Ölüm ancaq, adamın ölməyə və qorxmağa vaxtı qalmadığı bir çevrilmə anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq. O anda, Tanrım, mən Sənin bütün Kainatda yatan heç bir canlını diksindirməməkçün səssiz bir sevgiylə bütün Kainatın üstünə örtdüyün göyüzünə necə toxunduğunu duyunca, diz çökdüm, ancaq yerüzü dizlərim altından sürüşüb getdi və göyüzündə, Kainatın ortasında diz üstdə tək-tənha qaldım. Elə o anda Sənin də ordan uzaqlaşdığını duyunca heç özüm də bilmədim, nədən dəhşətə gəlmədim.

Mən indi bilirəm, indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda Sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq