Səhifə 2 / 3 · 33%

Hay-hay deyib qənim üstə varanda,
Kəllə gərək bu meydanda qalansın.
Mərd iyidlər qovğa günü düşəndə
Şərbət deyə öz qanına yalansın.

Qaldırram meydanın göyə tozunu,
Çıxardaram yamanların gözünü,
Gərək görəm Dünya xanım üzünü,
Ömür təzələnsin, can cilvələnsin.

Koroğluyam, gədikləri busaram,
Qancırqadan qanlı başlar asaram,
Bolu bəy, sənə bir qılınc basaram,
Bağırsağın cəmdəyinə dolansın.

Koroğlu sözünü tamam eləyib Qıratı cövlana gətirdi. Misri qılıncı
çəkib qoşuna cumdu. Qoşun əhli ha eləyib əl-ayaq açana kimi Koroğlu
sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı. Qoşunu qatımqatım
qatlayıb əldən saldı. Düşmən dağılıb qaçmağa başladı. Koroğlu
Qıratı dallarından salıb özünü Qəcəralıya yetirdi, bir əmud vurub onu
atdan yerə saldı. Bir də baxdı ki, Bolu bəy aranı şuluq görüb əkilmək
istəyir. Tez özünü ona yetirib, itələyib atdan saldı, düşüb dizinin altına aldı. Götürdü görək nə dedi:

Qollarını bağladaram,
Bolu, mən sənin, mən sənin!
Anacığın ağladaram,
Bolu, mən sənin, mən sənin!

Gözlərinə kül qoyaram,
Ovucuna pul qoyaram,
Nişanlını dul qoyaram,
Bolu, mən sənin, mən sənin!

Mərd iyidlərin gözüyəm,
Dəlilərin əziziyəm,
Bəbir oğlunun özüyəm,
Bolu, mən sənin, mən sənin!

Qızıb sinənə çökərəm,
Əlif qəddini bükərəm,
Üstünə alov tökərəm,
Bolu, mən sənin, mən sənin!

Koroğluyam, iş bitirrəm,
Səni dünyadan itirrəm,
Başın bədəndən götürrəm,
Bolu, mən sənin, mən sənin!

Koroğlu sözünü tamam eləyib Bolu bəyin sinəsinin üstündən durdu, dedi:
– İndi mən sənin ixtiyarındayam. Paşanın yanına necə istəyirsən, elə apar.
Bolu bəy güclə ufuldaya-ufuldaya yerindən qalxdı. Adamları ilə bir təhər köməkləşib Qıratın üstündə Koroğlunun qollarını geri yanında möhkəm bağladılar. Götürüb yola düşdülər.
Ərzincan dağlarını aşıb şəhərə yaxınlaşdılar. Bolu bəy fikir eyləyib
öz-özünə dedi. Koroğlunu belə sağ-salamat Camal paşanın yanına
aparsam, mənim onu dalaşsız-davasız tutub gətirməyimə inanmayacaq,
paşanı inandırmaq üçün gəl onu yarala. Yavaşca göz-göz vurub
Koroğlunun geri yanına keçib birdən onun başına bir qılınc vurdu.
Qolları bağlı Koroğlunu qan götürdü. Odu ki, tutduğu işdən peşiman
oldu. Bolu bəyi öldürmədiyinə heyifsiləndi. Ancaq iş-işdən keçmişdi.
Bu dar zamanında Çardaxlı Çənlibel, dəlilər, Nigar xanım yadına düşdü.
Aldı görək nə dedi:

Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı!
Əlim yetməz, ünüm çatmaz,
Dal budaqda narım qaldı!

Məni tutdu Bolu bəylər,
Ağır zəncir boynum əylər,
Hamı bir-birindən yeylər,
İyid dəlilərim qaldı!

Məni tutdu qəm əcəli,
Öldürər verməz macalı,
Hayıf qırmadım Qəcəri
Sinəmdə dağlarım qaldı!

Canım Qırat, gözüm Qırat!
Səni minən alar murad,
Ağcaquzu, bir də Dürat
Bağlı bədöylərim qaldı!

Yaxşıdı iyidin varı,
Namusu, qeyrəti, arı.
Nigar qoç Koroğlu yarı,
Nigar kimi yarım qaldı!

Gəlib yetişdilər Ərzincana. Bolu bəy Koroğlunu birbaş apardı
Camal paşanın yanına. Təbil vuruldu, bütün aləm imarətin qabağına
yığıldı. Camal paşanın qızı qara gözlü, şirin sözlü, alma yanaqlı, yaqut
dodaqlı Dünya xanım qulluqçusunu çağırıb nə səs-küy olduğunu soruşdu. Qulluqçu gözlərini süzə-süzə dedi:
– Xanım, sənə qurban olum, tay bundan artıq nə olacaq? Bolu bəy qoç Koroğlunu tutub qolu bağlı paşanın hüzuruna gətirib. İnşəallah bir neçə günə kimi toyundu.
Bu sözü eşidən kimi dünya-aləm Dünya xanımın gözlərində
qaraldı. Dünya xanımın Bolu bəydən zəndeyi-zəhləsi gedirdi. Deyirdi
ki, iti görüm, pişiyi görüm, onun mürdəşir yumuş üzünü görməyim.
İndi birdən Koroğlunun tutulduğunu eşitdi, ürəyi elə sıxıldı, elə sıxıldı
ki, bilmədi nə eləsin. Ancaq qızlar başa düşməsinlər deyə durub yeddi qələmlə özünə zinət verdi.
Qırx incəbel qızını da yanına alıb Koroğluya tamaşa eləməyə getdi.
Bəli, Camal paşaya xəbər çatdı ki, bəs qızın Dünya xanım izn
istəyir. Camal paşa rusxat verdi, məclisin bir tərəfində bir pərdə çəkildi.
Dünya xanım öz qırx incəbel qızı da başında gəlib pərdənin dalında
əyləşdi. Qolları bağlı, başı yaralı Koroğlunu da Camal paşanın qabağında
saxlamışdılar. Dünya xanım baxdı ki, vallah bu bir iyid oğlandı
ki, Bolu nədi heç min nəfər Bolu kimi adam olsa onu tuta bilməz. Özözünə
dedi: – “Aşna, bu heç belə deyil ki, belə olsun. Bu Bolu girən
kol deyil. Bolunun mən dabbaxda gönünü tanıyıram. Burada yəqin bir
fırıldaq var”. Amma tay bir söz deməyib yerindəcə oturdu ki, görsün
işin axırı necə olacaq. Amma Bolu bəyin kefi o necə deyərlər, lap itə
hürürdü. Bir yellənə-yellənə gəlib dolanırdı ki, ətəkləri göz çıxardırdı.
Camal paşa düşmüşdü fikir dəryasına ki, nə eləsin. Bilmirdi Koroğlunun
özünü xotkarın hüzuruna göndərsin, ya öldürüb başını göndərsin.
Çox fikir, xəyaldan sonra bu qərara gəldi ki, hələlik Koroğlunu
zindana salıb xotkara namə göndərib onu işdən xəbərdar eləsin.
Koroğlunu gətirib Dünya xanımın imarətinin qabağında bir quyu var idi, saldılar oraya.
Bəli, elə ki, Koroğlunu quyuya saldılar. Bolu bəy Camal paşanın yanına gedib zəmin-ədəb öpəndən sonra dedi:
– Paşa sağ olsun! Qoç Koroğlunu diri-diri tutub gətirdim. Xotkarın yanında sənin üzünü ağ, başını uca elədim. İndi “ələhdi minəlvəfa”, verdiyin vədəyə əməl elə!
Paşa dedi:
– Bolu bəy, sözüm sözdü, qızım Dünya xanım sənindi. Ancaq qoy görək qasid xotkardan nə xəbər gətirir. Sonra toy tədarükünə başlayarıq.
Sənə elə bir toy eləyəcəyəm ki, ruzigarın gözü belə toy görməmiş olsun.
Bolu bəy Camal paşanın sözündən arxayınlayıb toy tədarükündə
olsun, sənə kimdən xəbər verim, Dünya xanımdan. Dünya xanım axır
Bolu bəyi istəmirdi, hər nə qədər eləyirdisə, ürəyi ona yapışmırdı ki,
yapışmırdı. Onu görəndə elə bil gözünə tikan batırdı. O elə güman
eləmişdi ki, qoç Koroğlu onu öldürər. Yaxası onun əlindən qurtarar.
İndi də ki, vurdu, belə oldu. Deyir sən saydığını say, gör fələk nə sayır.
Kimin ağlına gələ bilərdi ki, Bolu bəy gedib Koroğlunu tutub gətirəcək.
Odu ki, yazıq qız dizlərini qucaqlayıb qəm dəryasına qərq olmuşdu.
Çox fikir-xəyaldan sonra gördü ki, onun bircə nicat yolu var. O da
odu ki, Koroğlu xilas olsun. Çünki Dünya xanım yəqin-əlyəqin bilirdi
ki, burada bir hiylə var. Əyər qoç Koroğlu xilas olsa bu heyfi Boluda
qoymayacaq. Onda da ki, Dünya xanımın canı Bolu bəyin mürdəşir yumuş üzündən qurtarar.
Bəli, Dünya xanım bu fikirlə o qədər gözlədi ki, qaranlıq düşdü.
Dünya xanım yavaşca ayağa durdu, başdan geyinib ayaqdan qıfıllandı,
ayaqdan geyinib başdan qıfıllandı. İmarətdən çıxıb özünü verdi quyunun başına. Koroğlu qalmışdı quyuda.
Dünya xanım bir ip salladı ki, bəs bağla belinə çəkim, səni çıxardım.
Koroğlu elə ki, ip sallayanın Dünya xanım olduğunu bildi, gülüb dedi:
– Ay Dünya xanım, səndə o güc, hünər hardaydı ki, məni çəkib buradan çıxarda biləsən.
Qərəz, uzun baş ağrısı olmasın, Dünya xanım bir az yeməkdən, içməkdən ipə bağlayıb quyuya salladı. Özü də soruşdu ki:
– Bəs bir adamın varmı ki, dalınca gələ?
Koroğlu dedi:
– Dünya xanım, mənim dalımca gəlsə ya Eyvaz gələr, ya Dəmirçioğlu, ya Dəli Həsən, ya da ki İsabalı.
Dünya xanım oradan yavaşca qayıdıb evə gəldi. Sabahısı mehtəri yanına çağırıb, ovcuna bir çəngə qızıl basıb tapşırdı ki, Qıratdan yaxşı muğayat olsun. Beləliklə, mehtər Qıratdan, Dünya xanım özü də ki, Koroğludan muğayat olmağa başladılar.
Bunlar burada qalmaqlarında olsunlar, sənə Çənlibeldə dəlilərdən
xəbər verim. Dəlilər bir gün gözlədilər Koroğlu gəlmədi, iki gün gözlədilər
Koroğlu gəlmədi. Üçüncü günü bir yerdə yığıldılar ki, görən bu
haraya getdi.
İsabalı dedi:
– Tacirin sözü gerçək imiş. Yəqin Bolu bəy gəldi, Koroğlunu tutub
Ərzincana apardı.
İsabalı bunu söyləyib ayağa qalxdı. Üzünü dəlilərə tutub dedi:

– Bugün bir iyid istərəm,
Varsam, vara mənim ilə.
Qərib qürbət yad ölkədə
Qalsam, qala mənim ilə.

Koroğlunun yox əlacı,
Misirdən alır xəracı,
Düşmənə əyri qılıncı
Çalsam, çala mənim ilə.

İsabalı, ver öyüdü,
Körpə ikən əy söyüdü,
Koroğlu kimi iyidi
Bulsam, bula mənim ilə.

Dəlilər dedilər:
– Biz onun dalınca gedən deyilik. Qoy harada qalır, qalsın. Özü
yaxşı bilir ki, paşaların, bəylərin hamısı ona yağıdı. Bir fürsət axtarırlar
ki, tutsunlar. Yanına yoldaş götürməmiş, gedəcəyi yerin səmtini, sorağını deməmiş niyə çıxıb gedir!?
Dəlilər acıq eləmişdilər. İsabalı gördü ki, dəlilər acıq eləyiblər, tay
bir söz deməyib, özü ayağa qalxdı. Yaraqlanıb, çəkdi Düratı yəhərlədi.
Mindi, tək-tənha Koroğlunu axtarmağa getdi. Gecəni gündüzə qatdı,
gündüzü gecəyə, o necə deyərlər, az getdi, üz getdi, dərə təpə düz getdi, axır gəlib Ərzincana yetişdi.
İsabalı şəhərə çatanda səhər tezdən idi, hələ dükanlar bağlı idi.
Göz gəzdirdi, gördü meydanın aşağı tərəfində bir əllaf dükanını yenicə
açır. Baxdı ki, dükanda çoxlu arpa çuvalları var, heç nırxını xəbər almamış çuvalın bir böyüyünü götürüb Düratın qabağına qoydu.
Dükançı dedi:
– Ay qoçaq, çəkdirib qədərini bilməmiş, pulunu verməmiş arpanı atına niyə yedirirsən?
İsabalı dedi:
– Qədərini bilmək nədi? Pul nədi? Mən indiyə kimi arpaya pul verməmişəm, indimi verəcəyəm?
Dükançı gördü yox, bu pul-zad verən deyil. Çuvalın bir qulpundan yapışıb atın qabağından çəkmək istədi. İsabalı dedi:
– Arpanı götürmə, at damağ olar.
Dükançı əl çəkmədi. Axırda İsabalı ona bir sillə hərlədi, dükançının
ayağı başından aşdı. Qalxmaq istəyəndə bir sillə də elə vurdu ki,
dükançının səsi xırp kəsildi, özündən gedib düşdüyü yerdə qaldı. İsabalı
ayağını onun sinəsinə qoyub istədi çəksin cücə boğazı kimi boğazını
üzüb atsın, ona kimi dükanını yenicə açmış dükançılar töküldülər,
yalvar-yapış eləyib dükançını onun əlindən aldılar.
Dünya xanım çoxdan yol gözləyirdi.
İsabalını görüb təhr-töhründən yəqin elədi ki, bu Koroğlunun dəlilərindədi, dedi:
– Ey oğlan, kimsən? Hardan gəlib hara gedirsən? Kimi axtarırsan?
Dünya xanımın cavabında aldı İsabalı görək nə dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri