Səhifə 1 / 3

Bir pərdəli pyes

1923

İştirak edənlər

Usta İman. 50 yaşında bir papaqçı

Səlimə. Onun arvadı. Firqəçi

Allahqulu. Onun oğlu, qomsomol

Səkinə. Onun qızı, pionerqa

Nazlı. Onun bacısı qızı

Məhəmməd Rəhim. Nazlının əri, Usta İmanın dükan şəriki

Axund Rəhmətullah. Molla

Hacı İsmayıl. Tacir

Birinci pərdə

Səhnə usta İmanın qonaq otağını göstərir. Otaq səliqə ilə bəzənmiş. Sağ tərəfdə Allahqulu Lenin guşəsi düzəltmiş, divardan Lenin və başqa rəhbərlərin şəkilləri asılmış. Masa üstə kitablar, qlobus, insan qafası və qeyri tədris ləvazımatı. Sol tərəfdə Səkinə öz masasını pioner tərzilə bəzəmiş. Nazlı otağı səliqəyə salarkan usta İman daxil olur

Usta İman. Ay qız Nazlı, Səlimə evdədirmi?

Nazlı. Xayır dayıcan, evdə heç kəs yoqdur.

Usta İman. Qırılmışlar hara getmişlər?

Nazlı. Səlimə Zenotdelə iclasa getmiş.

Usta İman. Nə mənə? Cinatdel?

Nazlı. Belə o urus kilsəsinin qabağında bir böyük ev var ha, ora Zenotdel deyirlər. Orada arvadları oqudurlar. Onlara tamaşa göstərirlər. Qlubları da var.

Usta İman. Demək, Səlimə Cinatdel olmuş?

Nazlı. Bəli.

Usta İman. Mənim bu mürtəd oğlum Allahqulu özü komsomol olduğu bəs deyil idi, arvadı da yoldan çıqardıb cinatdel elədi.

Nazlı. Bəli dayıcan, yoqsa Səlimə elə yerləri haradan tanırdı?

Usta İman. İndi ehtiyatlı olmalı. Yoqsa kafir qızı məni dutdurar.

Nazlı. Doğru deyirsən dayı. O günü mənə deyirdi ki, bir də hünəri var mənə bir çırtma vursun o saat həbsə saldırram.

Usta İman. Gözəl şəriəti bu dinsiz bolşeviklər gör nə günə saldılar? Ərin arvada ixtiyarı yoqdur, uşağa ixtiyarı yoqdur, bəs bu külbaşın nəyə ixtiyarı var?

Nazlı. Dayı, mən istəyirdim sənə deyəm, amma qorqurdum. İndi ki, iş açıldı qoy o birisini də deyim.

Usta İman. Daha nə var?

Nazlı. Allahqulu Səkinəni o küçələrdə «curavey-curavey» oquyan uşaqların dəstəsinə yazdırıbdır.

Usta İman. Nə? O baldırları açıq, əllərində dəyənək küçələri dolaşan qarğa kibi qaqqıldaşan dəstəsinə?

Nazlı. Bəli, bəli onlara piyanerkə deyirlər.

Usta İman. Vay sənin zatına lə’nət a belə oğul. A kişilər az qalmışam mən də dindən çıqam. Əgər allah var neyə bu şəhəri alt-üst etmir. Əstağfürulla, lə’nət şeytana. (Hirsli gəzinir.)

Nazlı. Ay dayı sən allah sakit ol. Hər şeyi ürəyinə salma.

Usta İman. Axı mən necə sakit olum? Görmürsənmi bu dinsiz oğlu mənim başıma nə həngama gətirib? Arvad—cinatdel, oğul komsomol, qız pənirkə. Neyə partlayıb gəbərmirsən usta İman?

Allahqulu (qoltuğunda kitab daxil olur, masa dalında oturub kitabın vərəqlərini kəsir.)

Usta İman. A bidin oğlu, bidin...

Allahqulu. Kaş dediyin sözlər doğru olaydı.

Usta İman. Bəs doğru deyil?

Allahqulu. Xayır doğru olsaydı mən elə ata ilə fəxr edərdim.

Usta İman. Adə, sərsəm olmusan nədi? Hansı ata ilə fəxr edərdin?

Allahqulu. Sən deyən bidin ata ilə.

Usta İman. Səsini kəs mürtəd oğlu mürtəd.

Allahqulu. Elə atanı da şadlıq ilə qabul edərdim.

Usta İman. Hansı atanı?

Allahqulu. Mürtəd atanı.

Usta İman. A biiman oğlu biiman, sən mənim ürəyimi partladaçaqsan.

Allahqulu. Doğrudur, mən sən İmanın oğluyam ancaq, əfsus ki, «bi»siz.

Usta İman. A qız Nazlı tez ol su ver içim. Yoqsa doğrudan da bu bidin biməzhəb mənim bağrımı çatladaçaqdır.

Nazlı. Ay dayı, sən allah hirslənmə. Yoqsa o səfərki kibi ürəgim bitab olar.

Allahqulu. Ata, son sözlərin doğrudur. Mənim nə dinim var, nə də məzhəbim.

Usta İman. A qız de eşit, mən necə hirslənməyim. Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə.

Nazlı. Ala iç, özün də təbiətdən çıqma. (Usta İman suyu alıb içir.)

Allahqulu. Bibi qızı doğru deyir. Neyə özündən çıqıb hər söz başı fəhş edirsən. Kişi kibi sözünü de, cavab al.

Usta İman. Mən kişi olsaydım arvadım cinatdel, oğlum komsomol, qızım da pənirkə olmazdı.

Nazlı. Ay dayı, daha bəsdir. Neyə kişi deyilsən. Hamı ərlərin arvadları Zenatdel qlubuna gedirlər. Orada oyun çıqardanlara tamaşa edirlər. Burada nə pis iş var?

Usta İman. Yoqsa sən kafir qızı da oraya gedirsən?

Nazlı. Xayır mən oraya getmirəm.

Usta İman. Bəs bu işləri hardan bilirsən?

Nazlı. Ora gedən arvadlar səyləyirlər.

Usta İman (Allahquluya). Bir də görüm arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə bəs mən başı daşlının adı nə?

Allahqulu. Sən də qeyrətli, məşədi, kərbəlayı müsəlmanların qırqıq başlarına namus papağı tikən usta İmansan.

Usta İman. Belə atan oldu rəhmətlik, doğru söz dedin. Bəs mənim bu batmış başıma bu biğeyrət, binamus papağımı kim tikmiş? (Papağı yerə zollayıb ayaqları ilə tapdalayır.)

Nazlı. Ay dayı sənə qurban olum sakit ol. Bircə otur. (Altına sandalya çəkib oturdur, papağını düzəldib başına qoyur, sonra su verir.) Bu suyu iç hirsin yatsın.

Usta İman. Yoq, daha səbr kasam dolub daşıbdır. Gərək ürəyimdə nə varsa deyəm.

Allahqulu. Onda başla gəlsin.

Usta İman. Sən anadan olandan üç ay sonra, ay kaş heç olmayaydın, mən böyük bayram edib molla ilə qur’an ilə sənə bu batmış Allahqulu adını qoydum. İndi onu neyə dəyişmisən. Siz dinsiz bolşeviklər, adın da düşmanısınız?

Allahqulu. Hansı ad ki, bizim əqidəmizə düz gəlmir onu dəyişdiririk. Mən heç kəsə qul olmaq istəmirəm. Onda da adı var, özü yoq allaha!

Usta İman. Bay allah sənə lə’nət eyləsin.

Allahqulu. Varsa eləsin.

Usta İman. Qız eşidirsən, a allaha inkar edən şeytani-məlun! Bəs allah kibi böyük bir adın əvəzinə nə qoymusan. Mənə xəbər veriblər ki, özünə zilimi, milimi bir belə ad qoymusan.

Allahqulu. Doğrudur, adımı dəyişmişəm, böyük Oqtyabr bayramı münasəbətilə yeni adlar qoyurdular. Mən də özümə Çili adı qoydum.

Usta İman. O necə addır?

Allahqulu. Böyük rəhbərimiz İliçin sağdan sola çəvirmə adıdır.

Usta İman. Daha nə deyim? Küfr bu torpağı basmış. Buradan qaçmaq lazımdır. Gec tez allah-təala və təbarək Lut şəhri kibi bu şəhri də alt-üst edəcəkdir.

Allahqulu. Yoqsa onun üçün Məşhəd ziyarəti bəhanəsilə buradan qaçırsan?

Usta İman. Xayır o deyil, fikrim odur ki, gedib imam həzrətlərinin qəbri-şərifinə yıqılıb yalvaram ki, siz bidinləri həq yola gətirsin.

Allahqulu. Xayır biz ilə işin olmasın. Ağana yalvar ki, məşədi, kərbəlayılar insafa gətirsin. Arvadların heç zad üstə gündə dörd dəfə döyüb başlarını yarmasınlar. Qol-qabırğalarını sındırmasınlar. Onların üstə üç arvad almasınlar. On yaşında qızlarını qoca kaftarlara ərə verməsinlər. Uşaqları məktəbə girmək istəyəndə mane olmasınlar.

Nazlı. Ay dayı, Allahqulu bunları lap doğru deyir.

Usta İman. Kəs səsini bihəya. Görürəm səni də bu məl’unlar yoldan çıqartmışlar.

Nazlı. Dayıcan, dünən gecə məşədi Səfdərqulu arvadı Şah Sənəmi o qədər döymüş ki, yazıq arvadın bədəni qara tuluğa dönmüş.

Usta İman. Çoq əcəb də etmiş. Görünür ərinin itaətindən çıqmış. O da döymüş. Arvadın əqli kəm olar. Özü də hüçət. Onları başına buraqmaq olmaz.

Allahqulu (istehza ilə). Düz buyurursan atacığım. Qlara Setkinin əqli məşədi Səfdərquludan kəmdir?

Usta İman. Ay qız, sən bu səfih sözlərə nə qulaq asırsan. Get xörəyini bişir. (Nazlı çıqır.) Mən Qlara-mılara tanımıram. O arvad əqilli olsaydı allah-təala onu kişi yaradardı.

(Səlimə daxil olur.)

Usta İman. Arvad hardan gəlirsən?

Səlimə. Sənə nə borcdur hardan gəlirəm.

Usta İman. Bəs mən sənin ərin deyiləm?

Səlimə. Əfsus ki, ərimsən.

Usta İman. Nə üçün əfsus?

Səlimə. Çünki gor-ba-gor olmuş atam məni gözü yaşlı zor ilə sənə vermiş. İyirmi il bu viranədə sənin zülmün altında cəhənnəm odu çəkmişəm. Elə indicə işıqlı dünyaya çıqmışam.

Usta İman. Çünki dinsiz axirətsiz cinatdel olmusan, beləmi?

Səlimə. Bəli, qluba çilen olmuşam. Bu da mənim üzvülük kitabçam. Buyur baq. (Göstərir.)

Usta İman. Cəhənnəmə başbilit çıqarmısan.

Səlimə. Xayır, sənin zülmünün müqabilində bu kitabça mənim qalqanımdır. İndi hünərindi mənə əl qaldır. Atana od vurub yandırram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri