Bir qələm qaşlı nigarın qəmi lal etdi məni,Xəm qılıb qəddimi, manəndi-hilal etdi məni.

Edirəm bəs ki xəyalın bu qara gözlülərin,Bu xəyal axırı məbhuti-xəyal etdi məni.

Əşki-gülgunim ilə çöhreyi-zərdim boyanıb,Qana dönmüş bu gözüm mərdümi al etdi məni.

Kimə yetdimsə, ləbin sirrini sordum ondan,Xalq arasında əcəb əhli-sual etdi məni.

Bəsteyi-zülfü olandan bəri ol mahvəşin,Çərxi-sərgəştəvi-bisəbri-cəmal etdi məni.

Azərə, olmadı bir kimsə, sora hali-dılım,Çün fələk qərğeyi-girdabı-məlal etdi məni.

Evi abad ola aləmdə yenə Mümtazın,Sordu əhvalımı, fərxəndeyi-hal etdi məni.

Mənə baxşayişi yetdi o kərəm sahibinin,Öylə kim sahibi-pür cahü cəlal etdi məni.

Dilərəm, bir sənin ehsanını aləmdə görüm,Arizu gör necə bir fikri-məhal etdi məni.

Vahida! Gərçi həqirəm, vəli çoxdur qədrim,Nola gər çərx dəxi əhli-sual etdi məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq