Dünyanın ruhi açılışı – bütün kainatçün İlahi kitablar ilkin bura enmiş, odur ki, yerüzü – bütün kainatın tək ibadət yeri, bütün kainatın, bütün duaların üzü bəri
Tanrım, Sən bütün Kainatın tək İbadət yeri – göyüzündə diz çöküb alın qoymağa Möhürdaşıtək Yerüzünü və öz yanınacan sonsuz ucalıq, sonsuz ibadəttək Eşqi yaratmısan, həm də bütün Kainat üçün İlahidən gələn Kitabları ilkin bura endirmisən. Həm də bütün duaların üzünü ən böyük İlahi İbadətə, bütün sevgilərin üzünü ən uca İlahi Eşqə doğru yönəltmisən. İlahi İbadəti, İlahi Eşqi bütün Kainata burdan yaymısan. Həm də əbədi sükuta qərq olmuş bütün Kainatda eşidilən ibadət və eşq pıçıltısından başqa səs yox. Bunları mənə Sən anlatdın, Tanrım.
Ən uzaq ulduzlardan belə İlahi Eşq İbadətiyçün bura doğulmağa gələn milyonlarla adamların ayaqlarını eyni anda necə yuyub çatdıra bilməyimi, o ayaqları qoxlamaqdan niyə doymadığımı, bu dünyaya azıb gəlmiş, dünya hökmranlığına can atan yad ruhların nədən mənə dəymədiklərini də Sən anlatdın.
Mən indi bilirəm, İlahi, milyonlarla ayaq onların özlərinin yox, ruhlarının çocuqluq ayaqlarıymış, ruha çevrilirkən, Sənə doğru yüyürürkən hamı körpəliyinə qayıdırmış. Bütün Kainatda Sənə doğru yüyürən o körpə ayaqlardan da gözəl, o ayaqlardan da ətirli, oxşanılası, öpüləsi heç nə yoxumuş. Həm də bilirəm, bir bəndən bu dünyada hamıdan yuxarı yox, hamıdan aşağı olmağı diləmiş və onu tapdayan milyonlarla ayağı göyüzündən ona uzadılmış çiçəklər şəklində görmək, qoxlamaq və yumaqla mükafatlandırılmış. Bunu da Sən anlatdın, Tanrım.
Ayaqları yuya-yuya, mən altdan yuxarı, adamların göyüzündə gördüyüm gözlərinə baxırdım. Göyüzü ancaq gözlərdən ibarət idi.
Mən indi bilirəm, İlahi, o milyonlarla göz Sənin gözlərinmiş, ruhdan düşdüyüm, məni görmədiyini düşündüyüm anlarda Sən milyonlarla gözlə mənə baxırsanmış.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-dunyanin-ruhi-acilisi-butun-kainatcun-ilahi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən çox kim sevgi kimi?!Ən çox kim yalqız bu dünyada?!
Ancaq Allah sevər sən deyəntəkSəni sevən tale kimiSəni candan ata bilməz,
Öpürəm telindən, ey üç kəlmə sözYatar, yuxusunda bir gənc dənizçidurmadan elə hey kiməsə deyər:
Dön bəri bax yeriXan ceyranın qaçışında,Ən şəhanə uçuşunda,
Başqa şairlərin şeirləri · Eşq
Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Bu dönüklər, vəfasızlar dünyası...Kimi kim bivəfa dünyada gördüm,*bivəfa gördüm.*
Sevdiyimİllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.