Nurəddin
Səhifə 4 / 9 · 33%
Tanrıqulu rusca oxumağın əleyhinə gedənlərdən idi.
Bu fikri onun başına salan və onu şkolaya düşmən edən kənd mollası axund Molla İman idi. O, həmişə deyərdi:
– Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada müsəlman uşaqları təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar. Oxutduqları da Sə’di, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.
Tanrıqulu axundun birinci dərəcə müdirlərindən hesab olunurdu. Odur ki, oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün Əli bəyin yanına getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli bəykilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna görə Tanrıqulu əvvəlcə bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: «Bu mənim yaxın dostum Mirzə Həsəndir, tanış olun» – dedi, fikrini dəyişdirib əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi:
– A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki, qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onları müəllimi söyləsin.
Mirzə Həsən gülümsünüb dedi:
– Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, bəli onda Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən də mə’əttəl qalmışam. Bu fikir Molla İmanın öz başından çıxma bir şeydir. – Qardaşım, oğlunu təzliklə göndər gəlsin. Peşman olmazsan.
Tanrıqulu bu iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu.
Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən, bu doqquz yaşında uşaq, çəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlağını düzəltməkdə müəllimlər aciz qalmışdılar. Buna da bais ata-anası idi, çünki üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və nəhydən azad idi. Hər nə könlü istəyirdi onu edərdi. Axırda yoldaşlarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.
Əmiraslan, əmisi qızı Gülpəridən iki yaş böyük idi. Qardaşlar bu iki tifili bir-birinə körpə vaxtlarından ad etmişdilər. Amma İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından artıq narazı idi və bu barədə də qardaşını müqəssir edirdi.
– Belə tərbiyə olmaz. Uşaq gərək izin olmayan şeyi tutmasın. Böyük-kiçik anlasın. Bunun axırı peşmançılıqdır, – deyə İmamverdi, qardaşını məzəmmət edərdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi və nənəsi Püstə qarıdan başqa evlərində bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Amma elə ki, var-yoxunun hamısı eyşi-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi:
– Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi.
Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini elə almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı. Axırda, Əmiraslan Gülpəridən əl çəkib bir dövlətli dul arvad aldı. Əmiraslan arvadının gətirdiyi dövləti təzliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə yavaş-yavaş oğurluğa və yol kəsməyə şuru etdi. Bu yolda neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. İndi faytonda əyləşib Gülpərilə söhbət edən Əmiraslan belə hərifdi.
Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün əmisinə elçi düşsün hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından izinsiz Əmiraslana getsin.
Nurəddin Cəfərə çatdığda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı və qaraltıdan ürkük daha da bərk qaçmağa başladı. Nurəddin gördü ki, atı öz küçü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə istədi atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi. Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Cejranbasan idi və özü də bir dinc at idi. Amma bu qızışıb qaçanda heç bir at dalından çata bilməzdi. Denkənin birində qəflətən bir fayton yolu kəsdi. Cejranbasan yoldan meşəyə sapıb Nurəddini üstündən yerə atdı. Bu yerə dəymənin zərbindən zavallı uşağın ürəyi getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. İmamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı:
– Subhanallah, bu ki Nurəddindir. Bu, at ilə nə üçün gəlsin.
İmamverdi cəld uşağın başını dizi üstə alıb sinəsini açdı.
– Oğlum, Nurəddin, mənəm, İmamverdi baba.
Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı.
İmamverdi Nurəddininin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradan-ağrıdan nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı.
– Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır.
– Yox, oğlum qorxma, sınmamışdır, yəqin çıxıbdır, – bunu deyərək İmamverdi Nurəddini usulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib bunlara çatdı. İmamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və onları bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı:
– Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı meşəyə buraxmaq olarmı?
Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın.
– Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı. Sən gəlib çıxmadın...
– Mən nə edim, günortadan bəri çayın o tərəfindəki körpünün qayrılmasını gözləyirdim. Səhər sel gəlib aparmışdı, – deyə İmamverdi cavab verdi.
– Ata, o da qəzadan deyilmi? Amma şükür Allaha ki, axırı xeyirdir. Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər.
Köç meşədən çıxdı. Bu vaxt ay da çıxmışdı. Nurəddini, İmamverdi baba faytonun içində balışlar düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib kəndə çatdı.
Köç gəlib Küllüçə kəndinə çatanda bu kəndin əhalisi yatmışdı. Kənd əhli gün batanda yatıb, gün çıxanda da yuxudan durar. İmamverdi baba Küllüçənin Nurəddinə tə’rif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, bağ, meşə insana başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salıb, gün çıxan tərəfində yaxşı meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərəfində gözəl çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Küllüçənin dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə, gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli küllər və çiçəklər əkmişdilər. Qanardan baxanda dağ döşündə salınmış bu kənd bir külüstan şəklində görünürdü. Buna görə də Küllüçə adına sahib olmuşdu.
İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox gözəl mənzərələr açılırdı. İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli kül və çiçəklərlə dolu idi. Bağçanın ortasında bir soyuq bulaq torpaqdan çıxıb çarhovuza təkülürdü. Bu su ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu təzə evin bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.
İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Məhdi kişini göndərdi ki, sınıqçı Qara Hüseyni yatmış da olsa durğuzub gətirsin.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-nureddin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Başqa şairlərin şeirləri
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند