Mahru xanımın Çənlibelə gəlməyi
Səhifə 3 / 4 · 50%
Aldı Qara Pələng:
Rişxənd eyləmə babacan,
İgiddə zor olar-olar.
Vermə müjdə dəlilərə,
İgiddə zor olar-olar.
Aldı Koroğlu:
Poladdan möhkəmdi canın,
Bilinməyir adın-sanın,
Züryətisən hansı xanın,
Bu boyda zor olmaz-olmaz.
Aldı Qara Pələng:
Mərdlərə qurbandı canım,
Bəl-bəllidi adım-sanım,
Düşməniyəm hər bir xanın
İgiddə zor olar-olar.
Aldı Koroğlu:
Gəl girmə nərilə cəngə,
Çəkərəm səni məhəngə,
Güc çatmaz qoca nəhəngə,
Bu boyda zor olmaz-olmaz.
Aldı Qara Pələng:
Qara Pələng girər cəngə,
Çəkər sən nəri məhəngə.
Bir sırtdır qoca nəhəngə,
İgiddə zor olar-olar.
Söz tamama yetişdi. Koroğlu gördü ki, bu uşağın boynu qoltuq
görməyib. İnsafı, kişinin oğlundan yaxşı dəli olar. Uşağı sındırmamaq
üçün əl verdi.
Qara Pələng elə bildi ki, rəqibi onunla sınanmaq istəyir. Bayaqdı
yapışdı Koroğlunun əlindən, elə sıxdı ki, barmaqlar girdi bir-birinin
içinə. Koroğlu gördü bu xına o xınadan deyil. Uşağın əlləri dəmirçi
məngənəsi kimidi. Bayaqdı bir dəli nərə çəkdi. Qara Pələngin
qulaqları güyüldədi. Qolları boşaldı, düşdü üzü üstə yerə. Bu ilmi
ölübsən, bildirmi. Dəlilər qamarladılar Qara Pələngi. Üzünə su səpən
kim, sinəsini, kürəyini ovan kim.
Əlqərəz, nə handan, nə hana Qara Pələng gəldi özünə. Qara
Pələng indi anladı ki, bu, Koroğlunun dəli nərəsidi. Dedi:
– Baba Koroğlu! Bağışla günahımı, səni anşırammamışam.
Sonra da papağının astarında gizlətdiyi Hinir Vəlinin naməsini
verdi Koroğluya.
Bəli, Koroğlu namənin məzmunu ilə tanış olub dedi:
– Oğlum, bəs sən kimsən?
Qara Pələng dedi:
– Baba Koroğlu! Əsil adım Pənahdı. Tay-tuşlarım adımı zarafatla
Qara Pələng çağırırlar. Təbrizli Xoca Yaqubun oğluyam.
Koroğlu Xoca Yaqubun adını eşidər-eşitməz basdı Qara Pələngi
bağrına, dedi:
– Halal olsun qardaşım Xocanın çörəyi sənə! Oğul, bəs belə
haradan gəlib, hara gedirsən?
Qara Pələng başına gələnləri Koroğluya nağıl etdi. Koroğlu mindi
cin atına dedi:
– Ayə Dəli Mehdər! Çək Ayqırı meydana.
Əlqərəz, Şir Vəli, Bəbir Alı, Şərxata Mədəd, Yağıqıran, Sanlı
Səməd, Qara Pələng də Koroğlu kimi oldular atlarına suvar. Üz qoydular
Dardaş səmtindən Ağrı keçidinə. İki ötər, üçüncü gün özlərini
yetirdilər Ağrı kəndinə. Gördülər ki, leş bir tərəfdə, baş bir tərəfdə.
Əsil ərəsət meydanıdı. Alosman qoşunlarının sağ cinahında Dəmirçioğlu
əl eyləyib yeddi boyun kəl zəncirinə. Hər hərləyəndə on-on
beşini lehrə vurur. Şamlı bəy, Eyvaz xan özünü vurub qoşunun ortasına,
göz istəyir tamaşasına. Həsən bəylə, Cinli Mehdi dəstələyib qoşunun
sol cinahını. Şir Vəli, Sanlı Səməd özlərini yetirdi Dəmirçioğluna.
Bəbir Alı, Yağıqıran, Dəli Mehdər özlərini yetirdilər Şamlı bəylə,
Eyvaz xana, Şərxata Mədədlə Qara Pələng də vurdular özlərini sol
cinaha. Başladılar Alosman qoşunlarını pencər kimi biçməyə.
Koroğlu baxdı ki, gün yaxır, amma Osmanlı qoşunu bir ucadan hey
sel kimi axır. Özünü saxlaya bilmədi. Bayaqdı bir dəli nərə çəkdi. Vurdu
özünü qoşuna. Koroğlunun dəli nərəsindən Ağrı dağında Nuh əyyamından
qalmış qar uçqunu yeridi üzü aşağı. Bir tərəfdən qar uçqununun
uğultusu, bir tərəfdən qoç Koroğlunun nərəsinin küyültüsü Alosman
qoşununu saldı pərən-pərən. Əldən çıxan yer axtardı başını daldalamağa.
Əlqərəz, Koroğlu dəliləri ilə Ağrı keçidində Alosman qoşunlarını
pərən-pərən salıb qovmaqda olsunlar. İndi də alın xəbəri Ayqır
keçidində Dəli Həsən, Sırt Yusif, İsabalı, Dəli Çovdardan.
Dəli Həsən dürbünü götürüb süzdü dağları, dərələri, keçidləri.
Gördü ki, Alosman qoşunları Ayqır keçidinə sel kimi axışır. Ürəyi
qubar elədi, hərlədi sazı sineyi-sandığa:
Çox gəzmişəm oylaqların,
Var ol səni, Maymaq dağı.
Vüqarımı sən veribsən,
Var ol səni, Maymaq dağı.
Qoyun-quzu mələr səndə,
Çox gəzmişəm çiskin, çəndə,
Evladınam sənə mən də,
Var ol səni, Maymaq dağı.
Qoşun gəlib bağrın əzir,
Oğul-qızın necə dözür,
Düşmən baxıb ağzın büzür,
Var ol səni, Maymaq dağı.
Çox qalmışam səndə qonaq,
Gəl eyləmə məni qınaq,
Ağır dedim sənə bayaq –
Var ol səni, Maymaq dağı.
Dağlar mənim damanımdı,
Hər gədiyin amanımdı.
İndi savaş zamanımdı,
Var ol səni, Maymaq dağı.
Dəli Çovdar, İsabalı,
Sırt Yusifin qeylü-qalı.
Çəkib başın çox zavalı,
Var ol səni, Maymaq dağı.
Dəli Həsən nərə çəkər,
Düşmən indi zəhər içər,
Çoxları başından keçər,
Var ol səni, Maymaq dağı.
Bəli, söz tamama yetişdi, Dəli Həsən bayaqdı bir nərə çəkdi. Əkssədası
dağlardan gəldi. Sırt Yusif kəsdi qoşunun sol cinahını. Dəli
Çovdar, Dəli Həsən dəlilərilə dayandılar. Alosman qoşunları ilə üzüzə,
İsabalı dəliləriylə tutdu sol cinahı Ərəsət meydanı başladı, nə
başladı. Yağı görsə, yazığı gələrdi. Çox belə döyüşlərdə İsabalı fənd
işlətmişdi. Bu dəfə də fürsəti fövtə vermədi. Dəlilərin bir qismini
qoydu sağ cinahda. Bir qismini götürüb keçdi düşmənin arxasına. Obaoymağın
əli yaba, dəhrə, balta tutanı qoşuldu İsabalıya. Dəli Həsən,
Dəli Çovdar, Sırt Yusif qoşunun önündən, İsabalı camaatla qoşunun
arxasından düşdülər qoşunun canına. Dar ilkindidə Dəli Həsənin
qılıncı dayandı İsabalının qılıncına. Alosman qoşununun öləni öldü,
qalanı keçdi Dəli Həsənin qılıncının altından. Baxdı ki, Bolu bəy
çömələn dəymiş toyuq kimi bürüşüb, Sırt Yusif dedi:
– Can Dəli Həsən! Bu namərdi tapşır mənə. O, mənim atama nə
dağı çəkibsə, mən də ona o dağı çəkəcəm.
– Dəli Həsən dedi:
– İzindədi.
Bayaqdı Sırt Yusif hərlədi sazını, basdı bağrına. Götürdü görək nə
dedi. Tərəfindən ərz eləyək qulluğunuza:
Unutmadım dəvə kimi,
Bolu, mən sənin, mən sənin.
Alaram o şirin canın,
Bolu, mən sənin, mən sənin.
Gizri qılıncım çəkərəm,
Bağrın başını sökərəm,
Tutub qulağın kəsərəm,
Bolu, mən sənin, mən sənin.
Neçələrin atdım oda,
Neçələri getdi goda.
Tökərəm qanın burada,
Bolu, mən sənin, mən sənin.
Ərəsət meydanı quraram,
Bürc-barını uçuraram.
Dana tək boynun buraram,
Bolu, mən sənin, mən sənin.
Ağlar qoydun cavan çağı,
İçirtdin Yusifə ağı,
Çəkərəm sinənə dağı,
Bolu, mən sənin, mən sənin.
Bəli, söz tamam oldu. Sırt Yusif sazla dediyini sözlə də dedi.
Bəli, Sırt Yusif kəsdi Bolu bəyin bir qulağını, soydu ağzının qiyasını,
dedi:
– Bolu bəy! Ağa kərəmsiz, qul xətasız olmaz. Tökdüyündü çıxdı
qarşına.
Əlqərəz, Dəli Həsən dəlilərlə soluğunu dərməkdə olsun, indi alın
xəbəri Giziroğlu Mustafa bəydən. Ustadlar buyurur ki, Giziroğlu qəni-
minin üstünə gedəndə min bir feli-fəndi varmış. Giziroğlu Mustafa bəy,
Bəlli Əhməd bir neçə at mənzili qalmış özlərini verdilər çoban yataqlarına.
Üç-dörd sürünü alıb qatdılar qabaqlarına. Dəlilər dəyişdi libaslarını,
oldular əsl çodar. Bir qədər məsləhət məşvərətdən sonra əl-ayaq
yığışırılanda dəstə-dəstə doluşdular İstanbul bazarlarına. Verdilər
özlərini karvansaralara. Gözlədilər Giziroğlunun haça şeşbərinin işığını.
Əlqərəz, Giziroğlu dəlilərilə İstanbul bazarlarında ramazanlıq
qurbanlığı satmaqda olsunlar, alın xəbəri xotkar Muradın bacısı Mahru
xanımdan. Giziroğlu Mustafa bəylə Mahru xanımın əhd-peyman günü
başa çatmaq üzrə idi. Mahru xanımın gözləri yollarda, qulağı səsdə idi.
Bəli, Mələk dayə də ətəyini çırmayıb düşmüşdü İstanbul bazarlarının
canına. Çarvadar bazarına çatanda gördü ki, qəssab dükanının
qənşərində bir oğlan durub, vallahi elə bil Allah taala xoş saatda çəkib
qələmini onun boy-buxununa, hüsnü camalına. Yemə, içmə tamaşa et
xətti-xalına. Qarı baxdı ki, qəssablar, çodarlar elə hey ondan məsləhət
alır. Mələk qarı fürsəti fövtə vermədi. Yaxınlaşdı cavana, dedi:
– Oğlum! Qurbanlığınız bazarlı olsun.
Giziroğlu dedi:
– İman yiyəsi ol, ana!
Giziroğlu arif adam idi. Baxdı ki, qarı sözlü-sovlu adama oxşayır.
Dedi:
– Keçək karvansarada mənim küməmə. Uşaqlar indi sənə
ramazanlıq üçün ətin yaxşı yerindən gətirərlər.
Əlqərəz, Mələk dayə ilə Giziroğlu getdilər karvansaraya. Oradan,
buradan keçdilər çənə söhbətinə.
Mələk dayə dedi:
– Pay-puşnuz çox olsun, ay oğul! Bayramınız üzünüzə xoşbəxtlik
gətirsin. Muraz mətləbinizə çatasınız. Amma oğlum, incimə! Boy
buxununuzdan, əliaçıqlığınızdan heç İstanbul əhlinə oxşamırsınız?
Giziroğlu dedi:
– Elədi, ana! Biz Qaf adamlarıyıq. Çarvadar babayıq, indi ramazanlıqdır.
Bazarımız da pis deyil.
Mələk dayə baxdı ki, söz mətləb üstə gəldi.
Dedi:
– Can bala! Allah taalanın sizə rəhmi gəlsin. Sizə nə var. Bu gün
burada, sabah Qafdasınız. Yazıq bizim balaların halına. Alosmanda başı
papaqlı qalmayıb. Xotkar hamısını göndərib bacısı Mahru xanımın
ucbatından Qaf ölkəsində Koroğlu ilə Giziroğlunun qırğınına. Yazıq
bacımı da salıb dörd divar arasına. Xotkar Murad fərman verib ki,
Koroğlunun başını gətirən Alosmanın, Giziroğlunun başını gətirən isə
Mahru xanımın sahibidi. Ay oğul, bə deyirlər, onların minbir hoqqası
var. Amma oğul, bu gün Giziroğlunun Mahru xanıma verdiyi vaxt, vədə
tamam olur. Yazıq qız dörd divar arasında hörümçəkdən can diləyir.
Xotkar qızın ağ gününü büküb göy əskiyə. Nə gələn var, nə də gedən.
Giziroğlu baxdı ki, qarı onu yamanca qaralayıb. Qarını sınamaq
üçün dedi:
– İmanına qurban! Xotkar bacısını quş sənməz qala divarı arasında
saxlayır. Buna Giziroğlunun hoqqası neyləsin? O biri tərəfdən də
xotkarın qoşunları kəsib bəndi-bərələri.
Mələk dayə gözünü qıyıb təfərrinclə müsahibinə baxdı, dedi:
– Heyif zəndimə, oğul! O quş sənməz sarayı üç cüt bir tək qocaqoltaq
gözətçi, bir də Qara Pəhləvan gözləyir. Vallahi, yaşımın bu
ixtiyar vaxtında mən gecənin oğlan çağında keşikçiləri yuxuya verib,
xotkar qızını basardım atın tərkinə. Üz qoyardım dağların pənahına.
Nə çoxdu Tanrının sığınacağı. Sonrası Allah kərimdi.
Giziroğlu baxdı ki, daha mıs-mısdan keçib. Dedi:
– İmanına qurban, nənəcan! Zəndin səni aldatmayıb. Uzun söhbət
dananı qurda yedirər. Sənə bir namə yazacam, verərsən Mahru xanıma.
Özün də onunla gözləyərsən gecənin oğlan çağını. Giziroğlu qələmkağız
götürdü. Görək Mahru xanıma nə yazdı, tərəfindən ərz eyləyək qulluğunuza:
Kitabxana.az · https://kitabxana.az/works/xalq-koroglu-dastani-mahru-xanimin-cenlibele-gelmeyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.
Koroğlunun qocalığıKoroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.
Koroğlu ilə Abdul xocanın görüşüSizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,
Abbasını özün alBirisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Başqa şairlərin şeirləri
Mancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
Könülİşində sayıq ol, sözündə kamil,Ariflər içində söyülmə, könül!
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.