əvvəl kəndlərində yoldaşlarının təzə çit libasına həsəd aparan Gülpəri, indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. Qabaqlarda ona yaxın düşməyən elçilər indi qapısından əl çəkməyəcəklər. Amma bunların hamısından çox onu şad edən şey ürəyində bəslədiyi gizlin fikir idi. Yə’ni orada Nurəddinin dövlətini özünə mal etməyə bir çarə arayıb tapmaqdı.
Axırda Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. Bu yığışmaq Baharı bərk təşvişə salmışdı, çünki Gülpəri evin çəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi.
– Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mə’nası var? – deyə Bahar soruşduqda:
– Yox, Bahar, əziyyət olsa da ümid olub burada qoymaq olmaz, – deyə Gülpəri cavab verdi.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-nureddin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Başqa şairlərin şeirləri
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند